Mənəvi dünya, fəlsəfi düşüncə

72 Baxış


Gülnarə Sadiq Gülnarə SADİQ

 “O” mütləq vardır -VARLIQdır

“O”nun yoxluğu mümkün deyil

 

“O” olmasa bəşəriyyət də olmaz.

“O”nu inkar etmək ağılsızlıqdır.

“O”nun var olmasını mifalogiya, elm, fəlsəfə, fizika, son zamanlar yüksək sürətlə inkişaf edən bütün fundamental elmlər belə sübut edir.

Bu gün, yəni XXI əsrdə insanlar arasında dini və dünyəvi dünyagörüşü müzakirə etmək həqiqətən gülməli olsa da, bəzən buna məcburuq. Həm də ki, Allahı insanlara tanıtmaq üçün sırf nəsə etməyə ehtiyac duyulmadığı bir dövrdə. Çünki əgər insan aynada özünə bəşəriyyətin bir parçası kimi baxmağı bacarsa, o, Allahı qarşısında mütləq görəcək. Lakin bunu bir inanc kimi formalaşdırmaq üçün öncəliklə milli kimliyini dərk etməlisən,kim olduğunu, hansı soydan gəlməyini, hansı millətə mənsub olduğunu bilməlisən.

Bəli, əgər kimsə milli kimliyini dərk etməyibsə, o zaman heç vaxt qəlbində hansısa konkret bir inancı formalaşdıra bilməz. İslamiyyətdən öncəyə diqqət etsək görərik ki, insanlar öz inanclarını anlamaq üçün milliyyətin nə qədər önəmli olduğunu dərk etmişdilər. Ümumilikdə bəşəriyyətin ən qədim dövrlərinə belə  nəzər salsaq görərik ki, hər bir tayfa və qəbilə adət-ənənələrinə görə öz inanclarını formalaşdırmışdı. Zaman ötdükcə insanların şüuru inkişaf etmiş və onların arasında təbliğetmə qabiliyyəti yaranmışdı. Bununla da insanlıq ən mühüm addımını atmışdı: özünün DÜNYAGÖRÜŞÜnü formalaşdırmağa başlamışdı.

Keçmiş zamanlardən bəri insanlığı və dünyanı dərketmə prosesi bir neçə mərhələdən keçmişdir.  Bunlar dünyanı anlama, dünyanı duyma, dünyanı qavramadır. Bu ünsürlər öz-özlüyündə bir vəhdət təşkil edir. Və insanlıq zamanla bu vəhdəti dərk etdikcə Yer üzündə müxləlif inanclar yaranmağa başladı. Hər bir inancınsahibləri isə özünün haqlı tərəfləri ilə digərlərindən fərqlənməyə çalışırdı. Bəşəriyyətin ən böyük fəlakəti isə ondadır ki, bu üç ünsürü yan-yana qoyub onun vəhdətini dərk edən insanlar çox azdır. Dünyanı duyan, anlayan, qavrayan insan öz milli kimliyini dərk edərək inancını formalaşdıran insandı. Doğrudur,  belə insanların sayı azdır, amma onların var olması səbəbindən bəşəriyyət bu günlərə qədər gəlib çıxa bilib. Bir insanın mənəvi fəaliyyət çevrəsi isə bəşəri dəyərlərlə və sərvətlərlə təmin edilir.

Yuxarıda adı çəkilən ünsürləri dərk edən insanlar arasında dünyagörüşünün formalaşması prosesi başlayır.

Dünyagörüşünə istər nəzəri, istərsə də praktik elmi baxımdan yanaşsaq bütün fikirlərin sonu gəlib eyni bir nöqtədə dayanır – humanizm, təvazökarlıq, doğruluq və elm. Dünyagörüşünü də belə bir neçə hissəyə ayırmaq olar: dini dünyagörüş, elmi dünyagörüş, mifaloji dünyagörüş, fəlsəfi dünyagörüşü. Tək-tək bu hissləri incələyən zaman müəyyən maraqlı faktlara rast gəlmək olur.

Məsələn,  mifaloji dünyagörüş – ibtidai insanların ilkin mədəniyyət nümunələri əsasında yaranmışdı. Bunu ibtidai insanların dünyanı anlamaq üsülu, ibtidai cəmiyyətin ilk ictimai şüur forması və yaxud ilkin təbii bilikləri kimi də qeyd etmək olar. Miflər ozamankı insanların şüurunda dini inanc stimulunun formalaşmasına səbəb olmuşdu. İbtidai insanlar miflərin hesabına təbiəti dərk etməyə başlamışdılar. Bununlada deyə bilərik ki, miflər universal ibtidai dünyagörüşü və şüur formasıdır.

Elmi və fəlsəfi dünyagörüşü isə öz növbəsində hadisələrə, dəqiq faktlara əsaslanır, onları izah edir. İnsanları daim gerçəkliyə səsləyir, təlim və nəzəriyyələr vasitəsi ilə dünyanın dərkini elmi cəhətdən ifadə edir. Elmi – nəzəri səviyyə isə dünyanın həqiqi, elmi, mənzərəsiz və materialist fəlsəfəsinə əsaslanır. Dünyagörüşü strukturunu gerçəkliklərə söykənərək önə çıxarır.

Dini dünyagörüşü isə kütləvi şüurun ümumişlək təzahürüdür. İnsanı meto-fizik gerçəkliyə çağıran, Allah, ruh, axirət, cənnət, cəhənnəm və s. kimi inanc faktorına çağıraraq formalaşan dünyagörüşünə gəlincə,din insanların ibtidai dünyagörüşünün təzahürü olsa da, əsrlər boyu təhrif olunub,fövqəltəbiiliyə pərəstiş əsnasında yaradılıb. Dinə görə, iki dünya var: O DÜNYA və BU DÜNYA. Bu dünya müvəqqəti hesab edilir. O dünya isə fövqəlhissi dünyadır. Din, əslində, cəmiyyətdə sosial ədalət, tərəqqi və mənəviyyat normalarını tənzim edir…

Bəli,  müasir dünyamızda formalaşan dünyagörüşünün hərtərəfli izahına vardıq. Bəs bu gün, əslində, belə tip dünyagörüşü bəşəriyyətdə nə qədər formalaşıb? Yaxud, formalaşıbmı? Bəzi alimlər düşünürlər ki, təkcə elmi və fəlsəfi dünyagörüşü bəşəriyyətə yetərlidir. Amma, məncə, subyektiv fikrim olsa da, bu, belə deyil. Bu gün bəşəriyyətimiz üçün hər növ dünyagörüşünü aşılamaq lazımdır. Çünki hərtərəfli aşılanmayan dünyagörüşü gələcəkdə dəhşətli fəsadlar törədə bilər. Buna misal olaraq hazırda dünyada gedən proseslərə nəzər salsaq yetərlidir. Biz bu gün müasir dünyaya ibtidai dünyagörüşündən tutmuş müasir dini və elmi dünyagörüşünün əlifbasını öyrətməliyik. Müasir insanlar texnikalar kimi formatlanmış və beyinlərə yüklənmiş xüsusi proqramlarla çox dolublar. Onların beyninə əsl dünyagörüşünü yükləmək lazımdır ki, dünyada sülh bərqərar olsun…