Mən necə şair olmadım?

217 Baxış

Lətif Şüküroğlu 2Lətif Şüküroğlu

Senet.az avtobioqrafik xarakter daşıyan, müəllifin uşaqlıq və gənclik xatirələri əsasında yazılan “Taleyin izləri” kitabından ikinci hissəni təqdim edir. 

İlk hissə- Yurd yeri

Mən necə şair olmadım

“Şair xalq”. Bəzən tarix boyu aldığımız zərbələrin bir səbəbini də bu ifadədə axtardığımıza baxmayaraq, biz doğrudan da, şair xalqıq. Məncə, bunu yalnız böyük şairlər yetirməyimizlə bağlamaq birtərəfli yanaşma olardı. Sözsüz ki, məndən də qabaq bu məsələyə münasibət bildirmiş fikir və söz adamlarımız bizim şeiri, poeziyanı sevməyimizə, həm də ən başlıcası, dərk etməyimizə, poetik təfəkkürə malik xalq olmağımıza əsaslanıblar. Yəqin onların bu fikrinə nəsə əlavə etməyin lüzumsuz olduğu qənaətimi siz də bölüşərsiniz.

Mənim şairliyimə, daha doğrusu, şair olmamağıma gəlincə, bunun hər ikisinin öz səbəbi var. Sizcə, bir gənc öz səmimi duyğularını  şeirdən başqa daha nə yolla  ifadə edə bilər? Təbii ki, musiqi, təsviri sənət də var. Ancaq insan duyğularının istənilən şəraitdə birbaşa ifadə edilməsində incəsənətin bu növləri poeziya ilə çətin yanaşı dura bilərlər. Ən azı ona görə ki, öz hisslərini sevdiyin şəxsə musiqi, yaxud təsviri sənətlə çatdırmaq üçün həmişə əlverişli şərait və imkan olmur. Bir də, hələ püxtələşməmiş bir gəncin bu sahələrə baş vurması o qədər də asan məsələ deyil. Rəssamlıq, yaxud musiqi istedadının üzə çıxması müəyyən zaman tələb edir və öz hisslərini bu “dilə çevirib” dərhal çatdırmaq hər adama nəsib olmur.

Mənə ilk şeirləri yazdıran ona olan sevgim idi desəm, daha dəqiq ifadə etmiş olaram. Mənim ilk və cavabsız məhəbbətim. Əslində cavab məlumdur, ancaq mənim tam fərqli hislərimin qarşısında: “Sən mənim qardaşımsan, bəlkə qardaşımdan da yaxınsan”, demək, elə cavab verməmək kimi bir şeydir.

Mənə olduqca ağır təsir bağışlamış bu cavab barədə sonra danışacağam.

… Səhərin necə açıldığını və artıq çay süfrəsinin hazırlandığını hiss etməmişəm. Evin xanımı həmişəki mehriban və bir az da qayğılı səsi ilə:

“Durun, işə gecikirsiniz”, deyə məni və böyük oğlumuzu süfrəyə dəvət etdi. Bizim günlərdə işin nə demək olduğunu yaxşı bilən oxucu mənim fikirlərimə burada nöqtə qoymağımı başa düşəcək. Hələliksə, bir necə il qabağa gedib təkcə bunu qeyd etməyi lazım bilirəm ki, mən bir vaxtlar əmin olduğum “insan yalnız bir dəfə sevə bilər” düşüncəmdə də yanılmışdım. Çünki sonra Lev Tolstoyun ilk povestlərində təsvir etdiyi kimi, mən də ikinci dəfə sevə bildim və bunda özümü xoşbəxt taleli insan hesab edirəm.

 

Ardı var…

İşdə də rahatlıq tapa bilmədim. Gündəlik məlumatlarla tanışlıqdan, ölkədə və dünyada baş verənlərdən heç olmasa ötəri də olsa xəbər tutduqdan sonra beynimdə bir-birinə qarışmış xatirələri yada salmağa, keçmişin izləri deyilən fikirlərə aydınlıq gətirməyə çalışdım. Ancaq işimin xarakterinə uyğun məsələlər düz iş gününün qurtarmasına təqribən bir saat qalanadək vaxtımı aldı. Yalnız bundan sonra bir çox illərinin üzərinə qaranlıq, daha doğrusu, mübhəm pərdə çəkilmiş əski çağlara qayıda bildim. Mən şeir yazmağa necə başladığımdan yetərincə bəhs etsəm də, bu yoldan çəkilməyimlə bağlı olan  əsas məqamlara toxunmamışam. Dogrudur, bu fikrimin nə vaxt qətiləşdiyini dəqiq xatırlamıram. Ancaq onu yaradan əsas səbəbləri indiki kimi xatırlayıram. Ali təhsil almaq ərəfəsindəki seçimimə baxmayaraq, mən məktəbdə riyaziyyat və fizikanı yaxşı bilən, əksəriyyətə çətin görünən bu fənləri asanlıqla mənimsəyən 4-5 şagirddən biri idim. Buna görə də sinif rəhbərimiz (oğlu da bizimlə oxuyurdu) qəti əmin idi ki, mən dəqiq elmləri seçəcəyəm. Dostum Nəriman və sinif rəhbərinin oğlu da bu istiqamət üzrə hazırlaşırdılar. Hər ikisi sonra yaxşı mühəndis oldular. Həyatın Nərimanın yollarına çıxardığı çətinliklər və illər sonra yaranmış vəziyyət ona bu gözəl peşəni sonadək davam etdirməyə imkan vermədi. Halbuki, aldığı biliklər və güclü məntiqi ilə o tamam başqa uğurlara da imza ata bilərdi. Mənə gəlincə, artıq gələcəkdə tanınmış şair olacağıma yaranmış uşaqcasına inam və rayon qəzeti də daxil olmaqla, bir neçə qəzetdə dərc olunmuş məqalələrim seçimimdə öz rolunu oynamışdı. Sinif rəhbərinin atama: “İstəsə, riyaziyyatdan, fizikadan hamıdan yaxşı imtahan verər, axı niyə bu sahəni buraxıb başqa yol seçir?”, deməsi və mənə təsir göstərmək üçün az qala onu dilə tutması da bir nəticə vermədi. Mən orta məktəbi bitirib sənədlərimi Azərbaycan Dövlət Universitetinə (o vaxt respublikada yalniz bir universitet vardı) verdim. Birinci il topladığım bal müsabiqədən keçmək üçün yetərli olmadı. Mənim bu uğursuzluğum sinif rəhbərimin dəlillərini daha da möhkəmləndirdi. Elə yanımdaca atama: “Mənim oğlum da, qəbul olan bir-iki nəfər də var ki, bundan zəif idilər. Humanitar sahəyə getməsəydi, indi tələbə idi”, dedi.

O gedəndən sonra atam bu barədə mənimlə axırıncı dəfə söhbət etdi. Yalnız bəzi detallarını unutduğum bu söhbətin məğzi belə idi. “Düzgün seçim etməsən, gələn il də eyni vəziyyətə düşə bilərsən, Axı humanitar sahədə nə görmüsən? Qurtaranların çoxu heç düz-əməlli iş də tapa bilmir. Hələ jurnalist ixtisası lap çətindi. Rayonda cəmi bir qəzet var, orada da boş yer yoxdur”.

Mənim belə söhbətlərdə özünəbəraət təşəbbüslərimə bu dəfə imkan verməmək üçün “heç Bakıda da jurnalistlərə ehtiyac yoxdur. Bir də, kimdir sənin təyinatını ora verən. Məndən olsa, bu daşı ətəyindən töküb mühəndisliyə gedərsən. Əsl kişi sənətidir. Hər yerdə də ehtiyac var”, dedi. Sonra da əlavə etdi:

- Heç olmasa, gələn il bir yerə daxil ol, yoxsa əsgərliyə getsən, əmioğlun kimi neçə il geri düşəcəksən. Bir ilin eybi yoxdu. Dostların da orada oxuyurlar, onlarla bir yerdə olarsan.

Ona bu sözləri, olsun ki, rayonun ab-havası dedirdirdi. Qəbul imtahanı dövründə kimin hansı imtahanı necə verdiyini, kimin tələbə adını qazanıb, kimin “kəsilib” əli ətəyindən uzun döndüyünü  rayonda nəinki qohum-qonşular, hamı bilir və “kəsilən”lərin valideynləri sentyabrda dərslər başlayıb, ara sakitləşənə qədər camaat içinə çıxmağa sanki xəcalət çəkirdilər. Adamlar daha çox kinayə gizlənmiş maraqlı baxışlarla elə bil onları əzir, ömürlərini azı bir neçə gün, bəlkə də daha çox kəsirdilər. Bir ara istəmədiyim halda bu vəziyyəti yaşatdığım atama yazığım gəldi. Ancaq onu dünyada hamıdan, hər şeydən çox istəməyimə baxmayaraq, öz sözü ilə desəm, tez də “inadıma qayıtdım, tərs damarım yenə tutdu”.

Atamın “kişi sənəti” deyiminə gəlincə, mən bunu ondan çox eşitmişdim. Həm də tək özümlə bağlı deyil, daha çox böyük qardaşımla bağlı. Evimizdə bu ifadə artıq zərb-məsəl “statusu” almışdı. Qardaşım tar məktəbini bitirdikdən sonra musiqi təhsilini davam etdirmək istəyirdi. Öz müəllimləri də, o vaxtlar ölkənin musiqi məktəbləri arasında ənənələri ilə fərqlənən Ağdam şəhərindəki musiqi məktəbinin müəllimləri də “bu uşağın yaxşı barmaqları var, musiqi qavrama qabiliyyəti də yaxşıdı, çalışsa,  bundan yaxşı tarzən olar”, demişdilər.

Atamsa, qohumların və müəllimlərin xahişi ilə bacarığını yoxlamağa apardığı qardaşıma elə yoldaca:

“Bala, özünə düz-əməlli sənət seç, tar çalmaqla kişi ailəsini dolandıra bilməz. Nə olar, tar da çalarsan, ancaq özün üçün, ürəyin istəyəndə. Bunun nəyi pisdir ki? Adamın bir neçə sənəti bacarmağı daha yaxşıdır. Təkcə tardan yapışsan, ac qalarsan. Görmürsən ki, musiqi məktəbinə uşaqları güclə yığırlar?!. Aldıqları maaş bu aydan o aya çatmır. Elə öz müəlliminə bax, çətinliklə dolanır”, demişdi.

Sonralar bu barədə söhbət düşəndə qardaşım: “Məni öz istədiyim sahəyə getməyə qoymadınız”, deyirdi. Ancaq atam da müəyyən mənada haqlı idi. O vaxtlar ölkədə kifayət qədər tanınmamış musiqiçilər aşağı əməkhaqqı aldıqlarından bir az çətin dolanırdılar.

Həmin söhbətdən bir müddət sonra qardaşım əlinə tar almamış, hətta mənim yalvarışlarıma da məhəl qoymamışdı. Ancaq bu küsmək çox çəkmədi. Tarın cazibəsi yenə onu ozünə cəlb edəndən sonra bəzən saatlarla mənə hələ başa düşmədiyim muğamları, daha çox sevdiyim təsnifləri və xalq mahnılarını çalırdı. Bir-iki dəfə hətta o çaldıqca mən də şeirlərimdən oxumuş, evdə səhnəcik təşkil etmişdik. Mən az da olsa bugünkü musiqi duyğuma görə qardaşıma və onun tarına borcluyam. Zəngin Azərbaycan musiqisini mənim qulaqlarımda pərdə-pərdə səsləndirərək, başa düşmədiyim notların dili ilə vərəqləmiş, ahəngin nə olduğunu duydurmuşdu. İndi də o günləri yada salanda qulağıma tarın ecazkar sədası gəlir.

Musiqini sevməmək mümkün deyil. Ancaq onun incəlikləri barədə hansısa həvəskar mülahizələrə ehtiyac varmı? Bu mübahisə dogurmayacaq bir məsələdir. Sevgi kimi musiqini də hər kəs öz içindən keçirib yaşayır. Min illər yaşı olan dünyada bir sevgi o birinə bənzəmədiyi və hər yeni sevənlərlə təzələndiyi kimi, musiqi də bənzərsiz və daim təzədir. Hər qəlbin öz sevgisi olduğu kimi, öz musiqisi də var. Onu sonadək izah etmək yalnız onu yaradanlara verilmiş bir istedaddır. Günümüzün daha çox bayağı görünən, qulaqdan o yana keçib, ürəyin bir telini belə titrətməyən musiqiləri qısa müddət də olsa kiminsə qəlbinə yol tapa bilər. Ancaq duyğu ilə bərabər zəka da böyümürsə, zövq bəsit qalır, insan özü də zövqü kimi bayağılaşır. Hərdən mənə elə gəlir ki, böyük mədəniyyətdə musiqi də daxil ürəyin bir parçasına çevrilməmiş əsərlərə münasibətdə “zövqlər müxtəlifdir, burada hər cür müqayisə zərərlidir” kimi fikirlər artıq arxaikləşib. Bu gün həmin fikrin arxasında gizlənib xalqa anti-mədəniyyət, anti-sənət təqdim edənlər də daha çox bu arqumentlərlə silahlanıblar.

Birdən ağlıma gəldi ki, bəlkə mən o zamanlar bu məntiqi mühakimədən xəbərsiz də olsam, qeyri-iradi, şüuraltının sövqü ilə şeir yazmaqdan əl çəkmişəm. Çünki onların həqiqi yaradıcılıqdan uzaq olduğunu düşünmək üçün Belinski olmaq gərəkmirdi.

Məni şair edən sevgi bir qədər keçmiş, hardasa 9-cu sinfin ortalarında aktyorluğa da yönəltdi. İçimdəki eqonun diqtəsi altında qızın rəğbətini qazanmaq üçün hamıdan seçilmək, üstün olmaq istəyirdim. Sinifdə bədii qiraət dərslərində mətnləri bəlağətlə oxuyur, müəllimin razılığı ilə bəzi pyeslərin rollarını aramızda bölüşür, kiçik tamaşalar düzəldirdik.

Dərsdən sonra isə məktəbin dram dərnəyinin üzvləri ilə birlikdə “Vaqif” dramının tamaşasını hazırlayırdıq. Əslində bütün bunların təşəbbüskarı məktəbimizə yeni gəlmiş gənc ədəbiyyat müəllimi, sonralar respublikanın əməkdar müəllimi Tofiq Nəsirov idi. İndi haqq dünyasında olan Tofiq müəllim ədəbiyyatı sevdirməyi bacarırdı. Klassikli, müasirli Azərbaycan ədəbiyyatını dərindən bilən, bəzi poemaları əzbərdən deyən Tofiq müəllim bir neçə dəfə bizim ahıl ədəbiyyat müəllimini əvəz etmişdi. Mənim poeziya sarıdan hazırlıqlı olduğumu və ədəbiyyata sonsuz həvəsimi görüb, rejissoru olduğu tamaşaya baş rola dəvət etdi. Bir neçə ay sonra Vaqif rolunda bütün məktəbin qarşısında uğurlu çıxışım qəlbimi sonsuz fərəh, bir qədər də təkəbbürlə doldurmuşdu. O biri şagirdlər də  oynadıqları rolların öhdəsindən yaxşı gəlmişdilər. Artıq özümüzü istedadlı aktyor hesab edirdik.

Təbriklər arasında sevdiyim qızdan eşitdiyim xoş sözlər məni lap qanadlandırmışdı. İlahi, onun nəzərində ucalmaq nə böyük xoşbəxtlik idi. Bir neçə gün bu təəssürat məni tərk etmədi. Məktəbdən evə qayıdanda yol boyu söhbət ancaq bu mövzuda olurdu. Aktyor olacağımı tam qətiləşdirməsəm də, bu peşənin o dövrdə ölkədə tanınmaq şansı verdiyi barədə xəyallara qapılır, özümü böyük səhnədə çıxış edərək, hamının sevgisini qazanan aktyor kimi təsəvvür edirdim. Mənim bu uğurlarımın onun qəlbinə yol tapmağımı asanlaşdıra biləcəyini düşünəndə isə xəyal gücü o qədər artırdı ki, riqqətdən, həyəcandan ürəyim sinəmdən qopub çıxmaq istəyirdi. O zaman sevgimə qəti cavab almadığımdan bu şans mənə çox cəlbedici gəlirdi. Ancaq cəmi bir neçə ay sonra 10-cu sinfin yay tətili qabağı “Səni qardaşım qədər çox istəyirəm…” deməsi ümidlərimin, xəyallarımın üstündən xətt çəkdi. Amma mən hələ də gələcək aktyor məşhurluğumun bu uğursuzluğumu dəf edəcəyinə inanırdım. Öz-özümlə dialoqlarımda tez-tez onun dilindən belə kəlmələr çıxırdı: “Mən o vaxtlar səni qiymətləndirməmişəm. Görünür, uşaq olmuşam. Səni çox sevdiyim halda, yalnız qardaş kimi istədiyimi demiş, həmişə inandığım sevgini cavabsız qoymuşam”.

Bu etiraflar qəlbimi titrədir, məni qanadlandırırdı. Ancaq onun xətrinə dəymək qorxusu məni bu tələsik etiraflardan çəkindirirdi. Həyəcanla guya onun dolmuş gözlərinə baxib deyirdim:

“O vaxtlar mənə nə deməyindən, bu gün də eyni fikirdə qalib-qalmamağından asılı olmayaraq, mən səni həmişə sevmişəm və həmişə də sevəcəyəm”.

Sonra nəsə qanadlı ifadələr, göz yaşlarına qarışmış riqqət, xəyal gücündən doğan başqa həyəcanlar bütün varlığımı sarır, qəlbimi titrədirdi. İlk sevgi, uşaqlıq, yeniyetməlik, ilk gənclik duyğuları, bütün bunlar nə qədər ülvi, nə qədər gözəl idi. Onları bir də yaşamaq bəzən insana bütün ömrü boyu qismət olmur.

Aktyor olmaq fikrimi atama böyük bacım çatdırmışdı. Mən dəqiq bilirdim ki, atam bu sənəti qiymətləndirsə də, oğlunun aktyor olması ilə çətin razılaşardı. Doğrudur, qardaşıma dediyi “kişi sənəti” ifadəsini bu dəfə işlətmədi, ancaq “özünə daha ciddi sənət seç”, dedi. Sonralar seçdiyim jurnalist sənətini ciddi hesab etsə də, işsiz qalacağım qorxusu onun narahatlığını artırırdı.

Nədənsə əksər valideynlər, xüsusilə də azərbaycanlılar bu baxımdan bir-birinə oxşayırlar. Uşağa sevib-seçdiyi peşəni deyil, özlərinin lazım bildiklərini rəva görür və əksər hallarda bunda israr edirlər. Əsasən, həyat təcrübəsi deyilən bir nəsnə ilə haqq qazandırılan bu yanaşma neçə insanı sevmədiyi işlə məşğul olmaq məcburiyyətində qoymaqla ömürlük əzaba məhkum edib. Uşaqlarının gələcək həyatını guya zəmanət altına alan valideynlər, daha çox da atalar onları yeknəsək və maraqsız iş həyatına məhkum ediblər. İşlə ev arasında vurnuxmalarını “ailəyə çörəkpulu qazanmaq” adı ilə pərdələyən bu insanlar özlərinə təskinlik verməklə birtəhər keçinir, düşdükləri acınacaqlı durum onları daim gərginlik içində saxlayır, həyatdan küsdürür. Həyatı yenidən yaşamaq isə təəssüf ki, mümkün deyil.

… Növbəti il bütün yayı tətilin tez bitməsini arzulayır, onu bir an əvvəl görmək üçün tələsirdim. Həmişə dağlarda, ya da arabir getdiyimiz Dərəli kəndində hamıdan çox qalmağa can atdığım halda, bu yay darıxmağım hamıya qəribə gəlmişdi.

“Görünür, daha böyümüsən, şəhər əyləncələri səni özünə çəkir”, deyirdilər.

Bəlkə aralarında kimisə sevdiyimdən şübhələnənlər də vardı. Çünki bu yay tənhalığa daha çox can atmış, xəyalımda onun surətini canlandıra-canlandıra yurd yerlərindən xeyli uzaqlarda gəzib dolaşmış, hərdən də həmyaşıdlarımın təşkil etdikləri, əvvəllər həvəslə qoşulduğum oyunlardan yayınıb, kitab oxumaq bəhanəsilə saatlarla onun barəsində düşünmüş, bəzən də xəyalən söhbət etmişdim. Belə xəyali görüşlərdə daha çox guya onu maraqlandıran kitablardan söhbət salır, sinifdə baş verən hadisələrdən danışırdıq. Əksər hallarda adəti üzrə sakitcə qulaq asır, arabir gülümsəyir, od tutub yanan sifətimdən, sürətlə döyünən ürəyimin səsindən, ona nəsə uzadanda əllərimin ixtiyarsız titrəməsindən vəziyyətimi başa düşür, utandığından sifəti allanırdı. Ancaq heç bir halda mənim sevgi etiraflarıma konkret cavab vermir, bu barədə söz salanda söhbəti dərhal dəyişirdi.

Bütün yayı beləcə, xəyallar içində, özüm-özümlə söhbətlərdə başa vurdum. Dərslər başlayan gün məktəbə vaxtından xeyli qabaq hazırlaşmışdım. Bacım hazırlaşanadək mən artıq yol ayrıcında dayanıb onu gözləyirdim. İşin tərsliyindən nə özü, nə də məktəbli qardaşı görünürdü. Bacım artıq yanıma çatmışdı, mən isə guya hansısa dostumu gözləmək bəhanəsi ilə onu bir qədər də ləngitdim. Ancaq yenə də görünmədi. Bacımın yerişi ilə gecikə biləcəyimizi nəzərə alıb yolumuza davam etdik. Bir az sonra  dostum Nəriman və bacımla həmyaşıd olan bacısı da bizə qoşuldu. Dərslər başlayanda ailədəki uşaqların  məktəbə birlikdə getməsi adət halını almışdı.

Həmin gün o dərsə ikinci saatda gəlmişdi. Görünür, birinci saatda və ondan əvvəl də dərs ilinin başlanması ilə əlaqədar tədbir keçiriləcəyini nəzərə almışdı. Elə bil, o xeyli böyümüş, boyu hamıdan artıq uzanmış, yanaqları, dodaqları bir az da allanmış, daha təravətli olmuşdu. Mənə elə gəldi ki, onun gözləri də iriləşib, çənəsi bir az da girdələşib daha gözəl olub. Bütün dərs boyu gözümü çəkmədən ona baxmağımın şübhə doğuracağından qorxub, parta yoldaşım olan qızla söhbət etmək istədim. Ancaq ondan nə soruşacağımı kəsdirə bilmədiyimdən və gülünc vəziyyətə düşəcəyimdən çəkinib, guya çantamda nəsə axtarmağa başladım. Dərsin necə başlandığını, necə qurtardığını artıq hiss etmirdim. Növbəti tənəffüslərin birində onunla qısa söhbət imkanı yaranmasından az qala qanad açıb uçurdum. Söhbətimiz yayı harada keçirməyimiz, hansı kitabları oxumağımız barədə oldu. Ancaq bunlar deyil, şeirlərimlə maraqlanması, nəsə yazıb-yazmadığımı soruşması və “oxumağa verərsənmi” deməsindən ürəyim bərk-bərk çırpındı. Yazdıqlarımı sabah ona gətirəcəyimə söz verdim.

Bunun artıq böyük qələbə olduğunu fikirləşirdim. O, şeirləri oxuyub kimə həsr edildiyini dərhal başa düşəcək və axıradək deməyə cəsarət etmədiyim fikirlərim ona çatacaqdı. Bu ələdüşməz bir fürsət idi. Artıq evə tələsir, dərsin tez qurtarmasını səbirsizliklə gözləyirdim. Evdə məni yayda yazdığım və ona çatdırmağa fürsət axtardığım şeirlər gözləyirdi. Yeni təəssuratlarımı da şeirə çevirə biləcəyimi hiss edirdim. Onu gördüyüm bu dəqiqələrin misralara çevriləcəyinə, indiyədək yazdıqlarımdan daha yaxşı bir şeirin yazılacağına inam yaranmışdı. Dərhal öz otağıma keçəcək, qapını arxadan bağlayaraq şeirimi bitirməyənədək qapını açmayacaqdım.

Ailədə belə hərəkətlərimə artıq vərdiş etmişdilər. Rayondakı usaq kitabxanasından götürdüyüm kitabları da bir qayda olaraq, bağlı qapı arxasında oxuyurdum. Üç il ərzində az qala kitabxanadakı bütün kitabları oxuduğumdan, kitabxanaçılar yeni bir əsər tapmaq üçün hər dəfə 15-20 dəqiqə axtarmalı olurdular. Kitabxananın müdiri qonşumuz olduğundan və oğlu mənimlə dostluq etdiyindən onlara məni əliboş yola salmamağı tapşırmışdı. Son vaxtlar yeni kitab istəyəndə “gəl özün axtar”, deyə məni fonda buraxırdılar. Nəhayət, aramsız müracətlərimdən cana doyan kitabxanaçılar “yaxşı olar,  böyüklər üçün kitabxanaya müraciət edəsən”, dedilər. Mən də məsləhətə qulaq asıb, hamının “Mərkəzi kitabxana” kimi tanıdığı ünvana üz tutdum…

Həmin axşam şeirimi yazıb qurtaranda hələ də işdə olan atamdan başqa bütün ailə süfrə başına yığışıb şam yeməyini gözləyirdi. Bir tərəfi aynabəndin məhəccərinə söykənmiş stolun ətrafına 6 stul qoyulmuşdu. Biz adətən son saatadək atamızı gözləyər, 5 nəfər qardaş-bacıya (sonbeşik bacım hələ doğulmamışdı) yemək çəkilib stola düzülərdi. Könülsüz və tələsik yeməyimi yeyib, yenidən otağıma qayıtdım. Böyük qardaşım dərslərini yuxarı mərtəbədə, bacım isə kənd yerində “kəllayı” deyilən otaqda hazırlayırdı. Yazdığım şeiri bir də oxuyub, bir-iki yerinə əl gəzdirəndən sonra üzünü köçürüb səhərə hazırladım.

Mən səni görəndə lap uşaq idim,

Məhəbbət qəlbimə od salmamışdı.

Nə çiçəklər belə əl-əlvan idi,

Buludlar da dolub, boşalmamışdı.

Sonrakı misralarında hisslərimin daha qabarıq yer aldığı bu şeirimdə öz aləmimdə ona olan sevgimin tam etiraf etmişdim. Onun zahiri cizgilərinə də aydın işarələr olan edən bu şeirimə cavab verməsə də, təki onu necə sevdiyimi bir daha duymasını istəmişdim. Bunun nəinki onun kimi həssas birisinə, hətta daş qəlbli insanlara belə təsir edə biləcəyi fikiri mənə yetərli idi. Təkrar-təkrar oxuyandan sonra da şeir mənə çox təsirli görünmüşdü. Düşünürdüm ki, o da öz hisslərini gizləyə bilməyəcək, gözlədiyim cavabı almasam da, mənə rəğbətini artıracaq. Öz aləmimdə guya qızların sevgi etirafına əxlaqi dəyərlərimizin yol vermədiyi və onun da bu dəyərlərə sadiq olduğunu düşünürdüm. Məni cavabsız qoysa da, təki onu necə sevdiyimə inansın, deyirdim. Hərdən ağlıma gələn qara fikirləri yaxına buraxmaq istəmir, onun bu etiraflara biganə qalacağını heç vəchlə ağlıma sığışdırmırdım. Bircə səhər tez açılaydı…

Səhərin tez açılmasını bu qədər həsrətlə gözlədiyim yadıma gəlmirdi. Sonsuz istəyimə baxmayaraq, səhər öz vaxtında açıldı. Qırmızımtıl xoruzumuz da həyətdəki tut ağacının budağına çıxıb səhərin açılışı ilə az qala eyni vaxtda banladı. Mən bir saatdan artıq idi ki, gözümü pəncərəyə zilləyib, günün işarmasını gözləyir, bayırdan  gələn səslərə qulaq asırdım.

…Şeirləri ona verəndən sonra sanki bir az rahatliq tapdım. Oxuyub sabah qaytaracağını bildirəndə:

“Nə qədər istəyirsən, saxla, amma başqalarına vermə”, dedim.

Həmin gün səhəri yenə dirigözlü açdım. Ancaq özümdə heç bir yorğunluq, əzginlik hiss etmirdim.

O, şeirləri mənə qaytarıb, sadəcə “pis deyil” deyəndə elə bil dünyanın bütün ağırlığı üzərimə çökdü. Gorünür, ya yazdıqlarımdan bir şey başa düşməmişdi, ya da bilərəkdən belə deyirdi. Axı onları, xüsusilə sonuncu şeiri oxuyan hər kəs söhbətin nədən getdiyini, bu duyğuların kimə ünvanlandığını dərhal müəyyən edə bilərdi. Bəs niyə bir şey demir, özünü heç nə anlamamış kimi göstərir. İçimdə özümə suallar verməyə başladım. Onun dediklərinə gəlincə, bu sözləri başqalarından da eşitmək olardı. Ancaq şeir onlara həsr edilməyib ki. Düzdür ad çəkilməyib, ancaq şerdəki misraların kimə ünvanlandığı bunsuz da başa düşülürsə, ad çəkməyə ehtiyac varmı?

Bu vəziyyətdə bir neçə həftə, sonra bir neçə ay keçdi. Biz yenə də məktəbdən evə birlikdə qayıdır, yolda dərslərdən, oxuduğumuz bədii kitablardan, ailələrimizdən, bir sözlə, hər şeydən danışırdıq. Yalnız o, şeirlər barədə bir kəlmə də kəsmir, sanki bunları tamam yaddan çıxarmış kimi davranırdı. Mən də yeni yazdıqlarımı ondan gizlədir, ürəyimi açmaq üçün fürsət gözləyirdim.

Onun mənə münasibətində əslində heç nə dəyişməmişdi. Əvvəlki kimi görüşəndə gülümsəyir, bəzən səhərləri də onunla birgə  gəlmək üçün yolayrıcında gözləməyimi təbii hal kimi qəbul edir, bu münasibəti də, olsun ki, qonşuluq baxımından  dəyərləndirirdi. Halbuki, qonşuluqda başqa sinif yoldaşları da var idi və səhərlər mən nəinki onları gözləmirdim, hətta dərsdən çıxanda da bacardıqca ikilikdə qalmağımızı istəyirdim.

Neçə dəfə hər şeyi etiraf edəcəyimi qərara alsam da, son məqamda fikrimdən vaz keçmişdim. Xəyalımda neçənci dəfə ürəyimi açıb dediyimi, onun da utanıb cavab vermədiyini, ancaq “yox” da demədiyini təsəvvür etmişdim. Özlüyümdə bu susqunluğun razılıq mənasına gəldiyini düşünərək təsəlli tapır, qəlbimi titrədən hisslərin təsirindən içim sonsuz fərəhlə dolurdu. Ancaq bir gün özümü aldatmağa son qoyacağıma qəti qərar verdim. Cavabın nə olmasından asılı olmayaraq, ondan qəti fikrini soruşacaq, sevib-sevmədiyini aydınlaşdıracaqdım. Artiq növbəti yay tətilinə sanılı günlər qalmışdı. Bir qədər də yubansam, bütün yayı yenə da peşimançılıq içərisində keçirəcək, ona qəti sözümü demədiyim üçün özümü qınayacaqdım. “Olum, ya ölüm”. Artıq bu dilemma mənim üçün də həyati məna daşıyırdı. Başqa seçim qalmamışdı. Ən arzuolunmaz cavaba da hazır idim. Hətta məni heç vaxt sevmədiyini və sevə bilməyəcəyini deməsinə də. Bəs bundan sonra necə olacaq? Daxilimdə gözlənilmədən səslənən bu sual məni dəhşətə gətirdi. Bu halda hansısa seçim vardımı? Vardısa, bu nə ola bilərdi? Bu fikirlər məni nə qədər üzsə də, artıq sakit düşünə bilirdim. Ancaq ölümün çıxış yolu olmasını qəbul etmirdim. Bir də ölümün yalnız acizlərin, mübarizəni bacarmayanların seçimi olduğuna inanırdım. Sevginin təsdiqinin yeganə yolu ölümdürsə, mən bu seçimi qəbul etmirəm. Əgər buna inansaydım, bəlkə də qəbul edər, bu qərarı verməyə özümdə güc tapardım. Ancaq mən illərlə əzab çəkib, onu öz sevgimə inandırmağa belə hazır olduğum halda, qəbul etmədiyim ən asan bir addımı belə atmazdım. Çünki bunu həm sevgimə, həm də ozümə xəyanət hesab edərdim. Vaxt isə vardı.

İndi əsas məsələ, nəhayət, ürəyimi açmaq imkanı qazanmaq üçün onunla bir neçə dəqiqəliyə də olsa tək qalmaq idi. Sevgimi necə, hansı cümlələrlə çatdıracağımı bəlkə yüz dəfə götür-qoy etsəm də, qəti qərara gələ bilmirdim. Fikrimdən keçirdiyim bütün variantlar mənə ya zəif, ya da həddindən artıq sentimental görünürdü. Bunun uğursuzluğa səbəb olacağı qorxusu ilə yenilərini düşünür, ancaq az sonra onları da bəyənmirdim. Beləcə saatlar ötür, ancaq vaxtın necə keçdiyini hiss etmirdim. Hərdən də öz qərarsızlığıma qəzəblənir, nəticəsi nə olur-olsun buna son verəcəyimə and içirdim.

Gün ərzində yalnız onu düşünüb durur, demək olar, heç nə ilə məşğul olmurdum. Fikirlərdən qurtulmaq üçün oxumağa çalışdığım kitablar da köməyimə çatmırdı. Gözlərimin qarşısında onun surəti canlanır, sətirlər bir-birinə qarışaraq itir, fikrimi cəmləşdirə bilmirdim.  Eyni cümlələri bir neçə dəfə təkrarlayırdım.

Birdən qarışıq düşüncələrdən ayıldım. Bəs “yox” cavabı alsam, necə olacaqdı? Mən buna hazır deyildim. Daha doğrusu, nə edəcəyim barədə qəti qərara gəlməmişdim. Əslində deyə biləcəyim nə varsa,  hərəkətlərimlə, yazdıqlarımla, bir hissəsini də məqam düşəndə yolboyu söhbətlərimiz zamanı demişdim. İndi sözdən əmələ keçməyin, onu dünyalar qədər sevdiyimi sübuta yetirməyin vaxtı çatmışdı. Bunu necə edəcəyim isə elə həmin anda ağlıma gəldi. Artıq həmin addımı atmaqdan məni heç bir qüvvə saxlaya bilməzdi. Son cavabın fikrimə gətirməkdən qorxduğum kimi olacağı təqdirdə, mətbəxdən götürəcəyim bıcağı ona uzadıb “əgər sevgimə inanmırsansa, məni öz əlinlə öldür”, – deyəcəkdim.

Bütün planlarıma rəğmən, sevgi etirafımın necə qarşılanacağını və atacağım addımı dəfələrlə gözlərimin qarşısında canlandırıb təsirlənməyimə baxmayaraq, həmin gün özümlə bıçaq götürmədim.

Sabahdan yay tətili başlayırdı. Hər şey məhz bu gün baş verəcəkdi. Buna qəti əmin idim. Çünki yayda ailə ilə harasa istirahətə gedəcəyim, yaxud bəhanə taparaq tətilin heç olmasa bir hissəsini rayon mərkəzində keçirəcəyim onun cavabına bağlı idi.

Nəhayət, yolun qalanını tək gedəcəyimiz yerə çatdıq. Dostumla sağollaşandan sonra yolun bir hissəsini də danışmadan addımladıq. İçimdə bir səs “ya indi, ya da heç vaxt” deyirdi. Bütün cəsarətimi toplayıb neçə gündən bəri daxilimi gəmirən, mənə rahatlıq verməyən, qəlbimə, ruhuma hakim kəsilmiş fikirlərimi dilə gətirdim. Həyəcandan və tələsdiyimdən cümlələr sanki bir-birinə qarışdı, dilim qeyri-ixtiyari topuq vurmağa başladı. Dəhşət idi. Sevgi etirafım neçə gündən bəri fikirləşdiyim, ancaq bəyənmədiyim variantların hamısından pis alınmışdı. Ağlıma gətirmədiyim bu acınacaqlı vəziyyətin doğurduğu pərtlikdən, içimi gəmirən qəzəbdən elə buradaca ölmək, bu əzabdan qurtulmaq istəyirdim.

Bütün bunlara baxmayaraq, o nə demək istədiyimi başa düşdü. Utandığından üzü xəfifcə qızardı. Ancaq yenə də susur, cavab verməyə tələsmir, bəlkə də deyəcəklərinin məni daha az incitməsi üçün götür-qoy edirdi. Mənsə, cavab gözləyirdim. Ürəyimdə artıq bu cavabın necə olacağının elə də əhəmiyyət kəsb etmədiyinə özümü inandırmağa çalışırdım. Guya bu, daha məni əvvəlkitək qorxutmur, sadəcə maraq xatirinə bilmək istəyirdim.

Cavab isə gözlədiyim kimi oldu. Artıq necənci dəfə qulaqlarımda təkralanan, sonadək inanmaq istəmədiyim eyni cavab. Ancaq bu dəfə bir az fərqli sözlərlə: “Axı niyə başa düşmürsən, bizim aramızda başqa münasibət ola bilməz”. Bu sözləri son dərəcədə sakit tərzdə, bir az da gülümsəyərək deməsi mənə onun cavabından daha artıq təsir etdi. “Mən ki, sənə əvvəllər də demişdim”.

Bunu da o qədər aramla, sakit dedi ki, elə bil, biz adi bir şey haqqında söhbət edirdik. Nə mən ona ürəyimi açmışdım, nə də o, mənə həyatımın indiyədək eşitdiyim ən ağır cavabını vermişdi.

Sanki ürəyimdən sevgini, gözlərimdən gülüşü oğurlamışdılar. Elə bədbin, elə dərdli düşüncələrə qapılmışdım ki. Mənimçün daha yaşamağın heç bir mənası qalmamışdı. Dünya birdən-birə boşalmış, hər şey gözümdə adiləşmişdi.

… Onunla bu barədə bir daha danışmadıq. Münasibətlərimiz zahirən əvvəlki kimi qalsa da, onun da, mənim də qəlbimdə tamam başqa hisslər tüğyan edirdi. Orta məktəbi bitirənə qədər hər gün görmək məcburiyyətində olmağım qəlbimi sızladır, uğursuz sevgimi düşündükcə içim göynəyirdi. Hərdən də özümü təhqir edilmiş, hətta alçaldılmış hiss edib qəzəblənirdim. Onu birdəfəlik yaddan çıxaracağıma söz verirdim. Ancaq cəmi bir neçə saat sonra bu vədimi unudur, aldığım “yox” cavabına nəyin səbəb ola biləcəyini fikirləşirdim. Beləcə bir il gəlib keçdi və biz orta məktəblə vidalaşdıq. Yayın qalan hissəsini o da, mən də imtahanlara hazırlaşdığımızdan çox nadir hallarda qarşılaşdıq və bu təsadüfi görüşlərdə hal-əhval tutmaqdan uzağa gedə bilmədik. Sonra o, elə bil yoxa çıxdı, az qala bir il təsadüfi qarşılaşmalar da baş vermədi. Mən onu daha az yada salır, bəlkə də özümü buna məcbur edirdim. Cünki başqa cür davam edə biməzdi və mən ən yaxşı halda onun həyatında dost, bəlkə də şagird yoldaşlarından biri kimi qala bilərdim. İztirablarım da yavaş-yavaş azalmış, hətta bir çox fikirlərim artıq özümə də qəribə, uşaq hərəkəti kimi görünməyə başlamışdı.

Onu bir də növbəti il ali məktəbə sənəd vermək üçün gedəndə gördüm. Görünür, o da bu məqsədlə gəlmişdi. Mən tək deyildim və başım yanımdakı yeni tanışlarımla qızğın müzakirəyə qarışmışdı. Biz imtahana düşən fənlərdən bir-birimizə suallar verir, biliklərimizi yoxlayır, az qala qışqıra-qışqıra danışırdıq. Birdən onu gördüm. Ancaq o məni görməmişdi. Əlində vərəq qarşıdakı binanın tinindən burulana qədər onu baxışlarımla izlədim. Mütənasib bədəni, düz boynu, şabalıdı rəngə çalan saçları, nazik, uzunsov barmaqları, asta, bir az nazlı yerişi, hamısı əvvəlki idi. Təkcə əynindəki paltarı dəyişmişdi və bu paltar ona çox yaraşırdı. Nə qədər istəsəm də, arxasınca getmədim, çünki artıq nişanlandığını, ya da tezliklə nişanlanacağını eşitmişdim və bu xəbər məni çox üzmüşdü. O, tini burulub getdi, ancaq xəyalı, bəlkə də mənim xəyalımda yaratdığım obrazı yaddaşıma həkk olundu. Sonralar onu həmin gün gördüyüm kimi xatırlayır, bir daha yenidən görmək azusu ilə eyni ünvana üz tutmaq istəyirdim. Məni sevmədiyinə görə hərdən qəzəbim tutanda da o günkü obrazını xəyalımda canlandırır, bütün olanları bağışlayırdım. İllər sonra qəzəbimdən əsər-əlamət qalmadı. Amma həmin günün təəssüratını indi də xatırlayıram. Mənə ilk sevgimdən qalan xoş bir xatirə kimi…