MƏN və SƏN

64 Baxış

Mən və sənFəlsəfə doktoru, dosent Yusif Alı Afşar

MƏN və SƏN (sevgi essesi)

Həyat və yaradıcılığını dahi ingilis şairi Corc Bayronun həyat və yaradıcılığı ilə müqayisə etdiyim Azərbaycan xalqının sevimli şairi Nəriman Həsənzadənin şeir dünyası sözün həqiqi mənasında insanı sehrə salır. Tənqidçi alim Rüstəm Kamalın da söylədiyi kimi, Nəriman Həsənzadə sözün tam mənasında sevgi şairidir. Şairin yaradıcılığının əsas kütlə mərkəzində sevgi, məhəbbət, eşq, ülviyyət dayanır. Adətən onun qəhrəmanları tək olur, daim öz sevgisini axtarır, axtardığını xəyalda, sonzuzluqda tapır, tapsa da artıq zaman gecikmiş olur. Lakin gec olsa da müqədəs hisslərlə, kiçik eşq zərrələrilə qəlbdə özünə əbədi yaşam məkanı tapır. Nəriman Həsənzadənin yaradıcılığındakı sevgi qəhrəmanlarının ümumiləşmiş obrazını verməklə səhnəyə iki qəhrəman: MƏN və SƏN obrazlarını çıxarmaqla, iki duyğunun, iki eşqin qovuşmasını, lakin bu qovuşmanın zaman baxımından necə gecikmiş olduğunu vermək istərdim. Zaman geriyə dönüşü mümkün olmayan, irəlisi bilinməyən aləhəzrət bir məvhumdur. Bu məvhum içərisində kimisi özünü xoşbəxt, kimisi bədbəxt, kimisi tam, kimisi natamam tapa bildi. Ən dəhşətlisi isə yaşadığı ömür aralığında özünü tapmayan bəndələr də olur. Bu bəndələr eşq aşiqləri, ruh sevdalılarıdır. Bu bəndələr bu dünyadan o dünyaya – ruhlar dünyasına asan keçə bilən varlıqlardır. Bu bəndələr üçün zaman və məkan anlayışı yoxdur. Bu bəndələr heç özləri də fərqində olmadan dördölçülü fəzada düşünürlər. Bu bəndələr Yaradanın qismət etdiyi ömür payında daim daxili MƏNi ilə birləşib bütövləşirlər. Onlarda daxili MƏN eşqə vurğun, zahiri MƏN isə ruha vurğun yaşayır. Daxili MƏN işıqdan ruh alır, zahiri MƏN isə ruhdan işıq alır. İşıqdan ruh, ruhdan işıq alan kəslərdən biri də MƏN idim. Yəni özünü tapmayan bəndələrdən biriyəm. Bəzən düşünürəm ki, kimsə MƏNƏ sual edib soruşsa ki, “xoşbəxtsən, yoxsa bədbəxt”? Suala cavabım, daha doğrusu cavabsızlığım sonsuz məkana zillənmiş alovlu gözlərimdəki parıltı içərisindən doğardı. Həmin baxışlardakı parıltı isə işıq sürətindən min qat artıq sürətlə yayılaraq sonsuzluq içindən sonlu nəsə axtarardı həmişə… Nə axtarırdı? Bunun nə olduğunu demək çox çətindir. Əslində nə axtardığı ağlıma bəlli olmasa da, ruhuma məlum idi. Lakin axtardığımı söz ifadəsi ilə ipə-sapa düzüb demək mümkün deyildi. Hər dəfə MƏN ruh dünyasının sehrinə düşüb sonsuz məkandakı axtarışları yorulmadan bax beləcə davam etdirirdim. MƏN əmin idim, Ruhum da ümidli idi ki, nəsə tapacağam… Çünki ruhun ümidi ağlın hissiyatından daha güclüdür. Ağlın hissiyatı sonlu və məkanlı olsa da, Ruhun ümidi sonsuz və məkansızdır. Günlərin bir gunu ruhum sonsuz məkanda sonsuzluğa doğru baxınca bir ümid zərrəsi gördü… Zərrə çox uzaqda idi. Amma o zərrə gur parıltı ilə bərq vururdu… Hər gün uzaqdakı zərrədən gələn enerji ruhuma, duyğuma, hissimə bir məlhəmlik, rahatlıq, sakitlik yetirirdi. Ağılın hökmünə tabe olmayan duyğular qeyri-ixtiyari o zərrəni daha dərindən kəşf etməyə qaçırdılar. Ağıl aciz qalmışdı, ruha qarşı hökm edə bilmirdi… Nəhayət ki, zamanın bir məqamında MƏN zərrəyə yetişdim… Yanına çatdım… Bənzəri olmayan bir yanar zərrə idi bu zərrə… Yaxınına durmaq mümkün deyildi… Çox parıldayırdı… Nəhayət eşq zərrəsinin enerjisi ruhumun enerjisini də duydu… hiss etdi… qəbul etdi… Bax beləcə MƏNİM daxilimdə yeni dünyanın yeni eşqi, yeni Günəşi doğdu… Bəs o eşq, o Günəş nə idi, kim idi? O Günəş, o zərrə bütün varlığımla kimliyini duyduğum, hiss etdiyim SƏN idin. Sən idin, bəli! Ruhunla varlığının tamı olan Sən idin… Bütöv olaraq Sən idin… Tam olan Sən idin… Sənin ruhunu duyduqca, eşq alovu ilə Sənin iç dünyana endikcə özümü orada tapdım… Bəlkə də MƏN deyildim… Çünki Sənin saflığın içində də bir saflıq vardı. Bəlkə də Səndəki gizlin saflığı görüncə, elə özümü görüb deyə düşünmüşəm… Elə buna görə də hər an Sənə olan istəyim böyüdü, artdı, ucaldı… Bu böyük zərrə özü də ən kiçik zərrələrə bölünərək böyüyürdü… Zərrənin biri eşq, biri məhəbbət, biri sevgi, biri hiss, biri duyğu və nələr, nələr oldu… Sənə Səndən gizlin gəldiyim kimi, Səni Səndən gizlin sevdim, hiss etdim, duydum… Amma nədənsə həmişə Sənə yük olduğumu hiss edirdim… Nədənsə Sənə olan məchul sevgimə, hissimə ad qoya bilmədm ki, bu məlum yükü özüm çəkim. Əslində heç ad qoymaq belə istəmirdim. Çünki bilirdim ki, hər bir ad özü özlüyündə nəyisə bəlli edir, sərhədləyir… MƏNİM sevgim, hissim, istəyim isə sonsuz məkanda mövcud olan bir dünya idi. Bəlkə də düşünəcəksən ki, bunlar, sadəcə, MƏNİM duyumum, hissimdir… Bəli, düz bildin, bunlar MƏNİM saf hissim, fövqəl duyumumdur ki səni SƏN olaraq belə duyub həmişə… Amma Sən fərqindəsənmi bunların? Bilinmir! MƏN əslində səninlə bağlı çox şey düşünürəm… Çünki MƏN SƏNİ ruhumla sevirəm. Bu sevginin əyani ifadəsi üçünsə söz yetmir… Səni tanıdıqca bir şeyin doğruluğuna əmin oldum. Əmin oldum ki, insanlara bir-birini tanımaq üçün heç də illər gərək deyilmiş… MƏN artıq hər kəsdən çox hiss edib tanıyıram Səni… Hətta xəyal sürəti belə acizdir, bu hissiyyatın qarşısında… Lakin MƏN SƏNİ bütün varlığmla duyub sevsəm də, geriyə dönüşü mümkün olmayan, irəlisi bilinməyən aləhəzrət ZAMAN isə başqa şey deyir… Gecikmisən deyir, gecdir deyir… Nə etmək olar? Hökm zamanındır… Zaman isə məqamın… Amma istəsən də, istəməsən də ruh dünyamda bir MƏN varam, bir də SƏN..