“Mənim tanıdığım Vaqif”

5 Baxış

Oktyabrın 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkəti tərəfindən virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ekran əsəri barədə məlumat verib. Deyib ki, Vaqif Mustafazadə haqqında çox filmlər çəkilib. Lakin bu filmin özəlliyi ondadır ki, burada Vaqifin müasiri olmuş dünyanın görkəmli caz ifaçıları onun bənzərsiz sənət dünyasından söz açır.

Vurğulanıb ki, Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Təhsil aldığı illərdə o, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləyib. Vaqif 1965-ci ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət alıb, elə həmin ildə “Qafqaz” caz triosunu yaradıb.

Vurğulanıb ki, qısa, lakin mənalı ömür yaşayan Vaqif Mustafazadə 1000-dən çox caz kompozisiyasının müəllifi olub.

Vaqif Mustafazadəyə həsr edilən filmi yüksək qiymətləndirilib. Filmin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı günlərində təqdimatı olduqca əlamətdardır. Artıq 11-ci dəfə keçirilən bu festivala dünyanın müxtəlif ölkələrindən ən məşhur caz ifaçıları qatılıb. Oktyabrın 30-dək davam edəcək festival Bakının ən böyük konsert salonlarında keçirilir.

“Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin çəkilişinə göstərdiyi köməkliyə görə BP-nin Azərbaycan şirkətinin rəhbərliyinə minnətdarlığını bildirən Ə.Vəliyev Vaqif Mustafazadə sənətinin bütün zamanlarda seviləcəyinə əminliyini ifadə edib.

Daha sonra “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi nümayiş olunub.

Rejissoru Vidadi Rüstəmov, ssenari müəllifi Füzuli Sabiroğlu olan 40 dəqiqəlik bu ekran əsəri Azərbaycan dilində səslənsə də, alt yazısı kimi ingilis dilindən istifadə edilib.

Bölmə : Kino