Mənim tanrım gözəllikdir, sevgidir..

34 Baxış

Hüseyn_Cavid

Hüseyn Cavid

Mənim Tanrım

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da, 
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir

Çoban Türküsü

Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı könlümü olmaz oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Gülməz, yüz bahar olsa, gülməz yüzüm,
Yardan başqa bir gözəl görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kibi bir dost, bir yaqın bilməm,
Cihan cənnət olsa, bir ləhzə gülməm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Məcnun könül Leylasını unutmaz,
Başqa bir gözəl dərdimi uyutmaz,
Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göy yüzündə görür-görməz hilalı,
Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər könlümün artar məlalı,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Xatirə gəldikcə mavi gözləri,
Süzgün baqışları, tatlı sözləri,
Dolaşırım dağı, daşı, düzləri,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Yosma dilbərim deyilmiş ədasız,
Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Şərq Qadını

Mən nə idim? Şərqin əzilmiş qadını!

(Bir az sükut…)

Mən nə idim? Uf, onu heç sormayınız!
Varlığım bir quru heç!

Keçmişin ən qaba, ən vicdansız,
Kirli dırnaqları qəhr etdi məni.
Görmədim gün işığı;
Doğduğum gündən — əvət — tarixin
Paslı zəncirləri inlətdi məni.

Hər tərəfdən qara bir mövhumat
Pərdələr çəkdi həmən gözlərimə…
Qoparırkən fəryad,
Etdi qanun ilə din istehza
Mənim öksüzcə qırıq sözlərimə.

Yox, yalan söylədim, aldanmayınız;
Vardı bir çox tapınanlar da mana
Çünki pək dilbər idim,
Süslü kaşanələrin qoynunda,
Məni sarmışdı ipəklər, tüllər…
Ağlayırdım gülərək,
Alışıb məhbəsə, altun qəfəsə,
Söndürürdüm qaba şəhvətləri mən…

“Pək gözəlsən” — qaniçən sultanlar
Məni əyləncə yapar,
Çox zamanlar da bağışlar birinə,
“Ən nəfis işvəli bir qüvvə” — deyə.
Oh, nə miskincə həyat!? 
Yeri gəldikcə atarlar Nilə,
Yaxud atəşkədəyə…

Duyğusuz tanrıya qurban olaraq,
Kül olurdum yanaraq, qıvrılaraq.
Daha dəhşətli bəla, — çirkin isən, — 
Atacaqlar dərhal
Bir çuxur, bir quyuya, bir kanala.
Yapsalar hər qabalıq, alçaqlıq,
Baş əyərdim susaraq of demədən…
Bir zamanlar mən, əvət, bir heç idim,
Qismətim sillə, dayaq, könlüm əsir,
Bir böcəkdən də həqir.

İmdi lakin o tikənlərdən uzaq — 
Gülərək, oynayaraq,
Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq…
Yox, mən artıq sürünən heç deyilim,
Parçalanmış da qaranlıqdan hörülmüş
kəfənim,
Gəmirilməz beynim.
İştə ən şanlı üfüqlərdə uçan
Şərqin azadə, gülər bir qızıyam;
Uca həşmətli fəzalardan aşan
Pənbə bir yıldızıyam!..

Türk Əsirləri

Erkək, qadın, əsgər, çocuq, ixtiyar
— Əsir — deyə, minlərcə türk övladı:
İssız bir adanın qoynunda sızlar,
Sorulmaz dərdi, duyulmaz fəryadı.

İştə kinli bir məzarlıq ki hər gün
Yığın-yığın insan udar da, doymaz;
Sağlam vücudlar belə düşgün, ölgün,
Ümidsiz bir heykəldən fərq olunmaz.

Gülümsərlər, fəqət həp gözlərində
İntiqamlı şimşəklər çaxar, durur.
Çırpınırlar, solmuş bənizlərində
Bir çox gizli, sönük əməllər uyur.

Yalnız soyuq, yağmur, boran, fırtına
Oxşar durur bu məhzun könülləri;
Üryanlıq, xəstəlik, aclıq bir yana,
Susuzluqdan həp qurumuş dilləri.

Amansız qartalın vəhşi dırnağı
Məsum yavruları didib parçalar.
İştə ədalət! İlanlar yatağı
İnsanlara məskən verilmiş qərar.

Nerdə o sərxoşlar ki həp “qardaşlıq,
Birlik, bərabərlik” deyə sayıqlar.
İştə bir vəhşət ki, çəkilməz artıq,
Dost deyil, düşmən belə görsə ağlar.

Ey türk eli! Ey milyonlar ölkəsi!
Saqın duyma nədir bu hal, bu dəhşət; 
Titrətməsin səni bu qardaş səsi,
Korluq, sağırlıq o da bir səadət!…

Verdim o gün ki, zülfi-pərişanə könlümü

Verdim o gün ki, zülfi-pərişanə könlümü,
Saldı nigar o zülfdə zindanə könlümü.
Yalvardım əczinən ona, bəlkə xilas edə,
Zənciri-zülfə bağladı divanə könlümü.
Hər qədr uydum ol büti-tərsa cəmalinə,
Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.
Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,
Saldı o yar çahi-zənəxdanə könlümü.
Etdikcə mən məhəbbət o kafər balasına,
Etdi cəfayi-naz ilə viranə könlümü.
Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,
Təbdil edibdi laləsifət qana könlümü.
Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,
Saldı bəlayi-firqətə məstanə könlümü.
Gülçin binəva idim, oldum müridi-şeyx,
Yandırmışam mən atəşi-hicranə könlümü.

Bölmə : Poeziya, Ədəbiyyat