“Məşhur oxucu”lar suallardan niyə yayınırlar?

172 Baxış

Tariyel ƏliyevSənət.az “Məşhur oxucu” layihəsində növbəti müsahibəsini təqdim edir. Müsahibimiz kitabsevər Tariyel Əliyevdir. Kitabevim.az Mağazalar Şəbəkəsində çalışan müsahibimizin bir kitabçı kimi mütaliə, mütaliə etdiyi kitablarla bağlı maraqlı fikirləri var. O, möhtəşəm adlandırdığı kitabın da, oxuyub bəyənmədiyi əsərin də adını çəkib. Ancaq “Məşhur oxucu”nun suallardan yayınan müsahibləri kimi o da bəzi suallardan yayınıb. “… 6-cı suala, adi danışıq kimi cavab versəydim xeyli fərqli olardı. Həm də qalmaqallı”. Mütaliə etməyi xoşlayan və gününü kitabların, oxucuların arasında keçirən Tariyel Əliyevi düşündüklərini söyləməməyə vadar edən nədir? Müsahibəni oxuyub özünüz nəticə çıxarın.

Bədii kitablar oxumağa neçə yaşınızdan başlamısınız?

- Çox təəssüf ki, gec. Orta məktəb illərindən. Əgər valideynlərim təhsilli osaydı, şübhəsiz ki hələ uşaqlıqdan kitab oxumaq vərdişinə yiyələnərdim.

Təbii ki, hər yaş üçün nəzərdə tutulan, maraq göstərilən kitablar var. Sizin maraqlarınız necə dəyişib? (mütaliə ilə bağlı) Bu yalnız yaşla əlaqədar olub yoxsa, başqa təsirlər də var?

- Kitab oxumağa yeni-yeni  başlayarkən adam əlinə keçən hər bir kitabı oxuyur, zaman keçdikcə mütaliə zövqü formalaşır. Bu isə o deməkdir ki, adam artıq kitablar arasında oxumaq üçün seçim edə bilir. Başqa təsirlər haqda onu deyə bilərəm ki, orta məktəbdə tarix müəllimim məndə tarixə qarşı çox böyük rəğbət hissi yaratmişdı. Hətta tarixçi olmaq barəsində də düşünmüşəm. özü də xüsusilə türk tarixilə çox maraqlanmışam. Bəlkə də yaxşı bir türkoloq ola bilərdim.

Sizin fikrinizcə klassiklərin əsərləri daha çox oxunur, yoxsa yeni yazarların?

- Əlbəttə, klassiklərin.

Gündəlik kitabların əhatəsində olursuz. Kitabsevərlər çoxdurmu?  Mütaliəni ən çox kimlər edir?

- Məni razı salacaq qədər çox deyil, amma indiki duruma görə pis də deyil. İndi çox maraqlı nəsil yetişir, onlar davamlı mütaliə ilə məşğul olurlar. Bu məni bir kitabçı, kitabsevər kimi çox sevindirir.

Xarici ədəbiyyatdan daha çox kimləri oxuyursunuz? Onlarda Sizi cəlb edən nədir?

- Xarici ədəbiyyatla təzə-təzə tanış olmağa başlayıram, həm də başlayırıq. Çünki ədəbiyyatlar daha çox rusca olduğu üçün biz (rus dilini bilməyən kitabsevərlər) yazılan mətnlərlə tanış ola bilmirdik. İndi bir çox nəşriyyatlar dünya ədəbiyyatından tərcümələr çap etdirir. Bi işdə əməyi olan hər kəs sağ olsun.

Bugünkü yazarların əsərləri sabaha hansı ismarıcları verir? Dövrümüz haqqında sabaha düzgün informasiyalar ötürüləcəkmi? (Bura həm dövrümüz haqqında məlumat, həm də yazarlarımız, onların düşüncə, yazı tərzləri daxildir)

- Bugünkü yazarların kitablarıyla az-çox tanışam. İsmarıcla bağlı onu deyə bilərəm ki, düzgün informasiyalar ötürəcək.

Tənqidçi olsa idiniz, son oxuduğunuz hansı kitabları və onlardakı hansı məqamları tənqid edərdiniz?

- Sualdan hardasa yayınmaq kimi olsa da sualı belə cavablandırım, son oxuduğum kitablardan biri – “Ailəsiz” romanı haqda onu deyə bilərəm ki, kaş ki belə bir kitabın müəllifi ola biləydim. Çox möhtəşəm kitabdır. Oxumayan hər kəsə şiddətlə tövsiyyə edirəm.

“Məşhur oxucu”da bir neçə müsahibə təqdim etmişik. Həmin müsahibələrdə sualdan yayınma və ya ümumiləşmiş formada cavablar var. Necə düşünürsüz, bu nə ilə əlaqədardır?

- Normal hal kimi qəbul edirəm. Çünki sayca 6-cı suala, adi danışıq kimi cavab versəydim xeyli fərqli olardı. Həm də qalmaqallı.

Hazırda hansı kitabı oxuyursunuz? Maraqlıdırmı? Niyə məhz bu kitab?

- Paralel iki kitab oxuyuram. Pelevinin “Omon Ra” və Xuan Rulfonun “Pedro Paramo” romanlarını. Bugün “Pedro Paramo”nu bitirdim. Niyə məhz bu kitab olmasının səbəbi isə Markesdir. Onun kitab haqda fikrini oxuyandan bu kitabı əldə edib oxumaq istəmişəm. Oxudum. Üslub çox fərqli olsa da açığı elə də çox bəyənmədim. Hətta sizə bir əhvalat misal çəkim. Əbülhəsən Əli Vəliyevə oxumaq üçün “Dünya qopur” kitabını verir. Deyir oxudunmu? Fikirlərin maraqlıdır. Əli Vəliyev cavab verir ki, oxuyub bitirdim, adını “Dünya qopur” qoysan da, heç mənim tüküm belə tərpənmədi.

Oxuduğunuz hansı kitabları başqalarına tövsiyyə edərdiniz?

- Fb-da xeyli dostlar 10-luqlarını paylaşmışdı. Və məni də bu çağırışa qoşulmağa dəvət eləmişdilər. Mən isə bu məsuliyyətli işə qol qoymadım. Bir xeyli kitab var. Onları oxuduqdan sonra züvqümə inanan dostları bu siyahıyla çıxış etməklə sevindirəcəyəm. Sonda müsahibə üçün mənə müraciət etdiyinizə görə sizə təşəkkür edirəm.