Məşhur rəsm əsərlərinin gizli məqamları

28 Baxış

Məlum olub ki, bəzi məşhur rəssamların əsərlərində əslində göründüyündən daha çox şey gizlənib. Bəzən diqqətlə baxıldıqda onları adi gözlə də görmək mümkündür.  Lakin çox vaxt ilk baxışda gözə çarpmayan məqamlar məşhur sənətkarların işlərinin araşdırılması və ya həmin əsərlərin yenidən bərpası zamanı üzə çıxır. Alimlər belə hesab edir ki, məşhur tablolarda gizli nüansların olmasının müxtəlif səbəbləri var. Ola bilər ki, çəkilən şəklin ilkin versiyası sadəcə olaraq rəssamın xoşuna gəlmir. Bəzən isə ictimai rəyə görə şəklin üzərində yenidən işləmək lazım gəlir. Həmçinin maliyyə çatışmazlığı səbəbindən yeni kətan ala bilməyib, köhnələrini istifadə etmək məcburiyyətində qalan rəssamlar da olub.

1. Jan Oqüst Enqrın şəklində hökmdarın büstü

hökmdarın büstü

Rəssam Enqrın 1811-12-ci ildə çəkdiyi bu şəklin sol tərəfində Roma polis rəisinin Napaleonun şəhəri işğal etməsindən sonrakı zamana aid görüntüsü var. Rəsmdə isə hətta adi gözlə də uşaq başının cizgiləri sezilir. Güman edilir ki, bu cizgilər Napaleonun Roma kralı elan edilən oğluna aiddir. 1814-cü ildə Napaleon tamamilə məğlub olub taxtdan devriləndə Enqr siyasi əsaslara görə onu rəngləyir və üstünə yenisini çəkir.

 2. Pikassonun “Yaşlı gitaraçı” rəsmində qadın

Pablo Pikasso Yaşlı gitaraçı

1901-1904-cü illər Pablo Pikasso üçün ağır dövrlər idi. Onun hətta iş üçün yeni materiallar almağa belə pulu yox idi. O, tez-tez köhnə kətanların üstünə örtük çəkir və onlardan yeni şəkillər üçün istifadə edirdi. Belə şəkillərdən biri də məşhur “Yaşlı gitaraçı” rəsmidir. Həmin tabloda qadının kölgəli fiquru aşkara çıxarılıb.

Araşdırmaçılar əvvəlcə gitaraçının əyri boynunda qeyri-səlis konturların olduğunu sezmişdilər. Lakin şəklə rentgen şüaları altında baxdıqda orada kiçik övladını yedizdirən ana və yanında öküzlə qoyun rəsminin olduğu üzə çıxdı.

3. Con Sinqer Sarcentin “Madam X-in portreti” şəklində çiyin qayışları

Sarcent çiyin qayışları

Metropoliten muzeyində nümayiş etdirilən “Madam X-in portreti” əynində qara geyimi olan xanımın əzəmtli fiqurası və təkəbbürlü üz quruluşuna görə stilin ikonası hesab edilir.  Lakin zamanında bu portert ədəbin təhqiri kimi qəbul edilmiş və rəssamın Avropadakı karyerasına mənfi təsiri olmuşdur.

Şəkildəki qadın məşhur fransalı gözəl Vircini Qotrodur. Onun dərisinin ağlığı o zamanlar gözəllik etalonu hesab edilirdi. Lakin müasir tənqidçilərdən biri Qotronun dərisinin rəngini “ölüm” rəngi adlandırıb.  Bu effekt mərgümüşdən istifadə edilməklə alınıb. Sarcent Qotronun qeyri-adi gözəlliyinə diqqət çəkmək üçün onu qara paltarda təsvir edib. Çiyin qayışlarından biri isə çiynindən düşərək onu bir qədər nazlı göstərir.

Portret Paris salonunda nümayiş etdirilən zaman ictimaiyyətin ciddi narazılığı ilə qarşılanmışdır. Nəticədə Sarcent paltarın bu detalında düzəliş edərək, onu çiyinə qaldırıb.

4. Pəncərədə qadın

Pəncərədə qadın

London Milli Qalereyasında 1500-cü illərdə naməlum rəssam tərəfindən çəkilmiş rəsmin bərpası zamanı qeyri-adi qrim üzə çıxdı. Məlum oldu ki, şəkildəki sarışın qız əslində qaraşın imiş, onun saçlarının rəngi isə orijinalın üzərində rəssam tərəfindən sonradan dəyişdirilib. Bu gün şəkil ilkin versiyada Milli Qalareyada saxlanılır.

5. Hendrik van Antonissenanın “Sahil səhnəsi”ndə balina

Sahil səhnəsi

Bu Hollandiya rəsmi Futsuilyam muzeyinə hədiyyə ediləndə orada yalnız sahil səhnəsi yer almışdı. Lakin şəkildə insanların sahildə niyə toplaşması tədqiqatçıları bir qədər maraqlandırmışdı.  Restavrasiya zamanı isə boyanın altında sahilə çıxan balina təsviri aşkar edildi. Güman edilir ki, balina XVIII- XIX əsrlərdə estetik səbəblərə görə rənglənib.