M.Ə.Sabir və bərabərlik problemi – Müstəqil Ağayev

5 Baxış

BQ7wOoAuPAY

Azərbaycanda kapitalizmin inkişafı ölkənin ictimai, siyasi və mədəni həyatında əsaslı dəyişikliyə səbəb oldu.

Kapitalizmin inkişafı, təbii olaraq, proletariatın inkişafı üçün zəmin yaradır, yüz minlərlə işçini birləşdirən yeni-yeni istehsal sahələri meydana gətirir, sinfi ziddiyyətləri, əməklə kapital, məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı antaqonist ziddiyyətləri kəskunləşdirir, proletariatın istismarçılara qarşı mübarizəsini gücləndirirdi. İstismar gücləndikcə, ona uyğun olaraq, iqtisadi bərabərsizlik də artır və cəmiyyətin siyasi həyatına özünün mənfi təsirini göstərirdi.


İqtisadi cəhətdən hakim olan siniflər siyasi cəhətdən də hakim mövqe tutmuş, bütün dövlət işlərini də öz əllərinə almışdılar.

İqtisadi və siyasi bərabərsizliyin səviyyəsi getdikcə yüksəlir, sərmayədarların mövqeləri möhkəmləndikcə, məzlum  xalq kütlələrinin həyat səviyyəsi tənəzzül edir və acınacaqlı şəkil alırdı.
Bütün varlığı ilə xalqa bağlı olan demokratik fikirli ziyalılarımız dövrün ədalətsizlikləri, çatışmamazlıqları ilə barışmayıb, bunları doğuran siyasi rejimə, mövcud quruluşa qarşı ciddi inqilabi mövqe tuturdular Ətrafda baş verən müdhiş hadisələrə qarşı fəal mübarizə aparmağa qadir olmasalar da, həmin hadisələrə biganə də qala bilmir, onların mahiyyətini açmağa ciddi səy göstərirdilər.


Azərbaycanın Abbas Səhhət, C.Məmmədquluzadə, Abdulla Şaiq, M.Ə.Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid kimi qeyrətli ziyalıları yaşayıb-yaratdıqları dövrün bütün eybəcərliklərinə, ədalətsiz qanun-qaydalarına qəti etiraz və xalq kütlələrinin istək və arzularını, onların mənafelərini müdafiə edirdilər.


Cəmiyyətdə hökm sürən bərabərsizlik, hüquqsuzluq, ədalətsizlik bu sənətkarların yaradıcılığında ciddi tənqid atəşinə tutulur, çarizmin iqtisadi və ictimai, siyasi quruluşuna xas olan səciyyəvi cəhət kimi həqiqi qiymətini alırdı. Ağalar və qullar dünyasının qəribəlikləri, insan ağlına sığmayan işləri M.Ə.Sabiri təəccübləndirir və heyrətə salırdı.Cərəyan edən hadisələr, insanların yoxsul qisminin düçar olduğu fəlakətlər böyük şairdə belə bir qənaət doğurmuşdu ki, “görünür, bu dövri-çərxi-kəcmədar “bu halət ilə hələ uzun illər davam edəcəkdir.
İnsanların, xüsusən kasıbların qisməti isə gecə-gündüz nalə və fəryad etməkdir. Elə bir mühit, elə bir şərait yaranıbdır ki, varlılar dünyanın əzab-əziyyətindən uzaq, eyş-işrətdə, qəmzis-kədərsiz yaşayır, yoxsullar isə dünyanı bütün fəlakətləri, dəhşətləri ilə birlikdə öz çiyinlərində saxlamalıdırlar. Həyata zinət verən, onu gözəlləşdirənlər isə hər şeydən məhrumdurlar, nazını çəkdikləri, bəslədikləri ağalardan təşəkkür əvəzinə təhqir və nifrət görürlər.


Bərabərsizliyin törətdiyi fəlakət və faciələrdən qurtarmaq üçün yollar aramaq əvəzinə, “allaha təvəkkül” deyib səbr etməyi üstün tutan dindarları, müsəlmanları Sabir qəflət yuxusundan oyanmağa, öz haqqını, hüququnu başa düşüb, onu tələb etməyə çağırırdı.


Səhərdən axaşama kimi işləməkdən qaməti əyilən, ailəsi ac və yalavac qalan, əməyinin bəhrəsi istismarçılar tərəfindən mənimsənilən, “güclülərin” zülmü qarşısında Allaha təvəkkül deyib aciz qul kimi dayanan, hər zülmə dözən insanların faciəli həyatından real lövhələr yaradan mütəgfəkkir şair səbr, təvəkkül kimi mövhumi sözlərin müsəlmana vurduğu zərərin konkret nəticələrini açıb göstərir və geniş xalq kütlələrini mücərrəd təlimlərin təsirindən uzaqlaşdırmağa çalışır, onları əməli işə – azadlıq, bərabərlik və demokratiya əldə etməyə səsləyirdi:


Olmadı məqsudunuzca dövri-çərxi-kəcmədar
Qalmalıdır böylə halət üzrə dövran payidar,
Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar,
Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə!
Sübh tezdən dur ayağə, şamadək çək zəhməti,
Güclülərdən də eşit hər növ fəhmü töhməti,
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti,
Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə!
İşlə, qoy qəddin bükülsün, işlə, annın tərləsin,
İşlə, ac qal, ac bəhayimtək əyalın çərləsin,
Zülmdən fəryadü dadı qoy dilin əzbərləsin
Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə!


Bərabərsizliyin ən parlaq, real mənzərəsini böyük sənətkarın “Bakı fəhlələrinə” adlı satirik əsərində görürük.

 Birinci rus inqilabının təsiri ilə qəflət yuxusundan ayılmağa başlayan və bir insan kimi, hüququnu cüzi də olsa başa düşərək onu tələb etməyə cəsarət göstərən fəhlənin hünəri varlıları təəccübləndirir, heyrətə salır: axı necə ola bilər ki, ağanı görəndə qorxusundan ikiqat əyilib baş vuran, ağanin üzünə dik baxmağa cəsarəti çatmayan, bir tikə çörək üçün ölümə getməyə hazır olan məzlum, “lal”,”kar”, “kor” fəhlələr indi öz ağaları qarşısında düz dayanmağa, onun gözünün içinə baxa-baxa narazılığını bildirməyə cəsarət edirlər? Onlara yasaq olunmuş əmrlərə dəxalət edir, hətta, öz ağasının hüzurunda azad nəfəs alaraq haqq-hüququnun tapdalanmasına qəti etirazını da bildirirlər?:


Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə,
Dövlətli olan yerdə cəsarət edə həhlə,
Asudə nəfəs çəkməyə halət edə həhlə,
Yainki hüquq üstə ədavət edə fəhlə…
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi.
Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun!


Axı əllərinin zəhməti ilə dünyanı min rəngə salan, əzəmətli saraylar ucaldan, milyonların yaşamasını təmin edən fəhlənin nə üçün hörməti, izzəti, qan soran cəlladların yanında danışmağa cürəti, heysiyyətini, namusunu müdafiə etməyə hüququ olmasın? Nə üçün öz qazandığının onda birini aldığına görə ağalara minnəti olmalıdır?
Cavab: çünki fəhlə kasıbdır, köməksizdir, onun zəkası dövlətlinin zəkasından “azdır” və ya “pakizə libası”, sərvəti, dövləti, mənsəbi yoxdur. Cırıq bir qəba ilə özünü ağalara tay tutmaqmı olar? Əsla yox!..


Aldanma, fəqirin olamaz əqlü zəkası,
Çün yoxdur onun sən kimi pakizə libası
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,
Var köhnə çuxası, dəxi bir təkcə qəbası…
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi.


Bu, məsələnin xarici tərəfidir. İnsanlar arasındakı kəskin fərq , bərabərsizlik cəmiyyətin maddi həyatı, iqtisadi bazisi ilə bağlıdır. Elə yoxsulluq da buradan irəli gəlir. M.Ə.Sabir dövlətlilərlə fəhlələr arasındakı bu münasibəti təsvir etməklə, cəmiyyətdə hökm sürən ədalətsizliyə, bərabərsizliyə qarşı öz etraz səsini ucaltmış, belə bir cəmiyyətin daxilində baş verən ictimai, siyasi dəyişikliyə diqqəti cəlb etmək istəmişdir.


Dəyişiklik bundan ibarətdir ki, artıq əzabkeş xalqın müəyyən qismi ölkədə baş verən hadisələrdən faydalanaraq, cəmiyyətdə öz yerini, mövqeyini aydınlaşdırmaq istəyir, düşdüyü vəziyyətin səbəbini öyrənməyə cəhd edir.

 Bu isə ağaları qorxudur, lərzəyə salır, cəmiyyətin inkişafını ləngitməyə, tarixin təkərini geri döndərməyə sövq edir. Onlar dərk edirlər ki, bu gün fəhlənin cəsarətlə haqq-hüquq tələb etməsi – sabah ağaların hər şeydən məhrum olması, gəda ilə bərabər tutulması, nəhayət, məhv olması deməkdir. Onlar varlılarla kasıblar arasındakı fərqi təbii saydıqları üçün nəzərə çarpan hər cür yeniliyi lağa qoyur və:
Hər bir gəda bir az oxuyub adəm olubdur,
zakonu bəyənməz.
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur
Hamunu bəyənməz.
Gahi şaha bir tənə vurar, gah vəzirə,
Bax, bax, səni tarı!-
deyə rişxənd edirdilər. Bəşəriyyətin tarixi inkişafının müəyyən mərhələsində , təbii olaraq, elə ictimai-iqtisadi formasiya meydana gəlmişdi ki, orada cəmiyyət üzvləri “insan” və “qeyri-insan”-deyə iki qrupa bölünür, var, dövlət, mənsəb və s. insanlığın əsas əlaməti kimi qəbul edilirdi. Sərvətdən məhrum olanlar insan hesab edilmir, təhqir və təqiblərə məruz qalır, addımbaşı alçaıldılırdılar.
Bu adamlar heyvan kimi gecə-gündüz işləməli, hər əziyyətə dözməli, dünyanın bütün nemətlərindən imtina etməli, həmişə künc-bucaqda daldalanmalı, dövlətlilərdən uzaq durmalı, öz “iyrənc” görkəmləri ilə onların zövqünü, iştahlarını pozmamalı idilər.
Belə bir haqsızlığa, ədalətsizliyə dözə bilməyən M.Ə.Sabir öz dövrünü, onun ictimai-siyasi sistemini, qeyri-bəşəri əxlaq normalarını tənqid atəşinə tutur, bərabərsizliyin səbəblərini açıb göstərirdi. Bu baxımdan onun “Fəhlə, özünü sən də bir insanmı sanırsan?” satirik şeiri çox xarakterik və qiymətli bir sənət nümunəsidir:


İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləıti, malı gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun,
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanıran?!
Fəqr ilə qina əhlinə kim verd imüsavat?
Mənadə də, surətdə də var bunda müvafat,
Öz fəzlini pulsuz edəməz kimsəyə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsn?1
Axmaq kişi, insanlığı asanmı sanırsan?!


Mirzə Ələkbər Sabir göstərir ki, indiki şəraitdə hər iş tərsinədir: var, dövlət , hakimiyyət varlıları o dərəcədə azğınlaşdırıb ki, onlar təbii-tarixi inkişaf qanunlarını saxtalaşdırır, özlərini həyatın yaradıcısı, inkişafın hərəkətverici qüvvəsi kimi təsəvvür edir, üstəlik, əli qabarlı zəhmətkeşləri “ağaların minnətinə qarşı azğınlıq etməkdə” töhmətləndirirlər:


Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!


Çox qəribədir! Görəsən, kim kimin hesabına asudə nəfəs alır, firəvan dolanır? Maddi nemətlərin yaradıcısı kimdir? Harınlaşıb azğınlıq edən kimdir?


Sabirin böyüklüyü, sənətkarlığı da elə bundadır ki, o, oxucunu təəccübə, heyrətə salır, həyat həqiqətlərini axtarıb tapmağa, doğrunu yalandan, sədaqəti hiylədən seçmək üçün hadisələri ağıl və şüurla təhlil etməyə yönəldir.


Doğrudur, həm “mahiyyətdə”, həm də “zahirdə” fəqr ilə qina arasında böyük fərq olduğu halda, onları bərabərləşdirən, eyniləşdirən kimdir? Divanı və ərbabi-hökuməti saymayan, onlara meydan oxuyan kimdir? Bir abbası günmuzdubnu milyonlara qarşı qoyan kasıbmı, lüt-üryan, qarnı ac fəhləmi?! Bəli, məhz fəhlə! O fəhlə ki, alnının təri, əllərinin qabarı ilə bir sürü nankorları varlandırmış, mənsəb sahibi etmiş, hakimiyyət kürsüsündə oturtmuşdur. Həmin azğınları “ərbabi-hökumət” və “ərbabi-qina ” edən də bu gün ac-yalavac qalan, təhqir olunan fəhlədir, kəndlidir.


Getdikcə artmaqda və güclənməkdə olan inqilabi-azadlıq hərəkatı şairdə yeni bir inam yaratmağa başlayır ki, deyəsən, mövcud quruluş uzun müddət belə davam edə bilməyəcəkdir.

İstibdad və əsarət buzu çatlayaraq parçalanacaq, mütləqiyyət üsuli-idarəsinin dayaqları davam gətirməyib sularda qərq olacaqdır. Çünki zaman dəyişmişdir. Vəziyyət haldan-hala düşür. Külək başqa səmtdən əsir. İstismarçıları təəccübləndirən də bu idi ki, dünənki “ayağı çarıqlılar da bu gün müsavat tələb edirlər.” Bir az bundan əvvəl onlar nücəbaları görəndə ayağa durar, bəyə yalvararaq ikiqat əyilər və baş endirərdilər, indi isə öz ağalarına qarşı çıxış edirlər. Bütün bunlar əyan-əşrəfə pis təsir edir, onları hövsələdən çıxarır, ürəklərini daraldırdı.
Böyük sənətkar məharətlə öz dövrünün siyasi mənzərəsini qələmə almış, bərabərlik işığının sezildiyi kiçik deşiyi belə dərhal qapamağa hazır olan qara qüvvələrin iç üzünü açıb göstərməklə bərabər, xalqın azadlıq və bərabərlik arzusuna da münasibət bildirmişdir. Bunu biz Sabirin “Təraneyi-əsilanə” , “Məzlumluq edib, başlama fəryadə, əkinçi”, “Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi” və sasir bu kimi satirik əsərlərində aydın görürük:


Belə idi adət əvvəl, bəyə yalvarardı kasıb,
Nücabələri görəndə ayağa durardı kasıb,
İkiqat olub, ədəblə bəyə baş vurardı kasıb,
Var idi vəfalı kasıb, var idi həyalı fəhlə.
Dəyişib zəmanə indi, dolaşıb bütün ümurat,
Ayağı çarıqlılar da gəlib istəyir müsavat?!..
Belə əsrdə məişət bizə xoş keçərmi, heyha?!
Ayılıb yatan cəmaət, göz açıb qapalı fəhlə!


Cəmiyyətdə hökm sürən bərabərsizliyin nəticəsi idi ki, mülkədarlar kəndliləri təhqir edir və alçaldırdılar:


Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyada, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!


M.Ə.Sabir milləti tərəqqidən saxlayan, cəhalətdən, ehtiyacdan, zülmdən xilas olmağa qoymayan siyasi rejimi, hakim təbəqələri sonsuz nifrət və qəzəblə qamçılamış və rüsvay etmişdir. O, xalqın həyatındakı elə qüsurlara toxunmuşdur ki, onlarla mübarizə etmədən, onları aradan qaldırmadan irəli getmək mümkün deyildi. Ümumiyyətlə, Azərbaycan demokratik fikrinin nümayəndələri deyəndə, gözümüzün qarşısında Azərbaycan tarixinin qaynar, maraqlı bir dövründə xalq həyatının tam, bütöv mənzərəsini canlandıran sənətkarlar yada düşür. Orada bütün ictimai təbəqələrin həyatını, yaşayış tərzini, düşüncəsini, canlı nümayəndələrini, onların zamanla, mühitlə əlaqəsini görürük.

KÖŞƏ YAZARLARI
TOP 10