Maarifçilik və realizm – İsa Həbibbəyli

290 Baxış

100596_czz1zgutfq

Azərbaycan ədəbiyyatı tarixində XIX əsr ədəbiyyatı müstəsna dərəcədə əhəmiyyətli yer tutur. Bu, Azərbaycan ədəbiyyatının bütün tarixi ərzində tamam yeni keyfiyyətlərə malik olan ədəbiyyat idi. 

Dövrün əsas aparıcı istiqamətini maarifçilik hərəkatı müəyyən etdiyi üçün ədəbiyyatda da maarifçi ideyalar əvvəlki əsrlərin heç birində ədəbi-ictimai fikrə bu qədər geniş şəkildə hakim ola bilməmişdir. Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ölkənin müstəqillik uğrunda mübarizə əzmini qırsa da, eyni zamanda maarifçilik baxımından xalqı sürətlə qabağa aparmağa şərait yaratmışdır. Artıq Qərb maarifçiliyi üstündə köklənmiş Rusiya İmperiyasının tərkibində fəaliyyət göstərməli olan Azərbaycan maarifçi mühitin ab-havasında yaşamağa başlamışdı. Azərbaycan cəmiyyətinin yaxından bağlı olduğu Türkiyədə də bu dövrə artıq “Qərb həyatının ünsürləri təqlid və ya moda şəklində gündəlik həyata girmişdir” (Əhməd Həmdi Tanpınar. XIX əsr Türk ədəbiyyatı tarixi. Türkiyə, İstanbul, Yapı kredi yayınları, 2006, səh.128). Beləliklə, Qərb maarifçiliyi XIX əsr Azərbaycanı üçün əsas ideya və hədəfə çevrilmişdir. Və cəmiyyət həyatının bütün sahələrini hərəkətə gətirən maarifçi ideyalar Azərbaycan ədəbiyyatının da əsas mahiyyətini təşkil edirdi. XIX əsrdə dövrün ən mühüm ideyası (bəlkə də ideologiyası – İ.H.) maarifçilik, ədəbiyyatın isə əsas inkişaf istiqaməti maarifçi realizm idi.

Buna baxmayaraq, XX əsrin altmışıncı illərinə qədərki ədəbiyyatşünaslıq əsərlərində Azərbaycan ədəbiyyatının bu tarixi mərhələsi bir qayda olaraq tənqidi realizm dövrü kimi səciyyələndirilmişdir. XIX əsrə aid mötəbər ali məktəb dərsliklərinin birində həmin dövrdə yaşayan yazıçı və şairlərin demək olar ki, hamısı tənqidi realizmə aid sənətkarlar hesab edilirdi: “M.F.Axundov simasında yaranan yeni Azərbaycan ədəbiyyatının qazandığı ən böyük nailiyyət onun tənqidi realizmə yaradıcılıq yolu kimi yiyələnməsi idi… A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir və başqalarının yaradıcılığında inkişaf etdirilən tənqidi realizm M.F.Axundovun simasında kamala çatdı, ədəbi cərəyan və yaradıcılıq metoduna çevrildi” (Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, “Maarif”, 1966, səh.234-237).

XX əsrin yetmişinci illərinə qədərki ədəbiyyatşünaslıqda bu qəbildən olan fikirlər normal hal kimi qəbul olunmuşdu. Bu, o dövr idi ki, ədəbiyyatşünaslıqda realizmin ədəbi cərəyan olaraq yalnız iki mərhələsi – tənqidi realizm və sosialist realizmi anlayışları elmi cəhətdən qəbul olunurdu. O zamankı ədəbiyyatşünaslıq elminin qənaətinə görə, sovet  hakimiyyətindən əvvəlki dövrlərin realizmi bir qayda olaraq tənqidi realizm hesab olunurdu. Bu, bütövlükdə keçmiş sovet ədəbiyyatşünaslıq elminin gəldiyi ümumi qənaət idi. Sovet ədəbiyyatşünaslığı, o cümlədən də Azərbaycan ədəbiyyatşünaslıq elmi belə bir fikri diqqət mərkəzinə çəkmişdi ki, XVIII-XIX əsrlərin və XX əsrin əvvəllərinin ədəbiyyatında həmin dövrlərin Azərbaycan cəmiyyəti geridə qalmış, qaranlıq və cəhalət içində olan bir mərhələ kimi təqdim edilmişdir. Ona görə də elmi-ictimai fikirdə sovet quruluşuna qədər olan ədəbiyyatdakı tənqidi motivlər daha da qabardılır, yazıçıların cəmiyyət həyatına sərt münasibətləri tənqidi realizm kimi izah edilirdi. Ədəbiyyatşünaslıq əsərində və dərsliklərdə sovet hakimiyyətindən əvvəl yaşayıb-yaratmış yazıçı və şairlər yaşadıqları dövrü bu və ya digər şəkildə tənqid etdikləri üçün mütərəqqi sənətkarlar  adlandırılırdı. Əksinə, tənqid ruhu az olan və ya dövrə müsbət yanaşan qələm sahibləri isə “dövrü idealizə edən” sənət adamları hesab olunur və onların adlarının ədəbiyyat tarixindəki icmallarda çəkilməsi ilə kifayətlənilirdi. Bütün bunlar bədii ədəbiyyat vasitəsi ilə sosializm cəmiyyətinin üstünlüklərinin müqayisəli şəkildə cəmiyyətə təqdim olunmasına hesablanmış ideoloji prinsiplər idi. Yalnız XX əsrin altmışıncı illərindən sonra realizmə birtipli yanaşmalara, yaxud iki qütblü (tənqidi realizm və sosialist realizmi) münasibətə dair anlayışlar tədricən aradan qalxmağa başlamışdır. Xüsusən, keçmiş ümumittifaq miqyasında XX əsrin altmışıncı illərində keçirilmiş realizm müşavilərində bu ədəbi cərəyana aid daha bir yaradıcılıq tipi-maarifçi realizm metodu haqqında da çağırışlar meydana çıxmışdır. XX əsrin əvvəllərinə aid edilən “realist-maarifpərvər ədəbiyyatın” hələ XIX əsrdən etibarən mövcud olması və başlanmış prosesin yeni tarixi şəraitdə yaradıcılıqla davam etdirilməsi barədə də  elmi-nəzəri fikirlər həmin vaxtda elmi mühitdə ilk dəfə olaraq özünə yer tutmağa başlamışdır. Bundan başqa, sovet ədəbiyyatşünaslığının hakim ideologiyaya xidmət edən əsas təmsilçilərinin SSRİ-də yaşayan bir çox türk-müsəlman xalqlarının ədəbiyyatında ümumiyyətlə, realizm mərhələsinin olmamasına dair formalaşdırdıqları ideoloji təsəvvürlərə qarşı çıxışlar səslənmiş, müəyyən fərziyyələr, real nəzəriyyələr irəli sürülmüşdür. Azərbaycan ədəbiyyatşünaslıq elmində realizmin inkişafı mərhələləri haqqında ilk sistemli nəzəri təsnifat da (Yaşar Qarayev. Realizm: sənət və həqiqət (Azərbaycan realizminin inkişaf mərhələləri. Bakı, “Elm”, 1980), keçmiş sovet Şərqi xalqlarının ədəbiyyatında realizm məsələsinin dərin elmi şərhi də (Arif Hacıyev. Azərbaycan realizmi. Bakı, “Yazıçı”, 1984; Sovet Şərqi xalqlarının ədəbiyyatında realizm. Bakı, “Yazıçı”,1978) həmin tarixi dövrün yaradıcılıq müzakirələrinin dalğasında meydana gəlmişdir. Beləliklə, artıq ədəbiyyatın xarakteri nəzərə alınmaqla XX əsrin altmış-yetmişinci illərindən XIX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm yox, maarifçi realizmin mövcudluğu qəbul olunmuşdur. Hətta bədii metod baxımından XIX əsrin başlanğıc dövrlərinin ədəbiyyatının didaktik realizm istiqamətində inkişaf etməsinə dair ideyalar nəzərə çarpmışdır (Arif Hacıyev. Azərbaycan realizmi. Bakı, “Yazıçı”, 1984, səh.25-57). Lakin yenə də uzun müddət XIX əsrdə yaşayıb-yaratmış yazıçı və şairlər iki qütbə ayrılmış, Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1794-1857), İsmayıl bəy Qutqaşınlı (1806-1861) maarifçi realist, Mirzə Fətəli Axundzadə (1812-1878), Qasım bəy Zakir (1784-1857), Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov (1854-1926) və başqaları tənqidi realist yazıçılar hesab olunmuşdur. Azərbaycan realizminin inkişaf mərhələləri haqqında dəqiq və konkret konseptual nəzəri qənaətləri ifadə edən sanballı elmi tədqiqatların mövcud olmasına baxmayaraq, bədii metod baxımından XIX əsr Azərbaycan ədəbiyyatına ikili münasibət  hələ də müəyyən səviyyədə yanaşı olaraq yaşamaqdadır. Bununla belə, artıq ədəbiyyatşünaslıqla bərabər tarix, fəlsəfə, kulturologiya, pedaqogika və digər elm sahələrində də XIX əsrdə Azərbaycanda maarifçi ideyaların və hərəkatın genişlənməsindən, məktəb, teatr və mətbuat hərəkatından daha geniş şəkildə bəhs olunur. Elmi fikir geniş müstəvidə XIX yüzilliyi maarifçilik əsri kimi qəbul edir. XIX əsr həqiqətən də Azərbaycanda maarifçiliyin bütün istiqamətlər üzrə formalaşdığı və hərəkat səviyyəsində inkişaf etdiyi tarixi bir mərhələdir. Bu dövrdə Azərbaycanda maarifçiliyin əsas dayaqlarından olan ədəbiyyatda maarifçi ideyalar qüvvətlənmiş, cəmiyyəti geri çəkən meyllər tənqid edilmiş, yeniləşmə zərurəti qəti olaraq meydana qoyulmuşdur. Eyni zamanda, XIX əsrdə Azərbaycanda ilk dəfə olaraq  1873-cü ildə milli teatrın yaranması və genişlənməsi xalqın maariflənməsi, yeniləşmənin əhəmiyyətinin təbliğ edilməsi üçün təsirli bir xitabət kürsüsünün açılmasına səbəb olmuşdur. Eyni zamanda, 1875-ci ildə milli mətbuatın bünövrəsi olan  “Əkinçi” qəzetinin nəşrə başlaması, ardınca “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” kimi mətbuat orqanlarının meydana gəlməsi cəmiyyət həyatında maarifçilik hərəkatının inkişafında böyük rol oynamışdır. Teatr və mətbuat maarifçilik ideyalarının əsas xitabət kürsüsü və hərəkətverici qüvvəsi funksiyasını uğurla həyata keçirmişdir. Bundan başqa, ölkədə XIX əsrin 30-cu illərindən etibarən yaranmağa başlamış rusdilli dünyəvi məktəblərin həmin əsrin yetmişinci illərindən sonra tədricən milli məktəblərə çevrilməsi prosesinin getməsi, məktəblərdə ana dili və ədəbiyyatın öyrənilməsi, ilk dərsliklərin yaranması, əlifba islahatlarının meydana çıxması maarifçilik hərəkatının inkişafında ciddi təsir göstərmişdir.

Nəticədə, XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda maarifçilik milli ideyadan böyük hərəkat səviyyəsinə qalxmışdır. Heç şübhəsiz, bütün bunlar Azərbaycan ədəbiyyatının yeni ideyalarla və dövrün ərsəyə gətirdiyi fərqli obrazlarla  zənginləşməsində əsas rol oynamışdır. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı kimi yazıçı və şairlər xalqa maarifçi ideyalarla xitab etmiş, ümumi şəkildə olsa da, ağıl, kamal, elm, bilik, milli-mənəvi özünüdərk anlayışlarını gündəmə gətirmişlər. Maarifçilik ideya kimi ədəbi fikrin əsas, aparıcı mövzusu olmağa başlamışdır. XIX əsrin ortalarına doğru Azərbaycan ədəbiyyatında artıq milli-mənəvi oyanışa çağırışlar səslənməyə başlamışdır. Cəmiyyətdə və ədəbiyyatda mövcud qaydalarla yanaşmağın çətinlikləri diqqət mərkəzinə çəkilmişdir. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” (1857) povestində xalq hakimiyyəti ideyası irəli sürülmüş, “Kəmalüddövlə məktubları” (1863) traktatında isə despotizm və monarxiya kəskin tənqid edilərək respublika tipli dövlət quruluşu təbliğ olunmuşdur. Böyük ədibin siyasi baxışları dövrünün Avropa və Rusiyadakı bir çox mütəfəkkirlərini də qabaqlamışdır. Onun despotizmin əleyhinə və “zülmü aradan qaldırmaq” yolları haqqında fikirləri, “despot zülmünün təsiri və üləma fanatizminin zoru”na dair mülahizələri, (Mirzə Fətəli Axundzadə. Əsərləri, 3 cilddə, II cild. Bakı, “Şərq-Qərb”, 2013, səh.9) habelə xalqın “zülmə qatlaşmayıb, öz idrakının təsdiqi ilə zülmü dəf etməsi” üçün “yekcəhətlik və yekdillik” haqqındakı qənaətləri (Yenə orada, səh.24) XIX əsr siyasi maarifçiliyinin ən mühüm çağırışları səviyyəsində səslənir. Əlbəttə, XIX əsrdə maarifçiliyin yenicə başlandığı bir ölkədə bu çağırışları oxuyan və ya eşidən, ondan nəticə çıxarmaq barəsində düşünən qüvvələr hələ yetərincə deyildi. Ona görə də Mirzə Fətəli Axundzadə və onun müasirləri olan yazıçı və şairlər xalqın gözünü açan ədəbiyyat yaratmaq yoluna haqlı olaraq mühüm ümummilli vəzifə kimi baxmışlar.

Mirzə Fətəli Axundzadənin məşhur “Təmsilat”ına daxil olan ölməz komediyaları ümumən Azərbaycan ədəbiyyatının, xüsusən də realist ədəbiyyatının inkişafında qəti dönüşü tam olaraq ifadə edən əhəmiyyətli əsərlərdir. Abbasqulu ağa Bakıxanovun, Seyid Əzim Şirvaninin, Məhəmməd Tağı Sidqinin maarifçi şeirlərində konkret olaraq gənc nəslin milli-mənəvi özünüdərki üçün məktəb, elm öyrənmək və təhsil almaqla bağlı fikirlər, ağıl və kamal barədə faydalı öyüdlər, nəsihətlər ifadə olunmuşdur. Azərbaycan maarifçi realist ədəbiyyatı böyük sürətlə formalaşmağa başlamışdır. Maarifçi ədəbiyyat Şərq yönlü klassik poeziyadan fərqli olaraq üzünü ölkə maraqlarına və Qərbə tərəf tutmağa başlamışdır. Ədəbi-ictimai fikirdə Qərb maarifçiliyi əsas istiqamət, hədəf olaraq qəbul edilmiş və təbliğ olunmuşdur. XIX yüzillik – “Ağıl əsri” kimi diqqəti cəlb etmişdir.  Bu zəmində ölkədə milli maarifçi ideyalar pöhrələnməyə başlamış və sürətlə inkişaf tapmışdır. Artıq Azərbaycan ədəbiyyatı insan və cəmiyyət problemləri ətrafında düşünüb-daşınmağa başlamış, yeni həyat tərzi uğrunda mübarizəyə girişmişdir. Yaşar Qarayevin klassik maarifçiliyin mühüm xüsusiyyətləri kimi müəyyən etdiyi “mali” və “hüquqi” bərabərlik ideyaları, aqil və adil ictimai quruluş axtarışları, kütləvi bir tərbiyə və maarifləndirmə hərəkatı və bütün bu baxımlardan feodal təsisatının tənqidi” (Yaşar Qarayev. Əsərləri, 5 cilddə, III cild. Bakı, “Elm”, 2015, səh.93) XIX əsr Azərbaycan yazıçılarını ciddi surətdə maraqlandıran aktual məsələlərə çevrilmiş, bədii əsərlərdə müxtəlif yönlərdən işıqlandırılmışdır. Beləliklə, Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü yaranmışdır. Maarifçi realizm – Azərbaycan ədəbiyyatında realizm ədəbi cərəyanının ayrıca mərhələsi olub, XIX əsr ədəbiyyatının əsas aparıcı istiqamətini, ideya əsasını müəyyən edən bədii yaradıcılıq sistemidir. Maarifçi realizm erkən yeni dövr Azərbaycan ədəbiyyatı ilə tənqidi realizm dövrü arasında mühüm əlaqələndirici funksiyasını yerinə yetirmiş, ədəbiyyatda varisliyin, bütövlüyün, tamlığın təmin olunmasına xidmət etmişdir. Məhz XIX əsrdə maarifçilik ideyaları maarifçi-realist ədəbiyyatın inkişafının hərəkətverici quvvəsinə çevrilməklə Azərbaycan maarifçi realizmini yaratmışdır. Konkret tarixi şəraitdə oxşar, bənzər dünyagörüşün, bir-birinə yaxın olan yaradıcılıq ideallarının, fərdi üslubların mövcud olması ilə meydana çıxan, vahid mövqeyə, böyük maarifçi hədəflərə malik yazıçıları özündə cəmləşdirən maarifçi realizm Azərbaycanda XIX əsrdə ədəbi cərəyan səviyyəsinə yüksəlmişdir. Bu, Azərbaycan realizminin inkişafında xüsusi bir mərhələ olmaqla bərabər, həm də mükəmməl bir ədəbi cərəyandır. Realizmin bu mərhələsinin yaradıcısı olan Mirzə Fətəli Axundzadə ədəbi məktəbi ilə maarifçi realizm ədəbi cərəyanı arasında bərabərlik işarəsi qoymaq mümkündür.

Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında maarifçi realizmi ədəbi cərəyan səviyyəsində formalaşdırmış, bu ədəbi cərəyanı tənqidi realizmin hüdudlarına qədər inkişaf etdirmişdir. O, Azərbaycan ədəbiyyatının tarixinə dram ədəbi növünün, komediya janrının banisi kimi daxil olmuşdur. Mirzə Fətəli Axundzadənin 1850-1855-ci illərdə yazdığı məşhur komediyalar: “Hekayəti – Molla İbrahim Xəlil kimyagər”, “Sərgüzəşti-dərviş Məstəli şah cadükünü-məşhur və Müsyö Jordan həkimi-nəbatat”, “Hekayəti – mərdi-xəsis və ya Hacı Qara”, “Sərgüzəşti – vəziri-xani-Lənkəran”, “Hekayəti – Xırs Quldurbasan”, “Mürafiə vəkillərinin hekayəti” Azərbaycan ədəiyyatının janr sisteminin zənginləşməsində radikal addım idi. Böyük mütəfəkkir ədib aydın surətdə görürdü ki, cəmiyyətin yeniləşməsi və xalqı dünya ölkələri səviyyəsinə çıxmaq baxımından artıq qəzəl-qəsidə ədəbiyyatı ilə irəli getmək mümkün deyildir. O, qəti şəkildə inanır və cəmiyyətə çatdırmağı lazım bilirdi ki, yeni Zaman da cəmiyyətin inkişafının təmin edilməsi və böyük gələcəyin qurulması üçün ədəbiyyat ideya-məzmunca və janr baxımından yeniləşməlidir. Mirzə Fətəli Axundzadə görkəmli yazıçı və böyük mütəfəkkir kimi Azərbaycan ədəbiyyatında bu yeniləşmə hərəkatına başçılıq etmiş, tam yeni janrlarda mükəmməl bədii əsərlər yazmağın nümunəsini göstərmişdir. O, Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq dram epoxasını yaratmışdır. Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib” povesti ilə ədəbiyyatda realist nəsrin əsasını qoymuşdur. Böyük mütəfəkkir ədibin yaratdığı “Kəmalüddövlə məktublar”ı Azərbaycan ictimai fikrinin tarixində ilk fəlsəfi traktat kimi mühüm yer tutur. Mirzə Fətəli Axundzadənin “Puşkinin ölümünə Şərq poeması” da Azərbaycanda mənzum elegiya janrında yazılmış əhəmiyyətli poemadır. Ölkədə “xalqın tərəqqisi naminə” əlifba islahatlarının aparılması, “ölkənin əhalisinin qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olmasına” (Mirzə Fətəli Axundzadə. Əsərləri, 3 cilddə, II cild. Bakı, “Şərq-Qərb”, 2013, səh.21) xidmət edəcək ərəb əlifbasının islahatından latın əlifbasına keçidin təşəbbüskarı da Mirzə Fətəli Axundzadə idi. Professional Azərbaycan ədəbi tənqidi də Mirzə Fətəli Axundzadə tərəfindən yaradılmış və ədəbi fikrin inkişafına yol açmışdır. Beləliklə, XIX əsrdə Azərbaycan ədəbiyyatı və ictimai fikrinin Mirzə Fətəli Axundzadə epoxası yaranmışdır.  Mirzə Fətəli Axundzadə cəmiyyətin irəliyə doğru inkişafına buxov olmuş cəhalətə, geriliyə, ətalətə, despotizmə, mütləqiyyətə qarşı qətiyyətlə mübarizə aparmış, yeniləşməni, elmə və maarifə yiyələnməyi, xalqı ictimai-mədəni tərəqqiyə çatdırmağı, milli-mənəvi azadlığa nail olmağı ardıcıl olaraq təsvir və təbliğ etmişdir. Böyük ədib mənsub olduğu xalqın gözünü açmaq və onu arzu etdiyi böyük gələcəyə çatdırmaq üçün tənqid və maarifləndirmə yolunu tutmuş, bu yolda mümkün olan bütün imkanlardan yaradıcılıqla istifadə etmişdir. Beləliklə, “özünütənqidin xalq ədəbiyyatından başlayan ənənəvi yazılı ədəbiyyatda davamını və inkişafını ilk dəfə məhz Mirzə Fətəli Axundzadənin yaradıcılığında tapdı. Molla Nəsrəddin gülüşü – xalq gülüşü Mirzə Fətəli Axundzadənin gülüşünə çevrildi” (Arif Əmrahoğlu. Mirzə Fətəli Axundzadənin söz dünyası. Bakı, “Elm və təhsil”, 2013, səh.86).

Mirzə Fətəli Axundzadənin yaradıcılığı Azərbaycan cəmiyyətini dəyişdirməyə xidmət edən qiymətli ölməz bədii irsdir. Böyük ədibin təqdim etdiyi “nuxulular” aləmi artıq dəyişilməyə məhkum olan köhnə cəmiyyətin ümumiləşmiş obrazı idi. Böyük ədib “Hekayəti Müsyö Jordan həkimi-nəbatət və Dərviş Məstəli şah cadükuni-məşhur” komediyasında gənc Şahbaz bəyin simasında ölkənin yeni nəslinin maariflənməyə olan ciddi ehtiyacını qabarıq şəkildə nəzərə çarpdırmışdır. Əsərdəki Müsyo Jordan obrazı ilə yazıçı xalqa Qərb maarifçiliyi ideyalarını təşviq edir. O, “Mərdi-xəsis” – Hacı Qara obrazı vasitəsilə xəsisliyin doğurduğu ictimai bəlanın, ticarət burjuaziyasının ölkədə yaratdığı çətinliklərin aradan qaldırılması zərurətini bir daha əsaslandırır. Mirzə Fətəli Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında idarəetmə sistemində, “Mürafiə vəkillərinin hekayəti”ndə isə məhkəmə hakimiyyətində islahatların aparılması ideyasını əsas tələb kimi irəli sürmüşdür. “Aldanmış kəvakib” povestindəki hadisələrin təsviri göstərir ki, Mirzə Fətəli Axundzadə nəticə etibarilə xalq hakimiyyəti ideyasını müdafiə etmişdir. İslahatçılıq Mirzə Fətəli Axundzadənin maarifçilik baxışlarından, xalq hakimiyyəti ideyası isə demokratizmindən irəli gəlmişdir.

Azərbaycan maarifçi realizmi ədəbiyyatda və cəmiyyətdə satiranın ön mövqeyə çıxması ilə səciyyələnir. Məlum olduğu kimi, Azərbaycan klassik poeziyasında satirik məqamlar olsa da, satira romantik ədəbiyyatın tərkibində ünsür kimi olmaqdan irəli gedə bilməmişdir. Lakin XIX əsrdə maarifçiliyin meydana çıxması, köhnəliyə, cəhalətə, geriliyə qarşı tənqidi baxışların gündəmə gəlməsi ilə ədəbiyyatda satiranın mövqeyi genişlənmiş və möhkəmlənmişdir. Ona görə də satiranın ədəbiyyatın xüsusi bir istiqamətinə çevrilməsi XIX əsr Azərbaycan maarifçi realizminin xidmətidir. Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Baba bəy Şakir, Mirzə Baxış Nadim və başqalarının yaradıcılığı ilə Azərbaycanda realist-satirik ədəbiyyatın əsası qoyulmuş, ənənələri formalaşmışdır.

Əslində, XIX əsr Azərbaycan ədəbiyyatının tarixində maarifçi realizm dövrü olsa da, bu mərhələnin realist olmayan ədəbiyyatında da maarifçilik ideyaları öz əksini tapmışdır. Bu dövrdə hələ də müəyyən səviyyədə davam etməkdə olan romantik lirika klassik poeziyadan fərqli olaraq, XVII əsr Azərbaycan şeirində olduğu kimi didaktikaya, həyatiliyə meylli şəkildə inkişaf etmişdir. Eyni zamanda, XIX əsrin romantik-didaktik şairlərinin yaradıcılığında ictimai motivlər, zəmanədən şikayət, geriliyə tənqidi münasibət, zamanla ayaqlaşma motivləri də vardır. Mirzə İsmayıl Qasirin (1805-1900) qadın azadlığı ruhunda yazdığı şeirlərdə, Məhəmmədtağı Bayramzadənin kəndxudaların ədalətsizliyinin və mövhumatın tənqidinə həsr olunmuş mənzumələrində işi “zülm etmək olan” təbəqələrdən ciddi narazılıq ifadə olunmuşdur.

Bundan başqa, XIX əsrin bəzi romantik-didaktik şairləri, məsələn Xurşidbanu Natəvan (1832-1897) həm də xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur, yaşayış yerlərinə su çəkdirmək, məşğulluq sahələri yaratmaq, yerlərdə yaranmış ədəbi məclislərə və açılmış məktəblərə müəyyən dəstək vermək kimi maarifçilik anlayışına aid olan tədbirləri də həyata keçirirdilər.

XIX əsrin romantik-realist istiqamətdə yaranmış lirikasında: Mirzə Şəfi Vazehin, Bahar Şirvaninin, Natəvanın, Mir Möhsün Nəvvabın, Abdulla bəy Asinin, Fəqir Ordubadinin lirik şeirlərində maarifçi ədəbiyyatı düşündürən gerilik və tərəqqi məsələlərinə aydın münasibət ifadə olunmuş, müəyyən çağırışlar səsləndirilmişdir. Xüsusən, lirik-realist şeirin dilindəki və məzmunundakı sadəlik və xəlqiləşmə maarifçi ədəbiyyatın ümumi ruhu ilə səsləşirdi.

Maarifçilik  – Azərbaycan ədəbiyyatında yeni janrların meydana çıxmasını zəruri bir tələb kimi meydana çıxarmışdır. Yeni zaman həyatı, ictimai-mənəvi münasibətləri bütün dərinliyi ilə ifadə edən janrları tələb edirdi. Mirzə Fətəli Axundzadənin aşağıdakı fikirlərində ədəbiyyatda yeni janrlara keçidin nə qədər zəruri məsələ olduğu əsaslandırılır: “Gülüstan” və “Zinətül-məcalis” dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır” (Mirzə Fətəli Axunzadə. Əsərləri, 3 cilddə, II cild. Bakı, “Şərq-Qərb”, 2013, səh.134). Buna görə XIX əsrdə Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq zamanın tələbi ilə komediya, povest, roman, məktub, öyüdnamə və sair kimi bədii formalarda ideya-məzmun və janr baxımından yeni olan əsərlər meydana gəlmişdir. Mirzə Fətəli Axundzadənin komediyaları və “Aldanmış kəvakib” povesti, Seyid Əzim Şirvani və Məhəmməd Tağı Sidqinin öyüdnamələri, Mirzə Fətəlinin və Qasım bəy Zakirin mənzum məktubları dövrün maarifçi ədəbiyyatının janr baxımından yeniliyini və zənginliyini nümayiş etdirir. Ədəbiyyatın gündəliyində möhkəm yer tutmuş bu janrlar xalqa daha yaxın olan dil və üslubda ölkənin reallıqlarından və vəzifələrindən açıq və aydın şəkildə söz açmağa imkan yaratmışdır.

XIX əsrdə ilk dəfə olaraq faciə janrında əsərlərin meydana çıxması və hətta tamaşaya qoyulması Azərbaycan ədəbiyyatı tarixində tam yeni hadisə olmaqla bərabər, həm də maarifçi realist ədəbiyyatın mühüm addımı idi. Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” (1896), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (1899) faciələrinin mahiyyətində dayanan əsas problem dövrün bütün yazıçılarını dərindən məşğul edən ictimai-mədəni gerilik, cəhalət və  maarifsizlik məsələləri idi. Bu mənada Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Səadət xanımın dili ilə Fəxrəddinin öldürülməsi zamanı deyilmiş aşağıdakı sözlər maarifçi ədəbiyyatın gəlib çatdığı yekun qənaətlər kimi səslənir: “Fəxrəddin, necə gözəl arzularımız qaldı! Bu dünya necə puç imiş… Bu pis, murdar ömrü müsəlman qardaş dəxi bədtər eyləyib. Bu müsibət məgər nadanlıqdan, elmsizlikdən deyil?!” (Nəcəf bəy Vəzirov. Əsərləri, 2 cilddə, I cild. Bakı, “Azərnəşr”, 1953, səh.180-181) Nəriman Nərimanovun (1870-1925) “Nadanlıq” pyesinin qəhrəmanı da maarifdən uzaq düşməyi nəinki ictimai-mədəni geriliyin əsas təzahürlərindən, hətta insanı fəlakətə aparan mühüm bəlalardan biri hesab edir: “Məni nadanlıq, avamlıq, bimərifətlik güllələdi. Bunlar hamısı adamı heyvan edərmiş.  Ah, nadanlıq, nadanlıq, Məni nadanlıq öldürdü” (Nəriman Nərimanov. Əsərləri. Bakı, “Azərnəşr”, 1956, səh.57).

Nəriman Nərimanovun “Bahadır və Sona” romanı Azərbaycan ədəbiyyatında roman janrında ilk əsərlərdən olması ilə birlikdə, həm də ədəbiyyatda millətlərarası münasibətlərlə əlaqədar ictimai ideyaları canlandıran ədəbi örnək kimi də yeni idi. Bunun ardınca Mirzə Əbdürrəhim Talıbovun (1834-1911) “Kitab yüklü eşşək” romanının meydana çıxması Azərbaycan bədii fikrində nəsrin mövqeyini və roman təfəkkürünü daha da möhkəmləndirmişdir.

XIX əsrin maarifçi ədəbiyyatı özünün yeni tipli obrazlarını doğurmuşdur. Mirzə Fətəli Axundzadənin Hacı Nurusu, Müsyö Jordanı və Şahbaz bəyi, Yusif Sərracı, Nəcəf bəy Vəzirovun Fəxrəddini, Əbdürrəhim bəy Haqverdiyevin Fərhadı əsrin sözünü deyən, əsas ictimai-mənəvi yükünü çəkən, dövrün çətinliklərini yaşayan və hədəflərini müəyyən edən surətlərdir. XIX əsr Azərbaycan ədəbiyyatında  milli məişətdən alınmış koloritli qadın surətlərinin  yaradılması bu dövr ədəbiyyatının nailiyyətlərindən biri idi. Çünki Azərbaycan klassik ədəbiyyatındakı qadın obrazları (Şirin, Leyli, Nüşabə və b.) əsasən  romantik bədii vasitələrlə canlandırıldığı üçün ümumi keyfiyyətləri ilə səciyyələndirilmişdir. XIX əsr Azərbaycan ədəbiyyatında, xüsusən Mirzə Fətəli Axundzadənin yaradıcılığında meydana çıxan qadın obrazları isə realist xüsusiyyətləri ilə Azərbaycan qadınlığını təmsil edən surətlər kimi fərqlənirlər. Cəlil Məmmədquluzadənin aşağıdakı sözləri Azərbaycan maarifçi ədəbiyyatının qadın qəhrəmanının özünəməxsusluqlarını və Mirzə Fətəli Axundzadənin qadına münasibətini çox dolğun şəkildə ifadə edir: “Mirzə Fətəlinin komediyalarının qadın tipləri – əsrin məişətindən götürülmüş bir fotoqraf şəkilləri kimidir. Əsərlərdə təsvir olunan qadınların övza və ətvarı (vəziyyətləri və tövrləri – İ.H.) o məişətin qadın sifətlərinin bir canlı nümunəsidir. Orada qadınlar bir duru aynada görsənən kimi görsənirlər. Onun üçün orada biz müxtəlif tiplərə, müxtəlif sifətlərə rast gəlirik. Bir surətdə ki, bu əsərlər məişətin aynasıdır, təbiidir ki, burada biz qadınların yaxşı sifətləri ilə pisini də, müsbət sifətləri ilə mənfisini də görə biləcəyik…

Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin qadınlarını hər bir eyb və nöqsandan ari qələmə versin və onların eyblərini gizlətsin. Əgər bir para xam yazıçılar kimi belə eləmiş olsaydı, o daha Mirzə Fətəli olmazdı…

Budur Mirzə Fətəlinin əsərlərində qadın tipləri. Burada biz görürük ki, bu qadınların cümləsi fitri qabiliyyət və gözəlliklərin heç birindən məhrum deyillər: səlamət, cürət, dilavərlik, səbat – cümləsi bunlarda mövcuddur. Ancaq tək bircə düşmənləri var: o da elmsizlik…” (Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, IV cild (tərtib edəni və izahların müəllifi İ.Həbibbəyli). Bakı, “Öndər”, 2004, səh.272-273).

Cənubi Azərbaycan ədəbiyyatı anlayışı da XIX əsrdə formalaşmışdır. Çar Rusiyası tərəfindən işğal edildikdən sonra 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın imperiyanın tərkibinə daxil olması Cənub anlayışını yaratmışdır. Bu məntiqlə tədricən formalaşmağa başlayan Cənubi Azərbaycan ədəbiyyatında Şimalda olduğu kimi maarifçi-realist ədəbiyyata meyl qüvvətlənmişdir. Cənubda yaranan ədəbiyyatda maarifçi-didaktik istiqamət daha qabarıq olmuşdur. Seyid Əbülqasım Nəbati (1812-1873), Əndəlib Qaracadaği, Mir Mehdi Şükuhi (1829-1896) və başqalarının əsərlərində maarifçi ideyalar, mənəvi-əxlaqi motivlər əsas yer tutur. Bununla belə, qeyd etmək lazımdır ki, XIX əsrdə Şimali və Cənubi Azərbaycan arasında sərhədlər şərti xarakter daşıdığı, qarşılıqlı gediş-gəlişlərin hələ davam etdiyi üçün yaradıcı qüvvələr arasında da əlaqələr az fərqlə mövcud olmuşdur. Ona görə də ədəbiyyatın xarakterində də ciddi bir dəyişiklik baş verməmişdir. Bu səbəbdən XIX əsr üçün Cənubi Azərbaycan ədəbiyyatı anlayışı da müəyyən mənada şərti xarakter daşıyır.

Maarifçilik təkcə elm və təhsilin deyil, həm də ədəbiyyatın təbliği və təşviqinə meydan açmışdır. XIX əsrdə klassik və müasir ədəbi ənənələrin, ayrı-ayrı sənətkarların təbliğinə imkan yaradan ədəbi məclislər eyni zamanda, gənc qələm sahiblərini yetişdirib formalaşdırmış, onları ədəbi mühitə və cəmiyyətə təqdim etmişdir. Bütün Azərbaycanı əhatə edən ədəbi məclislər regionların ədəbi-mədəni mərkəzi funksiyasını yerinə yetirmişdir. Burada ədəbi əsərlər oxunub müzakirə olunmuş, dövri mətbuat nüsxələri əldə edilib mütaliə edilmişdir. Bakıda “Məcməüş-şüəra”, Naxçıvanda – Ordubadda “Əncüməni-şüəra”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan”, Şamaxıda “Beytüs-səfa”, Lənkəranda “Fövcül-füsəha” ədəbi məclislərində ədəbiyyat məsələləri ilə bərabər, dünya hadisələri haqqında və mədəniyyət, mətbuata dair də söz açılmış, müzakirələr aparılmışdır. Ədəbi məclislər regionlarda maarifçi ideyaları təbliğ edən əsas mərkəzlər olmuşdur. Ədəbi məclislərin bir-biri ilə yaradıcılıq əlaqələrinin olması ölkədə vahid ədəbiyyat siyasətinin formalaşmasına müsbət təsir göstərmişdir. Azərbaycan ədəbiyyatının bütöv bir nəsli ədəbi məclislərdə yetişib formalaşmışdır.

Qeyd olunanları  nəzərə almaqla XIX əsr Azərbaycan ədəbiyyatını çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində maarifçilik dövrü kimi xarakterizə etmək lazım gəlir. Maarifçilik anlayışı XIX əsrdə Azərbaycanda bütün istiqamətlər üzrə yazıb-yaratmış yazıçı və şairlərin demək olar ki, mütləq əksəriyyətinin yaradıcılığında özünü göstərir. Bununla belə, yazıçı və şairlərin maarifçilik hərəkatının ön cəbhəsində getdiklərinə və böyük çoxluq etibarilə realizm cəbhəsini təmsil etdiklərinə əsaslanaraq, XIX əsr Azərbaycan ədəbiyyatını maarifçi realizm dövrü  adlandırmaq lazımdır. Çünki maarifçi realizm – dövrün ədəbiyyatının və ictimai fikrinin aparıcı istiqamətini, ağır tərəfini əks etdirir. Maarifçi realizm – XIX əsr Azərbaycan ədəbiyyatını XX əsrə daşıyan, estafeti yeni tarixi epoxaya çatdıran ədəbiyyatın əsas mahiyyətini dolğun şəkildə ifadə edir. Maarifçi realizm “baneyi-karı” Mirzə Fətəli Axundzadənin milli ideyaları və onun müasirləri Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1794-1857), Qasım bəy Zakir (1784-1857), Seyid Əzim Şirvani (1835-1888), Həsən bəy Zərdabi (1837-1907), Nəcəf bəy Vəzirov (1854-1926) və başqalarının ictimai-mədəni tərəqqidə və ədəbiyyatın inkişafında vahid cəbhədən çıxış etmələri əsasında formalaşan ədəbi cərəyandır. Konkret tarixi şəraitdə Azərbaycan maarifçi realizminin tam təşəkkül tapdığını ifadə edən, bu ədəbiyyatın mahiyyətini, hədəflərini müəyyənləşdirən və istiqamətləndirən maarifçilik – ədəbi fikrin XIX əsr mərhələsinin ən aparıcı və qüvvətli hərəkatı idi. Maarifçi realizm – XIX əsr Azərbaycan ədəbiyyatı qatarının lokomotividir. Dövrün digər meylləri maarifçi realizmin əhatəsində və cazibəsində fəaliyyət göstərmişlər.

Bütün bunlara görə geniş mənada XIX əsr mərhələsi Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrüdür. Maarifçilik geniş anlayış olub, ədəbiyyatla yanaşı, ictimai fikrin və cəmiyyət həyatının digər sahələrini də əhatə etmişdir. Lakin Azərbaycan ədəbiyyatının inkişafının konkret tarixi mərhələdəki xarakterini bildirən baxış kimi maarifçi realizm anlayışı XIX əsr ədəbi fikrinin aparıcı istiqamətini müəyyən edir.

Janrın yeniləşməsi baxımından isə XIX əsr Azərbaycan ədəbiyyatının dram və nəsr mərhələsidir. İlk dəfə yaranan dram ədəbi növünün komediya və faciə janrlarının bu dövrdə meydana çıxması, realist-satirik ədəbiyyatın yaranması və inkişafı, dram əsərlərinin tamaşaya qoyulması dövrün ədəbi mənzərəsində bu janrların aparıcı yer tutduğunu göstərir. Bədii nəsrin povest və roman janrları Azərbaycan ədəbiyyatında XIX əsrdə yaradılmış və özünə mövqe qazanmışdır. Dilçilik ədəbiyyatında da XIX əsr “satira, mənzum hekayə, dram, realist hekayə dilinin meydana çıxması, publisist üslubun yaranması” mərhələsi kimi fərqləndirilmişdir (Tofiq Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, “Elm”, 2012, səh.104). Bütün bunları nəzərə almaqla xarakter etibarilə XIX əsr Azərbaycan ədəbiyyatını satira, dram və nəsr mərhələsi kimi də səciyyələndirmək olar. Geniş mənada maarifçi realizm bu müxtəlifliklərin hamısını özündə cəmləşdirir.

Maarifçi realizm ədəbiyyatı çoxəsrlik Azərbaycan ədəbi fikrinin xüsusi bir mərhələsidir.