Macarları müsəlmanlaşdırmalımı, yoxsa…?! – Şəmil Sadiq

21 Baxış

83532_aekbspi3li

Bugünlərdə Qaqauzlarla bağlı bir tədbirə getmişdik. Dostlardan biri çıxışında bir hadisəni xatırlatdı. Mən də düşündüm ki, bu hadisəni düşüncələrimlə birgə sizin üçün nəql edim.

Deməli, iki ildir ki, Macarıstanda keçirilən “Macar-Turan Qurultayı”na qatılırıq. Hər dəfəsində də macarlara olan heyranlığımız artır. Ölkəmizə xoş duyğularla dönür və bunun təsiri ilə az qala qılınc götürüb Avropanı fəth etmək keçir könlümüzdən. Nəsə, bu cür pafoslu sözlərlə yormayım sizi.

Buqacda (Macarıstanda bir bölgə adı) keçirilən tədbir zamanı günəşdən qorunmaq üçün bir kənara çəkilib özümüz özümüzlə dərdləşirdik. Tədbirin təşkilatçılığından, türk xalqlarının birliyinin labüdlüyündən ağız dolusu danışırdıq. Xoşbəxtlikdən yanımızda olanlardan  biri də elə macar qardaş idi. Biz onları tərifləyir, ala-yarımçıq ingiliscə ilə aramızdakılardan biri də çevirirdi. Bu zaman bizimkilərdən biri dedi ki, burda hər şey yaxşıdır. Hətta bunların özlərini türk oğlu adlandırmaları lap ürəyimcədir. Kişilər Avropanın göbəyində “biz Atillanın torunlarıyıq” – deyib fəryad edirlər. Amma… Dostumuzun bu “amma”sı, elə mahircə deyildi ki, diqqəti başqa yerdə olanların hamısı susdu və “amma”nın nə olduğunu anlamaq üçün diqqət kəsildi. Hə, onu da deyim ki, bu dostumuz bizdən fərqli olaraq, Macarıstana birinci dəfə idi gəlirdi. Dini tərəfi bir az ağır basdığından arada bir onunla zarafat da edirdik. Hətta bizim səfərimiz orucluğa düşdüyündən xristian macarların bizə sunduğu axşam yeməyi zamanı kiçik bir mübahisə də etmişdi Türkiyədən gələn qardaşlarla. Belə ki, Türkiyədən gələn qonaqlardan biri təşkilatçıya bildirmişdi ki, biz müsəlmanıq, axşam yeməyini elə salın ki, iftara düşsün. Yazıq xristian türklər də müsəlman türk qardaşlarını məmnun etmək üçün yeməyi bir az yubadaraq iftara salmışdılar. Yemək zalına təzəcə keçmişdik ki, Türkiyədən gələn biri ucadan “Allahu əkbər” deyib namaz qılmağa başladı. Nə etmək olar, ta Koreyadan, Tuvadan, Moldovadan tutmuş Əfqanıstana qədər ərazilərdən gələn hər kəs ya onlara qoşulmuşdu, ya da kənarda durub xristianlar kimi bunların namazının bitməsini gözləmişdi. O zaman da məhz bu “amma” deyən dostumuz etirazını bildirmiş, iftarın vaxtı olmadığını demişdi. Biz də zarafatca dedik ki, bu macarlar sünni xristianlardır, fikir vermə. Çünki dostumuz şiə idi və sünnilərin oruc vaxtı ilə şiələrinki üst-üstə düşmürdü.

Ağsaqqallardan biri – oğul, o “amma” nədir elə, – deyə müraciət edərək, dostumuzu fikrini cəsarətli şəkildə deməsinə kömək etdi sanki.

- Bilirsiz, bəli, bunlar bizim qardaşlardır, türklərdir, amması odur ki, məncə, bunları müsəlman etməyin vaxtıdır. Adamları göz görə-görə cəhənnəmə yola sala bilmərik. Haqq dinini onlara təbliğ etməli, İslamın gözəllikləri ilə tanış etməliyik. Axı biz qardaşıq bunlarla, qanları qanımızdan, canları canımızdandır, – deyərək bir “ah” da çəkdi.

Hə, bəlkə də siz bu dəqiqə oxuyanda bu cümlələri özümdən quraşdırdığımı düşünəcəksiniz. Əlbəttə ki, düşüncəmiz yaxındırsa, yox, əgər onunla eyni düşüncədəsinizsə, burda nə var ki, deyib, mənə ironiya ilə güləcəksiniz. Bəlkə də uzun zaman olduğu üçün mən onun dediklərini tam ifadə edə bilmədim, amma bundan da kəsərli söyləmişdi qardaşımız o vaxt.

Aramızdakı Qaraçöplü qardaşın şirin atmacalarından səfər boyu feyz almışdıq o zaman. Elə bu məqamda da dinc qalmadı: “Deyirsən, bu macarları da müsəlman edək?”

Adını demək istəmədiyim “amma”lı dostumuz məsələni elə ciddi qoymuşdu ki, bundan artıq zarafat etmək etik olmazdı. Kiçik bir sükutdan sonra orta yaşlılarımızdan biri dedi ki, bunlar Osmanlı zamanında dinlə tanış olublar. Hətta burda türbə-filan da var. Türkiyədən gələn missionerlərin əli ilə bu işi görmək olar. Onsuz da bunlardan xristian olmaz. Fikir vermisinizmi, bunlardakı xristianlıq digər avropalılardakı kimi deyil. Heç düz əməlli kilsələri də yoxdur. Məsələn, təkcə Gürcüstanda addımbaşı kilsə var və ora gələn hər qonağı ilk olaraq kilsəyə aparırlar. Amma bunların heç yadına düşmür ki, xristiandırlar. Çox asanca təbliğ etmək olar və tez bir zamanda da İslam burda yayılar.

Bunu deyərək, bələdçi macarların xristianlıqla tanış olduğu zamanda baş vermiş bir əhvalatı xatırlatdı bizə. Siz mövzuya əcəm qaldığınız üçün sizə də mən danışım yenə. Deməli, macarlar Budapeştin ən hündür təpələrindən birində, üzü asta-asta axan Dunay çayına sarı, şaman məclisi keçirirlərmiş. Bir xristian missioneri də bu törəndə imiş. Törən bitəndə başlayıb bunları xristianlığa dəvət etməyə və deyib: “Siz yanlış yoldasınız. Əsl din, tək Allahın dini olan İsanın dinidir ki, Allahın ona göndərdiyi bu İncillə hamımız qurtulacağıq. Xilasımız sadəcə bu kitaba inanmaqla olacaqdır. Bizi qurtarsa, qurtarsa bu kitab qurtarar”. Bir çılğın macar bu məqamda ayağa qalxıb və missoneri uçurumun yanına gətirərək – “deyirsən ki, bu kitab hamımızı qoruyar və xilas edər?” -Bəli, deyib missioner. O zaman səni bu uçurumdan atıram, kitabı da əlində saxla, əgər səni qurtarsa, biz də tapınarıq bu kitaba, – deyib və missioneri uçurumdan aşağı atıb. Sonralar isə zəifləyən macar ordusunun sərkərdəsi Arpad məcburi olaraq siyasi evlilik edib papa ilə. Beləcə macarlar xristian olublar”.

Artıq ala-yarımçıq tərcümə işə yaramırdı. Bir də necə başa salardıq ki, ay macar qardaş, səni dinimizə dəvət edirik. Belə birbaşa olmazdı axı. Gərək üsulunca, “fetoçular kimi” asta-asta edərdik bunu, qızılgüldən, lalədən başlayaraq. Tərcümə qırıldığı üçün macar qardaşımız da gözlərin döyüb bizim mübahisəmizi, sadəcə, mimikalardan anlamağa çalışırdı.

Uzun sözün qısası, “amma”lı dostumuz buna etiraz etdi. Türklərin əli ilə olmaz, çünki orda sünnilər artıq camaatlara bölünüb, din hədəqəsindən çıxıb, ən yaxşı halda bunlara bizim Azərbaycandakı kimi təmiz İslamı-şiəliyi təbliğ etməliyik. Hətta Şah Xətayi qızılbaşlığı ilə təbliğata başlasaq, daha tez effekt verər. Bir də onu qeyd etdi ki, İran da kitabla-filan ciddi dəstək verər bu işdə.

Elə bunu demişdi ki, digər bir həmyerlimiz onun sözünü ağzında kəsib dedi: “Xahiş edirəm, İran şiəliyi ilə Şah İsmayıl qızılbaşlığını qarışdırma. Ayrı-ayrı şeylərdir bunlar”.

Nəsə, bizim söhbət yarızarafat, yarıciddi əməlli-başlı müzakirəyə, mübahisəyə döndü. Bu macarları müsəlman etməyin yolların arayaraq ortaq məxrəcə gələ bilmədik ki, bilmədik. Söhbətimizə Türkiyədən gələn qardaşlardan da qoşulan oldu və həmin adam o tərəf, bu tərəfə baxıb, “Türkiyənin dərin dövlətinin bununla bağlı bir proje hazırladığını” da dedi.

Söhbətin elə bir nəticəsi olmadığı üçün mən də burda dayandırıram, çünki macarları sünnimi, şiəmi etməyin qərarına gələ bilmədik.

Yenə axşam yeməyindən sonra adətimizlə şəhərə gəzməyə getdik. Gecə saatları idi. Budapeştin şən küçələrində gənclərin bir-biri ilə sərbəst gəzişməsini, əylənməsini görür, keflərinin saz olduğunun şahidi olurduq. Və ordaca belə qərara gəldik ki, yox, qardaş, gəlin bunlara dəyməyək, qoy elə yalançı xristian kimi yaşayıb getsinlər, birdən bunlar da dönüb olar müsəlman və birdən də bizdən əməlisaleh olarlar, bəs onda biz o dünyada cənnətdə yer tapa bilməsək, nə olacaq. Yaxşısı budur, qoy elə onlar kafir olaraq qalsınlar.

P.S. Hərdən yadıma düşəndə bu hadisə vicdan əzabından yerimin içində dik atılır, Allahımıza etdiyimiz bu əməlimizə görə yalvarıram ki, bizi bağışlasın: onlara haqq yolu göstərmədiyimiz üçün bizi, onlar da haqq yola gəlmədikləri üçün onları.

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10