Maestro Bülbülün 119 illiyi qeyd edildi

4 Baxış

İyunun 22-də Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı Bülbülün Memorial Muzeyində tədbir keçirildi.

Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova dahi Bülbülün Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd etdi. Muzeyin direktoru dahi Bülbülün xatirəsinin əbədiləşdirilməsində, muzeyin yaradılmasında onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı, uzun illər muzeyə rəhbərlik etmiş Adelaida Məmmədovanın fədakar xidmətlərindən bəhs etdi.

Tədbirdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimova, M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva, “Aytam” Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış etdilər.

Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Asəf Zeynallının “Ölkəm” romansını, Fikrət Əmirovun “Muğam poeması”nı, Şaroyev adına 35 № li musiqi məktəbinin şagirdi Ü.Hacıbəyovun “Sevgili canan” romansını ifa etdilər.

Tədbirin sonunda muzeyin arxivində saxlanılan materiallar əsasında hazırlanmış görkəmli mədəniyyət və incəsənət xadimlərinin Bülbül haqqında bölüşdüyü xatirələrdən ibarət video rolik nümayiş olundu.