Magik realizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində: ilkin mənbələr, köklər – Elnarə Qaragözova

77 Baxış

127264_x38bj21kre

Magik realizm (bəzən “cəlbedici realizm”, “mistik realizm” də adlandırılır) cərəyanı ədəbiyyatda müxtəlif sehrli, əfsanəvi varlıqların, magik əşyaların, yazıçının mənsub olduğu xalqın, inandığı dinin mistik əhvalatlarının, obrazlarının əksi, əsərdə zamanın mücərrəd bir məfhuma çevrilməsi və s. kimi məqamları özündə ehtiva edir. Sehrbazlıq, magiya, tilsim, ovsun bəşər tarixinin ən qədim dövrlərində meydana gəlib. Buna səbəb kimi çox zaman insanların təbiət hadisələrini başa düşməyərək fövqəltəbii qüvvələrlə əlaqələndirməsini göstərirlər. İnsan bu qüvvələrə təsir göstərmək, onlardan qorunmaq və ya onların köməyindən istifadə etmək məqsədi ilə müxtəlif ayinlər icra etmiş, mərasimlər keçirmişdir. Bunun nəticəsində isə ibtidai ovsunlar, tilsimlər, xüsusi gücə malik sehrli əşyalar, mistik hekayətlər, arxetipik obrazlar meydana çıxmışdır. Qeyd etmək lazımdır, magik realizm cərəyanı hər bir xalqın ədəbiyyatında fərqli, özünəməxsus, həmin xalqın etno-psixoloji yaddaşına uyğun, arxetipik modifikasiyalarla əks olunur. Bu baxımdan ədəbi cərəyanlar içində magik realizmin milli ədəbiyyatlarda daha çox “əriyən”, fərqli istiqamətlər və variantlar sərgiləyə bilən cərəyan olduğunu cəsarətlə deyə bilərik. Q.Q.Markes, A.Karpentiyer, X.Kortasar, M.Bulqakov kimi dünyaca məşhur yazıçıların əsərləri magik realizm cərəyanına dünya ədəbiyyatında özünəməxsus yer qazandırmışdır. Azərbaycan ədəbiyyatında bu cərəyanın təsiri Y.Səmədoğlunun, M.Süleymanlının, Elçinin, Anarın, İ.Hüseynovun (Muğannanın), K.Abdullanın, İ.Fəhminin, M.Cəfərlinin və b. yaradıcılığında izlənilir.

Bir qədər əvvəl magik realizm cərəyanının fərqli milli variasiyaları, hər ədəbiyyata məxsus spesifik xüsusiyyətlərə malik şaxələrinin qabarıqlığı ilə digər cərəyanlardan seçildiyini iddia etdik. Bəs Azərbaycan ədəbiyyatında magik realizmin əsasını nə təşkil edir, ədəbiyyatımızda bu cərəyanın hansı spesifik cəhəti izlənilir? Apardığımız araşdırmalar əsasında məlum olur ki, Azərbaycan ədəbiyyatında magik realizm cərəyanın təzahürləri mənşə etibarilə qədim miflər, şamanlıq və atəşpərəstliklə bağlıdır.

 

Miflərdən qaynaqlanan məqamlar

 

Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” əsəri magik realizmin gözəl nümunələrindən biri kimi diqqəti cəlb edir. Əsərdə lal-kar Səməndərin mistik bir dünya ilə əlaqədar olması, qırx şəhidlə bağlı əfsanənin xatırlanması, Səməndərin yaşının bilinməməsi kimi elementlərlə yanaşı, yazıçı əsərə folklorumuzdan gələn magik bir obrazı – Hal anasını da daxil etmişdir. Xalq inanclarına görə, Hal anası hamilə qadınların ciyərini çıxarıb çaya aparır, orda yuyub balaları ilə yeyir. “Əsatirlər, əfsanələr və rəvayətlər” kitabında hal haqqında aşağıdakı məlumat verilmişdir: “Hal nənəsi su dibində, şır dibində olur. O, arvaddan əmələ gəlib. Əvvəl öz uşağını yeyib. Sonra yeddi gün yeddi uşaq yeyib. Sonra da düşüb zahıların üstünə. Gündüz arvad olur, gecə hal nənəsi… Zahı tək qalmamalıdır. Onun yanına şiş, qayçı, bıçaq qoyurlar ki, hal anası onu aparmasın. Zahı yatan otağın divarlarına cızıq çəkirlər. Hal anası başını bacadan uzadıb deyər ki, ay arvad, ver uşağını əmizdirim. Əgər zahı uşağını əmizdirməyə versə, uşaq halın südündən əmsə, o saat öləcək, ya da dəli – cinli olacaq. Zahı uşağı verməyəndə hal anası onun ciyərini çıxarıb aparır, çayda suya çəkir, zahı ölür. Onda deyirlər ki, zahını hal apardı. Bu vaxt gərək tez gedib suyu qılınclayalar, göyə güllə atalar, evdəki suları boşaldalar ki, zahının ciyərini hal suya çəkə bilməsin. Belə eləsələr, zahı ayılar.”

18804718._UY630_SR1200,630_

Qeyd edək ki, Hal anası magik personaj kimi Mövlud Süleymanlının “Köç” əsərində də işlənilmişdir. Əsərdə Bəkil anasını hal aparmaması üçün çayın suyunu qılınclayır, hətta hal kişidən, kişi səsindən qorxduğu üçün oğlan olduğunu düşmənlərdən gizlətsələr də, Bikə adı altında qız övlad kimi yaşamağa məhkum olan bu gənc anasını qurtarmaq üçün çarəsiz qalıb qışqırır.

“– Bikə, tez ol, bıçaqla suyu doğra, ananı hal aparır.

Bikə qurşağa qədər suya girdi, suyu eninə-uzununa doğramağa başladı…

– Qışqır, suyu doğraya-doğraya bağır, kişi səsi lazımdır.”

Əsərdə Hal anasının zühuru ilə ətraf aləm də qəribə şəkildə dəyişməyə başlayır. O, səsi ilə, nəfəsi ilə yalançı bahar, yalançı dirilik gətirir və təbiətin də nizamı pozulur.

“– Dünya, qurdun ulasın sənin! – Hal anasıydı, belə dedi, səsinin, nəfəsinin dibiylə güldü, hava açıldı. Əslində, bu Hal anasının səsinə görə idi, hər şey aldanıb dingildəməyə başlamışdı. Çiçəklər az qalırdı kökündən çıxsın, ona görə də vaxtsız böyüdü hamısı, qoxuları dörd yana ah kimi yayıldı, qoz ağacının çevizləri qaqqıldaşa-qaqqıldaşa yetişdi, almalar vaxtından-vədəsindən əvvəl yetişdi…”

Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” əsərində hal arvadının bütün spesifik keyfiyyətləri qabarıq verilmiş, hətta onun insanları idarə etdiyi, haqq divanına çəkdiyi göstərilmişdir.

Mövlud Süleymanlının yaratdığı Hal anası obrazı inanc və rəvayətlərdən tanıdığımız mifik obrazdır, belə demək mümkünsə “klassik hal anası”dır. Lakin Yusif Səmədoğlunun yaratdığı Hal anası artıq modifikasiyaya uğramış bir obrazdır. Bu əsərdə Hal anası hamilə qadınların qorxduğu bəsit mifik bir canlıdan bütün canlıları haqq divanına çəkən bir ilaha çevrilir.

 

Atəşpərəstliklə bağlı məqamlar

 

Xalqımızın qədim inanclarından biri olan atəşpərəstliyin tarixi çox qədimdir. Nağıllarımızda, əfsanələrimizdə və digər folklor nümunələrində atəşpərəstliyin izlərinə təsadüf olunur. Ümumiyyətlə, nağıllarımızdakı Simurq, Zümrüd, pərilər, divlər, əjdahalar atəşpərəstlikdən gələn obrazlardır. Çox zaman sehrkar, mənfi səciyyəli cadugərləri məğlub etmək üçün qəhrəmanlar falçı abidlərin köməyindən istifadə edirlər. Fikrimizcə, bu abidlər də atəşpərəstlik dininin kahinləridir. Çünki onlar qəhrəmana kömək etmək üçün kitabla fala baxırlar, bu zaman onların yanında manqalda od və ya köz olduğu xüsusi vurğulanır. Deməli, burada falçılığın növü kimi bibliomantiya (kitabla fala baxma) ilə yanaşı, piromantiya (odla fala baxma) da var. Əfsanələrimizdə təsadüf olunan Aldədə, Dədə Günəş obrazları da atəşpərəstliklə bağlıdır. Aldədə və Dədə Günəş yanan təndirdən sağ-salamat çıxır, alovun içində kitab oxuyur, odun, günəşin oğlu olduqlarını bildirirlər.

15009629852630414913_1200x630

Anarın “Gözmuncuğu” povestində də atəşpərəstliyin elementlərinə rast gəlinir. Əsərin qəhrəmanı, el arasında “bəd nəzər” adlanan qüdrətə sahib olan Əhliman bu sayədə əfsanəvi Diri baba ilə görüşə nail olaraq ondan Hörmüzd olduğunu və öz daxilindəki Əhrimənlə daim mübarizə aparmalı olduğunu öyrənir. Süjet irəlilədikcə yazıçı əsərə bəd nəzərdən əlavə, digər magik elementlər də daxil edir: göz muncuğu və qədim, dünyanın sonu haqqında məlumatın yazıldığı xalça. Anarın bir insanın cismində birləşən Xeyir və Şərin təcəssümü olan qəhrəmanı öldükdən sonra yenidən dirilir. Qeyd edək ki, bu, sadəcə bir ölünün xortlaması deyil, reinkarnasiyadır. Buddistlərin təliminə görə, insan öldükdən sonra onun ruhu yenidən dünyaya gələrkən dəyişilib tam fərqli bir həyat yaşayır. Dirilənin Xeyir, yoxsa Şər, Əhrimən, yoxsa Hörmüzd olduğunu müəyyənləşdirməyi oxucuya həvalə edən yazıçı əsər boyu təhkiyə vasitəsilə bu iki zidd qüvvəni fərqləndirir. Əsərdə Xeyir I şəxsdə, Şər III şəxsdə təsvir olunur. Anar bununla Şəri də Xeyirin vasitəsilə müşahidə edərək insanın əsas qayəsinin, mayasının Xeyir olduğunu vurğulayır. Qəbirdə dirilən Əhlimanın monoloqu da maraqlıdır. Bu monoloq həm I, həm də III şəxsdə qələmə alınıb. Demək, dünyaya həm xeyir, həm də şər birgə qayıdır. Bunlardan hansının üstünlük əldə edəcəyi isə sirdir.

 

Şamanizmdən gələn elementlər

 

Azərbaycan ədəbiyyatında magik realizm cərəyanında yazılmış əsərlərdə ruhlarla, reinkarnasiya ilə əlaqədar məqamlar üstünlük təşkil edir. Yusif Səmədoğlunun “Qətl günü” əsərində ruhlar o biri dünyaya gələnləri qurumuş çay vadisində qarşılayırlar:

“Zülfüqar kişi soruşdu:

– Ayə, bu Kürün suyu hanı?

Sarıca oğlu Məhəmməd güldü:

– Nə su, evin yıxılmasın, sumu qalar indiyə? Tez ol, yubanma, mənzilimiz uzaqdır…

Qan çanağında beşatılanı Sarıca oğlu Məhəmmədin qarnına boşaltmışdı: indi həmin yerdə dəyirmi deşik vardı və bu deşiyin içi torpaqla dolu idi. Zülfüqar kişi köksünü ötürüb yazıq-yazıq soruşdu:

– Ağrıdırmı?

– Ayə, indiyə ağrımı qalar?”

Ədəbiyyatımızda özünəməxsus yazı manerası, bədii-fəlsəfi baxışları ilə seçilən İsa Hüseynovun – Muğannanın bədii-mistik-fəlsəfi konsepsiyası olan SafAğ təlimində də ruh və reinkarnasiya məsələsi aparıcı mövqedə dayanır:

“Bu vaxt heç kəs görmürdü ki, qəbiristanın səmasında Səmi ilə, Midi ilə birgə bir dəstə “ruh” hamısı – ƏrAğ yavaş-yavaş buludların arasına doğru uzaqlaşdı. Və əlbəttə, onların – “ruh”ların hamısı bir neçə saatdan sonra yenidən yaranıb yeni, doğma planetdə, doğma insanlar arasında sevincdən hönkürə-hönkürə qucaqlaşacaqlarını da hələ heç kəs bilmirdi”.

qebiristan

Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərində dərvişlər sehrbazlıq və nekromantiya – ruh çağırma ilə məşğul olurlar. Romanda Səyyah Sehrbaz cəllad Məmmədqulunun ruhunu çağırır. Səyyah Sehrbazın ruhlar haqqında söylədikləri şaman inamlarına tam uyğundur.

“Dünyada hələ doğulmamış, amma hökmən doğulacaq adamların da ruhları olur. Bu hələ doğulmamış adamların ruhları yəqin ki, bizim ətrafımızda gəzib-dolaşır, doğulub bu dünyada artıq yaşamış adamların ruhları ilə təmasa girməyə cəhd edir… Onlardan bir uşaq həvəsi və bir uşaq inadı ilə dünya barədə, buradakı məmləkətlər barədə, həyat barədə nəsə öyrənmək istəyirlər. Ölmüş adamların ruhları bəzən səbir və təmkinlə, bəzən də hövsələsiz bir halətdə bildiklərindən və bilmədiklərindən, eşitdiklərindən və eşitmədiklərindən onlara bəzi-bəzi şeylər danışır, danışdıqca da ağızlarını açıb böyük hörmət və izzət ilə, intəhasız maraq və şövq ilə onları dinləyən, onlardan nəsə öyrənmək istəyən və dünyaya gəlmələrinin növbəsini gözləyən, bəzi zaman gözləməyə səbirləri çatmayan bu hövsələsiz ruhlara məyus-məyus, acı-acı baxırlar.”

K.Vəliyevin “Elin yaddaşı, dilin yaddaşı” kitabında şaman inamlarına dair verilən məlumatlara əsasən, şamançılıqda ölən adamın ruhu başqa, yeni doğulan insanın bədəninə girərək dünyaya təkrar gəlir. Ruh heç kəsin gözünə görünmədən ətrafda dolaşır. Ruhlarla ancaq şamanlar təmasda ola bilərlər. Onlar insanlarla ruhlar arasında vasitəçidirlər. Deməli, Səyyah Sehrbaz da şamandır. Uzun zamandan bəri Ağ dərvişin ruhunun yenidən dünyaya gəldiyini bilən və onu axtaran Səyyah Sehrbaz Cəllad Məmmədqulunun övladını görən zaman Ağ dərvişin reinkarnasiyası olduğunu anlayır və Cəllad Məmmədqulunun ölümündən sonra uşağı götürərək Sehrbazlar dərəsinə aparır.

Elçinin “Baş” romanında isə başı kəsilən Sisianovun ruhunun xatirələri fonunda təlatümlü tarixi dövrün təsviri verilir. Öz ölümü ilə barışmayan ruh sərgərdan şəkildə dolaşır, xatirələr içində çaş-baş qalır. Yazıçı ruhun ölümdən sonrakı həyatını, nələri unutduğunu, nələri xatirəsindən silə bilmədiyini, nələrə laqeyd yanaşıb, nələrə etiraz etdiyini çox məharətlə qələmə alıb. Doğrudur, burada reinkarnasiya mümkün deyil. Bu, ruhun ərafdakı halıdır. Bəs maraqlıdır, yazıçı niyə məhz başın – ruhun gözü ilə göstərir hadisələri? Deyəsən, dövrə nəzərən əsərdə ən tərəfsiz, qərəzsiz olan obraz ruhdur. Çünki o, artıq dövrün, zamanın diktəsində deyil, digərləri kimi dünya nemətləri uğrunda vuruşmur. Artıq hər şey onun üçün bitib: artıq nə kin var, nə müştəbehlik, nə də fatehlik iddiası. Filmin sonudur və baş verənlərin sadəcə bir film olduğunu obraz deyil, onu canlandıran aktyor dilə gətirməlidir. Ruhun son xatırladığı da Babua Arçilin uşaqlıqda əzbərlətdirdiyi, amma unutduğu gürcü kökünü xatırladan söz olur: xmerti-allah.

Qeyd edək ki, gənc yazarlarda da ruhlarla əlaqədar süjetlərə maraq hiss olunur. Bu baxımdan Nisəbəyimin “Online” romanını qeyd edə bilərik. Roman Arzu adlı gənc bir həkimin qəfil ürək tutmasından vəfatı ilə başlayır. Daha sonra qızın ruhu evə qayıdır. Ətrafdakılarla əlaqə yarada bilməsə də, sosial şəbəkədə öz səhifəsinə daxil olaraq insanlarla yazışır. Əsərdə Arzunun ruhu qardaşının ölən körpəsinin bədənində canlanır. Əsərdə ruh reinkarnasiya keçirsə də, bu proses bir qədər fərqli şəkildə gedir. Reinkarnasiyada ruh yenidən yeni bədəndə yeni missiya ilə, öncəkindən fərqli bir həyatı yaşamağa başlayır. Lakin Arzu öz həyatının davamını yaşayır. Ölümündən 15 il sonra sevdiyi şəxslə, ruhca yaşıdı, cisimcə ondan 15 yaş böyük Emillə ailə qurur. Onun əvvəlki Arzu olduğunu yalnız Emil bilir. İkinci dəfə klinik ölüm yaşayan qəhrəman həmin müddətdə yenə də sosial şəbəkədə aktivliyi ilə Emillə əlaqə saxlayır və həyata qayıdır. Digər tərəfdən ruh yaddaşını itirmir. Əvvəlki həyatını tamamilə xatırlayan Arzu körpə ikən belə ikili həyat yaşayır. Daxildə yaşlı bir ruh, xaricdə körpə bir qızcığaz. Lakin onun fərqli olduğunu ölən körpənin anası duyur. O, qızına qarşı anlaşılmaz bir yadlıq hiss edir, çəkinir, amma bunun nədən yarandığını aydınlaşdıra bilmir.

Ümumən götürdükdə, ədəbiyyatımızda magik realizm fərqli şəkillərdə təzahür edir. Amma əminlikdə deyə bilərik ki, Azərbaycan magik realizminin əsasında milli folkordan gələn süjetlər, atəşpərəstlik və şamanizmlə bağlı inanclar, anlayışlar, obrazlar dayanır.