Mahmud Kaşqari dedi: At türkün qanadıdır

132 Baxış

at1Minaxanım Təkləli

Peterburqda Senat meydanında I Pyotra qoyulmuş möhtəşəm abidənin (1778) heç zaman solmayacaq bir gözqamaşdıran tərcümeyi halı var… II Yekaterina kimi öz fəaliyyətində  böyük Pyotrun davamçısı olduğunu təlqin edirdi. Hakimiyyətə keçən kimi gördüyü işlərdən biri Pyotra adına layiq abidə qoymaq oldu. Dostu yazıçı Didro ona Etyen Felkoneni tövsiyə etdi; heykəltəraş gəlib işə girişən kimi birinci işi heykəl üçün at soraqlamaq oldu; onun fikri dəli çarı şahə qalxmış atın üstündə həkk etmək idi. Bu məqsədlə Rusiyanın ən varlı adamlarından olan qraf Orlovun ilxısına baş çəkir. Onun  tövləsindən iki at seçir; bunlar dəniz qüvvələri baş komandanı Aleksey Orlovun yenicə bitmiş Rus-Osmanlı savaşından qənimət gətirdiyi əfsanəvi atlar idi. Beləliklə, Pyotrun heykəlində əbədiləşmiş qrafın “Brilliant”və “Kapriz” adlı türk atları 200 ildən artıqdır  ki, özləri kimi bu dəli süvariyə yoldaşlıq etməkdədir.

Onun əsil mükafatı türk atları oldu

“Orlov atları” nın sirri: 1768- 1774-cü illərin Rus-Türk hərbi ruslarin böyük mənfəətləri xeyrinə Küçük Qaynarca sülhü ilə sona çatmışdı. Zəfər hünər və rəşadətlərdən daha çox, rusların hiylə və qəddarlıqları bahasına əldə edilmişdi. Bu müharibədə rus ordusunun məşhur sərkərdəsi Aleksey Orlov (o, Yekaterinanın məşuqu Qriqori Orlovun doğma qardaşıdır) evə dönürdü. Rusiya Dəniz Flotuna komandanlıq edən Aleksey Orlovu Çeşmə altındakı döyüşdə əsil şöhrət özü tapmışdı. O ömür boyu soyadına “Çeşmə” adının əlavəsi ilə şərəfli bir ad əldə etmiş olurdu; bundan sonra o, Orlov-Çesmenski çağrılacaqdı. Yekaterina ona mükafat olaraq bahalı hədiyyələr: almaslarla süslənmiş ordenlər, var- dövlət, yenicə ələ keçirilmiş torpaqlardan az qala bir ölkə ərazisi boyda torpaq bağışladı. Lakin o, bunlarsız da varlı idi; onun əsil mükafatı müharibə qəniməti olaraq əlinə saldığı  türk atları oldu. Öz etirafına görə dəniz döyüşlərindən birində türk paşasının ailəsi olan gəmini əsir aldıqda gəmidəki arvad-uşağı evlərinə yollamalarını, gəmini isə saxlamağı əmr edir. Hörmətkar paşa da əvəzində ona tayı-bərabəri olmayan 12 gözəl at göndərir. Bu misilsiz atların içərisində bir ağ at nəyə desən dəyərdi. Bu kiçicik ilxıdakı digər atlar kimi bu at da qızğın, bir yeniyetmə dəliqanlısı kimi oynağan idi. Çaparkən onun dördnala qaçışı suda üzməyə bənzəyirdi. Özü də bir pəri hüsnündə: ağappaq. Qraf nəvazişlə dərhal onu “Smetan” adlandırır. (sonra ondan olan qulunu (dayçanı) Pelikan, ondan da olan və nəsil başçısı olan atı Bars adlandıracaqdı) Imperatriçaya bu atlardan bağışlasa da həmin ağ atı bərk saxlayır. Səbəblər əfsanəyə oxşayır… əslində bunlardan bəziləri isə həqiqətə uyğun gəlir. Deyilənlərə görə atlar hədiyyə yox, … rüşvət imiş. Dəlilikdə ad çıxarmış, “qılıncının dalı da, qabağı da möhkəm kəsən” Orlov sülh danışıqları gedişində müharibəni daha üç il uzadacağı ilə qarşı tərəfi bərk hədələyirmiş… Axı o, Fokşanda Türkiyə ilə başlanan sülh danışıqlarında rus nümayəndələrinə başçılıq edirdi. Qrafın tərcümeyi halında alicənablıqdan çox uzaq fitnəkar adlana biləcək fəaliyyətləri çox idi. Yekaterinanı hakimiyyətə gətirəcək 1762-ci il çevrilişində ev dustağı edilmiş silahsız adamın – əsir çarın öldürülməsi… Sonra elə bu hazırkı müharibənin gedişində özünü keçmiş çariçənin qızı elan edən knyajna Tarakanovanın Yekaterinanın tapşırığı ilə İtaliyadan aldadıb Peterburqa gətirməsi  ilə ölümün ağzına atması… Daha bu  gözəl əsir qıza bir də bu daş zindandan qurtulmaq nəsib olmur.

Xanın ilxısı yalnız ağ atlardan ibarət idi

Orlov döyüşlər gedə-gedə atları Rusiyaya göndərir; atlar xüsusi mühafizə altında əvvəlcə Orlovun Moskva altındakı malikanəsinə gətirilir, sonra isə onun Voronejdəki Xrenovoe mülkünə göndərirlər. Köhnə türk yurdu Voronejin  (qədim adı Kazar olan, möhtəşəm Xəzər imperiyasının böyük ölkələrindən biri) təbiəti – sulu və şirəli otlaqlar, bol sulu çayların çalın-çarpaz doğradığı, sıx ormanların daim rütubətini, sərinliyini saxlayan çöllər at saxlamağa çox əlverişli idi. At bilicilərinin söylədiyinə görə qraf Orlovun əldə etdiyi bu “bəxşiş” nəinki qiymətli atlar idi, hətta dünyanın ən gözəl nadir atları hesab olunurdu. Kim bilir, ömrü at belində keçən Türkün  “qardaş” dediyi hansı ayğır cinsindən nadir nümunə – yadigar idi?! Ağ atlar qədim türklərdə sevilərək yüksək qiymətləndirilirdi. Hələ Marko Polo səyahəti əsnasında Xubilayın sarayından yazırdı: xanın ilxısı yalnız ağ atlardan ibarətdir; bircə xalı belə olmayan qar kimi ağappaq əfsanəvi atlar. Xanın  bu atdan olan ilxısında on mindən  çox var. …Qraf kənd təsərrüfatı ilə ciddi məşğul olurdu və at aludəçisi kimi ətrafda ad çıxarmışdı. Orlovun məftun olduğu ağ türk atı ona dörd bala verdikdən sonra qəflətən ölür. Onun sağ ikən portretini çəkdirən qraf bu şəkli evinin divarından asır, onun dərisini, hətta bu nəcib atın sümüklərinin saxlanılmasını tapşırır. Həmin ağ atın nəslindən bir neçə il sonra Xrenovoda bütöv bir ilxı əmələ gəldi. Məşhur Orlov atları cinsi belə yarandı. Bu vaxtdan başlayaraq Orlov atları Rusiyada yaxşı at  yetişdirmədə dönüş yaratdı. Orlov atları coşqun temperamenti, oynaqlığı ilə fərqlənirdi; yorulmaq nə olduğunu bilməzdi. Bu atları Qərbi Avropa və Amerikada da yüksək qiymətləndirirdilər. Ruslar indi bu atları özlərinin milli nailiyyətlərindən hesab edərək onu canlı abidə adlandırırlar. Bu yaxınlarda Orlov atlarının 230 illiyini qeyd etdilər. Vaxtilə  isə 1875-ci ildə onun 100 illiyini təntənə ilə keçirmişdilər. Axı ruslar bu atlaradək  Azak çöllərindən türklərin gətirib satdıqları alçaqboylu atlara minərdilər. Bu  qədim türk bulqarlarının yetişdirdiyi at cinsi idi və baxmat adlanırdı; bu atların  yalı çox sıx, quyruğu da çox uzun idi. Baxmat atların boyu 140 sm çox olmurdu. Daha sonralar rus əsilzadələri özlərinə  atları xaricdən gətirtməyə başlayır.

vsaİbrahim Xəlil xan köməyə kürən atını çağırır

Qədim türklərdə möhkəm at kultu olmuşdur; bu hələ erkən türk mədəniyyətində və onun inkişafı boyu atın və at miniciliyinin necə möhkəm, sabit yer tutduğunu göstərirdi. Azərbaycan ərazilərindəki dəfn abidələrində yaraq-əsləhəli at skeletlərinə dəfələrlə rast gəlinmişdir. Türk dillərində zooloji leksikanın zənginliyi (elə təkcə tatar dilində at növləri adlarını bildirən 40-dan artıq söz vardır) atın əhliləşdirilməsinin türklərə məxsus olduğu fikrini təsdiqləyir. Həqiqətən Mahmud Kaşqari çox gözəl buyurmuşdur: At türkün qanadıdır…Bu zaman Qarabağımızın yaxın tarixindən bir ibrətamiz əhvalat yada düşür: Mirzə Adıgözəl bəyin yazdığına görə İbrahim Xəlil xan çox gənc ikən İranda zaval(girov) olaraq saxlandıqda onun azad olunması üçün uzun çəkən danışıqların səmərəsizliyini görüb qaçııb qurtulmağı seçir; atasına xəbər göndərir: mənim qaladakı kürən atımı göndərin… ..II Yekaterina Pyotra onun öz əzəmətində heykəl qoymaq istəyirdi. Həmişə məktublaşdığı fransız yazıçısı Didro ona heykəltaraş Felkoneni tövsiyyə edir. İdeyanı isə çariçə özü verir: Pyotrun heykəlini at üstündə tökmək. Axı Pyotrun 30 illik hakimiyyəti dövründə Rusiya cəmi bir il müharibəsiz keçinmişdi. Felkone heykəl üçün gözəl at soraqlayır: qraf Orlovun tövləsindən “Kapriz” və “Brilliant”   adlı iki gözəl türk atı gətirirlər. Pyotrun mindiyi bu cilov gəmirən qızğın atın görünüşü  bu dəli çarın özündən də təsirli idi. Tezliklə heykəl xalq arasında “Mis süvari” (mednıy vsadnik) adını alır. Artıq Yekaterina onu hakimiyyətə gətirən sevgilisi Qriqori Orlovdan soyuyub uzaqlaşmışdı; “Çeşmə qəhrəmanı” da bu soyuqluğu özünə günbəgün hiss etməkdə idi. 1775-ci ildə öz ərizəsi ilə xidmətdən ayrılır. Indi bütün həyatını atlara-cıdıra həsr edəcəkdi…Yeganə varisi olan qızına elə bir ciddi tapşırığı da yox idi; vəsiyyətində (o, 1807-ci ildə vəfat etmişdi)  təkcə atları qorumağı tapşırmışdı.

KÖŞƏ YAZARLARI
TOP 10