Mandelanın azanı

60 Baxış

movluud

Mövlud Mövlud

 

 

Yaşamaq bir ağac kimi tək və hürr

Və bir orman kimi qardaşcasına…

Nazim Hikmət

 

Məhəmməd əleyhissəlamın həyatı haqqında çəkilən “Dəvət” filmində bir səhnə var: Qazancı büt alverindən çıxan Məkkə oliqarxları Əbu Talibin qardaşı oğlunun gətirdiyi dinin surətlə yayılmasından narahatdır. Onlar Mafioz Əbu Süfyanın evində toplaşıblar. Məhəmmədin dediklərinə iman gətirən dəliqanlı Əmmar Yasiri də qandallatdırıb hüzurlarına gətizdiriblər. Məkkə milyonerləri Əmmar Yasirə təzyiq edir, təxminən, belə məsləhətlər verirlər: “A bala, yazıqsan, sənin beynini doldurublar, yolundan azmısan. Bizim 300 tanrımız var. Onları atsaq, hər il Məkkə ziyarətçilərindən qazandığımız pulu itirərik. Əbu Talibin qardaşı oğlu səni azdırıb. Həftədə bir dəfə Hira dağına gedib oradan şeirlə qayıdır. Ona necə inanırsınız? Atan ağıllı kişidir, sən niyə belə oldun, başa düşmürük…”

 

Əmmar Yasir mafiozların hücumları qarşısında dəyanətlə dayanır. Peyğəmbərindən öyrəndiyi bir kəlməyə də xəyanət etmir. İnsanın bir bütə qulluq etməsinə, bir-birini qul kimi alıb-satmasına üsyan edir. Söhbət qulların ağaları ilə bərabər olmasına gəlib çatanda mafiozlardan biri ayağa qalxır və Əmmar Yasirdən soruşur: “İndi siz mənim pul verib aldığım zənci Bilalla bərabərmi olduğumu deyirsiniz?” Əmmar Yasir gözünü də qırpmır: “Bəli, Allah rəsulu bizə bütün insanların Allah qatında bərabər olduğunu öyrətdi”.

 

Canavarlara belə sözmü demək olar? Bilalın sahibi olan məkkəli kişi onu çağırır və əlinə qamçı verir: “Bilal, ona əfəndi ilə kölənin fərqini başa sal”.

 

Gözləri az qala hədəqəsindən çıxan, ürəyi köksünə sığmayan zənci kölə qamçını qəzəblə yerə çırpır. Sahibi dəfələrlə əmr etsə də, Bilal Əmmar Yasirə zülm verməkdən imtina edir.

 

Bundan sonrakılar hamıya məlumdur. Zənci Bilalın bütün həyatı dəyişir, o, Allah rəsulunun sevimli səhabələrindən olur. Hicrətdən sonra Mədinədə tikilən məsciddə islamiyyətin ilk azanını verir. Öləndə harınlamış bir məkkəlinin köləsi kimi yox, peyğəmbərin ilk müəzzini kimi ölür. Həzrəti Bilal kimi.

 

Nelson Mandelanın bütün ömrü boyu imperializmə qarşı açdığı savaş həmişə yadıma Bilal Həbəşinin Əmmar Yasirə işgəncə verməkdən imtina etməsini xatırladıb.

 

Qamçı vurmaqdan imtina edən Bilal Həbəşi, irqi ayrı-seçkiliyə qarşı dirənən Martin Lüter Kinq, bütün ömrünü Afrikanın istiqlalına adayan Nelson Mandela, rus istilasına qarşı mücadilə aparan Əbülfəz Elçibəy…

 

Onlar azan çəkirlər. İnsanlığı bərabərliyə, qardaşlığa, həqiqətə çağırırlar.

 

Səslərinə səs verək!

 

“Gündəlik teleqraf” qəzeti

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10