Marina və Ulay: bitməyən eşqin hekayəsi – Şəhanə Müşfiq yazır

6 Baxış

154362_d2b4ckcxfy

Eşq – sonunun nə gətirəcəyini düşünmədən anı yaşamaq, dörd fəsli eyni anda hiss etməkdir. Eşq özünü unudub varlığını qarşındakının gözlərində tapmaqdır. Eşq unutduğunu zənn etdiyin anda ona aid ən xırda detalın gözlərini doldurmasıdır.

Bəzi insanlar vardır – yaşadıqları və yaşatdıqları ilə tarixdə qalan, duyğuları ilə illərə meydan oxuyan. Onlar, məhz onlar sübut edərlər ki, zaman ən böyük dərman olsa da, səmimi eşqin, saf duyğuların qarşısında o belə acizdir. Marina Abramoviç həmin insanlardan biridir. Bir çoxları onu rəssam kimi tanıyır, əslində isə bir performans sənətçisidir. Ölkəmizdə çox da tanınmasa da, illərdən bəri etdiyi ağılalmaz performansları onun adını tarixə Performans sənətinin İlahəsi olaraq yazdırıb. Mükəmməl görünüşü, bədəninə və varlığına meydan oxuyan cəsarəti, sənət anlayışı və dillərə dastan eşqiylə o qadın gücünün ən gözəl nümunəsidir. Bu günlərdə Marina yenidən xatırlandı, bütün dünyanın gözü bir daha ona doğru çevrildi.

Yox, Marina bu dəfə heç bir performans göstərməmişdi, heç bir qeyri-adiliyə imza atmamışdı. Səbəb onun eşidən hər kəsin heyrətinə və həsədinə səbəb olan, bütün əzbərləri pozan sədaqəti və sevgisi idi. Daha doğrusu, bu sevginin artıq yoxluğu. Hər şeydən öncə aydın olan bir gerçək var ki, həyatı və sənəti filmlərə, kitablara mövzu olan bu ecazkar qadın hər zaman özündən danışdırmağı bacarır.

Sənətin bədən üzərindəki hakimiyyəti

Marina Abramoviç 1946-cı ildə Yuqoslaviyada hərbçi ailəsində dünyaya göz açıb. İkinci Dünya Müharibəsinin təsirlərinin hələ də qaldığı zamanlarda həmin savaşda iştirak etmiş atasının evdəki hökmü də qalmaqda idi. Marina hərbçi hökmü altında böyüyür. Sənət Akademiyasını bitirdikdən sonra sənətçi solo performanslarına başlayır. Qısa zaman sonra gənc qadın vücud sənətinin dünyadakı ən önəmli təmsilçilərindən birinə çevrilir. Sənəti üçün bədənini parçalayır, parçalatdırır, nəfəssiz qalır, buzlar içərisində bədənini dondurur, hətta özünü huşunu itirəcək səviyyəyə gətirir. Onun işinə və sənətinə duyduğu bu sonsuz məhəbbət dünyanı heyrətə salmaqla bərabər insanların marağını və sevgisini də qazandırır.

Sənətinin ilk illərində vətəni Yuqoslaviyanın müharibə sonrasındakı vəziyyətinin təsvirinə yönəlmiş performanslar üstünlük təşkil edir. Məsələn, “Balkan həssaslığı” adlı performansında, başda son Balkan müharibəsi olmaqla, dünyadakı bütün müharibələri lənətləmək məqsədiylə bir zirzəmidə bir yığın qanlı heyvan parçalarının, sümüklərinin arasında oturub onları ətlərindən ayırmağa, təmizləməyə çalışırdı. Otağın temperaturu getdikcə artır, qoxu dayanılmaz hala gəlirdi. Marina isə heç nəyə baxmadan uşaqlığında əzbərlədiyi mahnıları oxuyur, heyvan parçalarını didişdirə-didişdirə müharibələrə lənətlər yağdırır və ağlayırdı. O, bu performansı ilə müharibənin izlərini silməyin nə qədər çətin, hətta mümkünsüz olduğunu göstərirdi.

Onu dünyaya və azərbaycanlı sənətsevərlərə tanıdan ən məşhur performanslarından biri isə “Öz yaratdığın vəhşət”dir. Bu performansda Marina bir qalereyada heykəl kimi dayanır, önünda “sənətçiyə istədiyinizi edə bilərsiniz” yazısı olan masanın üstündə isə bıçaqdan çiçəyə qədər bir çox nəsnə düzülür. İnsanlar öncə gəlib önündəki nəsnələri sənətçiyə uzadır, ancaq Marina heç bir reaksiya vermir. Belə olan halda əsəbləşən insanlar onun bədəninə toxunur, saçlarını dartır, kəsici alətlərlə müxtəlif yerlərinə zərərlər verir, bədənini qanadırlar. Marinanın bütün bu vəhşətə qarşı reaksiyasızlığı altı saat çəkir və sonda bir nəfərin əlinə silahı almağı ətrafdakı işçilərin “performans bitdi” deməyinə səbəb olur. Bundan sonra Marina heç nə demədən ağır-ağır ona bu vəhşəti yaşadan insanların üstünə yeriyir. İnsanlar öz yaratdıqları dəhşətdən qorxub qaçırlar.

“Keçmiş və indi”, “Huşsuzluq” və sair kimi performanslarında sənətçi bədəninin və psixologiyasının hədlərini sınayır, sonrakı performanslarına bilərəkdən huşunu itirməyi də daxil edir.

Eşqlə bütünləşmə

Marina sənətinin və həyatının ən yüksək zirvəsinə ədəbi eşqi Ulayla çatdı desək, heç də mübaliğə etmiş olmarıq. Özü kimi performans sənətçisi olan Ulayla eşqi və sənət ortaqlığı 1975-1989-cu illərdə davam etdi.

Marinanın 1975-ci ildə Amsterdama köçəndən sonra tanış olduğu Ulay 1943-cü ildə Almaniyada dünyaya gəlmişdi. Əsl adı Frank Uve Laysiyepen olan sənətçi fotoqraf olmaqla yanaşı, paloroid vasitəsilə bir sıra işlərə də imza atmışdı. Sənətinin ən sevimli zamanlarını 1960-70-ci illərdə yaşamışdı. Marina ilə tanış olandan sonra birgə bir-birindən mükəmməl və qeyri-adi performanslara imza atmışdılar.

“Oksigensiz performans” ən məşhurlarından biridir. Bu, bir növ öpüşməyə bənzəsə də, əslində, tərəflər bir-birinin ciyərindəki havayla nə qədər nəfəs ala biləcəklərini ölçürdülər. Ağızlarının kənarına yapışdırılan mikrofonlarla onların nəfəs alış-verişlərini eşitmək mümkün olurdu. 17 dəqiqənin sonunda performans iki tərəfin də oksigensiz qalıb huşunu itirməsi ilə yekunlaşmışdı.

Özlərinin də dedikləri kimi, onların bütün ortaq performansları eqolarını və sənətçi kimliklərini ölçməyə yönəlmişdi. Aralarındakı böyük məhəbbət də bu ortaqlığı dəstəkləyən və aralarındakı uyğunluğu təmin edən əsas səbəb idi. Onlar bir karvanda yaşayır, tez-tez məkan dəyişir, Avropanı başdan-başa, şəhər-şəhər, ölkə-ölkə gəzirdilər. Bu gəzintiyə Avstraliyada aborigenlərlə keçirtdikləri bir ili və Hindistanda buddistlərlə görüşlərini də daxil etmişdilər. Bu müddətdə həyata keçirtdikləri performanslarla vücudlarını toqquşdurdular, səsləri batana qədər bir-birinə bağırdılar, iki başlı tək bədən halına gəlmək üçün hədləri aşdılar, bir masanın iki tərəfində halsız düşənə qədər bir-birlərinin gözlərinin içinə baxdılar, bir sənət əsəri kimi muzeylərdə hərəkətsiz dayanıb duyğu orqanlarını nəzarətdə saxlamağı sınadılar, bədənlərini şiddətə məruz qoyaraq əsl kimliklərini tapmağa çalışdılar…

Çin səddində ayrılıq

Bu qeyri-adi cütlüyün ən böyük arzusu isə Çin Səddində bir performans həyata keçirmək idi. Lakin qarşılarında icazə almaq kimi bir problem vardı. İllərlə çalışmaqlarına baxmayaraq, o icazəni ala bilmirdilər. Nəhayət, icazə alınanda isə qarşılarına başqa bir problem çıxdı. Belə ki, Ulay 14 illik sevgilisi Marinaya xəyanət etmişdi. Ən pisi isə xəyanət etdiyi qadın hamilə idi. Marina qəlbən əzab çəksə də, vəziyyəti təmkinlə, dolğunluqla qarşılayır və bu münasibəti bitirmək qərarı alır. Lakin bir-birlərinə qarşı böyük məhəbbət bəsləyən sevgililər ən böyük arzularını gerçəkləşdirmədən ayrılmaq istəmirlər. Bu xəyanət və ayrılıq səbəbindən isə 6 min kilometrlik Çin Səddinə yürüşü birgə deyil, ayrı-ayrı həyata keçirirlər. Səddin bir başından Marina, digər başından isə Ulay yola çıxırlar. Hər biri 2 min kilometrdən çox yol qət etdikdən sonra tən ortada görüşürlər. Bu ruhani səfər onların birgə həyata keçirtdikləri son performans, eşqlərinin son yaşantısı olur. 90 günlük piyada yürüşün sonunda ortada görüşən cütlük son dəfə qucaqlaşıb, bir-birinə son dəfə toxunub ayrılırlar. Bu ayrılıq anını əbədiləşdirən isə video çəkiliş olur. Burada Marinanın ayrılıq əzabı göz yaşlarında, Ulayın peşmanlığı isə bütün mimikasında əks olunur. Performanslarında nə qədər güclü, cəsarətli olsa da, Marina ayrılıq qarşısında çox gücsüz və taqətsiz görünür. Hər kəsin nəhayətində evlilik gözlədiyi bu möhtəşəm sevgi Ulayın səhvi nəticəsində yerlə bir olur.

Bu ayrılıqdan sonra Ulay digər qadınla evlənir, Marina isə sənətinə geri dönür. Yenə də bir-birindən riskli performansları ilə adını sənətinin zirvəsində saxlamağa davam edir.

21 il sonrakı vida

1988-ci ildə ayrılan cütlük o Çin Səddində bir-birinə həqiqətən vida etmişdimi, illər bir-birini fikrində və qəlbində sonlandırmağa yetmişdimi?! Bu sualın cavabı 2010-cu ildə Marinanın növbəti performansı zamanı cavabını tapdı.

Həmin il Marina Abramoviç Nyu-York Modern İncəsənət Muzeyində “The Artist is Present” performansını həyata keçirirdi. Bu layihəsində o, ortadakı masanın bir başında oturmuşdu, qarşısında isə bir stul daha vardı. Orada isə növbəylə sənətsevərlər oturur, bir dəqiqə müddətində heç biri heç nə danışmadan göz-gözə baxırdılar. Vaxtilə Ulayla oxşarını keçirdiyi performansdan ilhamlanan Marina burada vəziyyəti daha da çətinləşdirmişdi. O, səhərdən axşama kimi yemək yemədən, heç yerə getmədən oturub sevənlərinin gözlərinin içinə baxır, enerjisini paylaşır, bununla insanlar arasında sözsüz də əlaqə qurula biləcəyini sübut etməyə çalışırdı. İzləyicilər bu müddətdə müxtəlif hallar keçirir, fərqli mimikalara düşürdülər. Qarşılıqlı baxışma əksərən izləyicinin ağlaması ilə yekunlaşırdı.

Ümumilikdə 736 saat, 3 aya yaxın çəkən performans yaddaşlarda başqa bir olayla da qaldı. İllər öncə bitən eşqin qabıqlanan yarasının qanaması idi gördüklərimiz.

Ayrılıqdan 21-22 il keçəndən sonra həmin performansda niyəsi bilinməyən şəkildə Ulay ortaya çıxdı. Başını aşağı salaraq növbəti izləyicisini gözləyən Marina başını qaldıranda həsrət və peşmanlıqla ona baxan tanış gözlərlə qarşılaşdı. Bu, onun əbədi eşqinin gözləri idi. Həmin an bitdi deyilənin başlaması, son deyilənin dirilişi, bütün duyğuların ortaya sərilişi idi. Bir anda qarşısında keçmiş sevgisini görən Marinanın səssizcə gözlərindən süzülən yaşlar heç nəyin keçmədiyinin, əksinə, ədəbiliyinin bir göstəricisi idi. Marina bu bir dəqiqəlik baxışma anında nələr yaşadı, nələr hiss etdi bilinməz, amma iki keçmiş sevgilinin səssizcə, bir kəlmə belə etmədən gözləriylə etdikləri söhbət anlayışı, təmkini, ağrını, həsrəti, çarəsizliyi və peşmanlığı “dilə gətirirdi”.

Marinanın gözlərində bitməyən eşq, Ulayda isə dərin peşmanlıq və kədər oxunurdu. Və ilk əlini uzadan da qadın oldu… Son görüşlərinin ünvanı olan Çin Səddində onların ruhlarının, qəlblərinin fiziki ayrılığa tabe olmadıqları bu qədər il sonra özləri üçün də təsdiqini tapdı sanki. Bu sonsuz həsrətə dözməyən Marina 21 il sonra gələn vida kimi Ulayın əllərindən tutur və 40 illik eşq bir neçə saniyəlik o toxunuşla sona yetir.

Həmin gün insanlıq tarixi bəlkə də ən mənalı göz təmasına şahid oldu və gördü ki, sən demə, bircə kəlmə belə etmədən cəmi bir dəqiqənin içərisində hər şeyi anlatmaq olurmuş, yetər ki, qəlblər dillənsin.

Bəlkə də bu anın ən çətin məqamı isə vaxtın tamamında Ulay durub gedəndən sonra Marinanın performansını davam etdirməli olması idi. Göz yaşlarını barmaqlarının ucu ilə silən bu güclü qadın sonrasında neçə saat, neçə gün performansını davam etdirdi. Ağıllarda və ürəklərdə isə Ulay və Marinaya aid o bir dəqiqə əbədi iz saldı.

Ulayın son gedişi

Həmin gündən sonra Marina ilə Ulay arasında bir barışıq imzalanmış oldu. O eşq bir daha geri dönmədi bəlkə, amma 21 illik soyuq savaş, qəlbləri buza döndürən nakam eşq nəhayətinə qovuşmuşdu. Ta ki, bu il martın 2-nə kimi. Həmin gün Marinanın əbədi sevgisi Ulay yenə də sevgisinə, sevgilisinə xilaf çıxdı. Bu dəfə də Marinanı təkbaşına qoyub çıxıb getdi. Amma bu gediş son gediş idi, əbədi gediş idi. Çünki Marinanın Ulayı 76 yaşında həyatdan getdi. Ayrılığı olduğu kimi, ölümü də təmkinlə qarşıladı Marina və sevgisinin ardından cəmi üç cümlə qura bildi: “Bu gün dostum və keçmiş ortağım Ulayın öldüyünü öyrəndim. O, həsrəti çəkiləcək mükəmməl bir sənətçi və insandır. Bu gün sənətinin və mirasının sonsuzadək yaşayacağını bilmək insanı rahatladır”.

Ulayın xərçəngdən öldüyünü eşidərkən mən də daxil olmaqla çoxlarının fikrində bir sual canlandı: Bu ölümün əsas səbəblərindən biri bu qədər böyük eşqin məcburiyyətdən bitməsi, illərin həsrəti ola bilərdimi? Bunun cavabını isə heç birimiz heç vaxt öyrənə bilməyəcəyik.