Martin Lüter Kinq: İrqçiliyə qarşı mübarizənin ağır artilleriyası

23 Baxış

martin luter kinq

Aprelin 4-də XX əsrin önəmli simalarından biri, ABŞ-da yaşayan qaradərili əhalinin hüquqlarının müdafiəçisi Martin Lüter Kinqin qətlindən 53 il ötür. Bu münasibətlə tarixçi Yadigar Sadıqlının 3 il əvvəl öz bloqunda yayımladığı məqaləni təqdim edirik:

Martin Lüter Kinq 1929-cu il yanvarın 15-də Corciya ştatının paytaxtı Atlanta şəhərində orta səviyyəli ailədə anadan olub. ABŞ-ın digər cənub ştatları kimi Corciyada da irqçilik güclü idi. Tez-tez belə hallarla üzləşən yeniyetmə Martində sonralar özünün etiraf etdiyinə görə, ağlara qarşı ikrah hissi formalaşır.

Martin Lüter Kinq erkən yaşlarından təhsilə həvəsi və natiqlik qabiliyyəti ilə seçilir. 1944-cü ildə öz yaşıdları arasında keçirilən natiqlik yarışında qalib gəlir. Elə həmin il də kollecə daxil olur.
1940-cı illərin ortalarında Kinq sonrakı həyat yolunu müəyyənləşdirəcək 2 addım atır. O, din xadimi olmağı qərara alır və “Rəngli əhalinin inkişafına yardım milli assosiasoyası” (NAACP) adlı hüquq müdafiə cəmiyyətinə üzv olur. Bu təşkilatda Kinq afroamerikalıların hüquqları uğrunda xeyli ağdərili insanın da mübarizə apardığını kəşf edir.

Bir müddət keşiş köməkçisi olan Kinq 1953-cü ildə Koretta Skott adlı qadınla evlənir. Növbəti ildə isə qonşu Alabama ştatının paytaxtı Montqomeri şəhərində yerləşən baptist kilsəsinə keşiş təyin olunur.

ABŞ-ın bəlkə də ən irqçi ştatı olan Alabamada sərt irqi ayrı-seçkilik (seqreqasiya) qaydaları hökm sürürdü. Qaradərili əhali üçün bir çox məhdudiyyət mövcud idi. Onlardan biri də ictimai nəqliyyatla bağlı idi. Qaydalara görə, avtobuslarda ilk 4 sıra ağdərili sərnişinlər üçün nəzərdə tutulmuşdu. Qaradərili sərnişinlər isə yalnız sonrakı oturacaqlardan istifadə edə bilərdilər, ilk sıralar boş olduğu halda belə orada otura bilməzdilər.

Əksinə, ilk sıralar tutulduqda və ağdərili vətəndaş ayaq üstdə durduqda, qaradərili qalxaraq öz yerini ona verməli idi. Ağlar üçün yerlər sıra ilə müəyyən edilirdi, bir ağdərili ayaqda qalardısa, ağlar üçün hissə bir sıra genişləndirilirdi. Yəni 4 qaradərili oturmaq imkanını itirirdi.

Ayrı-seçkilik artıq girişdə başlayırdı. Ağlar ön, qaralar isə arxa qapıdan içəri daxil olurdular. Sonuncular bəzən sürücülərin təhqiramiz rəftarı ilə üzləşirdilər. Ön qapıda gediş haqqını ödəyir, lakin arxaya keçənə qədər sürücü qapıları bağlayıb avtobusu sürürdü.

1955-ci ilin dekabrın 1-də qaradərili əhalinin hüquqlarının müdafiəsi fəalı, NAACP üzvü Roza Parks avtobusda ağdərili kişiyə öz yerini verməkdən imtina etdi. Sürücünün polis çağırması nəticəsində Roza Parks saxlanıldı. Dostlarının qoyduğu girov nəticəsində buraxılsa da, dekabrın 5-də məhkəmə tərəfindən 14 dollar cərimə edildi.

Hadisə baş verən gündən etibarən Parksın da üzv olduğu “Rəngli əhalinin inkişafına yardım milli assosiasoyası”nın (NAACP) Montqomeri şöbəsi ictimai nəqliyyatın birgünlük boykot edilməsi barədə qərar qəbul etdi. Bu məqsədlə assosiasiyanın şəhərin qaradərili əhalisinə müraciəti çap olunmuş 35 min vərəqə paylanıldı. Boykot bazar ertəsi, dekabrın 5-də baş tutmalı idi.

Maraqlıdır ki, etirazçılar əvvəlcə mülayim mövqe tutaraq ayrı-seçkiliyin ləğv olunmasını tələb etmirdilər. Onlar sadəcə avtobusda ağların və qaraların yerini ayıran xəttin sabit qalmasını, hər irqin özü üçün ayrılmış oturacaqlarda əyləşməsini tələb edirdilər.

Dekabrın 5-də hava soyuq və yağışlı idi. Buna baxmayaraq, qaradərili əhali kütləvi surətdə boykotu dəstəklədi. Bəziləri taksidən, bəziləri yük avtomobillərindən istifadə etdi. Kiçikli-böyüklü əksəriyyət isə iş yerlərinə, məktəblərə qədər kilometrlərlə yolu piyada gedib-gəldilər. Deyilənlərə görə, hətta 30 km-ə qədər məsafəni qət edənlər olmuşdu.

Aksiyanın inanılmaz uğuru onun davam etdirilməsi qərarına gətirib çıxardı. Təşkilatçılar artıq ayrı-seçkilik tam ləğv edilənə qədər (seqreqasiyadan inteqrasiyaya) mübarizə aparmaq qərarı verdilər. Boykotun təşkilinə rəhbərlik etmək üçün “Montqomerinin təkmilləşdirilməsi cəmiyyəti” təsis edildi. Gənc keşiş Martin Lüter Kinq cəmiyyətin sədri seçildi.

Əslən başqa ştatdan olan, sözügedən hadisələrdən cəmi 1 il öncə Montqomeriyə gəlmiş Kinqin sədr seçilməsini onun insanlara təsir qabiliyyətinin, nüfuz qazanmaq bacarığının göstəricisi saymaq olar.
Montqomeri boykotu bütün ABŞ-da geniş əks-səda doğurdu. Ölkənin müxtəlif yerlərində boykotçulara dəstək nümayiş etdirilirdi. Bu dəstək həm mənəvi, həm də maddi şəkildə təzahür edirdi. Boykotçulara maliyyədən tutmuş piyada gəzdiklərindən tez sıradan çıxan ayaqqabılara əvəzə qədər göndərilirdi.

Qaradərili əhali Montqomeri şəhərinin 70%-ni təşkil edirdi. Maddi vəziyyətlərinin daha aşağı olması səbəbindən ictimai nəqliyyatda onların faizi daha da çox idi. Bu səbəbdən də boykot nəqliyyat şirkətlərinin qazancına ağır təsir göstərdi. Onlardan bəziləri avtobuslarda seqreqasiyanı ləğv etmək istərkən şəhər rəhbərliyinin qəti xəbərdarlığı ilə üzləşdilər.

Şəhər idarəçiləri eyni zamanda boykota rəhbərlik edənlərə qarşı da tədbirlər görür. “Sahibkarlığa əngəl törətmək” bəhanəsi ilə Martin Lüter Kinq həbs edilir. Lakin bu addım aksiyanı bütün ölkədə daha da populyarlarşdırır, ictimai rəyin diqqətinin daha çox cəlbinə səbəb olur. İki həftə sonra Kinqi azad etməli olurlar.

Azadlığa çıxan Kinq öz həbsinə səbəb olmuş davranışı haqqında bunları deyir: “Mən öz cinayətimlə fəxr edirəm. Bu cinayət xalqımın ədalətsizliyə qarşı qeyri-zorakı etirazına qoşulmaqdan ibarətdir”.
Boykotçularla mübarizə təkcə hüquqi müstəvidə aparılmırdı. Onlar irqçilər tərəfindən fiziki təzyiqlərə, hətta silahlı hücumlara məruz qalırdılar. Boykotçuları daşıyan nəqliyyat vasitələri, aksiya rəhbərlərinin, o cümlədən Kinqin evi daşqalaq edilirdi.

Belə hallardan cana doyan qaradərili əhali zorakılığa zorakılıqla cavab verməyi tələb edirdi. Lakin Kinq hər vəchlə onları bu fikirdən daşındırmağa çalışır, qeyri-zorakı mübarizəyə sadiq qalmağa çağırırdı.
Öz evinə hücumdan sonra qisas tələb edən kütlə qarşısında Kinq “Əgər sizdən kiminsə silahı varsa, onu evə aparın. Kimin silahı yoxdursa, əldə etməyə çalışmasın. Biz problemi cavab zorakılığı ilə həll edə bilmərik. Zorakılığa yalnız qeyri-zorakılıqla cavab verməliyik” – fikirlərini söyləyirdi.

Boykotçular ictimai nəqliyyatda ayrı-seçkiliyin ləğvi üçün məhkəməyə də müraciət etmişdilər. 1956-cı ilin iyunun 4-də Federal Dairə Məhkəməsi müraciəti təmin edərək mövcud qaydanın Konstitusiyaya zidd olduğunu bildirdi. Lakin ştat rəhbərliyinin qərardan daha yuxarı instansiyaya şikayət etməsi səbəbindən boykot durdurulmadı.

Noyabrın 13-də isə ABŞ Ali Məhkəməsi ilk instansiya məhkəməsinin qərarını təsdiqlədi. Çarəsiz qalan Montqomeri rəhbərliyi dekabrın 20-də qaradərili insanların avtobusda istədikləri yerdə oturmaq hüququnu tanıyan fərman verdi. Yalnız bundan sonra 381 gün davam edən boykot dayandırıldı. Ertəsi gün Roza Parks jurnalistlərin kameraları qarşısında avtobusda ön sırada oturub şəkil çəkdirdi.

Seqreqasiyasının hüquqi ləğvi dərhal faktiki nəticələrə səbəb olmadı. Montqomerinin ağdərili əhalisi buna terrorla cavab verdi. Avtobusda ön sırada əyləşənlər döyülürdülər.Boykot fəallarının evlərinə, afroamerikalılara məxsus kilsələrə od vurulurdu. Roza Parks təhdidlər üzündən ştatı tərk etdi.

Hakimiyyət orqanları, polis belə hallara göz yumurdu. Bəzən möcüzə nəticəsində məhkəmə önünə çıxarılan şübhəlilər bəraət alırdılar. Çarəsiz qalan qaradərili əhali yenə avtobusların arxa oturacaqlarına sığındılar. Lakin bunlara baxmayaraq, ictimai nəqliyyatdakı ayrı-seçkilik işi uduzulmuşdu. 1960-cı illərin əvvəllərində artıq ən irqçi insanlar belə bununla barışmalı oldular.

Montqomeri boykotunun uğurla başa çatmasında Martin Lüter Kinqin böyük xidməti oldu. Onun sayəsində aksiya yalnız və yalnız dinc üsulla davam etdirildi. Məhz bu səbəbdən boykot ABŞ ictimai rəyinin rəğbətini qazandı. Bu da onun uğurunda həlledici rol oynadı.

ABŞ tarixində xüsusi yer tutan Montqomerri boykotundan sonra Martin Lüter Kinq bütün ölkədə məşhurlaşır və təkcə ştat deyil, ölkə səviyyəsində lider kimi qəbul edilir. O, 1957-ci ilin yanvarında Cozef Louru, Ralf Abernati və digərləri ilə birlikdə “Cənub xristianlarının rəhbərliyi konfransı” (SCLC) adlı təşkilat yaradır. Təşkilatın məqsədi bütün ölkədə afroamerikalıların tam hüquq bərabərliyinə nail olmaq idi.

XIX əsrdə quldarlığın ləğvi və vətəndaş müharibəsindən sonra 1870-ci ildə ABŞ Konstitusiyasına edilən 15-ci dəyişiklik vətəndaşların irqinə, dərisinin rənginə və keçmişdə qul olmasına görə səs hüququnu (aktiv seçki hüququ) məhdudlaşdırmağı qadağan edirdi. Bununla belə, dəyişiklik gözlənildiyinin əksinə olaraq, əsasən də ştatların bu sahədəki muxtariyyəti səbəbindən qaradərili əhalinin hamısına səs hüququ tanımadı.

O dövrdə ştatlar başqa səbəblər göstərməklə səs hüququnu məhdudlaşdırmaq hüququna malik idilər. Xüsusən cənub ştatları əmlak senzi, ingilis dilini bilmək, yazıb-oxuma bacarığı və digər səbəblərlə səs hüququnu məhdudlaşdırırdılar. Bu da əsasən qaradərili əhaliyə aid olurdu. SCLC seqreqasiya halları ilə yanaşı belə məhdudiyyətlərin də aradan götürülməsi uğrunda mübarizə aparırdı.

Bu dövrdə Martin Lüter Kinq vətəndaş hüquqları uğrunda mübarizəyə bacardıqca geniş kütlələrin cəlbinə çalışır. Moizələrinin birində o deyirdi: “Biz təmiz vicdanla ədalətsiz qanunlara tabe olmaya bilərik. Çünki Şərlə əməkdaşlıqdan imtina – Xeyri dəstəkləmək qədər mənəvi borcdur”.

1950-ci illərin ikinci yarısında irqçilərin ciddi müqavimətinə baxmayaraq seqreqasiyanın ləğvi bir çox sahələri, o cümlədən məktəbləri əhatə edir. 1957-ci ilin sentyabrında Arkanzas ştatının Litl-Rok şəhərində diqqətçəkən hadisələr baş verdi.

Ali məhkəmənin məktəblərdə ayrı-seçkiliyi qanunsuz elan etməsinə baxmayaraq, ştatın qubernatoru və irqçi əhali 9 qaradərili şagirdi əvvəllər yalnız ağların oxuduğu məktəbə buraxmaqdan imtina etdi. Prezident Eyzenhauerin göstərişi ilə şəhərə 1200 nəfərlik hərbi desant qüvvələri yeridildi.

Desantçılar 9 şagirdi iki ay ərzində həm məktəbə gedib-gələrkən, həm də məktəbin dəhlizlərində mühafizə etdilər. Onlar şəhərdən çıxarıldıqdan sonra “Litl-Roklu doqquzluq” adı ilə tanınan şagirdlərə yenidən təzyiqlər başladı. Lakin doqquzluq öz hüquqları uğrunda mətanət göstərərək təhsillərini davam etdirdilər.

Bu illərdə Martin Lüter Kinq müxtəlif tərəflərdən təzyiqlərə, hətta sui-qəsdə məruz qalır. O, 29 dəfə polis tərəfindən həbs edilib. Bundan əlavə, həm irqçilər, həm də daha radikal metodlara üstünlük verən qaradərili fəallar Kinqə hücumlar təşkil edirdilər. Lakin Kinq qeyri-zorakı metodlardan imtina etmirdi.

1963-cü ilin aprelində SCLC Alabamanın ən irqçi şəhəri olan Birmingemdə etiraz aksiyaları keçirməyə planlayır. Aksiyalar dinc, lakin müəyyən mənada təxribati xarakter daşımalı idi. Afroamerikalılar qanunla onlara qadağan edilmiş yerləri tutmalı, hərəkətləri etməli idilər. Aksiya könüllü surətdə həbsə getməyə razı olan xeyli şəxsin olmasını nəzərdə tuturdu. Məqsəd bu həbslərin doğuracağı rezonansla ictimai rəyə təsir etmək idi.

Lakin sönük keçən bir neçə aksiya göstərdi ki, həbsə düşmək, işdən qovulmaq kimi perspektivlər hamının ürəyincə deyil. Bu zaman özü də həbsdə 8 sutka keçirən Kinq ciddi tərəddüdlərdən sonra tərəfdarlarından birinin aksiyalarda uşaq və yeniyetmələrdən istifadə etmək təklifinə razılıq verdi.

Mayın 2-də 3 minə qədər uşaq və yeniyetmənin iştiral etdiyi aksiya keçirildi. Onlardan 600-dən çoxu həbs edildi. Ertəsi gün növbəti aksiya zamanı iştirakçılar daha sərt amansızlıqla üzləşdilər. Şəhərin təhlükəsizlik komissarı, super-irqçi Yucin “Bull” Konnorun göstərişi ilə onların üzərinə yanğınsöndürən brandspoytlardan su vuruldu, itlərlə hücum edildi.

Birmingem hadisələrindən görüntü

Amerika Birmingemdə baş verənləri televiziya ekranlarından böyük şokla izləyirdi. Cəmiyyətin ən müxtəlif təbəqələrindən etirazlar səslənirdi. “New York Times” qəzeti Birmingem polisinin davranışını “milli rəzalət” adlandırdı. Siyasətçilər, incəsənət adamları etirazçılarla həmrəyliklərini ifadə etdilər. Ölkənin müxtəlif şəhərlərində 200-ə yaxın həmrəylik aksiyası keçirildi.

Buna baxmayaraq, Birmingemdə etiraz aksiyaları da, həbslər də davam edirdi. Mayın 7-də həbs olunanların ümumi sayı 3 minə yaxın idi. Lakin amerikalıların ictimai rəyi, federal hökumətin, xüsusən də prezident Kennedinin mövqeyi etirazçıların qələbəsi, tələblərinin qəbulunu şərtləndirdi. Ən əsası isə federal səviyyədə qanunvericiliyə dəyişikliklər edilməsinin zərurətini ortaya qoydu.

Məhz Birmingem aksiyaları zamanı senator Jakob Javits vətəndaş hüquqları haqqında yeni qanunun qəbul edilməsinin zəruriliyindəndən danışdı. Polis amansızlığının əslində afroamerikalıların lehinə işlədiyinə işarə edən prezident Kennedi “Vətəndaş hüquqları uğrunda hərəkat Bull Konnora görə Allaha dua etməlidirlər. O, onlara Avraam Linkoln qədər xidmət etdi”, – sözlərini işlətdi.

Martin Lüter Kinqin apardığı mübarizədə “Vaşinqtona marş” aksiyası xüsusi yer tutur. 1963-cü il avqustun 28-də siyasi və iqtisadi azadlıqlar tələbi ilə baş tutan aksiyada 250 mindən artıq insanın iştirak etdiyi təxmin edilir. Məhz bu aksiyada Kinq özünün məşhur “Mənim arzum var” nitqini söyləyir.

Kinq Vaşinqton marşında çıxış etməzdən öncə

“Sizdən nə gizlədim, məhrumiyyət və çətinliklərə baxmayaraq, hələ də mənim bir arzum var. Bu arzu öz kökü ilə amerikan arzusuna uzanır. Mənim arzum var ki, ölkəmiz öz ideyasının əsl qayəsini anlayıb onun təzahürünə çevriləcək. Biz qəti əminik ki, ümumi bərabərlik ideyası heç bir sübut tələb etmir. Bir arzum var ki, Corciyanın qızmar təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsini bölüşsünlər! Arzum budur ki, hətta Missisipi ştatı, bu gün yandırıcı ədalətsizliyin və istismarın hökm sürdüyü ştat, günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin!

Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, orada insanlar haqqında dərisinin rənginə görə yox, mənəvi keyfiyyətlərinə görə fikir yürütsünlər! Bu gün arzum var… Bir arzum var ki, bir gün orada, qubernatoru ştatın daxili işlərinə qarışmamaq, konqressin qanunlarını tanımamaq haqqında gen-bol danışan, qatı irqçilərin ştatı olan Alabamada ağdərili, qaradərili oğlan və qızlar bacı-qardaş kimi əl-ələ versinlər. Bu gün belə bir arzum var!… Əgər Amerika böyük millət olmaq istəyirsə, bu arzu gerçəkləşməlidir!”

Vaşinqtona marş Amerika tarixində ən kütləvi siyasi aksiyalardan biri sayılır. “Mənim arzum var” nitqi isə bütün dünyada natiqliq incisi hesab edilir. Məhz bu aksiya və nitq sayəsində “Time” jurnalı Martin Lüter Kinqi 1963-cü il üzrə “İlin adamı” elan etdi.

Ehtimal olunur ki, qaradərili əhalinin hüquq bərabərliyinə tərəfdar olan prezident Kennedinin administrasiyası da marşın uğurlu alınmasına gizlində yardım etmişdi. Çünki hələ iyun ayında “Vətəndaş azadlıqları haqqında” qanun layihəsi konqresə göndərilmişdi. Aksiyanın uğurlu olması ictimai rəyi layihənin xeyrinə yönəldər, inteqrasiya əleyhdarı olan siyasətçilərin müqavimətini qırardı. Marşdan 3 ay sonra Kennedi öldürüldü, lakin bu cinayət prosesə öz məntiqi sonluğuna çatmağa mane olmadı.

1964-cü ilin yanvar ayında ABŞ Konstitusiyasına 24-cü dəyişiklik qəbul edildi. Bu dəyişikliyə əsasən, vətəndaşların vergi borcuna görə onların seçki hüququ məhdudlaşdırıla bilməzdi. Belə ki, 11 cənub ştatında seçki vergisi deyilən xüsusi vergi mövcud idi. Onu ödəmədən seçkidə iştirak etmək olmazdı. Əmlak senzi tipli bu məhdudiyyət daha çox afroamerikalıların mənafeyinə toxunurdu.

Yayda isə “Vətəndaş azadlıqları haqqında” Qanun qəbul edildi və prezident tərəfindən imzalandı. Qanuna görə, təhsildə, əmək məşğuliyyətində, ictimai yerlərdə və ya hər hansı bir sahədə seqreqasiya, diskriminasiya, bərabərsizlik federal qanunla qadağan edilirdi. Artıq ştatlar bu sahədə muxtar qanunvericiliklə çıxış edə bilməyəcəkdilər.

Konstitusiyaya 24-cü dəyişiklik və azadlıqlar haqqında qanunun qəbulu vətəndaş hüquqları uğrunda hərəkatın və şəxsən Martin Lüter Kinqin böyük uğuru idi. Buna görə də onun 1964-cü ildə Nobel sülh mükafatına layiq görülməsi təsadüfü deyildi. 35 yaşlı Kinq o dövrdə bu mükafata layiq görülən ən gənc laureat idi. Nobel Komitəsinin nümayəndəsi Yan Gunnar yeni laureatı belə təqdim etdi: “Martin Lüter Kinq beynəlxalq işlərlə məşğul olmasa da, onun mübarizəsi bütün dünyaya xidmət edir… O, Qərbdə ilk insandır ki, mübarizənin mütləq zorakılıq olmadığını sübut etdi”.

Konstitusiyaya 24-cü dəyişiklik səs hüququna görə vergi alınmasını qadağan etsə də, cənub ştatlarında qaradərili əhalinin seçki hüququnu məhdudlaşdıran başqa ciddi maneələr vardı. Bu ştatlarda seçki hüququnu qazanmaq üçün afroamerikalılar yazıb-oxumaq bacarığını, ingilis dilini və Konstitusiyanı bilmək səviyyəsini müəyyən edən sınaqlardan keçməli idilər.

Kinq və rəhbərlik etdiyi “Cənub xristianlarının rəhbərliyi konfransı” (SCLC) təşkilatı bu problemi diqqət mərkəzinə gətirmək üçün yenə Alabama ştatını seçdi. O, Selma şəhərindən ştatın paytaxtı Montqomeriyə yürüş keçirmək qərarına gəldi. Lakin qubernator Corc Uolles belə yürüşün şosedə nəqliyyatın hərəkətinə mane olacağı bəhanəsi ilə aksiyanı qadağan etdi.

Qadağaya rəğmən SCLC martın 7-də yürüşü keçirməyə cəhd göstərdi. 525 nəfərdən ibarət yürüşçülər Selma şəhərindən çıxarkən Edmund Pettus körpüsü üzərində polisin hücumuna məruz qaldı. Müdaxilə o qədər amansız oldu ki, həmin gün ABŞ-da “Qanlı bazar günü” adını aldı. Polis zərbələrindən huşsuz vəziyyətə düşmüş və qana boyanmış dinc nümayişçilərin görüntüləri Amerika ictimaiyyətini sarsıtdı.
Telekameralar qarşısında müsahibə verən Martin Lüter Kinq ölkənin bütün vicdanlı adamlarını biganə qalmamağa,

Selmaya gələrək 2 gün sonra keçiriləcək növbəti yürüşə dəstək verməyə çağırdı. Bu çağırışa cavab olaraq aralarında ağlar da olan xeyli insan Alabamaya gəldi.

Martın 9-da Kinq özünün şəxsən iştirak etdiyi yürüşü Selma kənarındakı körpüyə qədər apardı, burada qısa nitqdən sonra dağılışmalarını söylədi. Onun bu addımı bir çoxu tərəfindən isti qarşılanmadı. Lakin məsələ onda idi ki, ştat rəhbərliyinin marşa tətbiq etdikləri qadağa məhkəmə baxışına götürülmüşdü, Kinq hökmü gözləmək niyyətində idi.

İkinci marşdan sonra irqçilər nümayişçilərə dəstək vermək üçün Selmaya gəlmiş 3 ağdərili keşişi vəhşicəsinə döydülər. Onlardan biri, Bostondan gəlmiş 38 yaşlı Ceyms Rib 2 gün sonra dünyasını dəyişdi. Qanlı bazar günü ilə yanaşı Ribin ölümü ABŞ-da geniş rezonans doğurdu. Ölkənin müxtəlif yerlərində Kinq və tərəfdarları ilə həmrəylik aksiyaları keçirildi, mərkəzi hökumətdən Alabamadakı hadisələrə təcili müdaxilə tələb edildi.

Martın 15-də prezident Lindon Conson konqresin hər iki palatasının birgə iclasını keçirdi. Milli telekanallar vasitəsilə yayımlanan bu toplantıda Conson deputatlardan yeni seçki qanununun təcili hazırlanmasının və qəbulunu xahiş etdi. Həmin günlərdə məhkəmə də marşa qoyulan qadağanı qanunsuz elan etdi.

Martın 21-də başlayan üçüncü marşı təhlükəsizlik məqsədilə Alabama ştatının 1900 milli qvardiyaçısı, çoxlu FTB agenti və federal marşallar müşaiyət edirdilər. Selmadan Montqomeriyə qədər 80 kilometrlik məsafəni yürüşçülər 5 günə qət etdilər. Aksiya martın 25-də Montqomeri şəhərindəki Kapitoli binasının önündə başa çatdı.

Görülən tədbirlərə baxmayaraq, marş itkisiz ötüşmədi. Afroamerikalılara dəstək verən ağdərili Viola Liuzzo adlı qadın öz avtomobili ilə nümayişçiləri geriyə, Selmaya daşıyarkən irqçilər tərəfindən güllə ilə vurularaq öldürüldü. Lakin nə Rib, nə Liuzza, nə də digərlərinin verdiyi qurbanlar hədər olmadı.

Montqomeri marşından 5 ay sonra, avqustun 6-da prezident Conson Kinqin də iştirakı ilə təntənəli surətdə “Seçki hüquqları haqqında” Qanunu imzaladı. Qanun seçki hüquqları sahəsində ştatların muxtariyyətini minimuma endirdi. Bundan sonra yazıb-oxumaq bacarığı, ingilis dilini və Konstitusiyanı bilməməyə görə seçki hüququnun məhdudlaşdırılması federal səviyyədə qadağan edilirdi. Bununla da ABŞ-ın milyonlarla qaradərili vətəndaşı artıq kimsə tərəfindən məhdudlaşdırılmayacaq seçki hüququ qazandı.

Yeni seçki qanunu ilə Martin Lüter Kinq və SCLC təşkilatı öz hədəflərinə böyük ölçüdə çatdılar. Artıq bütün ABŞ ərazisində irqi ayrı-seçkilik rəsmən qadağan olunmuş, qaradərili əhalinin siyasi hüquqları tam tanınmışdı. Həyatının son 3 ili ərzində Martin Lüter Kinq ayrı-ayrı diskriminasiya hallarına qarşı, əmək hüquqları uğrunda, yoxsulluqla mübarizəyə diqqət ayırır.

ABŞ-ın 1965-ci ildə Vyetnama qarşı başladığı müdaxilə də Kinqin diqqət mərkəzində olan hadisələrdən idi. Müharibəyə mənfi münasibət bəsləyən Kinq ona çəkilən xərcləri yoxsulluqla mübarizəyə ayırmağı daha doğru sayırdı. Bu pasifist mövqe Martin Lüterin ABŞ siyasi dairələri, şəsxən prezident Consonla, eləcə də bir sıra mətbuat orqanları ilə münasibətlərini korladı.

1968-ci ilin fevralında Memfis şəhərinin (Tennessi ştatı) qaradərili zibildaşıyanları tətilə başladılar. Onlar iş yerlərindəki diskriminasiya hallarına – ağlara nisbətən az maaş almalarına, daha az sosial hüquqlara malik olmalarına və s. – qarşı etiraz edirdilər. Mart ayında Martin Lüter Kinq Memfisə gələrək tətilçilərlə həmrəy olduğunu nümayiş etdirdi.

Aprel ayının 3-də Kinq yenidən Memfisə qayıdır. Həmin gün o, son nitqi ilə çıxış edir. “Mən dağın zirvəsində oldum” adlanan bu nitqdə Kinq həmişə olduğu kimi dini frazeologiyadan xeyli istifadə edir.

“Hər kəs kimi mən də uzun ömür yaşamaq istərdim… Lakin indi bu haqda düşünmürəm. Tanrının iradəsini yerinə yetirmək istəyirəm. O, mənə dağa qalxmağa icazə verdi. Mən ətrafa baxdım. Vəd olunmuş torpaqları gördüm. Çox ehtimal ki, mən sizinlə birlikdə oralara çatmayım. Lakin biz xalq olaraq vəd olunmuş torpaqlara yetişəcəyik. Mən bu gün çox xoşbəxtəm! Mən heç nədən narahat deyiləm! Mən heç kimdən qorxmuram! Mənim gözlərim Tanrının əzəmətini gördü”.

Ertəsi gün, 1968-ci il aprelin 4-də, saat 18.01-də Martin Lüter Kinq qaldığı “Loreyn” otelinin ikinci mərtəbəsindəki balkonda ikən qarşı tərəfdən açılan atəşlə ölümcül yaralandı. 1 saat sonra onun ölümü rəsmən elan edildi. Kinqin qətlində şübhəli bilinən, həbsxanadan qaçmış dustaq olan Ceyms Erl Rey iki ay sonra həbs olundu və məhkəmənin hökmü ilə 99 illik həbsə məhkum edildi (1998-ci ildə vəfat etdi). Lakin bir çoxu, o cümlədən Kinqin ailəsi qatilin Rey olduğuna həmişə şübhə ilə yanaşdılar.

Kinqin ölüm xəbəri ölkədə iğtişaşlara səbəb oldu. Vaşinqton və Baltimordakı iğtişaşlar xüsusən dağıdıcı oldu. Paytaxtda 12 nəfər həlak oldu, 6 mindən artıq şəxs həbs edildi, Baltimorda isə bu rəqəm müvafiq olaraq 6 və 4500 idi. Xeyli obyektlər yandırıldı, ictimai və şəxsi mülkiyyətə milyonlarla dollar zərər vuruldu. Vaşinqtonda kütlənin Ağ evə hücumunun qarşısını almaq üçün hətta pulemyotlar gətirilımişdi. Lakin xoşbəxtlikdən bu qədər kəskin tədbirə ehtiyac olmadı.

Kinqin Atlanta şəhərində keçirilən dəfn mərasimində 300 minə qədər insan iştirak etdi. Hökuməti vitse-prezident Hubert Hamfri təmsil edirdi.

Martin Lüter Kinq cəmi 39 il yaşadı və onun 13 ilini mübarizəyə həsr etdi. Bu qısa müddət təkcə ABŞ deyil, dünya tarixində önəmli yer tutması üçün kifayət etdi. O, heç bir dövlət vəzifəsi daşımadı. Lakin ölkəsində gedən proseslərə hətta ölümündən sonra göstərdiyi təsirə görə prezidentlərin əksəriyyətini qabaqlayır.

Martin Lüter Kinq malik olduğu arzuların hamısının həyata keçməsini görmədi. Lakin öz ölkəsinin tanınmaz dərəcədə dəyişməsinə rəvac verdi. Onun ölümündən cəmi 15 il sonra, 1983-cü ildə ABŞ Konqresinin hər iki palatası “Martin Lüter Kinq günü” adlı milli bayramın təsis olunması haqqında qanun layihəsini qəbul etdi. Yeni qanuna görə, bayram yanvar ayının üçüncü bazar ertəsi qeyd olunacaq və qeyri-iş günü sayılacaqdı.

Həbsdə keçirdiyi günlərin birində Kinq “Biz niyə gözləyə bilmirik?” məqaləsini yazır. Yazı onu və təşkilatını izafi tələskənlikdə qınayan insanlara cavab idi. Kinq yazırdı: “Əgər indicə televizorda reklam edilmiş əyləncələr parkına niyə gedə bilmədiyinizi 6 yaşlı qızınıza izah edərkən diliniz dolaşırsa, nitqiniz kəsilirsə; o yerin rəngli uşaqlar üçün bağlı olduğunu söyləyərkən onun gözlərinin dolduğunu görürsünüzsə, əgər sizin arvadınıza və ananıza heç zaman hörmətlə “missis” deyə müraciət etmirlərsə, zənci olduğunuza görə növbəti anda nə baş verəcəyini bilmədən gecə və gündüz sayıqlığınızı qorumaqdan yorulmusunuzsa… o zaman gözləməyin bizim üçün niyə bu qədər çətin olduğunu anlarsınız”.

Bu gün ABŞ-da irqi ayrı-seçkilik rəsmən qadağan olunsa da, düşüncələrdən tam qalxdığını söyləyə bilmərik. Bununla belə, son 50 ildə baş verən dəyişikliklər sürət və keyfiyyət baxımından inanılmazdır. Kinqin ölümündən cəmi 40 il sonra, 2008-ci ildə ABŞ özünün ilk qaradərili prezidentini seçdi. Ölkədə afroamerikalıların sayının 15%-dən çox olmadığını nəzərə alsaq, Barak Obamanın seçicilərinin böyük əksəriyyəti ağdərililər idi.

Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan Kinqin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edərkən deyirdi: “Avraam Linkoln qaraları azad etdi. Doktor Kinq isə böyük ölçüdə ağları azad etdi”. Doğrudan da ,Martin Lüter Kinq özünün qeyri-zorakı mübarizəsi və müstəsna natiqliyi ilə Amerikanı seqreqasiya, nifrət, bərabərsizlik kimi yaralardan xilas etdi, İstiqlal Bəyannaməsi və Konstitusiyada göstərilən hədəflərə daha da yaxınlaşmasına nail oldu.

Yadigar SADIQLI
yadigar-sadiqli.livejournal.com

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10