“Mədəni yenilənmə” layihəsi davam edir

2 Baxış

hg

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın Xalq artisti, bəstəkar və pedaqoq, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev və Müasir Musiqi Assosiasiyasının (Rusiya) aparıcı eksperti, sənətşünaslıq doktoru, musiqişünas Rauf Fərhadovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının bu ilin oktyabr ayından həyata keçirdiyi “Mədəni yenilənmə” müştərək layihəsi çərçivəsində gerçəkləşib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qonaqları salamladıqdan sonra sözü Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyevaya verib.

Layihə haqqında ətraflı məlumat verən T.Məmmədəliyeva bildirdi ki, başlıca məqsəd xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir: “Maarifləndirici xarakter daşıyan bu təşəbbüs ölkəmizdən kənarda tanınan soydaşlarımızın yaradıcılığını gənclərimizə daha yaxın edəcək. Bu gün Azərbaycanın iki tanınmış sənət insanı Rauf Fərhadov və Fərəc Qarayevlə görüş böyük önəm kəsb edir. Onların hər ikisi sənətdə yeni üfüqlər yaradan insanlardır. Bu insanlarla dialoq və diskussiyalar, inanıram ki, musiqişünaslar üçün səmərəli olacaq”.

Musiqişünas Rauf Fərhadov çıxış edərək Fərəc Qarayevin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüb. Vurğulayıb ki, musiqi tarixi ilə bağlılıq, klassisizm ənənələri Fərəc Qarayev əsərlərində mühüm yer tutur.

Fərəc Qarayev tədbirin təşkilinə görə təşəkkürünü bildirərək, bu vəsilə ilə Bakıda həmkarları ilə görüşdən məmnunluğunu ifadə edib. Bəstəkar görüşdə iki əsərinin səslənəcəyini və müzakirə ediləcəyini diqqətə çatdırıb.

Hər bir əsər haqqında qısa məlumat verən müəllif onların yaranma tarixi ilə bağlı maraqlı faktlar açıqlayıb: “Babil qülləsi” əsərinə tar və kamançadan başqa Şərq xalqlarının bütün alətlərini daxil etmişdim. Bu əsərlərin təqdimatı zamanı Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Elşən Mansurovla əməkdaşlıqdan böyük zövq aldım. Onların Avropa səhnəsini fəth etmələrinin şahidi olmaq isə sözlə ifadə oluna bilməyən ruh yüksəkliyi idi. Əsər 90 faiz improvizələrdən ibarətdir. “Nostalgiya” isə iki simli və üç nəfəsli alət üçün nəzərdə tutulub.

Hər iki əsər səsləndikdən sonra Rauf Fərhadov və Fərəc Qarayev onlara ünvanlanan sualları cavablandırıblar. Maraqlı diskussiyalarla keçən görüşdə musiqinin janrları, bu günü, bəstəkarlıq məktəbi və xalq musiqisi ənənələrinin müasir musiqidə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bölmə : Musiqi, Sənət
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10