“Mədəniyyət/Culture” jurnalının yeni sayı

1 Baxış

hg

Jurnalın 2021-ci ilə aid üçüncü sayı bütövlükdə ilin mədəniyyət hadisəsi olan “Xarıbülbül” Musiqi Festivalının Şuşada üç on ildən sonra yenidən baş tutmasının həm də milli özünüdərk bayramı olan festival iştirakçılarının təəssüratları ilə başlayır.

İlin əvvəlindən başlayan “Mədəniyyətdən əbədiyyətə”, “Səhnədən hərb meydanına” layihələri bu dəfə də mülki həyatdakı mədəniyyət və incəsənətlə bağlı peşə vərdişlərini hərbçi əzmi və qətiyyəti ilə əvəz edən Vətən müharibəsi şəhid, qazi və veteranlarından bəhs edir.

Vətən müharibəsindəki zəfərimizi vəsf edən, qələbə sevincini bizə yaşadanlara media töhfəsinin ifadəsi bununla bitmir – jurnalı vərəqlədikcə mövzu ilə bağlı daha bir neçə məqaləni oxuya biləcəksiniz. Bütün bu məqalələr “Qarabağ Azərbaycandır!” rubrikasında birləşib.

“Azərbaycan Cümhuriyyəti – 103″ rubrikasında növbəti dəfə Ceyhun Hacıbəylinin həyat və fəaliyyətinin indiyə qədər naməlum qalan tərəflərinə nəzər salınıb.

“Ədəbiyyat” rubrikasının oxucularını Aşıq Ələsgərin 200 illik yubileyi ilində saz-söz ustadının varislərindən biri Xətai Ələsgərlə söhbət, görkəmli alim, Azərbaycan-özbək ədəbi əlaqələrinin ilk tədqiqatçılarından olan Qulamhüseyn Əliyevin Özbəkistan Respublikasında iki dildə nəşr edilən kitab haqqında rəy və digər maraqlı məqalələr gözləyir.

“Musiqi” rubrikası görkəmli vokalçı Bülbülə həsr olunmuş məqalə və X Beynəlxalq Caz Günü ənənəsinin Azərbaycanda əks-sədası ilə səslənir.

Jurnalın “Teatr” rubrikasında Jan-Lui Barro və onun ” Teatr haqqında düşüncələr” kitabınından dəyərli fikirlərin Azərbaycan dilinə tərcüməsi yer alıb.

“Memarlıq” rubrikası görkəmli memarlarımızdan biri Mikayıl Useynova həsr edilmiş maraqlı məqalədən ibarətdir.

“Muzeylər” rubrikası Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə və Şəkidəki Şəkixanovların evinə həsr edilib.

Jurnalda işğaldan azad edilmiş ərazilərimizdə “Ağıllı kənd” layihəsinin gerçəkləşdirilməsi də işıqlandırılıb.

“Mədəniyyət/Culture” jurnalı həmişə olduğu kimi bu dəfə də ömrünü elmə həsr edən alimlərin və bu yola yenicə qədəm qoyan gənclərin qələm məhsullarına yer ayıraraq “Elm” rubrikasında mədəniyyətin bir neçə sahəsinə aid məqalələr dərc etmişdir.

Bölmə : Sənət xəbər