Mehdi Hüseynzadənin sonu

115 Baxış

hemidSenet.az Həmid Herisçinin şeirlərini təqdim edir:

Edison lampası

Cənab Edison,
yumşaq kreslonda əyləş,
özün fikirləş,
təkcə elə al-əlvan işığı, sarı lampanımı
ixtira etmişik biz?
Yox… yox, lap qədimlərdə
zil qaranlığı, qatı zülməti
şək-şübhəsiz,
elə yenə biz ixtira etmişik,
yenə biz!

Dediklərimdən qorxduz, deyəsən…
bəlkə, bir siqaret tüstülədəsiz?
Təkcə Təzəbazardan aldıqlarınızı yox,
ürəyinizi, yaxanızı qaldırıb
küləyə “Yox!” deməyinizi də,
bəlkə, sellofan torbalarda
bizə hədiyyə edəsiz?

İcad etdiyiniz lampanın işığında
sarı payız yarpaqlarının
özünə ev axtarmağını,
millətin kirli corablarını,
kaş ki, bircə dəfə görəydiz …
İnanın ki, deyərdiz:
“Yetər!”
Və ixtiranızı
ləğv edərdiz…

Darıxdız, deyəsən,
bəlkə, bir azacıq keflənəsiz,
min il sonra yenidən diriləsiz,
gözəlçələrin danışdığı xatirələrdə…
qızların sinələri böyüyüb bərkiyəndə?

Bəlkə,
bütün duyğularınızla incələsiz,
şübhələrinizi kəfənsiz dəfn edəsiz,
bir lampa da icad edəsiz…
Və, nəhayət ki, görə biləsiz
necə mən
çar-naçar
evimə qayıdıram…
Yorğunam. Arığam.
Bir az hələ ayığam…
Corabımın birini çıxarıram,
digərinə əl atanacan,
min il vaxt keçir aradan…
Sanki yoxam…
yenidən gərək doğsun məni
rəhmətlik anam…

Həə, belə yerdə adam darıxar.
Bədənimdən tez,
boğazım götürüb özünü
qatarın altına atar!
Hələ kimsə arxamca yalvarar:
“Eh, mənim yaşıl kəlağayım,
səni dəmir mafiyəyə sancaqladım,
Bakı küləyində səni hey dalğalandırdım,
sən bu küləklə elə hey danışdın,
sayıqladın,
getdin, qayıtmadın”…

Eh, cənab Edison, sən burda
axı nəyi işıqlandırdın?
Heç bunu
bacardın?

Mürdəşir

Allah bizi sönmüş ulduzların,
dul baldızların
şərindən qorusun!
Qoy, bir gün kal Sabirabad qarpızlarına da
fatihə oxunsun…

Həm övladını, həm qılıncını sünnət edib,
ucu kəsik dönər bıçağına çevirən,
Avropaya dönərçiliyə gedən türkləri
gərək Meksikaya qova
əvvəl almanlar,
sonra italyanlar…
“Anadolu” lokantasında bir gün eşitdim -
“Bütün dönərçilər casusdurlar!
Daim kommunistləri güdüb, pusub,
satıblar!”
Türk “MİT”-inin
ancaq bu təcrübəsini götürdü,
Berlinə, Münhenə köçürdü,
dönər bıçağının uzunluğunu daim ölçdü
mədəni avropalılar…
Bakıda isə bütün bunlara tüpürürdü
Məhəmməd Biriya kimi qəhrəmanlar…

Mürdəşir işləyirdi Bakıda
Məhəmməd Biriya -
Pişəvərinin şairi,
naziri…
Hə, Təzəpirdə lap axırda
hamı onun qəbuluna gəlirdi -
- Əli, Vəli, Pirvəli…
Hətta yaxası qızıl düyməli
şair, dramaturq Şıxəli
Qurbanov…
Hə…orda Biriya
yenə də nazirdi,
yenə nazirdi…

Özü də lüm-lüt qəbul edirdi o,
şikayətçiləri…
Alırdı əlinə taxma çənələri,
deyirdi: “Bəli…”
deyirdi: “İnsan lütdü…
xəyanət labüddü,
o “Zapı”lardan, “Moskviç”lərdən daim sızan
rəngsiz nöyütdü”…
Bir də gördün, son baxışını, hə,
siqaret kötüyü kimi sümürdü,
Dedi: “Baxın, ölübdü
bədəniniz, təniniz…
Hanı Moskva malı tuman-köynəyiniz?
Axırıncı dəfə geyinməyiniz,
kəfənlənməyiniz, bəzənib-düzənməyiniz
erməni dəlləklərin yox, mənim boynuma…”
Deyirdi: “Qəddini əymə, düz uzan, sus,
day danışma,
sözü bir dəfə deyərlər axı adama!”.

Döyürdü də hərdən
o, bu meyitləri!
çıxarırdı çürük dişlərini dibindən
çürük saitləri, iyli samitləri,
mədənin həzm etmədiyi biskvitləri…
Xüsusən, birinci katibləri
qəfil otuzdurardı masa arxasına,
qələm qoyardı barmaqları arasına,
day bilmirəm harasına…
Deyərdi: “Pişəvərinin ölüm hökmünü yaz
bu kağıza!
Güc verin dəə barmaqlarınıza!
Yazdız? Şükür Allah rizasına!

Bax,
məndə yox yalan, riya,
Nə Stalinəm, nə də Beriya…
Bax, tanı məni, Biriyayam da mən,
Biriya!!!
Bu dünya dediyin də,
beynindən silinsin birdəfəlik,
Sonya, Gulya kimi katibən.
Bəsdi sənə
qəbirüstü daş kitabən…

Kağızdan olmur ha daş kitabələr…
Olur katiblər,
katibələr…
Səni görüm “bron”la cəhənməmə
göndərəydilər
bircə…

Zənnimcə,
bax bu gecə,
həm mən – Məhəmməd Biriya,
həm cəhənnəmə ezamiyyət pulu verən buxalteriya
hələ də işlər,
maaş almağa gələr ora qara kölgələr,
sənin kimilər…

Qanundu bu – daim həm zaman dəyişir,
həm də Təzəpirdəki mürdəşir…
Mürdəşir dəyişəndə,
zaman da dəqiqləşir…

Növbə indi mənə gəlir…
Biriyanın son məsləhəti
beynimdə hey səslənir -
-”Bax haa, ölülər hərdən
mürdəşirin barmağını dişləyir!”

Həə, özünüzü yığışdırın
Bakıya təzə
təbrizli mürdəşir gəlir!!!

Mehdi Hüseynzadənin sonu

Bu yaz…
bu yaz mən heç kimi
sevmədim…
heç kimi…
hətta 1 milyon reyxsmarkalıq
öz kəlləmi,
mənə gözəlçə gətirmiş bu xoş gecəmi,
“Mersedes”imin yan güzgüsündən gördüklərimi.
Neynim, daha sevmədim
Anjelikamı da,
Triyestin çirkab sularına
itələdim…

Müxalifət qəzetlərinin
manqal yelpiyinə çevrildiyini,
silahdaşlarımın xəyanətə meyilləndiyini,
Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an
güllələndiyini
görüb
azcana gülümsədim…
Bu yaz mən heç kimi,
hətta yaralarımı sarmış qoca həkimi,
Anjelikaya soxuşdurduğum yalançı
həyat hekayətimi
sevmədim…
Üzərində “Axtarışdadır!” yazılmış
şəkillərimə
öz qara kölgələrimlə birgə
axır ki, tam bənzədim…
Kimsəni day sevmədim…

Cəhənnəmə aid
qanlı meyit – canlı meyit,
dilçilərin aşkarlamadığı
qalın samit,
incə sait səslər,
yad nəfəslər,
işgəncə otağına ğedən
uzun dəhlizlər,
yordu məni…
100 minlik ordu məni
axtarır, tapa bilmir…
Dünyanı partladıram,
restoranlar, kinoteatrlar silkələnir…
Ancaq axırda gəlib dirənir
bu işlər bircə cümləyə -
“Bu yaz mən heç kimi sevmədim…”

Həəə…demək, indi mən gərək
lap dərindən fikirləşim,
Vasilislə, Anjelikayla
çopur qayalara söykənim…
Ləpələrin tərcüməsində,
kölgələrin cütləşməsində,
qara çəkmələrimin şər sifətində
indi hekayətimi eşidin…

Hə, məndə birləşmişdi
həm İmam Mehdi, həm də İmam Hüseyn…
hə, demişdi bunu mənə,
bir madmuazel qadın-fröylen.
Ancaq mən kimsəni sevməmişdim bu yaz…
Demək, nə qədər hoqqabaz,
kəndirbaz olsam da,
öz qara əlcəyini atmışdı mənə
həyatın özü…
Triyestin küçələrindəki pişiklərin şeytan ğözü…

Triyest qazanxanalarının boz tüstüsü,
göyə qalxmağı bacarmır…
SS-çilərin “Mersedes”i yolunu azır,
bir an
şəhərin ən əclaf mənzərələrini işıqlandırır…
Axırda məni tapır…
Gözlərim bir cümlə yazır-
“Bu yaz mən heç kimi sevmədim, inan!..”
Gülləbaran başlayır bundan sonra, Anjelika,
gülləbaran…

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10