Memuar ədəbiyyatı – Kənan Hacı

10 Baxış

IGFWd0Ymjcxl

Senet.az oxucularına “Ustad” jurnalından Kənan Hacının “Tükənməz xəzinə – memuar ədəbiyyatı” adlı yazısını təqdim edir.

 Tükənməz xəzinə – memuar ədəbiyyatı

Ədəbiyyatın böyük damarına qoşulub müəyyən mənada onun tarixini yaradan memuar janrının bizdə ənənəsi yox kimidir. Ötən əsrin əvvəllərində Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq kimi mütərəqqi fikirli ziyalılar, qələm adamları bədii əsərlər yazmaqla yanaşı, həm də öz xatirələrini gələcək nəsil üçün yazıb qoymuşdular. Amma nədənsə, sovet dövründə bu ənənə davam etdirilmədi. İdeoloji basqılar, sosrealizm stereotipləri, müəyyən qadağalar o dövrün yazıçılarına öz xatirələrini riyasız-boyasız qələmə almağa imkan vermədi. Amma nə yaxşı ki, görkəmli şəxsiyyətlərimizin həyatı, mühiti haqqında onların sənət dostları, müasirləri yazıblar. Məsələn, Səməd Vurğun elə bir dövrdə yaşamışdı ki, bu zaman kəsimi Azərbaycan tarixinin ən ziddiyyətli dövrlərindən biri hesab olunur. Xalq Cümhuriyyətinin yaranması, süqutu, sovetləşmə dövrü, 37-ci il repressiyaları, Böyük Vətən müharibəsi – bütün bu tarixi hadisələr şairin gözləri qarşısında baş verib. Çox təəssüflər olsun ki, Səməd Vurğun bu dövrlə bağlı çoxlarına məlum olmayan həqiqətləri qələmə almadı. Amma onunla bağlı xatirələr nəinki bir kitaba, heç on kitaba da sığmaz. Eləcə də Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və digərləri yalnız onların bildiyi, onların şahidi olduğu hadisələri özləriylə birlikdə apardılar. Biz heç vaxt o hadisələrdən (hansı ki, bu hadisələr dövrün spesifikasını, xarakterini, mahiyyətini açmaq baxımından son dərəcə qiymətli ola bilərdi, bu hadisələrin sayəsində biz çox mətləblərdən agah ola bilərdik) xəbər tuta bilməyəcəyik.

Dəyərli qələm dostum, yazıçı Şəmil Sadiqin “Xatirə ədəbiyyatı” adlı layihəsi ədəbiyyatımız, mədəniyyətimiz üçün son dərəcə gərəkli, fundamental bir töhfədir. Qısa müddət ərzində bu silsilənin 30-dan çox kitabı nəşr edilib. İndi artıq əlimizdə zəngin bir xəzinə var. “Xatirə ədəbiyyatı” seriyasından kitabları çıxmış adamların hər biri dövlətçilik, ədəbiyyat və mədəniyyət tariximizdə xidmətləri olmuş, ideyalarından güc aldığımız, bizlər üçün, həm də gələcək nəsil üçün işıqlı yol salmış, ədəbi, ictimai fikir tarixinin panteonunda yer almış şəxsiyyətlərdir: Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliağa Şıxlınski, Cəfər Cabbarlı, Ömər Faiq Nemanzadə, Ceyhun bəy Hacıbəyli, Məmməd Səid Ordubadi, Banin (Ümbülbəni), Əziz Şərif… Bu silsilə davam edir. Sən demə, həmişə memuar ədəbiyyatının yoxluğundan gileyləndiyimiz halda əlimizin altında nə qədər yazılı xatirələr varmış. Pərakəndə şəkildə olduğundan, qəzetlərə, jurnallara səpələndiyindən, əksəriyyəti də sovet dönəmində çap edildiyindən biz bu yazıları, kitabları tam halda görə bilmirdik.

Bu kitablar bizim millət olaraq keçdiyimiz yolun maddiləşmiş formasıdır, dünənimizi bu kitablardan daha aydın şəkildə, bütün bucaqları, yönləriylə görə bilirik. Adı millətimizin tarix kitabına qızıl hərflərlə yazılmış bu görkəmli şəxsiyyətlərin hansı çətinliklərdən, məhrumiyyətlərdən keçərək xalqa xidmət etdiklərini bu xatirələr bizə danışır. Bu kitablar bizə həm də estetik yolçuluq vəd edir, ziyalı kimi yetişməyin təməllərini nişan verir, xalqa, millətə xidmətin gerçək nümunəsini sərgiləyir. Biz bu insanların yaradıcılıqdan kənardakı həyatının sirlərinə vaqif olmaqdan zövq alırıq, onların ailədə, cəmiyyətdə necə davranması, qeyri-ictimai, sosial yanları bizə hədsiz dərəcədə maraqlı görünür. Əslində, sənətkarın bütöv obrazı bu detallar vasitəsilə tamamlanır. Biz onları təkcə əsərlərindən yox, insan olaraq tanıyırıq. Sənətkarın yaradıcılıqan kənardakı yaşam tərzi bizim üçün bir örnəkdir. Üzeyir Hacıbəyli ilə bağlı xatirələr oxucuya onun bəstəkar və ictimai xadim kimi yox, insan və vətəndaş olaraq ali dəyərlərə sahib olduğunu, onun xeyirxahlığını, insanpərvərliyini, aristokratlığını, kübarlığını əyani şəkildə göstərir. Mətbuatımızın banisi “Həsən bəy Zərdabi xatirələrdə” kitabı onun cəhalətlə necə döyüşdüyünü, təmənnasız olaraq xalqın maariflənməsi yolunda çalışdığını müasirlərinin diliylə bizə çatdırır. Bir neçə il bundan öncə dünyasını dəyişmiş dəyərli ədəbiyyatşünas alimimiz, hamımızın dostu, xeyirxahı olmuş Arif Əmrahoğlu haqqında kitab da onun şəxsiyyəti və yaradıcılığı haqqında yeni nəslə dolğun, əhatəli məlumat verir. Görkəmli alimimiz, millət vəkili Nizami Cəfərovun da “Keçən günlərin dastanı” kitabı bu seriyaya qoşuldu. Bu kitabda ədəbiyyatımızda iz qoymuş görkəmli şəxsiyyətlərlə bağlı xatirələr yer alır.

Bu kitabların hazırlanmasında, toplu halında çap olunmasında əməyi keçən insanların hər biri əslində o böyük simaların varisləri hesab oluna bilərlər. Zaman gələcək, gələcək nəsil bu insanları da minnətdar duyğularla anacaq.

Bu layihədə daim sevə-sevə oxuduğumuz türk yazıçıları Əziz Nesinin xatirələri (“Belə gəlmiş, belə getməz”. Bioqrafiya. Gündəlik və xatirələr), “Sabahəddin Ali haqqında xatirələr”, Falih Rıfkı Atayın “Atanız Atatürk”, Orxan Qaravəlinin “Tanıdığım Nazim Hikmət” kitabları da türk ədəbiyyatının, mədəniyyətinin keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi baxımından əvəzsizdir. Bu kitablar küll halında, doğrudan da, zəngin bir xəzinədir. Hər kitab bir qızıl külçəsidir, oxuduqca oxucunu mənən zənginləşdirən, kamilləşdirən, şəxsiyyət olaraq formalaşdıran, dünyanın mənən ən varlı insanına çevirən bu xəzinə xərcləndikcə tükənməyən, əksinə, artan, çoxalan bir kapitaldır.

Çox yaxşı olardı ki, bu seriyadan çıxan kitabların sırasına dünya poeziyasında, nəsrində, kinosunda iz qoymuş dahi insanların, Avropa maarifçilərinin də memuarları əlavə edilsin, bu əvəzsiz layihənin miqyası daha da genişlənsin.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10