“Metakədər” oxuculara təqdim olundu

8 Baxış

1e

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı, filoloq Nargiz İsmayılovanın “Metakədər” kitabının təqdimatı olub.

AYB-dən Senet.az-a bildirilib ki, mərasimdə birliyin katibliyi, tanınmış qələm adamları, yazıçının oxucuları və media nümayəndələri iştirak ediblər.

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq N.İsmayılovanın yaradıcılığı haqqında geniş məlumat verib, onun Naxçıvan ədəbi mühitini ümumən Azərbaycan ədəbiyyatında layiqli şəkildə təmsil etdiyini vurğulayıb.

R.Məcid deyib ki, Nargiz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, ölkə Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş fərdi təqaüdünə layiq görülüb: “Nargiz xanım həm də elmi fəaliyyətlə məşğuldur. Bu, onun təqdimatında iştirak etdiyim növbəti kitabıdır. Bu münasibətlə Nargiz xanımı təbrik edir, ona yaradıcılığında yeni uğurlar arzulayıram”.

Sonra AYB-nin katibi İlqar Fəhmi çıxış edərək bildirib ki, Nargiz ədəbi yaradıcılıqda seçilən imzalardandır: “Nargiz xanım ədəbiyyatın həm elmi, həm də bədii istiqamətləri ilə eyni anda məşğul olur, onları yaradıcılığında böyük uğurla birləşdirə bilir”.

Xalq yazıçısı, akademik Kamal Abdulla Nargizin yazılarını mətbuatdan izlədiyini deyib və kitabın adına diqqəti yönəldib: “Nargiz müəllif olaraq maraqlıdır. Mən onun yazılarını izləyirəm. Kitabın adı da maraqlı və orijinaldır. Bəzən ədəbiyyatda “kədər” sözünə çox rastlasaq da, burdakı kədər başqadır. “Metakədər” kədərdən sonra deməkdir. Kitabda nikbinlik notları axtaracağam. Çünki hər insan kədəri və kədərdən sonrakı halı özünəməxsus şəkildə yaşayır. Nargiz imzası bölgələrdə də aktiv ədəbiyyatın olduğunun bir göstəricisidir”.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxışında Nargiz İsmayılovanın hər həftə qəzetə yazdığı esse və məqalələrin rezonansa səbəb olduğunu vurğulayıb: “Nargiz xırda esse və yazılarında elə dərin mətləblərə toxunur ki, bəzən başqasının bir kitabda deyə bilmədiklərini deyir. Bu, ədəbi mühitimizdə Kamal Abdulla məktəbidir və Nargiz bu məktəbin ən parlaq nümunəsidir”.

Tədbirdə İntiqam Yaşar, Varis, Qəşəm Nəcəfzadə, Gülər Abdullabəyova, Zaur Ustac, İbrahim Yusifoğlu, Çalğın Məhəmməd, Sadıq Qarayev, Nuranə Nur, Fəxrəddin Meydanlı, Aləm Kəngərli və başqa qələm adamları da Nargizin yaradıcılığı haqqında fikirlərini bölüşüb, onu yeni kitabı münasibətilə təbrik ediblər.

Sonda çıxış edən müəllif AYB rəhbərliyinə, təqdimatda iştirak edənlərə, çıxışçılara təşəkkürünü bildirib, yeni kitabına adını verdiyi “Metakədər” şeirini səsləndirib və qonaqlar üçün kitablarını imzalayıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10