Mifologiyada və şifahi xalq ədəbiyyatında qızıl almanın “sirri” – Ülviyyə Kərəmqızı

19 Baxış

 Screenshot_2016-05-16-12-49-09-1

Senet.az oxucularına “Ustad” jurnalının “Tədqiqat” rubrikasından Ülviyyə Kərəmqızının “Mifologiyada və şifahi xalq ədəbiyyatında qızıl almanın “sirri” adlı yazısını təqdim edir.

Ağac, meyvə motivi dünya ədəbiyyatında, eləcə də onun əsas qollarından biri olan Türk xalqlarının mifologiyasında və şifahi xalq ədəbiyyatına məxsus janrlarında geniş şəkildə istifadə edilmişdir. Müxtəlif missiyaları yerinə yetirən meyvələr insanların taleyinə öz təsirini göstərərək dünyanın yaranmasına, formalaşmasına, qəhrəmanların doğulmasına, onun gələcəyə doğru ruhlanması üçün toxunulmazlıq qazanmasına vasitə rolunu oynayır. Xüsusilə meyvələrin içərisində almanın məna çalarlarının və funksiyasının xalqlara və janrlara görə dəyişməsi onun din öncəsi və din sonrası qaynaqlarda dəfələrlə xatırlanmasına səbəb olmuşdur. Yer üzündə dindən öncəki təfəkkürü ifadə edən mifologiyada alma yaradılışın əsasında dayanan əsas ünsürlərdən hesab edilir.

Yunan mifologiyasına görə bütün Allahların başında Xaos dayanır. “Xaos” etimologiyasına görə fəza, heçlik və qarmaqarışıqlıq deməkdir. Belə hesab edilir ki, təklikdən yorulan Xaos dünyanı yaratmaq qərarına gəlir. İlk olaraq həyat qüvvəsini özündə birləşdirən yer (Geya) ardınca gecə (Niks), axirət (Tartar), qaranlıq (Ereb), onlardan törəyən şəffaflıq (Efir) və gün üzü (Hemer) formalaşır. Yaranan dünyanın Tanrıları Afrodit (gözəllik), Hera (evlilik, ailə) və Afinanın (müdriklik və ədalət) iştirak etdiyi məclislərin birində bura dəvət edilməyən Ereb (qaranlıq) nifaq salmaq üçün ortaya üstündə “ən gözəlinə” yazısı olan alma atır. Nəticədə üç Tanrı arasında “ ən gözəli mənəm” yarışı başlayır. Zevs bu yarışa Parisi hakim olaraq seçir. Elena adlı gözəl qadının sevgisini Parisə vəd edən Afrodit yarışın qalibi seçilir. Tanrılar arasında müharibə başlayır. Beləliklə, Qədim Yunan mifologiyasında narazılığın əsası alma ilə qoyulur. Eyni yaradılış hekayəsini türklərin “Altay-Yaradılış” dastanında da görmüş oluruq. Tanrı Qara xan təklikdən yorulduğu üçün özünə dünya yaratmaq qərarına gəlir. Və nəticədə sudan başqa heç nə olmayan boşluqda insan və onun yaşaması üçün dünya yaranır. Türk mifologiyasında, şifahi xalq ədəbiyyatı örnəklərində alma canlılıq, uzunömürlülük, yerinə görə itaət edilən, bəzən də toxunulması qadağan edilən ünsür olaraq qarşımıza çıxır. Qaynaqlarda, Övliya Çələbinin, eləcə də bir çox qədim türk səyyahlarının uyğur mətnlərinə əsaslanaraq yazıya aldığı qeydlərdə qədim zamanlarda alma ağaclarının türk döyüşçü qadınlar tərəfindən (amazonkalar) qorunduğu qeyd edilmişdir. Qoruyucu missiyanı qadının yerinə yetirməsinə dünya xalqlarının əksəriyyətinin mifologiyasında rast gəlirik. Alma qoruyucusu qadınlar əbədiliyin, almalar isə tükənməz gücün və işığın simvolu hesab edilirdi.

Alman tədqiqatçıları Karl Brockelmann ve Martin Hartman Qızıl alma və alma ilə əlaqəli düşüncələrinin Hesperidlərin qızıl almalarından gəldiyini müdafiə etmişdirlər. Herakl – qədim yunan mifologiyasının qəhrəmanı Tanrı Zevsin Alkemenadan olan oğludur. Homerin “İlliada” poemasına əsasən Herakl, Alkid adı ilə doğulsa da, sonralar “Herakl” adı ilə adlandırılmışdır. Onun haqqında olan rəvayətlərin ən məşhuru “Heraklın on iki qəhrəmanlığı” hekayələr silsiləsidir. Onun on birinci qəhrəmanlığı isə “Herakl dünyanın o biri başına gedib Hesperidlərin almalarını əldə edir” kimi tanınır.

Dünya qaynaqları da daxil olmaqla qədim döyüşçü qadınlar türk hesab edilir. Bədii qaynaqlarda olduğu kimi, kimmer, skif, sak, alban tarixi ilə bağlı məlumatlarda da bu nüansa rast gəlinir. XII əsr Nizami Gəncəvinin “İskəndərnamə” poemasının “Şərəfnamə” hissəsində Nüşabənin idarə etdiyi dövlətin təsvir edilməsi buna əyani sübut olaraq verilə bilər.

Ümumiyyətlə, alma motiv olaraq Türk xalqlarının şifahi xalq ədəbiyyatının janrlarında geniş şəkildə istifadə edilmişdir. Janrlar dəyişdikcə almanın yerinə yetirdiyi funksiya da buna uyğun olaraq dəyişir. Yəni mifologiyada “qadağan edilmiş ağacın meyvəsi”, müqəddəs kitablarda “cənnət ağacının bəhrəsi”, dastanlarda “zürriyyət simvolu”, nağıllarda “gözəllik, uzunömürlülük vasitəsi”, türkülərdə “sevgiliyə sevgi bəyanı”, bayatılarda “sevgilinin sevgiliyə qovuşma ümidi” olaraq qarşımıza çıxır. Qırğızlara məxsus Türk dünyasının həcmcə ən böyük dastanı olan “Manas”da da alma motivi mövcuddur. Manasın atası Qara xanın oğlu Çakıb xan Heydər xanın qızı Çıyırdı ilə evlənir. On dörd il keçməsinə baxmayaraq, uşaqları olmur. Çakıb xan bunun günahını həyat yoldaşında görür və onu müqəddəs yerləri ziyarət etməməkdə və almalığa yuvarlanmamaqda günahlandırır. Xanın qadını yuxuda müqəddəs kişi tərəfindən alma aldıqdan sonra hamilə qalır və Manas doğulur. Bu motivi “Şah İsmayıl” dastanı da daxil olmaqla “Tahir və Zöhrə”, “Lətif şah”, “Nəcəf və Pərzad”, “Şahzadə Bəhram”, Türkiyə türklərinə məxsus olan “Seyyid Battal Qazi” , “Əsli və Kərəm” dastanlarında da görə bilirik. Nəzərə alsaq ki, dastanlar miflərə və qədim inanclara əsaslanan xalqın təfəkkürünün təzahürüdür, bu da bizə almanın motiv olaraq türklərin tarixində daha qədim olduğunu sübut edir.

Almanın, ağacın kult olaraq ideallaşdırılması və onun mistikasına olan inanc türklərin dövlət qurmaq, dünya idarə etmək iddiası ilə bir araya gəlmiş, nəticədə “Qızıl alma” ifadəsi ortaya çıxmışdır. “Qızıl” kəlməsinə ilk olaraq Göytürk kitabələrində Bilgə Tonyukuk adına olan yazılarda rast gəlinir. Orada onun qızıl qanını tökdü mənasında “Kızıl kanını tükti” verilir. Mahmut Kaşğari XI əsrin türkçəsində “kızıl benizli” ifadəsini yanağın qırmızılığı kimi istifadə edildiyini göstərirdi. “Qızıl alma” ifadə forması olaraq türklərin xüsusi ilə Oğuz türklərinin arasında cahan hakimiyyətinin simvolu olaraq işlədilir. Qədim elxanlıqlardan sonra unudulmağa doğru gedən Qızıl alma ideyası Osmanlı imperiyasının qüdrətli zamanında yenidən türklərin lüğət tərkibinə və psixologiyasına geri qayıdır. Türklərin əsrlər boyu sarsılmaz istəyi olan cahan hakimiyyətinin bədiiləşmiş forması, folklorda və mifologiyada geniş istifadə edilən almaya əlavə məna çalarları qazandırdı. Yerli əhali və ordu daxilində dillərdən düşməyən Qızıl alma bütün Türk dünyası tərəfindən həyəcanla qarşılanmış, cəmiyyətin tarixinə və milli-mənəvi kimliyinə olan yadlığını aradan qaldırmağa, tarixdəki bir sirri ortaya çıxartmağa xidmət etmişdir. Türklər dünyanı ələ keçirmək uğrunda mübarizələrini davam etdirərkən xəyallarında çatmağa çalışdıqları ideal dünyaya “Qızıl alma” deyə ad vermişdilər. Əgər Qızıl almanın konkret hansı mənalar ifadə etdiyini təhlil etsək, belə təsnif edə bilərik:

– Mütləq dünyanın, cahan hakimiyyətinin simvoludur;

– Haqqın (Tanrının) zamanın qüdrətli türk hökmdarını göndərdiyi yerdir;

– Türkün arzusunda olduğu və qədim zamanlardan bu günə qədər gerçəkləşdirməyə çalışdığı idealdır;

–Sirri açıqlana bilməyən, haradan gəlməsi məlum olmayan ilahi şifrədir;

– Milli mənəviyyat, milli əxlaq, milli kimliyin bütünləşmiş ifadə tərzidir;

– Türkün mənəvi hədəfidir, türkləri birləşdirən dəyərdir;

– Türkün öz nəfsindən azad olduqdan sonra Tanrı tərəfindən qiymətləndiriləcəyi hədiyyəsidir;

– Qızıl alma tarixən konkret məkanlardır: Anadolu, İstanbul, Roma, Vyana və.s;

– Türkün bütün dünyaya hökm edəcəyi mərkəzin adıdır.

Mənbə: Ustad jurnalının 8-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10