Mikayıl Müşfiqi ifrat milliyyətçi-türkçü-islamçı kimi təqdim etmək istəyirik

117 Baxış

123

Senet. az Rövşən Danyerinin tənqidçi, ədəbiyyatşünas, professor Tehran Əlişanoğlu ilə “Azərbaycanda sol ədəbiyyatı” mövzusunda müsahibəsini təqdim edir.

 

I hissə

 

– İstərdim ki, mövzumuza əvvəldən - nəzəriyyədən başlayaq. “Sol ədəbiyyat”ın konturları necə müəyyənləşdirilir? Bu cərəyanın dünyadakı təmsilçiləri kimlərdir?

 

– Bəri başdan deyim ki, bu mənim üçün çətin sualdır. Çünki özümü dünya ədəbiyyatı üzrə mütəxəssis hesab etmirəm. Ancaq sol və sağ anlayışlarının yaranması, ədəbiyyatda  necə təcəssüm tapması barədə, sözsüz ki, bizim ədəbiyyata da aid olduğuna görə, müəyyən qədər bilgilərim var. Ümumiyyətlə, soldan, sağdan gəlişmə deyiləndə bəzi konkret məqamlar nəzərdə tutulur. Soldan gəlişmə inqilaba, dəyişməyə, inkişafa, tərəqqiyə doğru hərəkatdır. Sağdan gəlişmə isə, pozitiv mənada ənənəyə, dəyərlərə dönüşdür. Bu proses mənfi çalar alanda isə konservasiya, konservatizm kimi ortaya çıxır. Hər iki qütb ifrata varanda neqativlər baş verir. Sol hərəkatlar ifrata gətirəndə buna artıq solçuluq deyirik. Tarix göstərir ki, mədəniyyətlərin inkişafında hər iki tərəf xüsusi rol oynayıb. Sadəcə olaraq XX əsrdə bu adı alıblar. Bu sözsüz ki, ictimai-siyasi həyatda olan hadisələrlə bağlıdır. Bu əsr başdan-ayağa inqilabi dəyişkənliklər əsridir. Təkcə siyasi həyatda yox, elmdə, mədəniyyətdə, ədəbiyyatda da bu belədir. Dünya ədəbiyyatında XX əsr özünü modernizmin gəlişi ilə göstərir. Bilirsiniz ki, modernizmin ruhunda köhnəliyə, ənənəçiliyə qarşı mütləq şəkildə yenilik gətirmək prinsipləri durur. Sənətdə daim yenilənmə, köhnənin inkarı ideyası var. Buna görə də modernizm cərəyanları əksərən sol hərəkat kimi gəlişir. Modernizm XIX əsrin ikinci yarısından simvolizmdən başlayıb, impressionizm, kubizm, futurizm və s. ta ki, XX əsrin ortalarında ekzistensializmə qədər sənətdə sollaşma meyillərini özündə əks etdirir. Sağdan da hərəkat ondan ibarətdir ki, ifrat cərəyanlaşma milli mədəniyyətdə dağıdıcılığa gətirib çıxaranda, mədəniyyətin özünü qoruma, saxlama instinktləri işə düşür, dəyərlər konservasiya olunur, ifratlar rədd olunurdu.

 

– Belə bir fikir var ki, yaxşı ədəbiyyat həmişə sola meyl edir. Bu deyimlə razısınızmı?

 

– Bu fikirlə razılaşmaq olar. Sənətin, ədəbiyyatın özündə bir müxaliflik ruhu olur. Müxalifliyin özündə sola meyl aşkardır. Gerçəklərlə barışmayıb daha çoxa nail olmaq istəyidir bu. Ədəbiyyat da ideyalar məcmusudur. Daima ideyalar irəli sürülür. Bu da həyatı dəyişdirməyə yönəlir. Daha yaxşı, daha mükəmməl həyata nail olmaq missiyası daşıyır sənət. Əgər soldan gəlişmə olmasa, konservativləşmə prosesi gedəcək, özündən razılıq yaranacaq. Bu da ki, son halda inkişafın qarşısını alacaq, kirəcləşməyə gətirib çıxaracaq. Ona görə də soldan hərəkatın olması çox vacibdir. Bir şərtlə ki, ifrata varmasın. Bəzən sol hərəkatlar ifrata gətirib çıxarır və mümkün olandan  artığına nail olmaq istəyir, yaxud da mahiyyəti düzgün əks etdirmir. Bu halda da sağ gəlişmələr meydana çıxır. Sağ gəlişmənin də olması vəziyyəti öz axarına salmağa kömək edir.

 

– Bəs SSRİ qurulmamışdan əvvəl və sonrakı dövrlərdə sol ədəbiyyatı özünü necə göstərirdi? Bu ədəbiyyatın nümayəndələri kimlər idi?

 

– Mirzə Fətəli Axundovun ictimai fikirdə və ədəbiyyatda başlatdığı islahatları soldan gəlişməyə misal çəkmək olar. XX əsrin əvvəllərində “Füyuzat”çılıq və “Molla Nəsrəddin”çilik hərəkatları yarandı. Bunların özü soldan gəlişən hərəkatlar idi, Şərq ətalətinə qarşı durmuşdu, Şərqi diriltməyə hesablanmışdı. Hər ikisi də mədəniyyətimizi irəli apardı. Sosialist inqilabını əslində XX əsrin özü yaratdı. Kapitalizm imperializm səviyyəsinə çatmış, böhranlar baş qaldırmış, böyük ziddiyyətlər yaranmışdı. Kapitalizm qanunları artıq dünyanı idarə edə bilmirdi. Ona görə də yüz ilə yaxın idi ki, dünyanı dolaşan kommunist ideyaları nəzəriyyədən praktikaya keçməyə başladı. İnqilabi ideyalara yiyələnən qüvvələr bunu müxtəlif ölkələrdə həyata keçirməyə başladı. Əslində SSRİ bu sahədə yeganə deyildi. Avropada da bu tip quruluşlar meydana çıxırdı. Leninin davamçılarından olan Trotiski hətta sol ideyaların bütün dünyanı bürüyəcəyinə inanırdı. Yəni inqilab durmadan davam edəcəkdi və kapitalizm quruluşunu tamamilə dəyişəcəkdi. Bu ideyalar o zaman ifrata vardı ki, cəmiyyətlər hazır olmadığı halda belə məcburən yeridilirdi. Hər yerdə aşağıdan olan siniflərin hakimiyyətini qurmağa çalışırdılar. Bu da istər-istəməz böyük qan-qadaya, dağıntılara gətirib çıxarırdı. Sözsüz ki, ədəbiyyat, sənət həmişə mənəvi ideyaları dəstəkləyir, gerçəklərdə törətdiyi ifratları yox. Sol, ya sağ baxışları ifadə etməsindən asılı olmayaraq, ədəbiyyat heç vəchlə anti-humanist aktları dəstəkləmir.

 

-Bəs bizdə?

 

-1920-1930-cu illərdə bizdə sol hərəkat mədəni inqilab adı ilə gerçəkləşmişdir; sovet dönəmində buna birmənalı olaraq pozitiv hadisə kimi yanaşırdıq: ictimai şüurun sürətlə, inqilabi şəkildə dəyişməsi, kütləvi maariflənmə, icbari təhsil, görünməmiş miqyasda mədəniyyət quruculuğu: teatr, sənət, musiqi, kino, ədəbiyyatın xalqın, cəmiyyətin xidmətinə verilməsi… İndi isə mədəni inqilabın əks-nəticələrini qabartmağa çalışırıq: milliyyətçiliyə, türkçülüyə, islami dəyərlərə qarşı kəskin kampaniyalar, ictimai şüurda repressiv mexanizmlərin işə düşməsi… Hardadır əsl həqiqət? Axı hər iki mövqedə həqiqətlər var. Odur ki, sol ideyaların mahiyyətinə varmaq, harda, hansı məqamda ifrat solçuluqla nəticələnməsini sadəcə ayırd etmək lazımdır. Ən uyğun misal Mikayıl Müşfiqin yaradıcılığıdır. Bu gün bəzən müstəqillik illərinin eyforiyasına dalaraq, Mikayıl Müşfiqi bir parçası olduğu sosializm həyatının içərisindən çıxarmaq, ifrat milliyyətçi-türkçü-islamçı kimi təqdim etmək cəhdləri hiss olunur. Bu, tamamən diletant yanaşmadır. M.Müşfiq də yeni cəmiyyətin digər şairləri S.Rüstəm, S.Vurğun, R.Rza kimi başdan-başa yeni həyatın tərənnümünə köklənmişdi: “Mənim könlüm deyir ki, / hələ bunlar nədir ki, / Böyük günlər, şanlı günlər, şən günlər/ Yoluna düşən günlər/ hələ qarşımızdadır”. Sadəcə sol ideyaların mahiyyətini Müşfiq daha doğru anlayır, özünü heç də Ə.Cavada, H.Cavidə qarşı qoymur, onların davamı olduğunu dərk edir, daha da sabahları görməyə çalışırdı. Odur ki, “Rədd olsun romantizm!”, “Rədd olsun Füzuli!” deyənlərə qoşulmur, əksinə deyirdi ki: “Özümüzü əyməyəlim, Füzuliyə dəyməyəlim”. Tara qarşı kampaniya başlayanda protestlə qarşılayırdı. Əslində, həmin kampaniyalar da heç də boş-boşuna deyildi. İfrat sola aşiq olanlar belə hesab edirdilər ki, biz dünənimizə, ənənəvi atributlarımıza çox bağlı olsaq, dünyada gedən inkişafdan geridə qala bilərik. Məsələn, Mustafa Quliyev, Süleyman Rüstəm, müəyyən məqamlarda Mikayıl Rəfili belə düşünürdü. M.Müşfiq “Oxu tar” şeirini yazmaqla, ifratçıları tərk-silah edirdi: “Mən səndə/ istənən havanı/ çala da bilərəm” deyirdi. Üzeyir Hacıbəyov tarı orkestrə salır və bunu əyani sübut edirdi. Yəni əslində, günah heç də ideyalarda yox, onların yanlış dərkində idi. C.Cabbarlının formulə etdiyi: “Həyatda inqilab, məişətdə inqilab, şüurlarda inqilab!” – permanent inqilab ideyasının nəyi pisdir ki. Müqayisə etsək: “Dildə, fikirdə, işdə birlik!” ideyasından niyə geri olsun ki?!

 

– Bir də “kolxoz ədəbiyyatı” anlayışı var. Bəzən sol ədəbiyyatla bunu qarışdırırlar da.

 

– Kolxoz ədəbiyyatı anlayışının özü qüsurludur. Belə bir ədəbiyyat yoxdur. Var sosializm realizmi ədəbiyyatı. Bu da 1920-1930-cu illərdə formalaşmış bir ədəbi cərəyandır; prinsipləri, estetikası olan ədəbiyyatdır. Həmin prinsipləri bilmək sos-realizm ədəbiyyatını dövrün konyukturasından ayırıb-qiymətləndirmək üçün lazımdır. Əsl ədəbiyyatın isə hansı “izm”ə aid olmasının, sağ yoxsa sol baxışlarla yaradılmasının elə bir əhəmiyyəti yoxdur. O ki “kolxoz ədəbiyyatı” deyirsiz, ədəbiyyata yox, olsun ki, sovet dönəminin konyukturlarına dəxaləti var…

 

– Bu nümunələrə kimləri aid etmək olar?

 

– Bütün sovet dönəminin kolxoz, kənd həyatı mövzusunu işğal etmiş xalturaçılarını. Amma bunun ədəbiyyata nə dəxli? Gəlin mən sizə sosializm realizmi adlandırılmış ədəbiyyatdan misallar söyləyim. Elçin “Sosrealizm bizə nə verdi” əsərində sosrealizmin neqativləri ilə yanaşı, pozitivləri sırasında cərəyanın bizdə roman janrının təşəkkülünə verdiyi töhfələrdən danışır. Bu bir həqiqətdir. 1930-cu illərdə bizdə inqilabi roman deyilən bir roman tipi yarandı və inkişaf etdi. Janrın fəlsəfəsi milli varlığı əsri bürümüş inqilabi ideya və hadisələrin işığına tutmaq, inkişafa müncər etmək idi. S.Rəhimovun “Şamo” və “Saçlı”sı, Mir Cəlalın “Dirilən adam” və “Bir gəncin manifesti”, M.S.Ordubadinin “Gizli Bakı” və “Döyüşən şəhər”i, Ə.Məmmədxanlının “Burulğan” və “Bakı gecələri”, M.İbrahimovun “Gələcək gün” və “Böyük dayağ”i,  Mehdi Hüseynin “Abşeron” və “Qara daşlar”ı, hətta İ.Əfəndiyevin “Söyüdlü arx” və “Dağlar arxasında üç dost” romanlarınacan, bütöv bir dövr ərzində, 1930-1960-cı illərdə həmin  ideyaların qanadlarında irəli gəlmiş əsərlərdir. Mən sosrealizm nəsrinin ən yaxşı nümunələrinin adını çəkdim. O ayrı məsələdir ki, janrın imkanlarına hansı yazıçı nə qədər mükəmməl nail ola bilirdi. Məsələn, məşhur “Şamo”da inqilab ideyalarının özü maraq doğurmur ki, inqilabi proseslərin uzun-uzadı təsviri romanın ən darıxdıcı hissələridir, inqilabçı Şamo obrazı da çox sxematikdir. Məhz ona görə ki, milli həyatda zəmini yoxdur. Romanın bugün də maraq doğuran tərəfləri patriarxal kəndin inqilabi tədqiqidir, bu ideyalara nə qədər davamlığını üzə çıxarmasıdır, kəndli obrazlarıdır, milli psixologiyaların təsviridir. Romanı oxuduqca görürük ki, patriarxal həyatda inqilabi ideyalar yerimir…

 

– Ancaq belə deyilir ki, Azərbaycanda yazıçılar daxilən sol ideyaların daşıyıcısı olmayıblar. Sadəcə olaraq hakim ideologiyaya yarınmaq məqsədi ilə, onun cəza sistemindən can qurtarmaq üçün bu tip əsərlər yazırdılar.

 

– Baxır hansı şair və yazıçı bu ideyalara nə qədər yiyələnib və ümumən yiyələnə bilibmi? Gətirdiyim misallar da onu deyir ki, ümumən ədəbiyyatımızda sosrealizm cərəyanı deyilən bir hadisə olub da, nümunələr də ortaya qoya bilib. O ki, qaldı hakim ideologiyaya yarınmağa, kim deyir ki, 1930-cu illərdən ədəbiyyatı qatı nəzarətə götürmüş sovet ideologiyası gerçəkdən də sol ideyaların daşıyıcısı idi? Əksinə, stalinizm deyilən hadisə özünü və hakimiyyətini qorumaq niyyətilə sağdan başlayan proses idi, həqiqi sol ideyaların üzərinə gedir, onu təhrif etməklə məşğul idi. Çünki məqsəd heç də təmiz kommuzim ideyaları yox, onun SSRİ-də törəmiş hakimiyyət təzühürünü qorumaq idi. Corc Oruelin məşhur “Heyvanıstan” əsəri sosializmə parodiya olan bu mənzərəni alleqorik şəkildə gözəl ifadə etmişdir. Ümumən dünyanın bir çox sol düşüncəli yazıçıları 1930-cu il repressiyalarına qədər hələ ki SSRİ-də gedən kommunist hərəkatına maraqla baxır, buna kapitalizm böhranından çıxış yolunu göstərən eksperimentlərdən biri kimi qiymət verirdilər. O cümlədən, B.Şou, R.Rollan, N.Hikmət, L.Araqon, Andersen-Nekse, Malro, Feyxtvanger və s. Bəziləri hətta  SSRİ-də olmuş, ölkədəki nəhəng quruculuq atmosferindən vəcdə gəlmişdilər. Amma elə ki, 1930-cu illərin ikinci yarısında stalinizmin mahiyyətinə vardılar, onu ifşa etməyə başladılar. Məsələn, “SSRİ-yə səfərdən sonra əsərinə düzəliş”də Malro etiraf edirdi ki, biz orda fəhlə-kəndli hakimiyyəti əvəzinə məmur hakimiyyəti gördük… Belə ki, sovet ideologiyasını birmənalı şəkildə sol ideyalara yozmaq yanlışdır. Yoxsa ki, M.Müşfiq və onlarla digər sosializmi dəstəkləyən ədiblər niyə repressiyaya uğradılırdı? Ümumən 1930-1950-ci illərdə ədəbiyyatın üzərində nəzarət, repressiv mühit heç də sol gəlişmə, hətta solçuluq deyildi. (İfrat solçuluq olmuşdu 1920-ci illərdə). Aşkar sol ideyaların üzərinə yerimək demək idi. Məhz buna görə dünya kommunist hərəkatında SSRİ-yə inam zəifləmişdi, hətta fransız kommunistləri ondan üz döndərmişdilər… Bəs onda soruşa bilərsiz, sosrealizm ədəbiyyatı hansı sol ideyalardan ilhamlanırdı?

 

– Aha…

 

- Hər halda, sizin dediyiniz, reaktiv bir hökumətdən, hakimiyyətin direktivlərindən yox! Həmin direktivlərin ədəbiyyata nə qədər ziyanlar vurduğunu, inkişafına mane olduğunu oxuyanlar yaxşı bilir. Sosrealizmin ən yaxşı nümunələri heç də direktivlərdən yox, ona müqavimətdən yaranırdı. Ümumi kommunizm idealına tapınmaqdan ilham alırdı. Dövrün irəli sürdüyü ideyaların işığı, romantikası o qədər güclü idi ki, yazıçılar gerçəklərdən daha çox ideyadan, romantikadan yapışanda nəsə yarada bilirdilər. Hakimiyyətə tabe olanda isə sözsüz ki, sxematik və gülünc “saray ədəbiyyatı” yaranırdı. “Böyük Kommunizmin sabahına mən, sadə xatirə tək gəlməyəcəyəm…” – deyən Səməd Vurğun da kommunizmin sabahına inanırdı, “Çağırdım, ey qardaşlar! / -Qardaş! – deyə, səsləndi min bir ağız…” – deyən Rəsul Rza da, 1960-cılara və hətta 1970-ci illərə qədər bir çox digər sosrealistlər də… Sovet sistemində, qapalı sosializm məkanında elə bir siyasi illuziya yaradılmışdı ki, sanki dünyanın o biri tərəfində, kapitalizm dünyasında mənfur kapitalizmin caynağında məhv olan bir cəmiyyət mövcuddur. Yəni dünya – iki sistem arasında bir yarış meydanına çevrilmidi. Bizim yazıçılarımız da bundan ilhamlanırdı və dünyanın sabahını komunizm ideyalarında görürdülər. Ancaq gerçəkliklər tamamilə fərqli idi.

 

– Onda belə çıxır ki, 60-cılar hərəkatını sola aid etməliyik.

 

(ardı var)

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10