Milli Azərbaycan Tarixi Muzeyində unikal eksponatlar- FOTO

3 Baxış

Son illərdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondu unikal arxeoloji tapıntılarla zənginləşir. Arxeoloji qazıntılar və təsadüfi tapıntılar zamanı əldə olunan antik qadın bəzək əşyaları Azərbaycanın qədim tarixini, maddi-mədəniyyətini əks etdirən nadir  bədii metalişləmə nümunələridir.

Muzeydən açıqlanan məlumata görə, muzeyə qəbul olunan antik eksponatlar Şirvan bölgəsinin Nərgizava abidəsindən tapılmış, qadın bəzək nümunələri olan metal bilərziklərdən ibarətdir. Muzeyin Arxeologiya Fondunun müdiri, arxeoloq Nasir Quluzadənin dediyinə görə, bu bilərziklər tuncdan olub, Nərgizava nekropolunu e.ə. III-II əsrlərini əhatə edir. Bilərziklərdən maraq doğuran birinin sonluğunun əjdaha və ya yırtıcı heyvan başı ilə tamamlanmasıdır. Əldə olunan antik bilərziklər elmi cəhətdən tədqiq olunmuş, hal-hazırda Muzeyin Arxeologiya fonunda qorunub saxlanılır.

Bu bədii metalişləmə nümunələri antik dövrdə Şirvan sənətkarlığının inkişaf etdiyini sübut edir və Azərbaycanda bədii metalişləmə sənətinin inkişaf tarixini öyrənmək üçün dəyərli mənbə rolunu oynayır.