“Milli irs” mükafatı sahiblərinə təqdim olunub

4 Baxış

15240592944297538431_1000x669

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS – International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün hər il ölkəmizdə də geniş qeyd olunur. Bu münasibətlə mədəniyyət qoruqlarında, tarixi yerlərdə “açıq qapı” günləri keçirilir, yeni layihələr təqdim edilir, abidələrin qorunmasının təbliği məqsədilə tədbirlər təşkil olunur.

AZƏRTAC xəbər verir ki, aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs” mükafatının təqdimat mərasimi olub.

Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Mədəni irs” adlı fotosərgi ilə tanış olublar. Sonra ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı maarifləndirici videoçarx nümayiş edilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin böyük təzahürüdür: “ Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel “açıq qapı” günü elan olunur”.

Nazir vurğulayıb ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirirlər.

Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Təkcə onu qeyd etmək yerinə düşər ki, bu ilin martın 25-də Prezident İlham Əliyev əsaslı şəkildə bərpa olunan “Allah-Allah” türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da isə Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”ın təmir-bərpadan sonra açılışı reallaşıb.

Ə.Qarayev söyləyib ki, ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Diqqətə çatdırılıb ki, son illərdə xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. “İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Qədim abidələrin, tarixi məkanların xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçün də çox böyük əhəmiyyət kəsb etdiyini deyən nazir son vaxtlar ölkə Prezidenti tərəfindən tarixi-mədəni irsin qorunması ilə bağlı imzalanan fərman və sərəncamların önəmini vurğulayıb. Bildirib ki, milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə bundan sonra görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir: “Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

“Bu sırada Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətini qeyd etmək istərdim. Dövlət tərəfindən tarixi abidələrə diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır. Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan artıq dərəcə xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar. Yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, siz tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Həmin tikilən abidələr ola bilsin ki, 200 il sonra dağıdıla bilər”, – deyə Ə.Qarayev vurğulayıb.

Əbülfəs Qarayev sonda mədəni irsimizin, abidələrin, tarixi yerlər və muzeylərin təbliği istiqamətində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib.

Mərasimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova mədəni irsin və tarixi abidələrin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur. Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində görülən işlərə toxunan alimlər bu yöndə həyata keçən layihələrdən bəhs ediblər.

Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” bu sahə üzrə fərqlənmiş şəxslərə təqdim olunub. Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Xalq Rəssamı Cəlil Hüseynov, Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru Qəhrəman Ağayev, Azərbaycan irsinin təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Memarlar İttifaqı “Milli irs” mükafatına layiq görülüb.

Mədəni irsin qorunması və təbliğindəki xidmətlərinə görə, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, mədəni irsin qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun bərpaçı rəssamı Məhəmməd Əhmədov, Bərdə rayonunun abidə mühafizəçisi Lalə Məmmədova, Şamaxı rayonunun abidə mühafizəçisi Yasin Nuriyev və Masallı rayonunun abidə mühafizəçisi Elşad Mənsimov Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10