Milli Kitabxananın (adları yazılmayan) heykəlləri

178 Baxış

485359_505855186145803_251829611_nRövşən Yerfi

 

Bakı şəhərində memarlıq və arxitektura baxımından təkrarsız gözəlliyə malik binalar çoxdur. Onlardan eyvanlarında və ya fasadlarında görkəmli şəxslərin heykəlləri olan cəmi iki bina var: Nizami adına ədəbiyyat muzeyi və Azərbaycan Milli Kitabxanası.

Bunlardan birincisi – ədəbiyyat muzeyinin fasadında Azərbaycan ədəbiyyatının altı korifeyinə abidə ucaldılmışdır.  Həmin abidələr Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə, Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlıya aiddir.

Bir xoş cəhət də bu heykəllərin altında uzaqdan oxunulması mümkün olan adlarının yazılmasıdır. Adların belə yazılması onların kimə  məxsusluğunu xüsusilə gənc nəsilin öyrənməsi üçün böyük əhəmiyyəti var. Amma, təəssüf ki, Milli Kitabxananın eyvanında qoyulan heykəllərdə bu məsələyə əhəmiyyət verilməyib.

Yeri gəlmişkən qeyd edim ki, sovet dövründə inşa edilmiş, 1961-ci ildə qapılarını oxucuların üzünə açmış bu kitabxana binası şəhərimizin ən gözəl arxitekturalı binalarından biridir. Yadımdadır ki, 90-cı illərə qədər burada heykəllərin sayı doqquz ədəd idi. Onlar binanın yalnız ön tərəfindəydilər. Müstəqillik illərində isə kitabxananın Rəşid Behbudov küçəsinə baxan eyvanlarında da daha altı heykəl qoyuldu və sayı on beşə çatdırıldı.
Bildiyimə görə bu heykəllərin içərisində təkcə şairlər, yazıçılar deyil, alimlər, ictimai xadimlər, sənət insanları da var. Həm də sovet dövründə qoyulanların arasında öz xalqımızın nümayəndələrindən savayı digər millətlərin də nümayəndələri var. (Hətta onların sırasında – Maksim Qorkinin yanında üzdəniraq qonşularımızdan olan bir yazıçının heykəli də olubmuş…)
Hər dəfə heykəllərə tamaşa edərkən onların kimə məxsusluğunu bilmək üçün adları yazılmadığından bənzətmə qaydası ilə təqribi müəyyənləşdirməyə çalışmışam. Ancaq həmişə də ürəyimdə nigaran qalmışam: görəsən düzmü tapdım? Misal üçün ön tərəfdə birinci olan Nizami ilə sonuncu dayanan Səməd Vurğunu tanımaq asandır, Gəl ki, Nizaminin yanındakı heykəli Vaqifə və ya başqasına oxşatmaq çətindir. Burada da bir qadın heykəli var. Bilmədiyin üçün “bu heykəl də görən Natəvanındırmı”, – düşünməli olursan.    mkxana

Bir gün maraq üçün kitabxananın qarşısında dayanıb gəlib-gedən cavanlardan, tələbələrdən də heykəllərin kimə məxsusluğunu, oxşadığını öyrənməyə cəhd etdim. Soruşduqlarımın böyük əksəriyyəti tanımadıqlarını, ayırd etməkdə çətinlik çəkdiklərini bildirdilər.
Əgər bu heykəlləri tanımayacaqlarsa, kimliyini bilməyəcəklərsə belə olan təqdirdə onların bura qoyulmasının nə mənası var? Heykəllərin kimə aidliyini dəqiqləşdirmək marağı xatirinə  məcbur olub köməklik üçün Milli Kitabxananın əməkdaşlarına müraciət etdim. Məlum oldu ki, ön tərəfində ucalan heykəllərin sahibləri bunlardir: Nizami Gəncəvi, Şota Rustaveli, Puşkin, Məhsət Gəncəvi, Mendeleyev, Həsən bəy Zərdabi, Maksim Qorki, Üzeyir Hacıbəyli, Səməd Vurğun.

Yan tərəfdə sonradan əlavə edilən heykəllər: Bülbül, Niyazi, Rəsul Rza, Mirzə Ələkbər Sabir, Əcəmi Naxçıvani və Sultan Məhəmməd.

Sonuncunun kimliyi təhsillilərimiz içərisində belə az tanındığından bildirim ki, Sultan Məhəmməd XVI əsrdə yaşamış rəssam, Təbriz miniatur məktəbinin banisidir.

Əməkdaşlarla söhbət zamanı aydın oldu ki, heykəllərin aşağısına adlarının qeyd edilməsi heç də asan məsələ deyilmiş. Bunun üçün gərək Nazirlər Kabineti səviyyəsində razılıq alınmalı, qərar hazırlanmalı, sonra da icrasına başlanılmalıdır. Bəs bu nə zaman baş verəcək, məlum deyil.

Hələlik isə bu heykəllərin qarşısından hər gün yüzlərlə insan onlara əhəmiyyət vermədən keçir, qayğılarının ardınca tələsirlər…

Adların yazılmaması kiməsə adi, vacib olmayan iş kimi görünə bilər. Amma yazılarsa bu insanların düşüncəsində elmə, sənətə verilən dəyərə diqqətin artmasına kömək edər.

 

 

 

 

 

 

Bölmə : Rövşən Yerfi
KÖŞƏ YAZARLARI
TOP 10