Milli məfkurədən müstəqil dövlətə – Elnarə Akimova

21 Baxış

author_30

Bu günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabında yer alan filologiya elmləri doktoru Elnarə Akimovanın “Poeziyada Heydər Əliyev idealı” oçerkindən bir parçanı ixtisarla “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirik.

Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Milli müstəqilliyi qazandığımız 90-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır. Dəfələrlə qeyd etmişdir: “… ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə, bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur.” Ona görə də ədəbiyyat məsələləri ümumilli liderin apardığı siyasi xəttin tərkib hissəsi olmuş, onun ədəbi-tarixi yaddaşı qorumaq amalı bütün fəaliyyəti dövründə funksionallığını itirməmişdir. Akademik Nizami Cəfərovun təbirincə desək, “Heydər Əliyevin ziyalı siyasəti onun siyasətindəki ziyalılığın birbaşa davamı idi…”.

Hakimiyyətdə olduğu bütün dönəmlər onun poeziyaya, şeirə, sənətə olan sevgisi kimi qabarıq önə çıxır. Və yalnız təzahür olaraq hasilə gəlmir, konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Heydər Əliyev xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli kimlik və mənlik qürurunun gizləndiyi, ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə ehtiva olunduğunu bilirdi. “Ən çox sevdiyin şair kimdir?” sualına Şəhriyar, ən çox sevdiyin şeir hansıdır” sualına isə Səməd Vurğunun “Azərbaycan” şeiri deyə cavab vermişdir. Əslində, onların hər ikisi böyük öndər üçün Azərbaycan demək idi. Onun Şəhriyar sevgisi də, Səməd Vurğunun “Azərbaycan” şeirinə kövrəlib ağlaması da, Hüseyn Cavidin nəşinin vətənə qaytarılma fədakarlığı, onlarla sənətkarımıza qoydurduğu abidələr, keçirtdiyi yubiley tədbirlərinin də əsas xətti millətə yönəlik olan sevginin gücünə söykənirdi: “Heydər Əliyev Azərbaycanın gücüdür. Rəmz və əks deyil. Gücün özüdür. Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” – deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Ona qədər Azərbaycan tarixində belə bir siyasi kontekstin olmadığı hər kəsə bəllidir” (Azər Turan).

Heydər Əliyevin poeziyada obrazı hakimiyyətdə olduğu iki fərqli mərhələdə fərqli statuslarda poetik dövriyyəyə gətirilir. Birinci mərhələdə Heydər Əliyev daha çox siyasi xadim olaraq quruculuq lideri, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi olaraq irəli çəkilir. Bunu görkəmli liderin fəaliyyətindən bəhs edən bütün müəlliflər birmənalı şəkildə vurğulayırlar: “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını o, hələ keçmiş sovet hakimiyyəti illərində formalaşdırmışdı. Zəngin dövlətçilik təcrübəsi və geniş milli dünyagörüşə malik dövlət xadimi olması, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörənliyi hələ Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə Heydər Əliyevin siyasi liderlik istedadını Azərbaycan cəmiyyətinə və dünyaya təqdim etmişdir” (İsa Həbibbəyli). Bu dövrdə Heydər Əliyevin obrazı ondan hansı məzmunda danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik və özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq. 1969-82-ci illər sovet imperiyası daxilində həm də milli varlığın idrak məqamıdır. Heydər Əliyevin həmin dövr fəaliyyətinə həsr edilmiş bir çox yazılarda bir məsələyə aydın işarələr var. 1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan xalqının milli kimliyinin və müəyyənliyinin  dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genefondun varlıq göstəriciləri olmaları işinə sərf elədi. N.Gəncəvinin, İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları sovet epoxası daxilində ağlasığmaz əzmkarlıqdan hasilə gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. Mədəniyyət, elmin və ədəbiyyatın yenidən qurulması prosesi başlanmışdı. Əbəs deyil ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 90-ci illərdə ondan bəhs edilən məqamlar məhz liderin hakimiyyət dövrünün birinci mərhələsindəki quruculuq proseslərinə dayaqlanırdı: “Ölkə həyatının elə bir sahəsi yox idi ki, 1969-cu ilin iyulundan sonra ciddi dəyişikliklərə məruz qalmasın, sözün həqiqi mənasında yenidən qurulmasın, möhtərəm Prezidentimizin müdrik dövlətçilik təfəkkürü süzgəcindən keçirilərək millətin və dövlətin tələblərinə cavab verici bir şəklə salınmasın” (Ramiz Mehdiyev).

Necə ola bilirdi ki, Heydər Əliyev sovet hökumətinin mərkəzi tribunasından sözünü xalqa ünvanlayırdı, onun dəyərlərini qoruyurdu, milli heysiyyatını uca tuturdu?! Axı kim dana bilər, toxunduğu bütün məsələlərdə liderin fəaliyyəti poeziyanın o zamankı dalğasından azadlıq anlayışının oyanışı kimi keçir. Bu dövr poeziya nümunələrində Heydər Əliyev obrazı hələ o qədər də qabarıq deyil. Əvəzində onun poeziyaya gətirdiyi yenilik ab-havasının, azadlıq duyğularının təzahürləri var. Bunlar daha çox Heydər Əliyev obrazıdır. Şeirə bütöv Azərbaycan obrazının gətirilməsi, Allah obrazının poetik dövriyyəyə qatılması, milli istiqlal, vətən, dil anlayışlarının uca vurğu ilə səsləndirilməsi, cəmiyyət ziddiyyətlərinin, sosial hərc-mərcliyin açıq dillə, çəkinmədən poetik təcəssümün predmetinə çevrilməsi və s. hər biri Heydər Əliyev dühasının sayəsində ərsəyə gələn müstəsnalıq idi. Bu azadlıq ab-havasını poeziyaya ümummilli lider bəxş etmişdi.

Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə – özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar da dəqiq, çəkili və sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları… Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyası bu “güc”lərin birliyindən, xalqa qayıdışından başlayırdı. Və bir də bütöv, yekparə Azərbaycan ədəbiyyatı anlayışının özündən… Heydər Əliyevin Cənub ədəbiyyatı mövzusuna həssaslığının mayası da bu amaldan nəşət tapırdı. Onun təşəbbüsü ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan üzrə katiblik yaradılmış, Balaş Azəroğlu da bu sahəyə rəhbərlik etmək üçün Yazıçılar İttifaqının katibi seçilmişdi. Eləcə də ilk dəfə olaraq Cənubi Azərbaycan ədəbiyyatının araşdırma mərkəzinin təməlini qoymuşdur. O da maraqlı faktdır ki, Heydər Əliyev haqqında ilk şeiri Səhənddən oxuyuruq. Marağalı şair Bulud Qaraçörlü Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanan şeir məktub formasında yazılıb:

İstərdim Bakıda SƏN də olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,

Heyf ki, görüşmək qismət olmadı.

Bisütunlar çapdım mən Fərhad təkin,

Ancaq ki, su gəlib arxa dolmadı.

Mən istərdim doğma bir qardaş kimi

Oturub, əyləşib danışam Sənlə

Bir məsləkdaş kimi, bir yoldaş kimi

Söz-söhbət açaydım ana Vətəndən.

Hakimiyyətdə olduğu zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Bu obraz ədəbiyyat üçün konkret nəyi ifadə edir? İlk növbədə, ədəbiyyata, poeziyaya sevgini. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi,  bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu bilərək onun  üzərində özünəxas konsepsiya qururdu. Bu çıxışlarda ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm nəzəri prizmadan, həm də real nəticələrində dəyərləndirə, aparıcı ədəbi tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!

Bu mənada 1980-cı ilin 27-31 oktyabrında “Ədəbiyyatların dostluğu – xalqların dostluğudur” adı ilə keçirilən yazıçıların Umumittifaq konfransında Heydər Əliyevin bütün dünyanı Bakıya cəm etməsi, onu hamı üçün Vətənə – ədəbi-bədii fikir məbədinə çevirməsi daha bir ali niyyətin göstərisi idi: “Məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi, şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. M.F.Axundovun “Şərq poeması”ndan, Səməd Vurğunun “Zamanın bayraqdarı” əsərindən parçalar söylədi – həm azərbaycanca, həm də rusca.  Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə düşmüşdülər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:

-Vaş rukovoditel poet ili prozaik?

Qonaq, ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı janrda yazıb-yaratdığını bilmək istəyirdi.

Heydər Əliyevdən sonra çıxış edən SSRİ Yazıçılar İttifaqının sədri Georgi Markov, daha sonra Rəsul Həmzətov, David Kuqultinov Heydər Əliyevin düşüncə, ümumiləşdirmə və natiqlik mədəniyyətindən fövqəladə məhəbbətlə danışdılar” (İmamverdi Əbilov).

Bu konfrans Azərbaycanın beynəlxalq aləmə çıxışında, dünyaya tanıdılmasında, onunla başqa dövlətlərin arasında, çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafında böyük önəm daşıyırdı. Söhbət dünya ilə qurulan ünsiyyət və təmas körpüsündən, Bakını cari ədəbi-mənəvi məkana çevirmək amacının gerçəkləşməsindən gedir. Onun baş tutması, gerçəkləşməsi birbaşa Heydər Əliyevin ədəbiyyat sevgisinin gücü idi. Ədəbiyyata, poeziyaya bəslədiyi dərin münasibət, onu xalqın və dövlətin inkişafında əsas oriyentir hesab etməsi nəticə olaraq bu sahələrin də təşəkkülünə böyük stimul verirdi. Ədəbiyyatda  əbədiləşən etnik kodun və psixoloji arxetiplərin üzə çıxarılması, dəyərləndirilməsi davamını çağdaş əxlaqa, mənəviyyata xidmət edən sənətdə tapır, bu dövr ədəbiyyatında yazıb-yaradan qələm sahiblərinə ruhsal-mənəvi enerji aşılayırdı. Ona görə Heydər Əliyev epoxasında yaşayıb-yaradan şair və yazıçılar birmənalı şəkildə böyük lideri ədəbiyyatın hamisi sayır, Heydər Əliyevin siyasətdən başqa bir də ədəbiyyatlaşan obrazını fakt olaraq etiraf edirdilər:

“Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını, başqa nəsildaşlarım kimi mən də daima hiss eləmişəm” – bu sözləri Anar 18 may 1998-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi “Şəxsiyyətin miqyası” adlı məqaləsində yazır.

Elçinin 1995-ci ildə qələmə aldığı “Tarixlə üz-üzə dayanmış adam” məqaləsində oxuyuruq: “…altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi formalaşması yetmişinci illərə təsadüf etdi və bütün bu illərdə Azərbaycan ədəbiyyatı və ümumiyyətlə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi və mən deyərdim ki, məhrəmanə bir körpü yarandı.

Şair Nəriman Həsənzadənin xatirələrində dönə-dönə vurğulanır: “Heydər Əliyevin adı bizim üçün ilk növbədə ədəbiyyata sevgini, qayğını ifadə edir. Onun ədəbiyyatdakı xidmətini saymaqla qurtaran deyil. Yazıçılar, şairlər onun həmişə diqqət mərkəzində, himayəsində idilər”.

İsmayıl Şıxlının çıxışlarında Heydər Əliyevin ədəbiyyat sevgisinə heyrəti yer alır: “Heydər Əliyev yoldaşın bizə, Azərbaycan yazıçılarına, klassik irsimizə xüsusi qayğı ilə yanaşması, Nizami, Mirzə Şəfi irsinin öyrənilməsinə, Nəsimi, S.Vurğun kimi sənət ustalarımızın geniş yubileylərinin keçirilməsinə xüsusi əhəmiyyət verməsi bizi sevindirməyə bilməz”.

Nəbi Xəzri poeziyanın üfüqlərini Heydər Əliyevin qayğı və himayəsində aradığını bəyan edir: “Şüvəlandakı yaradıcılıq evinin açılışında H.Ə.Əliyev yoldaşın yüksək qayğı və humanizmin təzahürü olan açıq, mehriban, səmimi, prinsipial söhbətini, tövsiyələrini, məsləhətlərini xüsusi qeyd etməliyik. H.Əliyev yoldaşın sadəliyi və müdrikliyi, dözümü və səbri, valehedici yaddaşı, ürəklərdən keçənləri mahir bir sənətkar duyğusuyla oxumaq məharəti hamımızı qanadlandırır və ruhlandırır”.

Heydər Əliyev bu qayğı və diqqətini elə sovet imperiyasının daxilində – ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyasının müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin – xalqı öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi. Və bir daha unutmayaq. Sovet qanunlarının hələ işlək olduğu, tüğyan etdiyi bir dönəmdən gedir söhbət.

Heydər Əliyevlə yaddaşlaşan klassika. 1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Adil Babayev yazır ki, “Şərqin ən böyük dastanı olan “Kitabi Dədə Qorqud”u  adi döyüş əsəri kimi qiymətləndirirdilər və onun araşdırılmasının qarşını alırdılar. Amma milli-mənəvi dəyərlərimizi, dilimizi sovet dövründə tamamilə sıradan çıxarmaq məqsədi qoyulsa da reallaşdıra bilmədilər. Heydər Əliyev abidənin millətə qaytarılmasında böyük işlər gördü”. Eləcə də böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu şairin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər Nəsimi “Divan”ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən, 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu. 1972-ci ildə türkmən ədəbiyyatşünası Qullayev həmin “Divan”ın dili üzərində müəyyən türkmənləşmə əməliyyatı apararaq yenidən çap etdirmiş, şairi türkmən ədəbiyyatının klassiki kimi təqdim etmişdi. Ancaq Heydər Əliyevin müdaxilə və müqaviməti nəticəsində bu saxtalaşdırma siyasəti uzun çəkmir, rəsmi dairələrdə tanınmasına yol verilmir və şairi Azərbaycan ədəbiyyatının dəyərli klassiki kimi tanıtmaq, təbliğ etmək yönündə davamlı tədbirlər planı start götürür.  Heydər Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olundu. Bütün ölkə Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin loqosuna çevrildi. Şairin əsərləri ingilis və fransız dillərinə tərcümə edildi, haqqında xarici ölkələrin və beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olundu. YUNESKO-nun “Kuryer” jurnalında Nəsimi haqqında məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alındı.

Böyük Azərbaycan şairi  Nizami Gəncəvinin irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Bu məqamla bağlı X.R.Ulutürkün “Gündəliy”ində əhəmiyyətli bir epizod yer alır: “Xəmsə” yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun verdiyi sual yadımdadır:

-Ustad, axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?

-Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər”.

Yaxud 1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.

Heydər Əliyevin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə qırılmış xəttin, güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı.  Böyük liderin ədəbiyyatda gerçəkləşdiyi işlər, klassiklərə qayıdış, milli ədəbiyyata güvənc hissinin qabarıqlığı sistemin yaratdığı Mif anlayışını yazıçı düşüncəsində heçə endirir, onun tənəzzülünü labüdləşdirirdi. İslahatlar ədəbi-mədəni həyatımızın bütün sferalarına sirayət etdikcə milli mənlik şüuru önə keçir, milli məfkurə işığı dalğalanmağa başlayırdı. Bu mənada, 90-cı illərdə insanların öz azadlığını qazanması üçün meydana axışması, haqqını geri almaq təşnəsi birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu iki onillik əvvəldə, Heydər Əliyev dühasının imkan verdiyi azad söz zamanında, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş hürr duyğulu, millət problematikalı poeziya mətnlərində tapır. Bunu meydanda olan faktlar deyir: Nəriman Həsənzadə “Heydər Əliyevin şəxsində mən “Bütün Şərq bilsin” pyesinin qəhrəmanını, Nəriman Nərimanovun prototipini görürdüm”, – yazır, Qabil qeydlərinin birində “Ömür həbləri” romanında Heydər Əliyevin də obrazını düşündüyünü bildirir. Mövlud Süleymanlı “Dəyirman” povestinin 70-ci illərin sağlam, duru, doğma ab-havanın məhsulu kimi meydana çıxdığını və üstəlik əsərlə bağlı “Azərbaycanı bürüyən” hücumdan onu Heydər Əliyevin qoruduğunu dilə gətirir. Bu məqam İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Anarın, Elçinin mətbu etiraflarında da yer alır.

Önəmli bir faktın – 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində dəyişdirilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himni məsələsi üzərində dayanmaq istəyirəm.1945-ci ildə Səməd Vurğun və Süleyman Rüstəmin müəllifliyilə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himninin  sözlərinin müəlliflər cərgəsinə Hüseyn Arifin də qoşulmasıyla 1978-ci ildə yeni redaksiyada işlənildi. Qəribədir, Stalinin adı Azərbaycan himnindən məhz 1978-ci ildə çıxarıldı. “Rəhbərimiz Stalindir – bizim həyat növrağımız” misrası Azərbaycan himninin mətnindən Stalindən 25 il sonra məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illlərdə çıxarıldı ki, bu da tarixi bir qanunauyğunluğun göstəricisiydi. Təbiidir, əgər himnin sözlərində Stalinin adı keçirdisə demək ki, himnimiz 1956-cı ildən, Stalinin şəxsiyyətə pərəstişi ifşa ediləndən sonra oxunmayıb. Stalinin adının himndən çıxarılması ilə himn yenidən dövriyyəyə qaytarılırdı və bu da müstəqil olmasa da, hər halda, respublika şəklini qoruyub saxlayan Azərbaycan üçün mühüm mənəvi əhəmiyyət kəsb edirdi.

Heydər Əliyev Sovet Rusiyası kimi bir imperiya ilə vuruşurdu. Elə imperiya ki, siyasəti “parçala, hökm sür” tezisi üzərində qurulmuşdu. Elə hakimiyyət ki, varlığı millətlərin, xalqların milli kimliyini əlindən almaq, yadlaşdırmaq, manqurtlaşdırmaq məqamı üzərində bərqərar olmuşdu. Heydər Əliyev isə içindən çıxdığı xalqın öz dəyərlərinin böyüklüyünə əmin idi, onların nədə ehtiva olunduğunu bilirdi. Şəxsiyyətlərini tanıyırdı. Dövləti güclü edən amillərin söykəndiyi bütün çıxış nöqtələri ona məlum idi. Eləcə də bilirdi ki, bir xalqın müstəqilliyinin qazanılması, öz mövcudluğunu sürdürə bilməsi bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu ola bilməz, o həm də milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsi kimi hasilə gəlməlidir, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənməlidir. Digər tərəfdən, Heydər Əliyev dünya mədəni sferasına inteqrasiyanın da zəruriliyini duyurdu. Ona görə milli varlığın idrakı məsələsinə bu qədər həssas yanaşırdı, fəaliyyətinin əsas istiqamətini milli ruhun oyanışı və ona qayıdış əzminin qorunub saxlanması təşkil edirdi.

Dissident siyasəti. Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu. Hər halda istər ölkə daxilində gedən siyasi proseslərə, məhəlli ziddiyyətlərə, istərsə də dünya siyasətində Azərbaycana qarşı aparılan əks təbliğatlara, mürəkkəb diplomatik çəkişmələrə baxmayaraq və onlara önəm verməyərək Heydər Əliyev “SSRİ adlanan nəhəngin bətnində müstəqil Azərbaycanı yaratdı” (Hüseynbala Mirələmov).

Hakimiyyətinin birinci dönəmində Heydər Əliyevin irəli sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin yaradıcılığına bilavasitə təsiri olmuşdur. Şairlər, yaradıcı adamlarla tez-tez görüşən Heydər Əliyevin onlarla ünsiyyət zamanı səsləndirdiyi hər hansı fikirlər şairlər üçün enerji və güc mənbəyinə çevrilmiş, impuls yaradan qüvvə olmuşdur. Məsələn, B.Vahabzadə, X.R.Ulutürk, M.Araz poeziyasının oynaq ritmi, həyəcan, çağırışa köklənən üslubu Heydər Əliyev siyasətinin poeziyaya qazandırdığı cəsarət ruhu üzərində qərar tuturdu. Milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində bu şairlərin böyük rolu olmuşdur. Həmçinin tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması onların fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Bu məqamda bir məsələni də vurğulamağa ehtiyac var. Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarıq sahibi idi, amma onlarla bahəm (və daha əsas!) millətinə və xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur. Heydər Əliyevin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü çöxyönlü işlər – SSRİ XİN qarşısında qaldırdığı məsələ, Bağdaddakı səfirlik ilə yazışmaları, ölkə ziyalıları ilə danışıqları və s. bu kimi yorulmaz, inadlı və əzmkar mübarizələri bu siyasi liderdən hər cür yüksək məzmunda danışmağa əsas verir.

Özünəqayıdışın Cavid intibahı. Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Xalq yazıçısı Elçin 1992-ci ildə yazdığı “Dünya axirət əkini…” adlı essesində dəqiq qeyd edir ki, “xüsusən səksəninci illərin əvvəllərində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışın, ayrı-ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi”. Bu qeydlərdə təbii ki, çox səbəblər ehtiva olunurdu, amma başlıca amil Hüseyn Cavidin cənazəsinin Sibirdən gətirilib torpağa tapşırılması idi. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxusu, ürpərtisi, həyəcanı davam edirdi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tüğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən daha öndə idi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla  elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başlayır. Bu həm də Heydər Əliyev siyasətinin 69-cu ildən bəri xalqın mənəvi dirçəlişinə, ictimai özünüdərk və milli təfəkkür oyanışına doğru addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana çıxır.

Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadənin xatirələrində buna əmin oluruq: “Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev”.

Cavidlə bağlı missiya bununla yekinlaşmır. Həmin vaxt  Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınır. Lakin 1982-ci ildə respublikadan gedəndən sonra bu yöndə heç bir iş görülmür. Liderin 1993-cü ildə ölkəyə rəhbər kimi qayıdışından sonra işlərə yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi hazırlanır. Məqbərədə Cavidlər ailəsi – Cavidin, Mişkinaz və Ərtoğrulun məzarları yan-yana uyuyur. Sona Vəliyevanın “Tanrının sevdiyi səma şairi” məqaləsində yazdığı kimi: “Bəli, ulu öndər Heydər Əliyev Hüseyn Cavidə tək ölkə rəhbəri, onu sevən oxucu kimi yanaşmadı. Heydər Əliyev Hüseyn Cavidə övladı Ərtoğrulu əvəz edərək oğulluq etdi. Bu qayğı, cəsarət, sevgi nəticəsində Cavidlər ailəsi möhtəşəm bir məqbərədə uyuyurlar”.

Heydər Əliyev – milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli… Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.

***

1980-ci illər… Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Təbii ki, dissident siyasəti yürütdüyünə görə. Meydanda isə 1970-1980-ci illərin – Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın  ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev. Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etdi. Ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsinə canatım illəri kimi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşadı. Bu mənada 1960-1980-ci illər poeziyası və nəsrində Heydər Əliyev obrazı həmişə dominantdır. Onu yetirir, stimul verir, poetikasından tutmuş problematikasına qədər alt məqamda iştirak edir.  Bu, Heydər Əliyev ədəbiyyatıdır!

“İstiqlal siyasəti”ndən milli müstəqilliyə. Heydər Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub elə eyni müstəvidə “İstiqlal poeziyası” deyilən bir təsnifatı dövriyyəyə gətirmək mümkündür. Daha sonra isə milli müstəqillik kimi tarixi nailiyyətimizi. Nədən ki, siyasətdən müstəqilliyə doğru gedilən yolda tarixi dönüşü icra etmək missiyasını həmişə poeziya gerçəkləşdirib. Önəmli faktdır ki, 1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq “İstiqlal” ordeni təsis olunur və bu ordenə üç şair – Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadə layiq görülür. Bəxtiyar Vahabzadə poeziyasının istiqlal, hürr amalı gün kimi aydın həqiqətdir. Bəxtiyar Vahabzadə Heydər Əliyev ideallarına sona qədər sadiq, ən ağır günlərində onunla çiyin-çiyinə dayanmış şair olub. Və yalnız Heydər Əliyevləmi? Bütün xalqla, bütün millətlə. Bu mənada 1995-ci ildə Heydər Əliyev “İstiqlal” ordenini Bəxtiyar Vahabzadəyə təqdim etməkdə yanılmırdı. Eləcə də Xəlil Rza Ulutürkə münasibətdə… X.R.Ulutürkün milli duyğularla süslənmiş poeziyasını təhlil etmək bir başqa mövzudu, amma bu anda onun Heydər Əliyevlə bağlı apardığı mücadilənin bəzi həssas məqamlarına varmağa ehtiyac olduğunu düşünürəm…”1987-ci ilin 6 oktyabrında Mətbuat prospekti ilə addımlayan Xəlil bəy təbiətinə yaraşmayan hüznlü bir ahənglə: “tərənnüm obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə çevirirlər” – dedi və o söz mənim yaddaşımda o günlərin ən real təsnifatı və obrazı olaraq qaldı.

1987-ci ilin oktyabrı idi. Azərbaycan tarixinin yeni dövrü də oktyabrdan başlanırdı. Qarabağ müharibəsinə, torpaqlarımızın işğalına rəvac verən sovet imperatoru Qorbaçov məhz 1987-ci ilin oktyabrında, həmin ayın 21-də Heydər Əliyevi Siyasi Bürodan kənarlaşdırdı.

Məhz Heydər Əliyev getməliydi ki, Aqanbekyan “Hümanite”yə o qara şöhrətli müsahibəsini verə bilsin (17 noyabr 1987). Məhz Heydər Əliyev getməliydi ki, Dağlıq Qarabağ Muxtar vilayəti özünün Ermənistana verilməsi barədə qərar qəbul etsin (20 fevral 1988). Məhz Heydər Əliyev getməliydi ki, Əskəranda ilk şəhidlərin: Əli və Bəxtiyarın günahsız qanı axıdılsın (22 fevral 1988).

Heydər Əliyev Siyasi Bürodan getdi və bundan sonra o yekəlikdə ölkədə siyasi şoular dövrü başlandı. “Literaturnaya qazeta”nın sentyabr ayında dərc etdiyi “Gurultulu alqışlar” məqaləsi (hədyanı!) yenə də məhz 1988-ci ilin 9 oktyabrında “Kommunist” qəzetində şərəfsizcəsinə təkrar edildi.…Xəlil bəy 6 oktyabrda, təbii ki, Vaksberqin o ədəbsiz və ədəbaz cızmaqarasından xəbərsiz deyildi və: “tərənnüm obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə çevirirlər” sözləri də o ağrılı və təəssübkeş yaşantıların ifadəsi kimi unudulmazdır”.

Bu fikirləri “Aydınlıq” qəzetinin 12 iyun 1992-ci il tarixli nömrəsində Azər Turanın “Ya zəfər, ya ölüm yaz bayrağına!” adlı essesində oxuyuruq. Ümummilli lider hələ iqtidara gəlməmişdi. Heydər Əliyev Naxçıvanda işləyirdi və Bakıda ona qarşı əks-təbliğatlar gedirdi. Hakimiyyətdə anarxiya hakim idi. Ayaz Mütəllibov getmiş, Əbülfəz Elçibəy isə dörd gün əvvəl, 1992-ci ilin 8 iyununda prezident seçilmişdi. Ölkənin yeni seçilmiş prezidenti var idi. Xəlil Rza Ulutürk isə meydanlarda mitinqlər keçirib Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çağırışlar edir, israrlı tələblər irəli sürürdü.  Şair Əliyevin müdafiəsinə qalxdığna görə istər partokratlar, istərsə də naşı demokratlar tərəfindən qınaqlara məruz qalmışdı. Onu hər nə yolla olursa-olsun susdurmağa çalışırdılar. Bu, indi adi görünə bilər. Amma o dövr üçün qeyri-adi hərəkət idi və məhz o günlərdə bu yazını çap etdirmək Xəlil Rzaya və əslində Heydər Əliyevə dəstək demək idi.

28 iyul 1992-ci ildə “Aydınlıq” qəzetində xalq yazıçısı Elçinin Heydər Əliyev barədə “Dünya axirət əkini” yazısı çap olunur. Bəxtiyar Vahabzadənin 1991-ci il, Parlamentdə Heydər Əliyevi müdafiə edən məşhur çıxışını da həmin cəsarət nümunələri sırasında anmaq olar.

1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Öz haqqının sahibi olmaq  zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi. Sonra Xocalı soyqırımı, ard-arda itirilən ərazilər, ölkə daxilində başlanan xaos, siyasi çəkişmələr, hərc-mərclik, şəxsi ambisiyaların tüğyan etməsi… Digər tərəfdən, Azərbaycan insanı öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Poeziya “Allahım, mənə bir ağsaqqal yetir” (Zəlimxan Yaqub) nidası ilə çağırışlar etməyə başlamışdı artıq. Milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını kosmik ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi.

1990-cı illər şeirində ikinci mərhələ ümummilli liderin Xilaskar obrazını irəli çəkir. Dövrün qarışıqlığı – ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə həvalə etdi.

Xilaskarlıq missiyası. Heydər Əliyevin siyasətçi kimi gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasında. 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edir. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilmsi barədə sərəncəmlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən  qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə,  mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik.”

Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm  bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi.

1990-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi “yaradıcılıq” missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu; yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

Heydər Əliyev “Zaman”ı. Heydər Əliyevə həsr olunan bütün mətnlərdə eyni obrazla qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət və xalq fədaisi, bütün varlığı ilə dövlətinə bağlı olan şəxsiyyət  və s. və i.a.  Bu obrazı Heydər Əliyev özü öz ömür bioqrafiyası ilə yaratmışdır. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə sonda gözlərimiz önündə böyük əqidə və amal daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı…

“Zaman keçir, hər şey durulur və Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir. Biz desək də, deməsək də Azərbaycanda inkişaf etmiş, böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa onun adıyla bağlıdır! Bunu danmaqsa mümkün deyil… Bu tarixdir!”, – yazır yazıçı Mövlud Süleymanlı. Heydər Əliyevə həsr olunan bütün əsərlər, əslində, bir məqama israrlıdır: Heydər Əliyev tarixdə qalıcı şəxsiyyətdir. Öyünə biləcəyimiz TƏKlərdəndir!

***

Biz ümumilli liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərdən bəhs etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi!

Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. Təsadüfi deyil ki, çağdaş dövrümüzdə İlham Əliyevə həsr olunan əsərlər ilkin olaraq Heydər Əliyev obrazını içindən keçirməli olurlar:

Ulu öndər özü kimi inandığı bir varisə

Güvənərək, bir inamla demədimi illər qabaq:

“Azərbaycan günəş kimi Yer üzünə saçılacaq!”

Odlar yurdu, nur saçırsan,qaranlıqlar gendən keçir,

Avropanın gələcəyə addımları səndən keçir!

                                                            Arzu Əsədov

***

Heydər Əliyev həm də sözümüzün “yaddaş sirri”dir. O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.