Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür – FOTOLAR

348 Baxış

13Mübariz İbrahimov 1988-ci il fevral ayının 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Mübariz İbrahimovun qəhrəmanlığını əbədiləşdirmək üçün müxtəlif işlər görülüb. Hazırda “Hədəf” Nəşrlərində f.ü.f.d.,dos. Şəmil Sadiqin ssenarisi əsasında Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.

Yaxın vaxtlarda oxuculara təqdim olunacaq cizgi-romanın üzərində  tamamlama işləri aparılır.

Cizgi-romandan bəzi rəsmləri təqdim edirik.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10