Milyonlar qazandıran, amma özü heç nə qazana bilməyən ixtiraçı

41 Baxış

hedi lamar

Senet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinin altıncı yazısını təqdim edir:

Layihənin birinci yazısı - Çıraqlı mələk

Layihənin ikinci yazısı – Kraliça Boudika

Layihənin üçüncü yazısı – Qadınlara kişilər üzərində deyil, öz üzərlərində hakimiyyət arzulayıram

Layihənin dördüncü yazısı- İstedad əngəl tanımır

Layihənin beşinci yazısı- Qadınların işini asanlaşdıran ixtira

Google 9 noyabr 2015-ci ildə əsas səhifəsini çox önəmli bir qadın üçün ayırdı. 101-ci ad günü münasibətiylə hazırlanmış Dooodle-la Hedi Lamar bütün dünyanın diqqət mərkəzinə çevrildi. Bəs kim idi bu qadın? Nə etmişdi? Həyatımızı necə dəyişdirmişdi?

Əsl adı Hedviq Eva Mariya Kisler olan Hedi Lamarın bioqrafiyası olduqca dolğundur. 1914-cü il 9 noyabr tarixində Avstriyada anadan olan bu mükəmməl qadın həm istedadlı aktrisa, həm də böyük  ixtiraçı idi. Kariyerası ərzində bir çox məşhur filmlərdə rol alan Lamarın çəkildiyi filmlər arasında ən çox səs gətirəni 1938-ci ildə Çarlz Boyer  ilə tərəf müqabili olduğu “Algiers”, 1940-cı ildə Spensr Tresi ilə çəkildiyi “I take this woman”, 1940-cı il istehsalı  “Comrade X”, 1941-ci ildə “Come live with me” və “H.M.Pulman Esq”, 1949-cu ildə Viktor Mature ilə oynadığı “Samson və Delilah” filmləridir. 1933-cü ildə Qustav Makatinin rejissorluğunu etdiyi “Ekstazi” filmi isə Hedi Lamarın həm şəxsi, həm də iş həyatında böyük dəyişikliklərə gətirib çıxarır. Çəkildiyi erotik səhnələrlə böyük marağa səbəb olsa da, təəssüf ki, aktrisanın film kariyerası bundan sonra bu filmin təsiri altında davam etməli olur. Ona ancaq seksual, kişilərin ağlını başından alan qadın obrazları təklif edilir. Qalmaqallı film aktrisanın elə eyni il evləndiyi silah taciri FridrixMandi ilə münasibətlərini də daha da pisləşdirir. Fridrix Mandi alman ordusuna silah və təyyarə satırdı və Hitlerin yaxın adamlarından biri idi, hətta Hedi və Fridrixin evlərində verdikləri ziyafətlərdə Hitler və Mussolini də iştirak edirdi.

Belə məclislərdə isə əsas müzakirə edilən mövzulardan biri silah texnologiyası idi və elmə xüsusi marağı olan güclü riyazi zəkaya sahib Lamar bu tip axşamlarda silah texnologiyasının bütün  incəliklərini öyrənirdi. Almanların uzaqdan idarə olunan torpedo raketləri haqda söhbətləri onun diqqətini xüsusilə cəlb edir,  o,  bu müzakirələrin hamısında iştirak edirdi. Lakin sonuncu  filmindən sonra daha da qısqanc olan və ona filmə çəkilmək qadağası qoyan ərinin dözülməz rəftarı və faşist Almaniyasına yaxınlığı aktrisanı Avstriyadakı həyatından bezdirir və Hedi 1937-ci ildə silah tacirinə yuxu dərmanı verərək bütün brilyantlarını yığıb qulluqçu paltarında evdən qaçır. Parisə gələn aktrisa burada MGM (Metro-Goldwyn-Mayer) media şirkətinin rəhbəri Luis B.Mayerlə görüşür. Mayer ona Hollivudda filmə çəkilməyi təklif edir. Lamar təklifi qəbul edir və 1940-1958-ci illər arası  Hollivudda çəkildiyi filmlər ilə böyük uğur qazanır, Klark Qeybl,Ceyms Stüart,Spenser Treysi kimi dövrünün kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilir. Ancaq Amerikada artıq ulduz kimi qəbul edilən aktrisanın elmə, texnologiyaya olan marağı ölməmişdi. Lamar  çəkilişlərdən sonra filmlərindəki seksual qadından fərqli həyat yaşayırdı. Aktrisa qonşusu və sevgilisi musiqiçi CorcAnteyləuzaqdan idarə olunan torpedo raketləri haqda danışmışdı və cütlükçox ciddi proyekt üzərində çalışırdı. Proyektin məqsədi düşmən tərəfindən hədəfi dəyişdirilə bilməyən raketlər istehsal etməkdi. O dövrdə tək bir radio frekansı ilə idarə olunan raketlər dalğanı təsbit edə bilən faşist donanması tərəfindən zərərsizləşdirilə bilirdi. Lamarın hədəfi uzaqdan idarə olunan torpedoların düşmənin siqnal qarışdırıcıları vasitəsi ilə hədəfinin dəyişdirilməsinə mane olmaqdı. Torpedonu idarə edən frekans düşmən tərəfindən təsbit ediləndə sistem elektronik olaraq kilidə düşür və raketin idarəsi itirilirdi. Hedi buna mane olmağın yolunu tapmışdı. Radio frekansı tez-tez dəyişdirilərsə, düşmənin müdaxilə imkanı olmayacaqdı. Lakin radio və raket eyni anda dalğanı dəyişməli idi. Avtomatik pianoların işləmə prinsipindən istifadə edən cütlük “dəyişən tezlik yayımlı spektrum” texnologiyasını inkişaf etdirirlər. Bu sistem vasitəsilə radio və torpedo eyni anda frekansı dəyişdirə biləcəkdi.

Lamar 1942-ci ildə ixtiranın patentini alır, lakin Amerika donanması ixtira ilə maraqlanmır. Buna bənzər bir sistem isə 1957-ci ildə tranzistor tətbiq edilərək başqa ölkələr tərəfindən istifadə edilir. ABŞ bu sistemi 1962-ci ildə Karib böhranı zamanı istifadə edir. Həmin tarixə qədər isə patentin müddəti bitdiyindən cütlüyə heç bir məbləğ ödənilmir. Lakin alimlər 1962-ci ildən sonra ixtiranın əhəmiyyətini başa düşür və onu tamam fərqli sahələrdə də tətbiq etməyə və təkmilləşdirməyə  başlayırlar. Müasir dövrdə  Lamar və Anteylin yaratdığı sistem GSM, Wi-Fi və GPS texnologiyasında da tətbiq edilir.1997-ci ildə isə Elektonikanın Öncülləri Vəqfi patentin əhəmiyyətini bir daha vurğulayaraq Hedi Lamara Elektronika Öncülü Mükafatı verir. Lakin kommunikasiyanın gələcəyini dəyişən Lamar etdiyi ixtiradan heç nə qazana bilmir və 2000-ci ildə Florensiyadakı sadə evindəhəyata vəda edir.