Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir

2 Baxış

mir celal

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə – Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi “diqqətli bir realist yazıçı olduğunu göstərib”. Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır” keçmişdən, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.
Kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir göstərə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

“UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. UNESCO-nun Parisdə yerləşən iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri hər zaman müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

 

Bölmə : Manşet, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10