Mir Mehdi Etimadın həyat və yaradıcılığına baxış

35 Baxış

esh Filoloq-alim Esmira Fuad Şükürova

 

(1900-1981)

Həyatı. Mir Me­hdi Eti­ma­d 1900-cü ildə Təbrizdə Seyid Məhəmməd kişinin ailəsində doğulmuş, lap kiçik yaşlarından dövrün tələblərinə əsasən köhnə üsullu məktəb müəllimi Molla Yusifdən ərəb dili dərsi almağa başlamışdır. Ərəb və fars dilini öyrənən Eti­mad ibtidai təhsilini Mirzə Əbdülqasım xanın “Üsul-i cədid” məktəbində alır, daha sonra “Talibiyyə mədrəsəsi”ndə sərf-nəhv, fiqh, hikmət elmlərini də öyrənir və o, ali məktəb səviyyəsində təhsil alır. Lakin ədəbiyyata böyük maraq və sevgisi onu daim mütaliə etməyə, mütəmadi olaraq bədii ədəbiyyat oxuyub öyrənməyə, bilik və məlumatını artırmağa istiqamətləndirir. Mir Me­hdi Eti­ma­d təhsilini bitirib xalq maarifi sahəsində fəaliyyətə başlayır. Oxumaq həvəsində olanlar üçün Təbrizdə yeni üsullu “Etimad mədrəsəsi”ni açmağa nail olur.

1920-ci illərdə, Eti­ma­dın ədəbi-bədii və pedaqoji fəaliyyətə başladığı mühüm tarixi mərhələdə yeni milli oyanışın, Xiyabani hərəkatının təsiri Gü­ney Azər­bay­can məkanında geniş yayılmışdı. Şeyx Məhəmməd Xiyabani isə böyük elm, ədəbiyyat adamı idi və bu dövrdə yaranan ədəbiyyatı xüsusi diqqətlə izləyirdi. O deyirdi: “İndi bizə qəm və kədər gətirən ədəbiyyat lazım deyil. Gənclərimiz yeni təhsil dalınca getməlidir, bu işdə ədəbiyyatın rolu böyükdür.”[1]

Mir Me­hdi Eti­ma­d da alovlu nitqlərilə milyonları qəflətdən oyatmağa qadir olan Xiyabaninin arzu etdiyi yeni, azad ruhlu ədəbiyyatın yaradıcılarından biri idi. Lakin mövcud rejim, Rza şah Pəhləvi hakimiyyəti ona qarşı olan azad, mübariz ruhlu ədəbiyyatın əleyhinə idi. Buna görə də 1928-ci ildə Azər­bay­can dilində olan kitab və mətbuat, hətta bu dildə olan teatrlarda tamaşaların göstərilməsi, məktəblərdə və ictimai yerlərdə türkcə danışmaq belə qadağan olundu. Lakin bu mənəvi və fiziki təzyiqlərə baxmayaraq dövrün qabaqcıl yazıçı və şairləri öz qələmlərini yerə qoymadılar.

Ədib yaratdığı “Etimad mədrəsəsi”ndə on beş il yeni nəslin təlim-tərbiyəsi işi ilə məşğul olur, həm də bədii yaradıcılığını davam etdirir, ictimai-siyasi məzmunlu şeirlər yazır. Məktəb həyatı, pedaqoji fəaliyyəti, şagirdlərlə yaxından təması Mir Me­hdi Eti­ma­dı tərbiyəvi-didaktik mövzuda əsərlər yazmağa istiqamətləndirir.

1941-46-cı illər ədibin həm ictimai-siyasi mübarizə, həm də ədəbi-bədii yaradıcılıq sahəsində yeni məthələ açır. Belə ki, 1945-ci ilin sentyab­rın­da S.C.Pi­şə­və­ri­nin baş­çı­lı­ğı ilə Azər­bay­can De­mok­rat Par­ti­ya­sı ya­ran­ır və çox keç­mə­dən o, bir siyasi lider kimi, bü­tün hərəkata, xal­qa rəh­bər­lik et­mək qüdrətində ol­du­ğu­nu sü­but edir. Gü­ney­də Mil­li De­mok­ra­tik Hö­ku­mət vaxt iti­rmə­dən bir sı­ra de­mok­ra­tik is­la­hat­lar hə­ya­ta ke­çi­ril­ir. Ən əv­vəl Azər­bay­can türkcə­si xal­qın azad ün­siy­yət va­si­tə­si və rəs­mi döv­lət di­li elan edil­ir. Təd­ris mü­əs­si­sə­lə­rin­də, mət­bu­at, el­mi və si­ya­si ida­rə­lər­də iş­lərin bütünlüklə ana di­lin­də apa­rıl­ma­sına baş­lan­ır. Be­lə­lik­lə də, mil­li mə­də­niy­yə­tin, ədə­biy­ya­tın, po­e­zi­ya­nın in­ki­şa­fı, tə­rəq­qi­si üçün əl­ve­riş­li şə­ra­it ya­ran­ır.

1941-ci ildə İkinci Dünya müharibəsinin sərhədlərinin genişlənməsi nəticəsində isə İranın və Güney Azərbaycanın həyatında daha böyük dəyişikliklər baş verir. Məhəmmədrza şah ölkədən qaçaraq xarici havadarlarının qoltuğuna sığınır. Ölkədə yaranan nisbi azadlıqdan istifadə edən Etimad 1942-ci ildə “Şa­ir­lər məc­li­si”ni yaratmaq ideyasını irəli sürür. Əli Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və Hilal Na­si­ri bu işdə ona yaxından kömək edirlər. Beləliklə, 1942-ci il­də Təb­riz­də fə­a­liy­yə­tə baş­la­yan Azər­bay­can ya­zı­çı­la­rı və hü­nər­vər­lə­ri cə­miy­yə­tinə Mir Me­hdi Eti­ma­d sədr seçilir. Eti­ma­dın rəhbərlik etdiyi “Şa­ir­lər məc­li­si”nin Urmu, Zəncan, Ərdəbil və Astara şəhərlərində də şöbələri yaranır. ”Məclisin aylıq orqanı olan “Şa­ir­lər məc­li­si” jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, Almanax adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində yazıb-yaradan şair və yazıçıların əsərləri çap olunur.[2]

“Şa­ir­lər məc­li­si” Gü­ney Azər­bay­canda ədə­biy­ya­tın məz­mun­ca zən­gin­ləş­mə­si və on­da ic­ti­mai-si­ya­si ger­çək­li­yin ak­tu­al prob­lem­lə­ri­nin əks edilməsi sa­hə­sin­də bö­yük iş­lər gör­ürdü. Bu dövrdə M.Nik­nam, Bor­ça­lu, F.Məz­hun, M.M.Ça­vu­şi, Y.Şey­da, Nəca­ti, H.Sa­hir, M.Bi­ri­ya, Ə.Fit­rət, M.Di­rə­fşi, C.Ka­şif, H.Na­si­ri, B.Azə­roğ­lu, M.Gül­gün, H.Bül­lu­ri, Ə.Tu­də, H.Tər­lan, Sa­va­lan, A.Ba­riz, Qaf­lan­tı və baş­qa­la­rı ilə bərabər M.Eti­mad da zülmn və zo­ra­kı­lı­ğa, əsa­rət və sə­fa­lə­tə, mil­li ay­rı-seç­ki­li­yə qar­şı kəs­kin məz­mun­lu əsər­lər ya­rat­maq­la ədəbi fik­rin təzələnməsinə tə­sir gös­tə­rir­.

Vətənin səmasında doğmuş azadıq günəşini, Milli Hökuməti ürəkdən tərənnüm edir, sevinc duyğularını poetik misralara çevirirdi.  Ədəbiyyat, bədii söz sənəti böyük vüsətlə inkişaf edir, Güney Azərbaycanda ədəbiyyatın, publi­sis­ti­kanın güclü təmsilçiləri, yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət üçün gəlmiş M.İbrahimov, Q.İlkin, S.Rüstəm, M.Rahim, Q.Məm-mədli və b. kimi yaradıcı ziyalılara qoşulan Mir Mehdi Eti­mad öz həmkarları ilə bir sırada addımlayır, döv­ri mət­bu­at­da – “Və­tən yo­lu”n­da, «Azər­bay­can», «Si­ta­re­yi-Azər­bay­can», «Xa­və­ri-no», «Azad mil­lət», «Ur­miy­yə», «Cöv­dət», «Fə­dai», «De­mok­rat», «Azər­bay­can ul­du­zu» kimi qə­zet və jur­nal­lar­da şeir və məqalələrlə çı­xış edir­di­. “Mir Mehdi Etimad doğma xalqının azadlıq uğrunda mübarizə apardığı illərin, həm də Milli Hökümət dövrünün görkəmli şairi olmuşdur. İstər onun yazıb-yaratdığı illəri, istərsə də sonrakı Cənubi Azərbaycan ədəbiyyatını Etimadsız təsəvvür etmək olmaz.[3]

Qeyd edək ki, 1946-cı ilin 11 dekabrında Güney Azərbaycan Milli Höküməti süquta uğradıldıqdan son-ra bir çox azadlıq mücahidləri, fədailərlə bərabər “Etimad da Təbrizdə həbs olunmuşdur. O, iki il həbsdə qalmış, sonra ümumi əfv zamanı azad edilsə də, Azərbaycandan sürgün edilmiş, Tehranda yaşamalı olmuşdur.[4] Şair tezliklə Tehran ədəbi mühitinə də daxil olmuş və istər farsdilli, istərsə də türkdilli ədəbiyyatın ən üzdə olan nümayəndələrindən birinə çevrilmişdir. Səhənd, Fərzanə və digər silahdaşlarının təşkil etdikləri şeir məclislərində yaxından iştirak etmiş, yeni şeirlərini oxumuşdur.

Ömrü boyu xalqına vicdanla xidmət edən, türk balalarının maariflənməsi yolunda gecə-gündüz çalışan vətənpərvər şair 1981-ci ildə 81 yaşında Tehranda vəfat etmişdir.

Yaradıcılığı. Ədib ölkənin, xalqının gələcəyi olan gənc nəslin düzgün, saf əxlaqlı, vətənpərvər ruhda tərbiyə alıb formalaşmasını həmişə düşünmüş, bu məsələni həyatının mənasına çevirmişdir. Ona görə də Etimadın xüsusulə uşaq və gənclər, eləcə də böyüklər üçün yazdığı əsərlərdə əxlaqi-didaktik mövqe özünü daha qabarıq göstərir. Ədib gəncləri gələcəyin görən gözü, düşünən beyni sanır, onların Vətənin sabahı üçün hərtərəfli şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində ədəbiyyatın əvəzsiz rol oynadığını düşünürdü. Yaşadığı əsrdə baş vermiş mühüm tarixi hadisələrin şahidi, bəzən isə fəal iştirakçısı olan Etimad şahidi olduğu olayları, görüb-eşitdiklərini şair təxəyyülündən keçirərək misralara çevirir, ”Mənaze-yi ədəbi-Ədəb qaydala-rı”, “Bədrəqətül-əs sabiyan-Gənclərin ziyalanması (maariflən-məsi, nurlanması)”, “Hidayət-ül kəlam-Kəlamların göstərdiyi yol”, “Təxt-ülsabiyan-Cavanlıq taxtı”, “Ayine-yi əxlaq-Əxlaqın aynası”, “Gəlinlər bəzəyi”, “Gül qönçəsi”, “Çərşənbə bazarı”, “Bərgi səbz-Yaşıl yarpaq”, “Səmavəriyyə-müsahibələr”, “Şanlı Azər­bay­can” kimi daha çox nəsihətamiz ruhlu, bir-birindən maraqlı əsərlərini həm fars, həm də türkcə qələmə alırdı. Düşüncələrini real həyatda da tətbiq etmək üçün dövrünün ziyalı övladı bütün qüvvəsini, intellektini səfərbər edir və “Etimad mədrəsəsi”ni yaratmağa nail olur.

Ölkə məktəblərinin birinci sinif şagirdlərinin Ana dilində təhsil alması, milli ruhda böyüməsi üçün “Əlifba-yi cədid-Yeni əlifba” dərsliyini yazıb ortaya qoyur. Şairin əsərləri böyük maraqla oxunur və sevilirdi. Bu böyük sevginin nəticəsində ”Mənaze-yi ədəbi-Ədəb qaydaları” 8 dəfə, “Bədrəqətül-əs sabiyan-Gənclərin maariflənməsi” 10 dəfə, “Ayine-yi əxlaq-Əxlaqın aynası ”kitabı isə 20 dəfə nəşr olunur.

O, xalqına, Vətəninə könül verib ülfət bağladığı söz cəbhəsində şair kimi, siyasət meydanında ictimai xadim, maarif sahəsində isə təcrübəli pedaqoq kimi ləyaqətlə xidmət edirdi. Buna görə də tərbiyəvi-didaktik mövzuda yazdığı əsərləri, ictimai məzmunlu poema və şeirləri ilə, qeyd etdiyimiz kimi, Eti­ma­d hələ sağlığında ikən xalq arasında böyük şöhrət qazanmışdı. “Şairin “Doğma Azərbaycan” kimi bir sıra şeirlərinə bəstələnən mahnılar dillərdə dolaşmaqdadır.”[5]

“Azər­bay­can ta­ri­xi­nin qa­sır­ğa­lı və fə­la­kət­li gün­lə­rin­də çox vaxt şa­ir­lər qa­ba­ğa düş­müş, xalq küt­lə­lə­ri­ni zülmkar ha­kim­lə­rə, ya­del­li qa­rət­çi­lə­rə qar­şı üs­ya­na səs­lə­miş­lər. Şa­ir Ha­cı Rza Sər­raf da Məş­ru­tə hə­rə­ka­tı­nın hə­yə­can tə­bi­li­ni çal­ma­ğı öz boy­nu­na gö­tür­müş­dü.[6] Qeyd edək ki, Rza şahın istibdad rejiminin devrildiyi tarixi zamanda isə bu missiyanı Mir Meh­di Eti­mad və silahdaşları həyata keçirirdilər. Milli hökumət zamanı yazdığı əsərlərində, eləcə də “Yeni həyatımız”, “Vurun qədəmlərivizi titrəsin bütün Tehran”, “Azadlıq baharı” şeirlərində Vətənə artıq yeni həyatın qədəm qoyduğunu xəbər verir, duyduğu hədsiz sevinc hisslərini ifadə edir, şeirdə səsləndirdiyi sualların son beytdə inamla cavabını verirdi:

 Bir günəşin camalını xalqımız axtarır görə,

 Söylə görüm ki, bu günəş yurdumuza haçan gəlir?

 Pərçəmi-ədli qaldıran, xalqı həyata sövq edən,

 Şanlı, şərəfli bir bahar aləmə ərmağan gəlir[7]

Qəflətdə yatan soydaşlarını oyatmaq üçün azadlığın bir nəğmə, gözəl səs kimi gəlməsini fərəhlə qarşılayan, “təfriqəni sevənlərin bağçasına xəzan”ın təşri-fini isə təbii qəbul edən Eti­mad yeni zamanın yetişdiyinə işarə edirdi.

O, coşqun vətən­pər­vərlik ruhlu ilə “Doğma Azər­bay­canım”, “Azər­bay­cana yetişməz”, “Təbrizim”, “Neyləyib bu quzu millət sənə, təqsiri nədir?”, “Səttarxan yurdu”, “Vətən baharı”, “Elimə salam”, “Zəfər bayrağı”,“Yaşa, yaşa, Azər­bay­can!”, “Get adamını tanı” kimi şeirlərini yazmış, duyğu və dü-şüncələrini poetik misralara çevirmişdir. Bu şeirlərin təkcə adlarını sadalamaq kifayətdir ki, onların mahiyyətində necə böyük el-oba məhəbbətinin, Azər­bay­can sevgisinin, azadlıq, istiqlal eşqinin durduğunu anlayasan. Azər­bay­can şairin havası, suyu, çörəyi, eşqi, bir sözlə, hər şeyidir, Vətən-siz onun üçün həyat yoxdur. “Doğma Azərbaycan” şeirində olduğu kimi:

Azadlığı çün sərv ağacı səndən alıbdır,
Dan ulduzu tək baş çəkib ərşə ucalıbdır.
Səndən alır ilhamı o dağ-daşdakı tufan,
Sən tərbiyə versən daş olur ləli-bədəxşan.
Bu qəlblərin coşğun olan pak qanı sənsən,
Azər elinin izzəti sənsən, canı sənsən.
Eşq olsun o aşiqlərə ki, bağladı peyman,
Öz canlarını eylədilər eşqüvə qurban.
Oğlanlarının fikri, məramı budur ancaq,
Daim yaşa, ey izzətimiz, ey ana torpaq![8]

Təsadüfi deyil ki, 1946-cı ildə Milli Hökumətin dövlət himni kimi də məhz görkəmli söz ustadının yazdığı “Yaşa, yaşa, Azər­bay­can!” şeiri qəbul olunmuşdur. Qeyd edək ki,“Yaşa, yaşa Azər­bay­can!” şeiri əsasında Milli Hökumətin dövlət himninin musiqisini isə görkəmli bəstəkarımız Cahangir Cahangirov yazmışdı:

Ey vətənim Azər­bay­can,

Əbədi odlardan nişan.

Adlı-sanlı keçmişin var,

Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan.

Tarix boyunca yadigar

İftixarlı asarın var.              

Sənsən bizə ana, Vətən

Sənsən bizə nemət verən

Sənsən bizə ruhi-rəvan,

Yaşa-yaşa Azər­bay­can!

Azər­bay­can, Azər­bay­can,

Aslanların məkanısan,

Sən qurduğun yeni həyat

Xalqımıza verdi nicat.

Gözəl günlər gətiribsən,

Səttarxanlar yetiribsən.

Qoy yurdumuz cənnət olsun,

Düşmən bağrı qanla dolsun.[9]

Eti­mad Vətənə, el-obaya, ana dilinə eşqində bütöv idi. Yarımçıq olan hər şeyi mənasız sayırdı. Düşünürdü ki, əgər həyatda insan insanın dostu, qardaşı olarsa, “hər kəs bir-birinə məhəbbət əlini uzadarsa, o zaman dili, fikri, qələmi  azad yaşar”. Pərvanə ilə şəmin sevgisini təqdir edir və “Bülbülün Pərvanə ilə söhbəti” qəzəlində ­“Gərəkdir aşiq olan eşq oduyla odlansın, Özün oda-közə vursun, yanıb alovlansın” qənaətini sərgiləyirdi. Xəzan yelinin sevgilisini-qızılgülü gözlərinin önündəcə soldurub məhv etməsindən üzülən və ömrü boyunca nalə edən bülbülün halındansa, eşqi yolunda pərvanə tək özünü odlara yaxıb vüsala qovuşanları bəxtiyar sanır, Vətənin azadlığı yolunda pərvanə və şəm tək yanmağın gərək olduğunu vurğulayırdı. Əminliklə “ölkəsindən xəbəri olmayan insan yaşamaz, ruhsuz aləmdə müsəlləmdi ki, bir can yaşamaz”,- söyləyirdi.

Vətəndaş şair “Get adamını tanı” qəzəlində elindən, obandan, dilindən əl çək deyənlərə boşuna çaba göstərdiklərini anladır, istilaçıların açıq şəkildə cavabını verirdi: “Mən mərd oğulam, qanım pak və təmizdir, aşiqəm və öz sevgilimin eşqi yolunda hər cəfaya hazıram. O, azadlıq həqiqətlərini dərindən duyaraq poeziyaya gətirir, ədəbiyyatı həyata doğru çəkirdi. Vətəndaş şair dərk edirdi ki, “yalnız həqiqətə sadiq qalmaq, yorulmadan onu dərk etməyə çalışmaq yolu ilə sənət və o cümlədən bədii ədəbiyyat insanların həyatını yaxşılaşdırmaq kimi öz başlıca vəzifəsini layiqincə yerinə yetirə bilər.”[10]

Etimad Vətən məhəbbətinin qeyrət, namus məsələsi olduğunu önə çəkir, qeyrətli oğul tayfa-tifağını, elini dünyanın heç bir nazü-nemətinə satmaz, öz qövmünü, millətini “dərdü-bəlaya, fəlakətlərə” salanlar bilsinlər ki, xalqına xəyanət edənlər mərifət və sərvət sahibi olsalar da, başları aşağı olar, dünya boyu bəxti qara qalar”, – deyirdi. Şair “Dolansın”, “Neyləyib bu quzu millət sənə, təqsiri nədir?”, “Aparır”, “Dar ağacı” əsərlərində bu tendensiyanı davam etdirir, millətinin qəmini, dərd-sərini unudanları, cəfalət və nadanlığa rəvac verənləri, xəyanətkarları, xalqa zülm edənləri insan hesab etmir, onların sonda cəzasının “ölüm” olacağına, divandan-məhkəmədən qaçıb yaxa qurtarsalar da, bu qərarı təbiətin özünün verəcəyinə əmin idi:

Mənanı atıb ləfzi tutanlar çalışırlar,

Bu yerdə bütün xalq cəhalətlə dolansın.

 Ey xəlqini təhqir eləyən, həq demək üzrə

  Allahdan utan, boşla, nəcabətlə dolansın.

  Axırda təbiət o kəsi məhv edəcəkdir,

  Kim ölkəsinə fikri-xəyanətlə dolansın[11]

Qoca Şərqin qapısı, əbədiyanar çırağı Azər­bay­canı, odlar yurdunu böyük məhəbbətlə vəsf etməkdən doymurdu. Şair balaca fidanların dilindən də poetik dillə danışmağı vacib saymış, uşaqlara öncə yeriməyi, doğma dildə danışmağı, qardaş-bacısına mehriban olmağı, yoldaşlarına hörmət etməyi, ana-ataya ehtiram göstərməyi öyrədən müqəddəs varlıqları-valideynlərini, el-obanı sevməyi tövsiyə edir. Etimad “kəskin qələmli, azad düşüncəli, aydın təfəkkürlü” bir şair, cəsarətli söz ustadıidi. O, xalqını bunca səfalətə sürükləyənləri, ağır vəziyyətə salanları, Vətənin sərvətini talayanları kəskin tənqid atəşinə tutur, eyblərini göstərir, bu yolla, yəni özünə gülə-gülə islah etmək istəyirdi.

Poemaları. Mir Meh­di Eti­mad “Gə­lin­lər bə­zə­yi” və “Çər­şən­bə ba­za­rı” po­e­ma­la­rı­nı yaz­araq bu ədə­bi jan­rın ye­ni in­ki­şaf mər­hə­lə­si­ni tə­min et­məyə səy göstərdi. Gü­ney ədə­biy­ya­tın­da janrın inkişafını, tutduğu mövqeyi, bədii imkanla-rının təşəkkülünü öyrənmək və doğru-düzgün qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyan bu po­e­ma­lar­da da, təbii ki, əsasən məz­mun – Azər­bay­can tür­kü­nün ya­şad­ı­ğı re­al hə­ya­tın məz­mu­nu, hə­ya­ti ha­di­sə və əh­va­lat­lar, Azər­bay­can xal­qı­nı na­ra­hat edən, dü­şün­dü­rən prob­lem və mə­sə­lə­lər işıqlandırılır.

Ümu­miy­yət­lə, Azər­bay­can ədə­biy­ya­tın­da qa­dın azad­lı­ğı mə­sə­lə­si əsrlər­dən bəri sə­nət­kar­la­rı dü­şün­dür­müş, Şərq qa­dın­la­rı­nın ta­le­yi müx­tə­lif həcmli əsər­lər­də  za­man-za­man öz ək­si­ni tap­mış­dır. Xü­su­si­lə, İs­lam di­ni­nin üzdəniraq, mövhumatçı təbliğatçılarının səyi ilə qa­dın­la­rın hə­ya­tı­na gə­tir­ilən zül­mət, hü­quq­suz­luq, ağır məh­ru­miy­yət­lər bə­dii əsər­lər­də cid­di tən­qi­də mə­ruz qoyulan məsələlərdəndir.

Əsər­lə­ri ilə xal­qın də­rin sev­gi­si­ni qa­zan­mış Mir Meş­di Eti­mad da dövrünün ev­lən­mə, ai­ləqur­ma mə­ra­si­mi­ni, bu prosesdə mövcud olan problemləri, çatışmamazlıqları “Gə­lin­lər bə­zə­yi” po­e­ma­sın­da bü­tün tə­fər­rü­a­tı ilə, ay­dın ciz­gi­lər­lə təs­vir et­miş, əsas detalları, nüansları nəz­mə çək­miş­dir. Şa­ir öncə ev­lən­mə prosesinin “bə­zi qay­da­la­rı” ilə oxu­cu­su­nu ta­nış edir:

Qa­nun qo­yub bur­da bi­z əşə­ri-mü­təh­həq,

Oğ­lan qı­zı al­maq­da gə­rə­kdir ola əb­sər.

Yə­ni, qı­zı ca­iz­dir özü ey­lə­yə rö­yət,

Beş gün so­ra­dan çək­mə­yə bir bol­lu mü­si­bət.

Oğ­lan ki, qı­zı bil­mə­di çir­kin­di, gö­zəl­dir.

Toy­dan son­ra iş­lər gö­rü­sən cən­gi -cə­dəl­dir.[12]

Gö­rün­dü­yü ki­mi, po­e­ma­da Eti­mad ic­ti­mai-so­si­al prob­lem ki­mi bü­tün za­man­lar­da in­san­la­rı da­im dü­şün­dü­rən ev­lən­mə, yeni ai­lə qur­ma mə­ra­si­mi­nin bə­zi mənfi cə­hət­lə­ri­ni, eybəcərliklərini tən­qid edir. Döv­rü­nün zi­ya­lı­sı olan şa­ir ya­şa­dı­ğı za­ma­nın tə­ləb­lə­ri ba­xı­mın­dan prob­le­mə mü­na­si­bə­ti­ni bil­di­rir, evlənəcək gənc-lərə öz məs­lə­hət­lə­ri­ni verir, gəldiyi nə­ti­cə­lə­ri ­açıqla­yır. O, po­e­ma­nın ilk sə­tir­lə­rin­dən toy mə­ra­si­mi­nin xər­ci­nin kəndli­nin qa­zan­cı­na heç uy­ğun gəl­mə­di­yi­nə, həd­siz də­rə­cə­də yük­sək ol­du­ğu­na eti­ra­zı­nı bil­di­rir. Çün­ki uzun il­lər əzab və zəh­mət­lə qa­za­nı­lan pu­lun sel ki­mi axı­dıl­ma­sı­nı yer­siz və ar­tıq he­sab edir. Bu xo­şa­gəl­məz və­ziy­yə­tin iza­fı xərcdən be­tər ol­du­ğu­nu, la­kin oğ­la­nın ev­lə­nə­cə­yi qı­zı gör­mə­yin ya­saq­lan­ma­sı­nın isə on­dan da be­tər ol­du­ğu­nu dü­şü­nə­rək ya­zır:

Pul da be­cə­hən­nəm, da­ğı­lır or­da-bu yan­da,

Oğ­lan ki, qı­zı gör­mür,dərd on­da­dır, on­da.

El­çi bə­yə­nən qızla yə­qi­nim­dir, iş ol­maz,

Gər ol­sa da beş ­gün­lük olar, in­sa­na qal­maz!

Bu yer­də va­rım­dır sə­nə mən gül­mə­li bir söz,

Öz va­li­da­nə şər­ti bu­dur, ver­mə­yə­sən göz.

Hər bir qı­zı ki, va­li­də ol­du ona el­çi,

Ki va­li­də tək, bəl­kə ba­cı, həm xa­la el­çi,

Bir ke­çi ça­ya, bir çu­bu­ğa ol­du­lar ra­bənd,

Föv­rən üzü­yü bar­ma­ğı­na et­di­lər pey­vənd.

Heç bil­mə­di­lər rəs­mi-ru­su­ma­ ta bə­ləd­dir

Təh­si­li nə­dir, xül­qü nə­dir, yax­şı­dı, bəd­dir?!

Bir böy­lə qı­zı la­zım olar va­li­də al­sın,

Ən­gal­tı olub, ev sü­pü­rüb, ta­m­bu­ra çal­sın.[13]

Gə­lə­cək ai­lə mü­na­qi­şə­lə­ri­nin, iki gən­cin bəd­bəxtli­yi­nin, fa­ci­ə­sinin kök­lə­ri bun­da­dır. Xoş­bəxtlik he­sab olu­nan, la­kin çox hal­lar­da bəd­bəxtli­yin əsası bu ad­dım­dan qo­yu­lur. Şa­ir ürək yan­ğı­sı ilə uzaq keç­miş­dən qa­lan, ai­lə­nin möh­kəm tə­məl üzə­rin­də qu­rul­ma­sı­na, ev­lə­nən gənclə­rin xoş­bəxtli­yi­nə xə­ləl gə­ti­rən, çox hal­lar­da uğur­suz ni­ka­ha gə­ti­rib çı­xa­ran qay­da­la­rı düz­gün he­sab et­mə­yə­rək eti­raz sə­si­ni qal­dı­rır. Cə­ha­lə­ti, na­dan­lı­ğı, xal­qın kor-ko­ra­nə uy­du­ğu möv­hu­ma­tı tən­qid edir. Bu mə­sə­lə­lə­rə əx­la­qi-di­dak­tik nöq­te­yi-nə­zə­rdən ya­na­şa­raq oğ­la­nın qı­zı, qı­zın­sa oğ­la­nı gör­mə­dən, sevmədən ev­lən­mə­si­nə, kor-ko­ra­nə ni­ka­ha eti­razedir. Poemada el­çi­lə­riheçqı­zındünyagörüşü, təh­si­li, xa­siy­yə­ti, xa­rak­te­ri ma­raq­lan­dır­mır, bu key­fiy­yət­lə­ri öy­rən­mə­yə səy də gös­tər­ilmir. Halbuki Etimad gənclərin uzaq keçmişdən qalma üsullarla evlənmək qaydalarını nəzmə çəkməyə-ifşa etməyə başlamazdan əvvəl, əsərin giriş hissəsində bir fincan ça­ya, bir qəl­ya­na, qız ana­sı­nın xoş rəf­ta­rı­na uya­raq qı­zı ni­şan­la­yırlar, daha doğrusu, ni­şan üzü­yü­nü qı­zın bar­ma­ğı­na pər­çim – “pey­vənd edir­lər”. Axı, qı­zı gö­rməmiş, bar­ma­ğı­nın öl­çü­sü gö­tü­rül­mə­miş gözəyarı alınıb gə­ti­ri­lən üzük, tə­bii ki, la­zı­mi öl­çü­də ol­ma­ya­caq­dı!

Bü­tün bun­lar qal­sın bir kə­na­ra… Əsas mə­sə­lə odur ki, qa­yı­na­na­ya həm­söh­bət ol­maq üçün “ən­gal­tı, ev sü­pü­rüb xö­rək bi­şi­rən, la­zım gə­lən­də tam­bu­ra çal­ma­ğı ba­ca­ran gə­lin la­zım­dır. Oğlan anası qə­tiy­yən şüb­hə et­mir ki, bu iş­lə­ri ba­ca­ran qız­la övladı çox xoş­bəxt ola­caq­dır. “Gə­lin­lər bə­zə­yi” po­e­ma­sı­nın bi­rin­ci his­sə­sin­də M.Eti­ma­dın qə­na­ə­ti, oxu­cu­la­rı­na aşı­la­maq is­tə­di­yi fik­rin ma­hiy­yə­ti, məğ­zi bu­dur: – Qar­şı­lıq­lı mə­həb­bət ol­ma­dan, oğ­lan­la qı­zın xa­siy­yət­lə­ri uyuş­ma­dan, bir-bir­lə­ri­ni, az da olsa, ta­nı­ma­dan qu­ru­lan ai­lə möh­kəm tə­məl üzə­rin­də qu­rul­mur və hər an da­ğı­la bi­lər. Şa­ir və­tən­daş zi­ya­lı ki­mi da­ha bir vacib mə­sə­lə­ni də önə çə­kərək yazır ki, qız da, oğ­lan da mü­əy­yən olun­muş yaş həd­din­də – vax­tın­da ni­kah bağ­la­ma­lı, ai­lə qur­ma­lı­dır. Əgər öv­lad­la­rı­nın vax­tın­da ai­lə qu­rub ev­lən­mə­si­nə va­li­deyn-”va­li­də” eti­raz edər­sə, on­la­rın səhv yo­la düş­mə­si­nə, düz yol­dan sap­ma­sı­na şə­ra­it ya­rat­mış olur. Po­e­ma­nın “Ata­la­rın öz oğ­lu­na tək­li­fi” his­sə­sin­də şa­ir oğ­lu­nun vax­tın­da ev­lən­mək is­tə­yi­nə qar­şı çı­xan ata­nın bə­ha­nə­lə­ri­ni nəz­mə çə­kir:

“- İn­di o uşaq­dır hə­lə, ev­lən­mə­yi ney­nir?”

Çox ye­yi­ri an­la­ma­yır, çox qə­lət ey­lir,

Bəd­bəxt əli­nin dal-qa­ba­ğı­n an­la­ma­yıb­dır

Bir yer, bi­li­rəm, yox­du ki, ban­la­ma­yıb­dır.

Yox, söy­lə­sə bir kim­sə: Ha­nı nəq­di qra­nın?

Ya­in­ki ba­zar­da ha­nı bir toz­lu dü­ka­nın?

Bu şöv­qə dü­şən in­sa­na la­zım­dı əzəl­də,

Heç ol­ma­sa,  öz qar­nı­nı əv­vəl­cə dü­zəl­də.[14]

Ev­lən­mək is­tə­yən oğ­lu­nu zə­li­yə bən­zə­də­rək, hət­ta hüc­rə­si­nə gə­lər­sə, öl­dü­rə­cə­yi ilə hə­də­lə­yən na­dan, cahil ata­la­rın tövsiyə ruhlu söz­lə­ri­ni an­la­ya­ca­ğı­na inan­ma­yan, buna əmin olmayan Eti­mad: “Bu söz­lə­ri­min hüs­nü­nü əh­li-ədəb an­lar, La­kin özü­nü an­la­ma­yan­lar tə­rəb an­lar”, – de­yir və qız ana­sı­nın öv­la­dı­nı tə­rif et­mə­si­ni, sə­ti­ral­tı mə­na­lar­la mə­ziy­yət­lə­ri­ni söy­lə­mə­si­ni iz­zə­ti-nəf­sə to­xu­nan hal ki­mi qiy­mət­lən­dir­sə də, bü­tün mə­sə­lə bu tə­rif­dən son­ra həll olu­nur. Oğ­lan adam­la­rı qız ana­sı­nın söz­lə­rin­dən qı­zın “kar, kor, ke­çəl, şil” (na­məh­rəm gör­mə­yib, heç ye­ri gəz­mə­yib, heç kə­sin sö­zü­nü eşit­mə­yib) və ən əsası-qo­hum-əq­rə­ba­sı­nın döv­lət­li ol­du­ğu­nu bi­lən ki­mi el­çi­lə­rin ağ­bir­çə­yi de­yir:

- Gər fərz elə­yək, bir qu­ru kəl­lə, içi boş­dur,

Ol­sa kə­mə­nə, bilki, qə­bul­dur, bi­zəxoş­dur,

Bir gör­mək ilə an­la­dıq, hər iş ba­ca­ran­dır,

           Ev qəd­ri bi­lən, əl­lə­ri düz, yax­şı ma­man­dır.[15]

El­çi­lər ra­zı­lıq­la­rı­nı bil­di­rib evə gəl­dik­dən son­ra şa­ir “oğ­lan ba­cı­sı”nın söz­lə­ri­ni nəz­mə çə­kir. Ba­cı qardaşına qı­zı və ailəsini tə­rif­lə­yir. Onun tə­rif­lə­rin­dən bəlli olur ki, qız döv­lət­li, şə­hər­də ta­nın­mış ai­lədəndir, qar­da­şı­ ad­lı-san­lı ta­cir və kar­xa­na sa­hi­bidir. Bütün bunlardan hali olan oğ­lan ra­zı­la­şır, sevincindən hətta ba­cı­sı­nı qu­caq­la­yıb öpür. Oğ­lan, ba­cı və ana bu tə­rif­lər­lə ata­nı da yum­şal­dır­lar və tələm-tələsik izdivaca hazırlıq görməyə girişirlər. Bu minvalla toy tez­lik­lə baş tu­tur. Xalq adət-ənənələrinin canlı ensiklopediyası olan şa­ir bədii qəhrəmanının to­yunu bü­tün tə­fər­rü­a­tı ilə təs­vir edir. Ən son­da isə bu cür sax­ta ev­li­li­yin acı­na­caq­lı aqi­bə­ti­ni qələmə alır. Yalnız toy gü­nü gə­li­ni gör­mə­yə mü­yəs­sər olan oğ­lan ev­lən­di­yi qı­zın fi­zi­ki-za­hi­ri ey­bə­cər­li­yi qar­şı­sın­da do­nub qa­lır. Bir anlıq düşünür və evlənmək kimi ciddi, həyat əhəmiyyətli bir məsələdə tələsdiyini, ürəyinin səsini dinləmədən ötəri həvəslərə, dünya malına aldanaraq qərar verdiyinə görə dərin peşimançılıq hissi keçirir. Sev­mə­di­yi, kö­nül ver­mə­di­yi qızla yaşaya bilməyəcəyini, va­li­deynlə­ri­nin təh­ri­ki və təb­li­ği ilə baş tu­tan ev­li­li­yin yü­rü­mə­yə­cə­yi­ni an­la­yır.

Mir Meh­di Eti­mad Gü­ney Azər­bay­can­ xalqının həyatında əsrlər­dən bə­ri kök sal­mış köh­nə üsulları, keçmişin qalıqlarını, in­san­la­rın, xü­su­sən gənclə­rin xoş­bəxtli­yi­nə ən­gəl tö­rə­dən zə­rər­li adət­lə­ri, ey­ni za­man­da, möv­hu­ma­tı, cə­ha­lə­ti, fa­na­tiz­mi, na­dan­lı­ğı, var-döv­lət, sərvət hə­ris­li­yi­ni incə yumorla if­şa edir. İnsan həyatının ən mühüm, həlledici qərarının verilməsi-evlənmək, ailə qurmaq yolunda atılacaq addımın ciddi-ciddi düşünülərək, “yüz ölçüb bir biçilərək”, ən ümdəsi isə qarşılıqlı sevgiyə əsaslanaraq atılmasının vacibliyini vurğulayır. Bu yolda atılan hər bir səhv addım neçə-neçə Vətən övladının bədbəxt olmasına, həyatının sınmasına, ömrünün ah-vay, fəryad içərisində keçməsinə gətirib çıxarır.”Gə­lin­lər bə­zə­yi” poeması ən çox se­vi­lən, kütləvi şəkildə oxu­nan, də­fə­lər­lə nəşr olu­nan ən uğur­lu əsər­­lərdən və Gü­neyədə­biy­ya­tı­nın ən dəyərli nü­mu­nə­lə­rin­dən­dir.

Şairin Nov­ru­z bayramını, ya­zın gə­li­şi­ni qar­şı­la­ma­ğa ha­zır­la­şan xal­qın bü­tün tə­bə­qə­lə­ri­nin bay­ram əh­va­li-ru­hiy­yə­si­ni, se­vin­ci­ni, na­ra­hat­lı­ğı­nı xa­rak­terik ciz­gi­lər­lə təs­vir edən, elə­cə də ay­rı­ca ki­tab ki­mi bir ne­çə də­fə nəşr olunan “Çər­şən­bə ba­za­rı” po­e­ma­sı da böyük rəğ­bət və sev­gi ilə qar­şı­lan­mış­dır. Qeyd edək ki, Etimadın təkcə “Çər­şən­bə ba­za­rı” po­e­ma­sında deyil, əksər əsərlərində məişət mövzusu geniş yer tutur, xalq adət-ənənələri parlaq şəkildə öz ifadəsini tapır, lakin bütün bunlar zahiri xarakter daşıyır. Əslində şeir və poemalarında bəşəri duyğular, mühüm milli-mənəvi, ictimai-sosial problemlərlə ilgili düşüncələri, dünyagörüşü, əxlaqi məsələlərə, etik normalara fərdi münasibəti əks olunur. Ədib bir çox hallarda konkret hadisələrin təsviri ilə kifayətlənmir, baş verənlərə, ədəbi müstəviyə gətirdiyi hadisə və olaylara öz prizmasından da yanaşır, fərdi münasibətini sərgiləyir. Əlbəttə, şair ümid edir ki, onun oxucusu «əhli ədəb» olacaqdır. Bəlkə də bu səbəbdən «Çərşənbə bazarı» əsərində tez-tez mövzudan kənara çıxır və məsələ ilə bağlı sərrast və müdrik düşüncələrinə meydan verir.

«Çərşənbə bazarı» xalqımızın qədim milli bayramına-Novruzun gəlişinə həsr olunmuşdur. Poemada Novruzla bağlı Azərbaycan xalqının əsrlərdən bəri yaddaşında yaşadaraq bu günümüzədək qoruyub saxladığı milli adət-ənənələr, mətbəx mədəniyyəti, şirniyyat və yemək növləri böyük ustalıqla təsvir edilir. Maraqlıdır ki, bu əsərlərdə Etimadın xalq həyatının tərcümanı olduğu bir daha özünü göstərir. O, bəzi Novruz adətlərini elə incəliklə nəzmə çəkir ki, oxucu özünü həmin şənliklərin içində, bayram əhvali-ruhiyyəsində hiss edir. Subay qızların bayram axşamı öz bəxtlərini sınamaq üçün qapı pusmağa-qulaq falına çıxmalarını, yeniyetmə və uşaqların bacadan şal-qurşaq sallamalarını, axır çərşənbədə tonqal yandırıb üstündən atılan gənclərin “Çərşənbə mahnısı” oxumalarını çox böyük ustalıqla təsvir etmişdir:

Atılan vaxtda arvad, kişinin vırdı budur,

Deməyib hər kəs atılsa, saralan günləridir.

“Diş, baş ağrım, bədən ağrım, qolumun ağrısını

Tökürəm bu oda yansın”, sayılan günləridir.[16]

“Şair bu poemada ictimai həyat hadisələri ilə bağlı bir sıra tənqidi haşiyələr də vermişdir. Bu haşiyələr poemada ya ayrıca bir bölmə təşkil edir, bəzən də bir-iki beytdə öz əksini tapır. Belə bölmələrdən biri “Qoyma haqqın batsın” başlığı altında verilmişdir.

Ah çəkmək, yaxa yırtmaq eləməz dərdə dəva,

Dayan, al həqqini, fikr etmə, batan günləridir.

 

deyərək soydaşlarını milli dərdlərin həlli yolunu bulmağa çağırır. Əslində şair bu misralarda xalqını həm də mətin, iradəli olmağa, öz haqq və hüquqlarına qovuşmaq üçün mübarizə aparmağa, səsləyir. Lakin dövrün tələblə-rinə, ab-havasına uyğun olmayan açıq mübarizəyə çağıran üsyankar fikirlərini pərdələmək üçün daha sonra yazır:

Pozdu əfkarımı başda yazılan vaqeələr,

Yapışıb söz-sözə gördüm uzanan günləridr.

Nəzərim axır çərşənbə günün yazmaq idi,

Ki, bu gün xəlq arasında həyəcan günləridir.

Bari mətləbdən uzaq saldı bizi bir para söz,

Çünki çərşənbə günüdən yazılan günləridir.[17]

Novruz şənliklərinə, qayğılarına əhalinin müxtəlif təbəqələrinin-tacirlə-rin, bazar əhlinin, satıcı, usta kimi sadə adamların, eləcə də sənətkar və din xadimlərinin prizmasından baxır, bu insanların əhval-ruhiyysinə, keçirdiyi hiss-lərə şərik olur, sevinc və narahatlıqlarını aydın şəkildə təsvir edir.”Gə­lin­lər bə­zə­yi” kimi, «Çərşənbə bazarı» poemasının da ən gözəl məziyyətlərindən biri şairin haşiyələrə çıxması, cəmiyyətdə hökm sürən bəzi eybəcərlikləri açması, çatışmayan cəhətləri ifşa hədəfinə çevirməsi, əsəri çətinliklə dolanan, bayram süfrəsinə qoymağa bir şey tapmayan işsizlərin, bayram süfrəsi aça bilmədi-yindən uşaqlarının üzünə baxmağa xəcalət çəkən və özünə ölüm arzulayan fəqirlərin, yoxsul təbəqənin, bütövlükdə xalqın real həyatının aynası səviyyəsinə çatdırmasıdır:

                           Barilaha, bizə rəhm eylə, aman günləridir,

                           Bazar əhlinin övzai yaman günləridir.

                           Kəsilib alverimiz, mal dayanıb, nisyə batıb,

                           İtiribdir özünü, lap dayanan günləridir.

                           Hər kimi dindirisən, “ox, necə olsun”da qalıb,

                           Dalısınca yekə bir dastan açan günləridir.

                           Yolu getdikcə görürsən danışır öz-özünə,

                           Əli sağ, solda gəzir, əqli çaşan günləridir.

                           Ağacan, baxma bu xalqın pozuna, surətinə,

                           Batinin görsən əgər, odda yanan günləridir .[18]

Etimad millətinin, xalqının eyiblərindən yazır, nadanlıq və cəhalətə sürüklənməməsi üçün çatışmazlıqlarını tənqid edirdi. Bu yolla gördüyü, eyib bildiyi cəhətləri islah etmək istəyirdi. Ədibin həyatda da, əsərlərində də məqsədi, idealı mədəniyyətin, elmin və təhsilin inkişafı, Vətən balalarını qəflət yuxusunda deyil, gözüaçıq, savadlı, intellektual səviyyəli, “can deyib, can eşidən, heç bir halda xalqına xəyanət eyləməyən” vətəndaş kimi görmək idi. Düşünürdü ki, xalqının xoşbəxt gələcəyi üçün texnika, fabrik, zavod, silah, qoşun, güc strukturları qədər mədəniyyət də, elm və təhsil də gərəkdir. Bu müqəddəs arzusunu ”Gə­lin­lər bə­zə­yi” və “Çər­şən­bə ba­za­rı” po­e­ma­larında, eləcə də şeir və qəzəllərində göyərdirdi:

     Vətənə Mədrəsə, fabrik, maşın, konka, qoşun,

     Əsləhə, ayroplan lazım olan günləridir.

     Aç gözün, yatma dəxi, xabi-cəhalətdən oyan,

     Elm oxu, elm bu gün yer üzünü abad edib,

     Yatmağın vaxtı deyil, elm oxunan günləridir.

     Bir qövmdə gər olsa həqiqi  mədəniyyət,

      Lazımdır edə kütləsinə bir belə xidmət. [19]

Anadilli, milli ədəbiyyatın inkişafı yolunda yorulub-usanmadan çalışan Mir Mehdi Etimad zəngin bədii irsində “klassik ədəbiyyatın bir çox priyom və bədii təsvir vasitələrindən yaradıcı surətdə faydalanaraq novatorluqla ənənələri”[20] uğurla əlaqələndirmiş, yaratdığı əsərlərlə Güney Azərbaycan ədəbiyyatı xəzinə-sini zənginləşdirmiş, bütöv Azərbaycan mədəniyyətinə öz töhfələrini vermişdir. Ədibin Güney ədəbiyyatının inkişafı, milli dilin bərqərar olunması yolunda göstərdiyi xidmətlərinə, eləcə də Milli Hökümət dövründə ictimai-siyasi xadim kimi müstəsna fəaliyyətinə görə həqiqi şairlərin səsini xalqın səsi hesab edən böyük vətən mücahidi, siyasət dünyasının nəhəng simalarından biri olmuş Seyid Cəfər Pişəvəri də onu milli şair kimi yüksək dəyərləndirmişdi: “Hələ firqəmiz işə başlamadan əvvəl Azərbaycanda şer yazan şairlərimizin cəmiətdə özlərinə yol açmağa imkan tapmışdılar. O zaman Azərbaycan dilində vahid nəşriyə olan “Vətən yolunda” ruznaməsi bu şerlərin intişarı ilə Azərbaycanda ədəbiyyat aləminə təzə bir hərəkət meydana çıxmasına kömək etmiş idi. Azərbaycança yazan cavan şairlərdən Biriya, Azəroğlu, Əli TudəÇavuşi, Mədinə Gülgün kimi təzə ərsiyə qədəm qoymuş təzə şairlərlə bərabər, Əli Fitrət, Mir Mehdi Etimad, Nəcim, Məhzun və Kamil kimi o vaxtadək yarı fars və yarı Azərbaycanca yazan sabiqəli şairlər də milli dilimizdə hərarətli şerlər yazmaqda ədəbiyyatımızda maraqlı bir rövnəq (inkişaf) müşahidə olunurdu. Firqə işə başlayan kimi bu qüvvə tamamilə bizim tərəfimizə keçib, müraciətnaməmizdən aldıqları ilham üzrə hərarətli şerləri meydana çıxarmaqla milli hərəkatımızda yer tutmağa başlamışdı. “Azərbaycan” ruznaməsi isə çox mühüm və siyasi məsələləri ilə məşqul olduğu halda, şairlər nehzətimizi qüvvətləndirmək üçün xalqı ruhlandıran şerlərini çap və müntəşir etməkdən heç də xuddarlıq etməyib (utanmayıb), bəlkə onları daha artıq təşviq etmək üçün əlindən gələn köməyi müzayiqə etmirdi.”[21]

Görkəmli milli şair, bütöv Azərbaycan ədəbiyyatında mühüm yeri olan Mir Me­hdi Eti­ma­dın yaradıcılığı zaman keçdikcə daha geniş şəkildə araşdırılacaq və yeni-yeni tədqiqatların mövzusu olacaqdır.

 

 

İstifadə  olunmuş  ədəbiyyat

 

1.”Ədəbiyyat” qəzeti, Azəroğlu, “Mir Mehdi Etimad-105”, 10 iyun,2005.

2.XX əsr Cenubi Azərbaycan Ədəbiyyatında Demokratik İdeyalar (1900-1985), Bakı, “Elm”,1990.

3. Na­zim Riz­van. Cə­nu­bi Azər­bay­can ədə­biy­ya­tı­nın ye­ni in­ki­şaf mər­hə­lə­si. (1850-1920-ci il­lər), Mo­noq­ra­fi­ya, B.,2005.

4.Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. II c, Bakı, “Elm”, 1983.

5.Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, Bakı, “Elm”, 1988.

6.V.Q.Be­linski, Alek­sandr Puş­ki­nin əsər­lə­ri, Azərb. SSRİ. EA nəş­riy­ya­tı, B., 1948.

7.M.İb­ra­hi­mov. “Xəl­qi­lik və re­a­lizm cəb­hə­sin­dən”, B., 1961.

9.Mir Meh­di Eti­mad. “Gə­lin­lər bə­zə­yi”, Təb­riz, 1981.

10.Bö­yü­ka­ğa Hü­sey­nov. XX əsr fars şe­rin­də ənə­nə və no­va­tor­luq. B., “Elm”, 1975.

11. “Azərbaycan”şümarə iki, şəhrivərin 17-si 1324(07 sentyabr 1945-ci il).

 

 

Nəşr  olunmuş  kitabları

 

1. “Əlifba-yi cədid – Yeni əlifba”, Təbriz, 1941.

2.”Mənaze-yi ədəbi  (Ədəb qaydaları)”. Təbriz, 1314.

3.“Bədrəqətül əs-sabiyan” (Gənclərin ziyalanması (maariflənməsi)”, Təbriz, 1326.

4.“Hidayət-ül kəlam (Müdrik kəlamların göstərdiyi yol)”, Təbriz,1315.

5. “Təxt-ülsabiyan-Cavanlıq taxtı”.

6. “Gül qönçəsi”, Şeirlər, Tehran, 1319.

7. “Ayineyi- əxlaq (Əxlaqın aynası-Şeirlər)”, 1351.

8.”Bərgi səbz (Yaşıl yarpaq)”, Tehran, 1935.

9. “Səmavəriyyə (Ədəbi mübahisələr)”, Tehran, 1965.

10.“Şanlı Azər­bay­can”, Divan, Təbriz, 1946.

11. “Gəlinlər bəzəyi”, Poema, Təbriz, 1941.

12. “Çərşənbə bazarı”, Poema, Təbriz, 1942.

 

[1]”Ədəbiyyat” qəzeti, Azəroğlu, “Mir Mehdi Etimad-105”, 10 iyun, 2005, s.4.

[2]Yenə orada, s.4

[3]Yenə orada, s.4

[4]Yenə orada, s.4

[5].XX əsr Cenubi Azərbaycan Ədəbiyyatında Demokratik İdeyalar (1900-1985), B., “Elm”,1990, s.154.

[6] Na­zim Riz­van. Cə­nu­bi Azər­bay­can ədə­biy­ya­tı­nın ye­ni in­ki­şaf mər­hə­lə­si. (1850-1920-ci il­lər), Mo­noq­ra­fi­ya, Bakı: “Səda”, 2005, s.25.

[7]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, Bakı, “Elm”, 1988. s.56.

[8]Yenə orada, s.57.

[9]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, “Elm”, 1988. s.60

[10]M.İb­ra­hi­mov. “Xəl­qi­lik və re­a­lizm cəb­hə­sin­dən”, B., 1961, s. 181.

[11]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, Bakı, “Elm”, 1988, s.68.

[12]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, Bakı, “Elm”, 1988, s.242.

[13]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, Bakı, “Elm”,1988, s.116.

[14]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. II c, “Elm” nəşriyyatı, 1983, s.113.

[15]Yenə orada, s.215.

[16]Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. II c, Bakı, “Elm”, 1983, s.227.

18Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. III c, Bakı, “Elm”, 1988, s.224.

18Cə­nu­bi Azər­bay­can Ədə­biy­ya­tı Antologi­ya­sı. IIc, Bakı, “Elm”, 1983, s.224.

[18]Yenə orada, s.223.

[19].”Ədəbiyyat” qəzeti, Azəroğlu, “Mir Mehdi Etimad-105”, 10 iyun,2005, s.4.

[20]Bö­yü­ka­ğa Hü­sey­nov. XX əsr fars şe­rin­də ənə­nə və no­va­tor­luq. B., “Elm” nəş­riy­ya­tı, 1975, s.304.

[21].“Azərbaycan”şümarə iki, şəhrivərin 17-si 1324(07 sentyabr 1945-ci il).

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10