Mircəfər Bağırovun qarşısında hönkür-hönkür ağladığı pianinoçu qadın – Cəlil Cavanşir

56 Baxış

Без названия

Senet.az oxucularına “Ustad” jurnalının “Araşdırma” rubrikasından Cəlil CavanşirinMircəfər Bağırovun şəxsən güllələdiyi və… qarşısında hönkür-hönkür ağladığı pianinoçu qadın”  yazısını təqdim edir.

 “1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, leytenant Tevosyan belə bir arayış hazırlayır: 

“Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman, 1893-cü ildə anadan olan, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəlliməsi Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin qərargahların zabitlərini evinə qonaq çağırırdı. Azərbaycanın sovetləşməsindən sonra Qayıbova öz evində Müsavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu gizlətmişdir. Vəkilovu həbs etmək üçün gələndə Qayıbova ona qaçmaq üçün imkan yaratdı. Vəkilov xaricə qaçıb və indi Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti azərbaycanlı Sultan Hüseynzadə gizlənirdi. Qayıbovanın evindən o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Əks-inqilabi millətçi təşkilatın rəhbərlərindən biri – Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən görünür ki, Türkiyə kəşfiyyatının agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini Qayıbova Xədicə xanımın vasitəsilə saxlayırdı. Qayıbovanın əri Rəşid Qayıbov Azərbaycan SSR DİXK tərəfindən əks-inqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir.

1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir.

Yuxarıdakılara əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68-ci maddəsinə görə istintaqa cəlb edilməlidir”.

 

Azərbaycanın ilk pianinoçu qadını

 Xədicə Osman qızı Qayıbova – 1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Ana tərəfdən Xədicə xanım Terequlovlar nəslinə mənsub idi. Atası Osman Müftizadə  ailənin maddi vəziyyətinin imkan verdiyi dərəcədə qızına yaxşı təhsil verməyə çalışıb. Qafqaz canişinliyinə yazılmış ərizəyə əsasən Xədicə xanım püşkatma üsulu ilə Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbinə daxil olur. Uşaq yaşlarından xüsusi istedadı ilə fərqlənən Xədicə ilk musiqi təhsilini də oxuduğu bu məktəbdə alıb, elementar musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənib. Özünün yazdığına görə, onun müəllimləri L.N.Knini və Truskovski olmuşdur. 1911-ci ildə məktəbi bitirdikdən sonra Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu – mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. Bir müddət X.Qayıbova Tiflisdə tatar, yəni Azərbaycan məktəbində dərs deyir.

1919-cu ildə Qayıbovlar Bakıya köçür. Xədicə xanım artıq bu dövrdən konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir. Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir.

Xədicə xanım Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. “Şərq musiqi kursları” ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan professor L.Abdan dərs alır. 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunaraq 3 ay müddətinə həbs olunur. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.

O, xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olurdu. Eyni zamanda onun evi sənətsevərlərin, musiqiçilərin görüş yeri sayılırdı. Amma…

 Ziya Bünyadov “Qanlı illər” kitabında yazır:

 “1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin 4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə xanım Şah döngəsi 16 nömrəli evdə həbsə alınmışdı (Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi)”.

1938-ci il martın 20-də ilk dindirilmə keçirilir.

Müstəntiq Xədicə xanımı əks-inqilabi fəaliyyətlə məşğul olmaqda ittiham etsə də o, ittihamları qəti şəkildə rədd edir.

 “ – Özünüzü müqəssir bilirsinizmi?

– Mən əks-inqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm”.

 

1938-ci il martın 23-də ikinci dindirmə keçirilir:

 “– Bakıda olan türk və ingilis qoşunlarının zabitlərindən kimi tanıyırdınız?

 – Türk qoşunlarının rəhbərlərindən biri Xəlil paşa mənə tanış idi. Onun adyutantı Cavad bəyi və təyyarəçi zabit Əşrəf Timuçini də tanıyırdım. İngilislər arasında tanışlarım yox idi.

– Yuxarıda adlarını çəkdiyiniz türk zabitləri ilə tanışlığınız nə ilə ifadə olunurdu?

 – Xəlil paşa tanış kimi dəfələrlə bizim evə gəlibdi. Məni onunla qardaşım Məmməd Müftizadə Tbilisidə tanış etmişdi. Cavad bəylə məni Xəlil paşa tanış etmişdi. Aramızda heç bir şey olmayıb. Təyyarəçi zabit Əşrəf Timuçinlə məni indi xalq düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi.

– Müsavat ordusunun zabitlərindən sizə kim tanış idi?

– General Əliağa Şıxlinski. Mənim keçmiş ərimin qohumudur. General Usubov İbrahim də ərimin qohumudur. Zabit Sultan Hüseynzadə bir zaman mənə bənd olmuşdu və hərdənbir məni teatra dəvət edirdi. Başqa tanış zabitlərim yox idi.

– Sovetləşmədən sonra sizin evinizdə sovet orqanlarından gizlənən olubmu?

– Sovetləşmədən sonra yaşadığım evdə 10-15 gün ərzində müsavat firqəsinin və hökumətinin liderlərindən biri Mustafa Vəkilov gizlənirdi.

 1938-ci il martın 25-də keçirilən üçüncü dindirmədən:

– Müsavat firqəsinin və parlamentinin keçmiş lideri olan Mustafa Vəkilovun gizlənməsi və qaçmasında özünüzü təqsirkar bilirsinizmi?”

– Mustafa Vəkilovun qaçmağını bilərək heç kəsə xəbər verməməyimdə özümü təqsirkar bilirəm. Lakin bundan mənim heç bir məqsədim olmayıb və bir də bu haqda Azərbaycan inqilabi komitəsinin sədri Mirzə Davud Hüseynov da bilirdi…”

 Xədicə xanımın inadını sındırmaq, şərləmək mümkün olmasa da, dindirmələr və mənəvi, fiziki işgəncələr onu yorur və yavaş-yavaş ümidsizləşdirirdi. O artıq aqibətini dərk edir və müqaviməti getdikcə zəifləyirdi…

 1938-ci il aprelin 28-də keçirilən doqquzuncu dindirmədən:

 “– Sizə ikinci dəfə təklif edilir ki, müəyyən xarici dövlətin kəşfiyyat agenti kimi siz öz praktiki casusluq fəaliyyətiniz haqda müfəssəl danışasınız.

“– Mən heç vaxt kəşfiyyat agenti olmamışam və casusluq da etməmişəm”.

“– Siz doğru danışmırsınız. İstintaq müəyyən edib ki, Türkiyə kəşfiyyatının agentlərindən biri olan Dadaş Bünyadzadə casusluq məqsədi ilə sizə ayrı-ayrı tapşırıqlar verir və sizin şəxsən vasitəçiliyinizlə Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayırdı”.

 “– Mən təsdiq edirəm ki, mənim vasitəçiliyimlə Dadaş Bünyadzadə Türkiyə kəşfiyyatı ilə heç bir əlaqə saxlamırdı və o, mənə heç bir tapşırıq vermirdi”.

 Xədicə xanım heç kəsin əleyhinə və 9 dindirmənin heç birində  güllələnməsinə əsas yaradan ifadə vermir. 1938-ci il mayın 7-də Qayıbova Xədicə xanımın işi üzrə istintaqın qurtarması haqda protokol tərtib olunur.

Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.

Altı aydan sonra çıxarılan, 1938-ci il oktyabrın 19-u tarixli Azərbaycan SSR XDİK-in xüsusi üçlüyünün qərarı:

“Qayıbova Xədicə xanım Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!”

Qərara DTK Birinci Xüsusi şöbənin rəisi leytenant Sovçenko qol çəkib.

Bəzi mənbələrdə Mircəfər Bağırovun Xədicə Qayıbovanı sevdiyi deyilir. Amma Xədicə xanım heç vaxt M.Bağırova “hə” cavabını verməyib.  Xədicə Qayıbova 3 dəfə ərə gedib, ərləri Bağırov tərəfindən yox edilib. Nəhayət, Bağırov Xədicə xanımın özünü də həbs etdirib. Həbsdə Bağırov sonuncu dəfə ona “hə” cavabını verməsini istəyib. Lakin “yox” deyən Qayıbovanı Bağırov öz əlləri ilə güllələyib və hamının qarşısında hönkür-hönkür ağlayıb.

 

Gecikmiş bəraət

1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunması və güllələnməsi haqda Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsi xüsusi şöbəsinin müstəntiqi Menyayev Alanqu Sultanovanın ərizəsi ilə bağlı bunları bildirir: “Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilmişdir. Qərar ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.

Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10