Mirzə Cəlil irsinin tədqiq və təbliğinə yubiley töhfəsi – Şəhla ƏHMƏDOVA

95 Baxış

2a

Hər bir azərbaycanlının öz Mirzə Cəlili var və ya hər bir azərbaycanlı Mirzə Cəlilin prersonajlarındandır deyə bilərik. Bir sözlə, Mirzə Cəlil bu millətin canında, qanındadır. Kiçikli-böyüklü hər əsərində böyük ədib bu millətə mesaj verir, təki onu anlayan ola, anlamaq istəyən ola.

“Usta Zeynal” hekayəsində Muğdusi Akop yadınızdadır. O, Muğdusi Akop ki, hüquq təhsili alan oğlunun gəlişini gözləyir, bu münasibətlə evi təmir etdirir. Hərçənd gözümüzü açıb ustaları qonşu millətə mənsub olan görmüşük, amma burada diqqətə çatdırılan məsələlər başqadır. Onlardan biri dünyanın o vaxtında erməninin oğluna hüquq təhsili verməsidir. Nə gizlədək ki, elmə, təhsilə münasibət bizdə o qədər də ürəkaçan olmamışdır. Digər nəzərə çarpan məsələ isə keçmişdə söz adamı kimi tanınan millətin nümayəndələrinin tədricən işində axsayan, sözünə əməl etməyən bir qövmə çevrilməsidir. Özgələri daha naqisdir? – Bəli, amma Mirzə Cəlili öz həmvətənləri daha çox maraqlandırmışdır. Belə ümumiləşdirilmiş obrazların xalqı aşağılamaq istəyi kimi yox, bir islahedici vasitə kimi qəbul edilməsi gərəkdir.

Bu gün, Mir Cəlal Paşayevin təbiri ilə desək, yazıçılarımızın çıxdığı “Poçt qutusu” ilə səsləşən elə hallarla rastlaşırıq ki, demək istəyirik bəs deyirsiniz daha bizdə novruzəlilər yoxdur?

Çox sevdiyim “Nigarançılıq” hekayəsi zahirən cansıxıcı, eyni söhbətlərin, eyni mətləblərin təkrarı kimi görünsə də, əslində, böyük bir bəlanın nümayişidir: “Bu nigarançılıq yaman pis şeydir” qənaətindən uzağa gedə bilməyən bir toplumdan ümummilli, azadlıq, hüriyyət kimi ümumbəşəri məsələlər haqqında düşünməyi gözləmək əbəsdir. Deyilənlərə görə, Y.V.Çəmənzəminli Cəlil Məmmədquluzadəyə gileylənir ki, Mirzə, bu milləti avam, nadan hesab etmək yetər, novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan mədəniyyətləri var. Amma tutduğu yol ilə, yanaşması ilə Mirzə Cəlil “öz eyiblərini görən xalq böyükdür” fikrini bir daha təsdiq etmiş oldu.

Mirzə Cəlil yaradıcılığını hər tədqiqatçı öz çapında, öz baxış bucağından araşdırmış, onun aləminə baş vurmuşdur. Bu təmas nəticəsində monoqrafiya, məqalə, esse, şeir, hətta poema yaranmışdır. Müxtəlif zamanlarda, müxtəlif janrlarda yazıları bir yerə toplamaq, yubiley ilində oxuculara ərməğan etmək romantik bir şücaət təsiri bağışlayır, bu niyyəti ancaq alqışlamaq olar. İstər nəhəng qələm sahiblərinin, istərsə də orta və gənc nəslin nümayəndələrinin yazıları oz dövründən, mövqeyindən Mirzə Cəlilin necə göründüyünü bilmək baxımından qiymətlidir.

Mirzə Cəlilin dili üzərində müşahidələr aparmaq bir ayrı zövqdür. Sevə-sevə qələmə aldığım, iş prosesində sürprizlərlə qarşılaşdığım məqaləni klassiklərin və müasirlərin yazıları ilə bir sırada görmək çox xoş oldu. Bu topluda imzasını görmək hər kəsi qürurlandırar. Mən də istisna olmadım. Düşünürəm ki, Mirzə Cəlil dilinin lüğəti hazırlanması vacib olan müəllif lüğətlərindəndir. Bu sahədə iş yalnız yubiley ili ilə məhdudlaşmamalıdır.

Oxucuların ixtiyarına verilən toplunun tərtibçisi Elxan Nəcəfovdur. Ömrünü maarifçiliyə, məktəbdarlıq işinə həsr etmiş gənc tədqiqatçı həm də AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantıdır. Elxan Nəcəfov bu yaşında bir çox uğurlara imza atmağa, “Hədəf” kurslarının quruculuğunda iştirak etməyə, ali məktəbdə ədəbiyyatdan mühazirələr söyləməyə, bir çox dərs vəsaitlərinin müəllifi və redaktoru olmağa imkan tapmışdır. Bu toplu onun həyatında, elmi fəaliyyətində ən önəmli yelərdən birini tutur və tutacaq. Bu toplunun bir çox tədqiqatçının elmi araşdırmalarına təkan verəcəyinə inanıram. Əməyi olan bütün heyətə: redaktor akademik İsa Həbibbəyliyə, elmi redaktor professor Asif Rüstəmliyə, məsul redaktor filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimova, rəyçilərə – AMEA-nın müxbir üzvü Tehran Mustafayevə, dosent Şəmil Sadıqa təşəkkür edirik.

Mirzə Cəlillə daha bir görüşümüz mübarək!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10