Mirzə Fətəlinin intihar etmiş oğlu – Dilqəm Əhməd

46 Baxış

file_20140825062044469

1909-cu ilin yanvarı. 55 yaşlı kişi tapançasını çıxararaq atəş açır… Bu intihar hadisəsi haqqında arxiv sənədlərində belə bir qeyd var:

“Rəşid bəy malxulyanın (melanxoliyanın) “qələbə”sindən sonra məyusluqla özünü tapança ilə qətl elədi. Oğlu Fətəli bu günlərdə gələsidir”.

Bu kişi övladına babasının adını qoyduğu Mirzə Fətəli Axundzadənin oğlu idi.

Azərbaycanı modern çağa aparan ilk mütəfəkkirin oğlu acılara dayana bilməyib intihar etmişdi. Nədən?

Rəşid Axundov 1854-cü ildə Tiflisdə doğulub, 1863-cü ildə Tiflis gimnaziyasına daxil olub və 1872-ci ildə oranı bitirib, fransız, rus, ərəb, fars dillərini öyrənib, 18 yaşında ikən atası üçün Mirzə Melkum xanın göndərdiyi “Şarl Mismerin Ali paşaya məktubu” əsərini fransızcadan ruscaya tərcümə edib.

Amma atasından fərqli olaraq o, mühəndis olmaq, bunun üçün isə Avropada təhsil almaq istəyirdi. 1874-cü ildə Brüsselə yollanır. Təhsil illərində Avropanın mədəni mühiti ilə tanış olur, ailəsi ilə məktublaşaraq özünün durumu haqqında bilgi verir, həmçinin yeniliklərlə tanış olur. Həyat sakit axarı ilə gedərkən həm Rəşid üçün, həm də Azərbaycan üçün faciəli bir hadisə baş verir… Mirzə Fətəli Axundzadə vəfat edir.

Atasının ölümündən sarsılan, həmçinin xəstələnən Rəşid tezliklə maddi sıxıntılarla üzləşir. Məcbur qalıb 1882-ci ildə təhsilini tamamlamadan Tiflisə dönür. Daha sonra isə Peterburqa yollanır. Dayısı Mirzə Mustafanın dəstəyi ilə burada təhsilini davam etdirir. Təhsilini bitirdikdən sonra yol mühəndisi diplomu ilə Tiflisə qayıdır və Qafqaz Dairəsi Yollar İdarəsində işə başlayır…

M.F.Axundzadəyə aid arxivdə oğlu Rəşidin ona və digər ailə üzvlərinə yazdığı məktublar saxlanılır. Brüsselə, Rəşidə yazılan məktublardan isə yalnız bir-ikisi qalıb. Məktublardan məlum olur ki, Rəşid Axundovun Brüssel həyatı heç də uğurlu olmur. Belə ki, hələ atasının sağlığında gənc tələbə maddi sıxıntılar keçirib. Məktubların əsas mövzusunu bankla pul göndərilməsi tələbi, onunla birlikdə qalan Nəcəfin xəstəliyi və digər şikayətlər təşkil edib. Hətta məktublardan birində Rəşid rus pulu ilə frankın kursu barədə də ətraflı izahat verir, ona göndərilən puldan kommersiya bankının neçə faiz tutduğunu ən xırda detallarına qədər yazırdı. Belə çətinliklərin olmasına rəğmən, o, imtahanlarını uğurla başa vurur:

“Beləliklə, mən indi Politexnik Məktəbin tələbələri sırasına, birinci kursa qəbul olunmuşam. Kurslar (dərslər) 13/1 oktyabrda başlanacaq”.

Rəşid burada təhsil almaqla bərabər, atasının əsərlərini də çevirməyə başlayır. Bir məktubunda yazırdı:

“Mən “Müsyö Jordan”ı tərcümə etməyə başlamışam, amma vaxtım o qədər azdır ki…indiyədək cəmi iki “məclis”i tərcümə edə bilmişəm”.

Növbəti məktubunda Rəşid əsərin bəyənildiyini, lakin tamaşaya qoyulmaq üçün uyğun olmadığını, kitabça şəklində çap ediləcəyinə söz verdiklərini yazır. Fransız ədibi Qastino Rəşidə bu barədə deyir: “Əgər tamaşaçılar ədəbiyyatdan … baş çıxaran olsaydılar, bu pyesi oynamaq olardı, amma, təəssüf ki, bu belə deyil. O qədər elə pyes var ki, heç Sizin atanızın pyeslərinin dörddə birinə də dəyməz, onlar ədəbiyyat baxımından tamamilə boş şeydir, amma tamaşaçıların xoşuna gəlir,

çünki onları hər cür (bəzən hətta, sadəcə, axmaq) səhnələr, dekorasiyalar, zarafatlar və s. əyləndirir. Elə bu səbəbdən nə burada, nə də Parisdə heç bir direktor bu komediyanı öz teatrının səhnəsinə daxil etməyə razı olmayacaq – çünki onların hamısı spekulyasiya ilə məşğuldur, pyes tamaşaçıların əksəriyyətinin xoşuna gəlmədiyi üçün isə onun bundan heç bir (pul baxımından) gəliri olmayacaq”.

Amma növbəti məktubda kitab çapının da baş tutmadığını yazır: “Komediyanız haqqında cənab Qastinonun dediklərinin hamısını artıq Sizə yazmışam. Bu gün əlavə olaraq bildirirəm ki, kitab naşiri də ziyana düşməkdən qorxduğu üçün bu pyesi çap etməkdən çəkinir. Cəhənnəm olsun!”

Ümumiyyətlə, Rəşid Axundovu Azərbaycanın ilk tərcüməçilərindən hesab etmək olar. O, atasının əsərlərini fransız dilinə tərcümə etməklə yanaşı, fransız ədəbiyyatından da nümunələri dilimizə çevirib. Məsələn, fransız yazıçısı Alfred dö Breanın “Balaca parislinin macəraları” romanını Azərbaycan dilinə tərcümə edib. Bu roman, hətta səhvən Axundzadənin əsəri kimi çap edilmişdi.

Rəşid universitetdən diplomla qayıtmaq üçün bütün çətinliklərə dözür, bəzən ona göndərilən pullar gec çatır, məktublarda bu narahatlıq tez-tez dilə gətirilir. Bəzən isə Tiflisdən gələn acı xəbərlər onu üzür. Amma o, fikrində qətidir: “Hətta burada 5 ildən artıq da qalmalı olsam, mühəndislik diplomu almadan Rusiyaya qayıtmayacağam. Bu, mənim qəti qərarımdır”.

Maddi sıxıntılar isə ondan əl çəkmirdi. Pulun gec çatması Rəşidi hədsiz həyəcanlandırır, heç vaxt borc almadığı təqdirdə özünə yaraşdırmadığı bu addımı atmağa məcbur olur:

“Belə şərait məni (istəyimin əksinə olaraq, yəni əlacsızlıqdan) ev yiyəsinə müraciət etməyə və ondan bir neçə frank borc almağa məcbur etdi. Mənim bir qəpik də pulum qalmamışdı (Siz təsəvvür edə bilməzsiniz ki, mənim kimi adi, bəyaz-əsməri sifətli adam ondan bu borcu istəyəndə necə qıpqırmızı qızardı)”.

Rus-türk müharibəsinin başlaması isə rus pulunun dəyərdən düşməsinə səbəb olur, bu isə frankla münasibətdə Rəşidə əlavə əziyyət verir. Müharibə onu həm də siyasi nəticəsinə görə qayğılandırır:

“Açığını deyim, bu iki dövlət arasında baş verən müharibə, necə nəticələnəcəyindən asılı olmayaraq, təəssüf doğurur; əlbəttə, Rusiyanın qalib gələcəyi ehtimalı daha böyükdür, yaxşı, olsun, ancaq digər tərəfdən, Türkiyə üçün böyük həqarət olacaq, bu isə bütün qafqazlılar üçün pisdir. Siyasət haqqında danışmaq istəmirəm, amma bir az fikirləşəndə – Siz özünüz də bilirsiniz ki, qafqazlılar üçün bunun axırı yaxşı qurtarmayacaq”.

Axundzadə oğlunun təhsilini başa vurmasını çox istəyirdi. Yeganə oğlunun Avropa təhsilli bir mütəxəssis kimi yetişməsi həm Rəşidə, həm də özünə çox faydalı olacaqdı. Şübhəsiz, Rəşid bu təhsilinə görə yaxşı iş qazanacaqdı, həm də artıq Avropada ədəbi və elmi dairələrdə əlaqələr yaratdığına görə, atasının əlifba islahatı ilə bağlı görüşlərini və komediyalarını çap etdirə biləcəkdi. Təəssüf ki, məktublardan da göründüyü kimi, Axundzadənin əlifba islahatı avropalıların diqqətini çəkmir, komediyaları isə səhnəyə qoyulmur, çap olunmurdu.

Axundzadə oğlunun xərclərini cüzi olan maaşına rəğmən, qarşılamağa çalışmışdı. Hətta son vaxtlar qocalığını və qəfil ölə biləcəyini də göz altına alaraq, özündən sonrakı dönəmi də hesaba almışdı. Ömür-gün yoldaşı Tubu xanımın hökumətə yazdığı ərizədə bu barədə deyilir: “Mərhumun ölümü ilə onun bütün gəlir mənbələri kəsilib, maaşının yarısı qədər olan cüzi təqaüdü də indiyədək mənim adıma keçirilməyib. Halbuki, qocalığında o, daim özünün uzunmüddətli, yarım əsrə yaxın olan qulluğuna güvənib, mənə toxtaqlıq verirdi ki, ölüm-itim olarsa, onun qayğıkeş rəisləri xidmətlərini layiqincə qiymətləndirəcək, oğlunun təhsilini başa vurmasına, uzun illərin zəhmətindən sonra onun və valideyninin arzusunda olduqları məqsədə çatmasına imkan yaradacaqlar”.

Rəşid atasının dünyagörüşündən fərqli olaraq, dinə bağlı insan idi. Axundzadə Mirzə Yusif xana yazdığı məktubunda oğlunun vaxtlı-vaxtında namazında, orucunda olduğunu bildirirdi. Amma Rəşid yazdığı məktublarda etiraf edirdi ki, o, xaraktercə adamayovuşmaz, qaradinməzdir, bu xarakteri onu tez-tez, hətta əyləncələrdə də darıxdırır.

Onun bu melanxolik təbiəti Brüssel uğursuzluğundan sonra Peterburqda oxumağa başlayarkən daha qabarıq üzə çıxır. Əgər biz Brüsseldə daim oxumaq, öyrənmək istəyən ehtiraslı bir gənci görürüksə, dayısının Peterburqa, ona yazdığı məktublarda isə psixoloji cəhətdən təbəddülatlar içində olan, etinasız bir şəxslə qarşılaşırıq. Məktublarda dayısı ona dəfələrlə iradını bildirir. Bununla yanaşı, o, Peterburqdakı ziyalı mühitlə də tanış olur, rus yazıçısı İ.Turgenevin dəfn mərasimində iştirak edir.

1899-cu ildə Rəşid bəy Axundov Mirzə Şərif Mirzəyevlə birlikdə “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində nəşr etdirir. Həmçinin, Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyətinin işində fəal iştirak edir.

Bu müddətdə o, Şuşanın məşhur bəylərindən Cahangir ağanın bacısı Mələkcahanla evlənir. Bu evlilikdən oğlu Fətəli dünyaya gəlir. Lakin ailə həyatı tezliklə uğursuzluğa düçar olur. Belə ki, arxivdə saxlanılan bir məktubda Mələkcahan ona yazırdı:

“Allah səbəbin və baisin evini künfəyəkün eləsin. Mən fəqir hara, Tiflis hara, qəriblik hara…Dost-aşna içində başıaşağı olmuşuq…Axırı sənin dərdindən naxoş oldum. Səhərdən axşama məni qoydun bir otağın içində, özün kitaba məşğul oldun, bilmədin mən fəqir, harda qalmışam. Fikrini verdin alqebraya, gecələr ayrı yatdın, gündüzlər kitabla məşğul oldun…Yanına gələndə deyirdin ki, o yana get məndən. Sənə gəlmişdim, indi təvəqqe edirəm, yaxşı yat və yaxşı gəz və gül və kitab oxu, nə bilirsən, otur et…”

Mələkcahanın yazdığı digər məktublarda da bu kimi fikirlər yer alır. Nəhayət, onlar birdəfəlik ayrılırlar və bu hadisə Rəşidin melanxolik təbiətini daha da gücləndirir.

…Və beləcə, təbiətində olan qaradinməzlik, uğursuz Brüssel həyatı, atasının ölümü, baş tutmayan ailə və qulluq karyerası, səhhətində yaranan problemlər Rəşid Axundovun tapançaya əl atmasına səbəb olur.

Mikayıl Rəfili “M. F. Axundov” adlı əsərində yazır: “Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir”.

KÖŞƏ YAZARLARI
TOP 10