Mirzə Kazım bəy: “İranda Babək adlı yalançı peyğəmbər peyda olub”

124 Baxış

mirzek kazim bey“Hədəf” Nəşrləri Azərbaycan şərqşünası, tarixçisi, filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin seçilmiş əsərlərindən ibarət kitabını Azərbaycan dilində nəşr edib.

Xatırladaq ki, Azərbaycan dilində ilk dəfə nəşr olunan kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini-siyasi hərəkat olan babilik hərəkatından və hərəkatın banisi Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə əks etdirən “Müridizm və Şamil” adlı məqalələri toplanıb.

Kitabın tərcüməçisi İsmayıl Umudlu, redaktorları isə f.ü.f.d.,dos. Şəmil Sadiq və f.ü.f.d. Nərgiz Cabbarlıdır.

Qeyd edək ki, kitabda oxucuların diqqətini çəkəcək xeyli marqlı faktlar da yer alıb.

Senet.az Mirzə Kazım bəyin kitabında Babək və Şamil haqda yer almış fikirlərdən qısa bir hissəni oxuculara təqdim edir:

…Hicri tarixin III yüzilliyinin lap başlanğıcında, əl-Məmunun hökmranlığı zamanında (hicri 201-ci il və miladi 810-cu ildə) İranda Babək adlı biri peyda olaraq əvvəlki yalançı peyğəmbərlərin yolunu davam etdirdi və özünü “Allahın elçisi”, ardınca isə “Allahın yer üzündəki təcəssümü” elan etdi. Onun uğurları o qədər böyük oldu ki, iyirmi il ərzində xəlifələrin hakimiyyətini təhdid etdi.

Fədakar tərəfdarlarının başçılığı altında hərəkət edən qüvvələrlə dəfələrlə Məmun və Mötəsimin qoşunları üzərində qələbə çalması, həmçinin qana hərisliyi və rəhmsizliyi öz-özünə qarşı yönəlmiş daxili üsyanı hazırlamış oldu.

Nəhayət, onun qüvvələri darmadağın edildi və o, Bizansa qaçmaqla canını bir müddətliyə qurtardı. Erməni knyazlarından və ya əyanlarından olan Sahil adlı biri onu arvadları və uşaqları ilə birlikdə yaxaladı və xəlifənin ordu komandanı Afşil vasitəsi ilə qəzəbdən alışıb yanan Mötəsimə təhvil verdi.

Onun üçün hazırlanmış işgəncələr müdhiş idi: divan tutulduğu gün Babəkin meydanı doldurmuş insanlara etinasız və nifrət dolu baxışlarla baxması ona verilən cəzanın şiddətini on qat artırdı. Lakin o, verilən əzablara sarsılmaz bir mətanətlə dözdü və cəlladları məsxərəyə qoydu.

Babəkin qəddar cəlladlarının onunla nə şəkildə rəftar etdikləri barədə təfərrüatlı məlumat avropalıda ikrah doğura bilər: məsələn, əvvəlcə onun ailə fərdlərini və uşaqlarını işgəncəyə məruz qoyub, sonra tikə-tikə doğradılar; ardınca özünün bədən əzalarını bir-bir baltalayıb ayırdılar və rəhmsizliyin təlqin edə biləcəyi ən müxtəlif üsullarla işgəncələr verdilər…, o isə sonadək öz halını pozmadı və dedi ki, həqiqət naminə ölür.

Fanatiklərin bütün başçıları öz davamçıları ilə birlikdə məhz bu şəkildə məhv olurdular. Hətta İranda babilərin rəhbərləri də öz tərəfdarları ilə bərabər bu cür həlak edilmişdilər.

Lakin əvvəlcə Məhəmməd və digər fanatiklərin zühur etdiyi zəmanədəki Şərq mühitinə ötəri bir nəzər salmaqla işimizə başlayaq:

İslamın hakim olduğu məkanlarda, xüsusən də Ərəbistanda, Suriyada və Efiopiyada xristianlığın aciz və zəif durumda olması hələ Məhəmmədə qədər müxtəlif bidətçilərin və yalançı peyğəmbərlərin meydana çıxmasına zəmin yaratmışdı. Təkcə o çağın Ərəbistanında islahatlara beş iddiaçı: Məkkə və MədinədəMəhəmməd özü, Yəmamda Müsəylimə, Taifdə kifayət qədər güclü hökmdar olan əl-Əsvad, onun ardınca Əsad və Səcad nəslindən Tuləyhə və Tamimdən olan Uləmu Sədr ləqəbli peyğəmbər qadın var idi. Onların hamısından öncə fəaliyyətə başlamış Məhəmmədin, ardınca isə xəlifələrinin uğurları bu rəqiblərin irəli keçmək şanslarını heçə endirirdi. Onların arasında Məhəmməd daha güclü idi.

İranda və Xorasanda maqların təlimi də bir çox qola ayrılmışdı. Hər hansı oxumuş və ya alim, özünü imam, mürşid, yəni mənəvi yol göstərən adlandırmaqla, ona məxsus olmayan hakimiyyəti öz əlində cəmləşdirir, onun vasitəsilə əlahiddə bir kastanın başına keçərək ən yüksək imkanlara sahib olmaq istəyirdi. Bu ölkələrdə artıq çoxdan bəri dərin kök atmış buddizm isə Zərdüşt fəlsəfəsi ilə birlikdə tanrının insan obrazında təcəssümü təliminin toxumlarını hər yerə səpmişdi.

İslam yayılmağa başlayanda Şərq bu vəziyyətdə idi. Məhəmmədin ağlının gücü və siyasəti ona bütün yalançı peyğəmbərlər və təriqətçilər qarşısında birinciliyi təmin edirdi: o, həmin dövrün ruhani və siyasi qüvvələrinin zəifləməsindən yüksək şəkildə faydalanmağı bacardı. Lakin hər yerdə islahatlar ruhu hökmran idi və Məhəmməd bilirdi ki, onun təlimi vahid və bütöv şəkildə qalmayacaqdır. O, gələcəkdən xəbər verərək deyirdi ki, İslam çoxlu sayda təriqətlərə parçalanacaqdır.

Mirze Kazim bey (1)Həqiqətən də, bu, belə də oldu. İslamın yayılmağa başladığı ilk əsrdə möminlərin çevrəsində doğulan müxtəlif təlimləri bir kənara qoyaq, İslamdan tamamilə ayrılan və sonrasında müsəlmanlar üçün düşmən təlimlərə çevrilən bir çox digərləri də üzə çıxdı. Bunlar: ravəndilər və onların qolları, xürrəmilər və yababəkilərqərmətilər və onların qolları, nəhayət, ismaililərin fərqli qolları, onlardan assasinlər Şərqdə 200 ilə yaxın (1088-1272) davam edən və bəşəriyyət üçün bu qədər qorxulu olan tarixi sülalə təşkil etmişdilər.

Bunlardan başqa, İslamın meydana çıxmasının hələ lap əvvəlində Şərqdə “Allaha yol” və ya “sufizm”adlandırılan xüsusi bir təriqət əmələ gəlmişdir. Yeni bir “yol” istisnasız olaraq bütün məzhəblərdə vardı və səadət axtaranların hamısı özlərinin düşünüb tapdıqları hər hansı yeni bir inancın örtüyü altında gələcək tərəfdarların ağlını və iradəsini fəth etmək, fanatizmin köməyi ilə arzusunda olduqları məqsədə yetişmək üçün təriqətdən mənəvi silah qismində az və ya çox dərəcədə istifadə edirdilər.

İslamın inkişaf tarixində və dini inqilablar sistemində müsəlmanlar arasında müridlik başlıca rol oynayır. Müridlik: cihad, təriqət  dəvət adlanan üç təməl üzərində qərar tutur. Birincisi hərfi mənada din uğrunda savaş, ikincisi – ilahi həqiqətə aparan yol (mistiklərin təlimidir), üçüncüsü – insanları mənfur hakimiyyətə qarşı üsyana, qanuni və ya dini hüquqların müdafiəsinə dəvət etməkdir. Leksik mənadamürid sözü [həqiqət] axtaran, arzu edən deməkdir: təriqət təliminin ilk təsisçilərinın yeni tərəfdarları bu adla adlandırılırdılar. Biz bu təməlləri sıra ilə gözdən keçirək.

Beləliklə, müridliyin izləri Dağıstanda hələ hicrətin VIII yüzilinin əvvəllərində və ya miladi XV yüzilin sonlarına yaxın mövcud idi, fəqət bütöv bir xalq qoşununun və ya camaatın rəsmən, yaxud siyasi olaraq mürid adı daşıdığını heç bir fakt göstərmir: bu, yalnız əvvəlki bir çox hadisələrin nəticəsində ola bilərdi, bunlar barədə biz qismən növbəti fəsildə danışacağıq.

Mistiklərin tarixində biz ötən yüzillərdə Dağıstana mənsub iki-üç məşhur sufini tanıyırıq. Digər tərəfdən, sxolastik təlimlər Dağıstana ilk islam missionerləri ilə birlikdə daxil olub: bu təlimlər orda çox ləng, lakin möhkəm bir şəkildə və xeyli dərəcədə inkişaf etmişdir. Şərq alimləri nomenklaturasında əllidən çox şöhrətli ad Dağıstana mənsubdur. Orada əla (müsəlman qiymətləndirməsinə görə) filoloqlar, filosoflar və qanunşünaslar olub və indi də vardır. Bütün bu alimlər və mistiklərin Kiçik Asiya, Türkiyə, İran, hətta Türküstanla əlaqələri olmuşdu. Bu surətlə, bir tərəfdən, irşad və ibadət olmadan varlığını davam etdirə bilməyən təriqət (bax: yuxarıda təriqətin izahı) müridlərini doğurması zəruri idi; digər tərəfdən, qanunşünaslar və ümumiyyətlə, Şərqdə insanların siyasi taleyinin həmişə asılı olduğu ruhani təbəqə ac fanatiklərdə əhatələrindəki başqa dinlərdən olanlara və kafirlərə nifrəti körükləməyə bilməzdilər. Bunun nəticəsində qədimdən, xüsusilə də, rus silahı o diyarda bərqərar olandan bəri Dağıstanda başqa tayfalardan olan qonşulara qarşı tez-tez soyğunlar və gözlənilməz hücumlar baş verirdi.

Beləliklə, hər şey Qafqazda müridizmin tam inkişafına və dəhşət saçan nəticələrə gətirib çıxarmasına rəvac verirdi: onun bütün elementləri ruhanilərin gecəli-gündüzlü calışması ilə işlənib hazırlanmışdı; dəvət, təriqət və cihad ümumi ideya halına gətirilmişdi.

Qazi Məhəmməd zühur etdi və bununla da hazır zəmin üzərində yalan-gerçək möminlik pərdəsi ilə öz fəaliyyətinə başladı. Öz alimliyi və təriqətə bələdliyi ilə özünə müridlər cəlb etdi və silahlı qüvvə yığdı; sayseçmə müridlərini cihada dəvətlə hər yerə göndərdi; onun öz vətənindəki şöhrəti bu cür şöhrət həvəsində olanların yolunu kəsdi, bir çox alimlər də daxil, hamı ona tabe oldu. O, ən məşhur möminlərə inandırıcı məktublar yazaraq, lazım gələn yerlərdə qüvvə, qılınc və oddan istifadə edib cihad naminə birləşmələrinin zəruriliyini onlara sakitliklə sübut edirdi. Beləliklə, 1830-cu ildə Avarıstanda imamət quruldu və Qazi Məhəmməd imam elan olundu.

Məhəmmədiyyə qanununa görə, bu söz mühüm məna daşıyır. Müsəlman dövlətində və ya cəmiyyətində imam İslamın başçısıdır: “Müsəlmanlar imama itaət etmədikdə (qanun belə deyir) imam mehribanlıqla onları itaətə dəvət edir (dəvət) və onların şübhələrini həll edir; əgər onlar itaət etməsələr və hamılıqla üsyana qalxsalar, imamın onları qırmasına icazə verilir” və s.

1830-cu ildən etibarən müridizm qəti olaraq siyasi xarakter kəsb edir və Qazi Molla təhlükəyə çevrilir. 1831-ci ildə Dərbənd qalası müridlər tərəfindən mühasirəyə alınır.

Basqınlardan qayıdıb dincəldiyi vaxtlarda o, irşad ilə öz müridlərinə təriqət tərbiyəsi verməklə məşğul olurdu. Bir vaxt onunla birlikdə Camaluddinin mühazirələrini dinləmiş tələbə yoldaşları 1829-cu ildə və sonra onun yanına gəldilər və bir imam olaraq ona biət etdilər. Onların sırasında ilk yeri tutan adam başqalarına baxanda daha dərin alim və imama daha sadiq olan otuz iki yaşlı gənc hesab olunurdu: bu, Şamil idi. Onun rəqibləri var idi. İctimai mənşələrinə görə bəlkə də, ondan güclü idilər, lakin alimliyə və iradətə, yaxud daha texniki dillə deyilsə, şəriətə və təriqətə gəldikdə, Şamil hamıdan yüksəkdə dayanırdı. Üstəlik, onun imama ciddiyyətlə, qeyd-şərtsiz sədaqəti ruhani tərbiyəçini ona həddindən artıq bağlamışdı, hətta o, onsuz heç bir işə təşəbbüs etmirdi.

Dağıstanın güclü başçılarından biri olan Həmzə bəyin öz mövqeyinə və əlbəttə, mürşidə sədaqətinə görə Şamildən yüksəkdə dayanmasına baxmayaraq, o, imamın naibi mənsəbinə yüksəldilmişdi. Qazi Mollanın və onun tabeliyində olanların gözündə Şamil, ruhani keyfiyyətlərinə toxunmadan belə, hər şeydə daha qabil, səmimi və xoş görünüşlü idi ki, bu da sonralar özünü doğrultdu.

1833-cü ildə Gimrə (bu adı Şamil və onun yanında qalan müridləri belə tələffüz edirdilər) alınarkən Qazi Mollanın sonu gəldikdə onun bütün müridlərindən yalnız Şamil öz şərəfini döyüş meydanından ləkəsiz çıxara bilmişdi. Ötən il oktyabrın 3-ündə mən imamın görüşünə gedəndə onun oğlundan və müridlərindən eşitdiklərimə inanmaq, əslində, çətin idi.

Qəhrəmanın həyatının belə bir anına inanmamaq da olmaz. Onlar bu anın şahidləri olduğundan o, bütün digərlərindən yüksəkdə dururdu.

Qazi Molla rus silahının zərbələri altında yıxılanda, sevimlisi onun cansız cəsədini müdafiə edirdi. Qızğın əlbəyaxa döyüşdə sıravi əsgərin süngüsü bu vaxt başqa bir düşmənlə çarpışan Şamilin sinəsini deşib keçir; süngünün ucu sol çiyninin altından − kürəyindən çıxır. Bu ölümcül yaraya baxmayaraq, Şamil tüfəngi sıravi əsgərin əlindən dartıb alır və öz düşmənini vurub öldürür!

Söhbətin qüvvəsi təkcə bu igidlikdə deyil. O, hələ də çarpışırdı, halsızlıq ona yalnız o zaman üstün gəlir ki, artıq sonrakı təqib təhlükəsindən uzaqda olur. Bu yara, bu qəhrəmanlıq imam dərəcəsinə yetişmək istiqamətində uğurun başlıca səbəblərindən biri idi.

Qazi Mollanın ölümü və onun sevimli şagirdinin yuxarıda təsvir etdiyimiz qəhrəmanlığı xalq arasında daha çox hörmət bəslənilən ikinci imamın fəaliyyəti üçün meydan açır. Onun yeniyetməlik və gənclik illəri barədə bir neçə söz deyək…”

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10