Mirzə Ələkbər Sabirin nəvəsinin xatirələri

63 Baxış

Mirzə Ələkbər Sabir Xatirələr

Senet.az XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsinə aid “Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabından bir hissəni təqdim edir.

Sevda Tahirli

Mirzə Ələkbər Sabirin nəvəsinin xatirələri
Atamın babamla bağlı maraqlı xatirələri var. Əslində atam da atasını, sonra isə anasını çox erkən yaşda itirib. Çox maraqlıdır ki, atam xatirələrini bölüşəndə onun içini titrədən ifadələrlə danışırdı. Atama həm atalığı, həm analığı onun ortancıl bacısı Məşədi Səriyyə Soltan edib. Sabir övladlarını valideyn məhəbbətindən də artıq sevən insan olub. Amma bu qızının yeri Sabirin həyatında fərqli olub. Çünki o həm də babamın sirdaşı olub. Fikirlərini, narahatlıqlarını daha çox Səriyyə Soltanla paylaşıb. Atama da atası haqqında bütün məlumatları bacısı Məşədi Səriyyə Soltan ötürüb. O qadın ailə həyatı qursa da övladı olmayıb, bəlkə elə buna görə atama həm də öz övladı kimi baxıb. O xanımdakı uzaqgörənlik o qədər yüksək səviyyədə olub ki, kiçik qardaşının hafizəsində də olsa ailə bağlarını, dəyərlərini söylədiyi xatirələrlə qoruyub saxlamağa çalışıb. Çünki atam Sabirin ikisi oğlan, doqquzu qız olmaqla 11 övladından sonuncusu olub. Sabirin uşaqlarının əksəriyyəti çox erkən, hələ körpə ikən dünyalarını dəyişib. Onun cəmi üç övladı boya-başa çatıb: iki qızı və bir oğlu.

Atam da bir çox şeylər danışırdı – təbii ki, bacısının xatirələrindən. Məndə Sabirin əsl evinin eskiz-maketi var. Atam özü sağlığında xatirələrinə söykənərək bu maketi bir rəssam tanışına sifariş vermişdi. Çünki Sabirin evi Şamaxı zəlzələsi vaxtı dağılmışdı.

Məsələn, o maketdə həyətin ortasında bir ağac var. Həmin ağac ora təsadüfən qoyulmayıb. Babam həmin ağacı atamın doğulması münasibətilə evinin həyətində əkib. Sabir ailəcanlı, övladlarını sevən olub. Erkən yaşda onları itirməsi Sabirə pis təsir edirmiş. Atamın dünyaya sağ-salamat gəlməsi üçün o bir qurban da deyir. Atam doğulandan sonra babam gedir qurbanını kəsməyə. Səhər tezdən durur və yola düzəlir. Babam yolda görür ki, tarlada bir nəfər həvəslə işləyir. Sən demə onun məşhur şeirinin qəhrəmanı olan bir cütçü yer şumlayırmış. Gedə-gedə elə ordaca məlum “Cütçü” şeirini yazır:

Çıxdı günəş, doldu cahan nur ilə, Cütçü sürür tarlada cüt şur ilə.
Atlar, öküzlər kotana güc verir, Gah yürüyür, gah yıxılır, gah durur.

Sabir əsasən sovet dövründə təbliğ olunmağa başladı. Onu imkanlı şəxs kimi göstərmək sovet ideologiyasına uyğun deyildi. Atam sağlığında Sabirin çox ağır, kasıblıq içində yaşayan biri kimi göstərilməsinə etiraz edirdi. Doğrudan da, bu necə ola bilərdi? Axı babam həm də ticarətçi idi, onun dükanı var idi. Bişirdiyi sabunları həm ehtiyacı olan yaxınlarına paylayar, həm də qazanc üçün dükanda satarmış.

Əslində babam ticarətinə davam edə bilərdi, onun evinin qarşısında sabun bişirilən sexi də var idi. Amma ticarətindən əl çəkməsinə səbəb mütərəqqi fikirlərinə görə sıxışdırılması olub. Babam daha çox mənəvi sıxıntı çəkib. Onu heç vaxt tam əl-qol açmağa qoymayıblar. Ticarətlə məşğul olduğu zaman din adamları, ruhanilər babama qarşı cəmiyyətdə boykot elan ediblər. İnsanlara icazə verməyiblər ki, ondan sabun alsınlar. Sabir də məcbur qalıb dükanını satır. Həmin pulu öz şəxsi maraqlarına sərf etmir. Yenə də millətinə xidmət etmək üçün tez bir zamanda “Ümid” məktəbini açır. İnsanları maarifləndirmək istəyir. Bir müddətdən sonra o bu işdən də uzaqlaşmalı olur və Bakıya gəlir. Burada fəaliyyət göstərir. Ancaq ömrünün son illərində babam doğrudan da çətin vəziyyətə düşüb. Qaraciyərindən əziyyət çəkib. Bəzi mənbələrdə ağciyər yazırlar, amma bu doğru deyil.

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim;
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən
Başladı şişməyə indi üzü qarə ciyərim.

Sabir bilikli adam idi, dünyada olan elmi nailiyyətlərdən, yeniliklərdən xəbəri var idi. Bu, onun şeirlərindən bəllidir.

Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Onun sabun bişirməyin kimyasını, indiki dillə desək texnologiyasını da bilməyi heç təəccüb doğurmur.

Babam vəfat edəndən sonra, nənəm uşaqlarla tək qaldı. Abbas Səhhət babamla yaxın dost olduğu üçün babamın ailəsini himayəyə götürür. Sonra Abbas Səhhət vəfat edir.

Əsrin əvvəllərində Şamaxıda baş verən məlum hadisələrlə bağlı oranı tərk etməyə məcbur qalan ailə geri gəldiyində uçulmuş və yandırılmış evinin böyük bir ailənin yaşadığı məkanı deyil, daha çox xarabalığı xatırladan görüntüsündən çox üzülmüş, nənəm xiffətdən və dərddən tez bir zamanda dünyasını dəyişmişdir.

Babam, bütün ailə üzvlərinə oxuyub-yazmağı öyrədirmiş. Onların savadlı olduğunu görmək Sabirin arzusu imiş. Sabir həqiqətən də fərqli düşüncəyə malik olan insan idi. Heç kimin görə bilmədiyi məqamları görürdü. Doğrudur, Sabirin atası onun tamam başqa bir sahədə fəaliyyətini arzu edir, orda görmək istəyirdi. Amma Sabir öz seçimlərinin üzərində durmağı bacarıb. Nə qədər mülayim insan olsa da, möhkəm iradəsinin sayəsində öz yolundan dönməyib.
Sabir Bakıya gəldikdən sonra müxtəlif mətbu orqanlarda çalışdı və gizli imzayla yazmağa başladı. Bu adam gizli yazanda belə, təzyiqlərdən xilas ola bilmirdi. Bütün ailə üzvləri bunun əziyyətini çəkirdi. Yaşadığı mühitdən başını götürüb hara gedəcəyini bilmirdi. Axı bu insan ailəsini də dolandırmalı idi.
Babam həm də müəllim idi. Şamaxıdan başını götürüb Bakıya gəlir və Balaxanı məktəbində dərs deməyə başlayır. Belə məlum olur ki, orada təhsil qənaətbəxş deyilmiş. Amma Sabir elə fərqli ab-hava yaradır ki, uşaqlarını məktəbə qoymayan valideynlər belə, onları Sabirin yanına oxumağa gətirirlər. Onun fəaliyyəti o qədər gözəçarpan olub ki, Sabirin məvacibini 20 manat artırıblar (maaş nəzərə alınmasa belə, bu artım o dövr üçün çox yüksək məbləğ idi).

Digər bibim Məşədi Səkinə Sabirin ən böyük qızı olub. Ailə qurub. 3 övladı olub, amma onlar da dünyadan tez köçüblər.

Babamın hüzr mərasimində diqqətçəkən bir hadisə baş verib. Hüzr məclisinə mollabacı (qadın məclisini aparan molla) gəlir. Atamın dediyinə görə, həmin qadın məqsədli şəkildə – Sabirə aid əlyazmaları ələ keçirmək üçün oraya göndərilibmiş. Mollabacı Sabirin hüzr məclisində şairin özü yazdığı mərsiyələri oxumaq istədiyini bildirib. Heç nədən şübhələnməyən ailə Sabirin əsərləri olan bağlamanı gətirib ortaya qoyur. Hər kəsin başı məclisə qarışır. Məclis də bitir və yalnız bir müddətdən sonra dərdli ailəyə məlum olur ki, əlyazmaların olduğu bağlama yoxdur. Beləliklə, həmin əsərlər itir və o gündən onlardan xəbər çıxmır.

Məşədi Səriyyə Soltanın babamın sirdaş qızı olmasını təsadüfi demədim. Sabirin övladlarının üçü də eyni yerdə, köhnə Yasamal qəbiristanlığında dəfn olunublar. Səriyyə Soltanın məzarı üzərində isə belə yazılıb: Şair Sabirin sirdaş qızı, “Hophopnamə”nin xilaskarı Tahirzadə Məşədi Səriyyə Soltan. Bunu atam Səriyyə Soltan 1938-ci ildə rəhmətə gedərkən yazdırıb.

Deməli, bibim bir dəfə ata evinə gəlir. Görür ki, atası məyusdur. Soruşur nə olub, nə məsələdir? Sabir ona deyir ki, fikirləşirəm şeirlərimi çap etdirim, amma vəsait yoxdur. Ölməzdən əvvəl kitabımın çıxmasını istəyirəm. Bu söhbət burda da qalır. Növbəti gün qızı təkrar atasıgilə gəlir. Stolun üstünə boğça qoyur, deyir bunu götür və kitabını çap elə. Boğçada Səriyyə Soltanın gəlinlik zinət əşyaları var imiş. Sabir razılaşmır, qızı təkid edir ki götür, kitabın çıxandan sonra ondan gələn vəsaitlə mən yenə də zinət əşyalarımı alıb yerinə qoyaram. Beləliklə, babamı razı sala bilir. Şeirləri çap etdirməyə aparanda məlum olur ki, bu vəsait bütün şeirlərin çap olunmasına kifayət etməyəcək. Otururlar ata-bala məsləhətləşirlər və qərara gəlirlər ki, vacib olanları seçib çap etdirsinlər. Sonra ondan gələn vəsaitlə digərlərini çap edərlər. Sabir öz əli ilə ilk növbədə çap olunacaq şeirləri seçir. Lakin yenə də hansısa səbəblərə görə kitab çap olunmur. Seçilmiş şeirlər qalır Səriyyə Soltanda. Sabirin əlyazmaları oğurlandığından Səriyyə Soltan gizlətdiyi boğçanı da oğurlamasınlar deyə bu barədə kimsəyə söyləmir. Sonradan “Hophopnamə”də çap olunan şeirlər Sabirin sağlığında seçdiyi və Səriyyə Soltanın da qoruyub saxladıqlarıdır.

“Azərbaycan müəllimi”, Rüfanə Günəş