Mirzə Cəlili 25 il təqib edən xəstəlik

75 Baxış


cəlil məmmədquluzadəADİL MƏMMƏDOV

(Naxçıvan MR Xəstəxanasının M.A.Bağırov adına Cərrahiyyə Mərkəzi)

CƏLİL  MƏMMƏDQULUZADƏNİN “XƏSTƏLİK  TARİXÇƏSİ” HAQQINDA

Cəlil Məmmədquluzadənin ailə üzvlərinə, dost və yaxınlarına yazdığı məktublardan məlum olur ki, o, uzun müddət müxtəlif xəstəliklərdən əziyyət  çəkmiş, bu səbəbdən  də  cürbəcür  terapevtik, fizioterapevtik və sanator-kurort  müalicəsi  almışdır (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 261, 263]. Sonradan aydın oldu ki, onun  psixoloji  xüsusiyyətləri, keçirdiyi xəstəliklərin səbəbi, xarakteri, xüsusilə də həyatının son anları  barədə məlumatlar ədibin həyat yoldaşı Həmidə xanımın  “Mirzə Cəlil  haqda  xatirələri”ndə  daha ətraflı  və  dəqiq  verilmişdir (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981). Odur ki, bu iki  sənədin  ancaq  Cəlil  Məmmədquluzadənin  öz  səhhətinə  aid olan hissələrini  tarixi  ardıcıllıq  və  bir-biri  ilə  əlaqəli  şəkildə  təsvir  etməklə, ədibin  “xəstəlik  tarixçəsi”ni  tərtib  etmək  istədik.

Ümumiyyətlə, Mirzə Cəlilin  səhhətinə aid ilk məlumat 1907-ci ildən başlayır. Həmidə xanım Mirzə Cəlilin  səhhətindəki dəyişikliklərin əsas səbəblərini onun  valideynlərinin və həyat  yoldaşlarının qısa müddətə vaxtsız  vəfatlarından üz verən mənəvi və psixoloji sarsıntılarla əlaqələndirir (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 10, 113).

Sonrakı gündəliklərdən görünür ki, Mirzə Cəlil öz sağlamlığını qorumaq üçün təbii nemətlərdən istifadəyə, şəxsi gigiyenaya nə qədər geniş yer versə də, bədii yaradıcılıq, ictimai işlər, ətrafdakılara qayğı hissi hər şeyi üstələyir, rahatlıq üçün vaxt ayıra bilmirdi: “Mirzə Cəlil gecə saat 4-ə kimi işləyirdi, yorulurdu, tez-tez başı ağrıyırdı, qanı az, rəngi solğun olurdu. Həkimlər ona vaxtaşırı kənddə yaşamağı, təmiz havada olmağı və zehni əməklə az məşğul olmağı məsləhət görürdülər. Lakin, o, həkimlərin məsləhətinə çox nadir hallarda əməl edirdi” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 135; Məmmədquluzadə Həmidə xanım. Molla Nəsrəddin  haqqında xatirələrim. /Cəlil Məmmədquluzadə haqqında məqalələr və xatirələr məcmuəsi.  Bakı: Azərbaycan SSR EA-nın nəşriyyatı, 1967, s. 303).

Eyni zamanda “Mirzə Cəlil həkim Miller və Kneypin icad etdikləri su ilə müalicə üsulundan istifadə edir, ilin hər fəslində soyuq suda çimir, hətta qışda

da otağın pəncərələrini açıq qoyub, yatırdı” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, s. 31; Məmmədquluzadə Həmidə xanım. Molla Nəsrəddin haqqında xatirələrim. /Cəlil Məmmədquluzadə haqqında məqalələr və xatirələr məcmuəsi.  Bakı: Azərbaycan SSR EA-nın nəşriyyatı, 1967, s. 305).

Mirzə Cəlilin Kəhrizlinin havası və təbiətindən çox xoşu gəldiyindən, Həmidə xanıma deyərdi: “Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Bu yerlərin gözəl baharı, füsunkar aylı gecələri, kölgəli bağları, güllərin ətri, bülbüllərin cəh-cəhi, quşların ahəngi, çoban tütəyi, azanı yorğun əsəblərimi  sakitləşdirib, fikirlərimə qol-qanad verir. Mən jurnalın qarşısında öz borcumu yerinə yetirəndən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 37).

1910-cu il. “Mirzə Cəlil xəstə idi, beli və sol ayağı ağrıyırdı. Həkimlərin məsləhəti ilə mən onun ayağına dərman sürtür və isti suya qoyurdum. Ancaq bunlar kömək etmirdi. O, əzab çəkir, arıqlayır və qocalırdı. Mirzə Cəlilin xatirini çox istəyən ustamız Qriqor kəndlərinə gedib, qırmızı bibərlə qarışdırılmış tünd tut arağı gətirdi. Gündə 2 dəfə bu araqdan onun ayağına sürtür və isti saxlamaq üçün sarıyırdı. Bir aydan sonra o, tamamilə sağaldı” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 42).

Ədibin öz səhhəti haqqında ilk şəxsi gileyi, demək olar ki, 25 oktyabr   1910-cu ildə jurnalist Məmmədəli Sidqiyə yazdığı qısa məktubda əks olunur: “Əzizim Məmmədəli! Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin”. Bu şikayətlər 11 dekabr 1910-cu il tarixli məktubda yenə təkrarlanır: “Əzizim Sidqi!  (Məmmədəli nəzərdə tutulur). …Tez-tez cavab yazmamağımın  bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır, qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s, 203).

Yeri gəlmişkən, Həmidə xanımın xatirələrində Mirzə Cəlilin öz dilindən yazılır ki, onun birinci həyat yoldaşı Həliməxatun vəfat etdikdən sonra   (1898-99-cu illər) o, tapançanı təmizləyib, patronla doldurarkən təsadüfən açılan atəşdən sol əli yaralanır. Qanaxmanı dayandırırlar. Güllə sol əlin baş barmağının yanında toxumalarda qalır, ömrünün axırınadək çıxarılmır, onunla birlikdə qəbrə gedir (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, s. 12-13).

14 dekabr 1911-ci ildən məktublarında hipertoniya haqda şikayətlər başlayır: “Əzizim Həmidə!  Başım ağrıyırdı, həkimə getdim. Sən demə, qan təzyiqindən imiş. Dərman verdi (toz halında yod). Məxləs, bilmirəm mənim başıma nə oldu axı?  17 nömrəli Yesentuki də içirəm” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 207).

Həmidə xanım isə yazır: “1920-ci il. Kənddə Mirzə Cəlil  yorğun və pəjmürdə idi. Meşədə gedərkən birdən başı gicəllənib, atdan yıxıldı. Qorxduq. Xoşbəxtlikdən,

heç nə olmamışdı. Sonra bu barədə heç həkimə də demədi” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, s. 77).

23 avqust 1924. “Həmidə!  Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım quruldadı, amma bu gün halım yaxşıdır. …Sabah başağrım üçün isti vanna götürməyə Suraxanıya gedəcəyəm…” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 237-238).

8 sentyabr 1924. “Həmidə!  …Başım ağrıyır, məktubu qurtarıram…” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.Bakı: Gənclik, 1981, s. 240).

24 yanvar 1925. “Əzizim Həmidə!  …Keçən payız mən həmişə kefsiz oldum. İndi halım bir az yaxşıdır” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 244).

1925-ci ilin  əvvəllərində  Mirzə  Cəlili  baş  ağrısı  və  boğulma  narahat  edir. Bu  barədə  Həmidə xanım belə  yazır: “Mirzə Cəlil  tutqun gəzib dolanır və baş ağrısından şikayətlənirdi… Bir gecə  zarıltı  səsinə  oyandım. Mirzə Cəli elə zarıldayırdı ki, sanki, onu boğurdular. Özünə gəldikdən sonra mənə dedi: “…yuxuda görürdüm ki, … məni  qaranlıq zirzəmiyə salmağa məhkum etmişlər. Məni zirzəmiyə salıb, əvvəlcə qapını kərpiclə hördülər, sonra da evin tavanında  olan pəncərəni hörməyə  başladılar. Mən  çığırıb  yalvardım ki, pəncərəni  hörüb  məni  havasız qoymasınlar” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, s. 121-122).

Bakı, 31 yanvar 1925. “Məmməd Səid!  Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm….İndi də başım ağrıyır, çıxa bilmirəm”( Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1985, s. 244).

28 dekabr 1928. Həmidə! …Yuxudan doymadığıma görə yenə başım müttəsil ağrıyır (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 244).

Məktubdakı əlamətlər, aradan 3 il keçsə də “xatirələr”də təkrarlanır: “1928-ci il. Mirzə Cəlil ürək döyüntülərindən və şiddətli baş ağrılarından şikayətlənirdi, Həkimlər siqaret çəkməyi, ət yeməyi qadağan edib, ciddi pəhriz saxlamağı və müalicə üçün Barjoma getməyi məsləhət görürdülər. 1929, 14 iyul. Mirzə Cəlil Barjoma müalicəyə getdi, avqustda qayıtdı: Özünü yaxşı hiss etmir, bəzən əsəbiləşirdi” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 129-130).

1930-cu illərin xatirələrində vəziyyətin getdikcə pisləşdiyi, ağır beyin əlamətlərinin yarandığı qeyd edilir: “Mən ağır xəstə yatırdım. Mirzə Cəlil çox qocalmışdı, görkəmi yaxşı deyildi. Ailə böyük olduğu üçün  dolandırmaq çətin idi. Bütün bunlar onun səhhətinə mənfi təsir göstərirdi. Uşaqlarla birgə mənim yanıma gəlirdi. Dalğın görünürdü. Ürəyindən və baş ağrısından şikayətlənirdi. Bizim köhnə dostumuz, həkim İbrahim Mehmandarov da tez-tez mənim yanıma gəlirdi, Mirzə Cəlili də müalicə edirdi. O, deyirdi ki, Mirzə Cəlildə skleroz xəstəliyi var. O, həkimlərin məsləhətinə qulaq asmır, pəhriz saxlamırdı” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 131, 135).

Qonşu Yelizavetta Abramovanın dediklərinə görə: “Çay içdiyi yerdə Mirzə

Cəlilin rəngi dəyişilib, üzü ağardı, titrədi. Ağzını açıb, nə isə demək istədisə də, danışa bilmədi. Soruşduqda: “Danışa bilmirəm, ayaqlarım da hərəkət eləmir” – dedi. Bir az sonra vəziyyəti dəyişildi” (Beyin damarlarının keçici spazmı – M.A.Q.). Keçirdiyi həyəcanlar onu xeyli əldən salmışdı. Xəttindən görünürdü ki, əlləri əsirmiş (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, s, 130).

27 avqust 1930. “Həmidə!  Midhətin  bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put qaynanmamış su içirəm. …Bu minvalla Midhətin səfəri məni Bakıdan tərpənməyə qoymur. Bu istidə burada oturub qalmalı olmuşam. Axı, eləyə bilmərəm ki, uşaq uzaq yerdə köməksiz  qalsın. O, məndən hər gün nəsə istəyə bilər. Mən nə Barjoma gedə bildim ki, səhhətimə xeyir eləyir, nə də Kislovodskiyə – ki, vannaları ürəyim üçün çox vacibdir. Midhət gələn kimi gərək …sənin yanına, Şuşaya gətirəm. Bunu eləməyincə mən Kislovodskiyə vannaya gedə bilmərəm” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s, 260-261; Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 133).

18.XI.1930. Ənvər məktubla atasının xəstələnməsini bizə (anasıgilə) yazmışdı: “O, birdən-birə iflic olub, sol əl və ayağı  hərəkətdən düşüb. Həkimlərin müayinəsi göstərdi ki, bu skleroz xəstəliyinin və gərgin işləməyin nəticəsidir”. Həkimlər onun mütləq Kislovodskiyə gedib, uzun müddət müalicə olunmasını məsləhət görmüşlər, əqli əməyi qadağan etmişlər. Ayın 30-da Midhət atasını Kislovodskiyə aparır           (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 134-135).

Mirzə Cəlilin  10 dekabr 1930-cu ildə Kislovodskidən yazdığı məktubun kimə ünvanlandığı məlum deyil: “Dekabrın 4-ündən bəri havalar açılıb, gün çıxıb. Yavaş-yavaş  qıvraqlaşıram, amma qüssədən az qala ürəyim partlayır. Bu, yuxumu və yeməyimi də korlayır… Salamat qal, əzizim” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 262). Sonuncu müraciətdən məktubun Həmidə xanıma yazıldığını güman etmək olar. Amma bundan 10 gün sonra, Həmidə xanımın yazdığına görə, 20 dekabr 1930-cu ildə ailə üzvlərinə xəstəliyinin xarakteri haqda ilk dəfə məlumat yazması bu son iki məktubun tarixində nə isə anlaşılmazlıq olmasına dəlalət edir. Həmidə xanımın xatirələrinə görə: O, dekabrın 20-sində (1930) Kislovodskidən bizə yazmışdı: “Əzizlərim Həmidə, Münəvvər və Müzəffər !  Noyabrın 18-də beynimin qan damarları tutuldu, sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb, məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. …Tez-tez məktub yazın, amma siyasətdən yazmayın: Səhhətim artıq korlanıb” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, s. 135).

“…Sizin yanınızda olmağı nə qədər arzu edirəm. Çox xahiş edirəm, mənə təsirli məktublar yazmayın (Məsələn, Münəvvərin həyəcan keçirməsini). Belə kağızlar məni mütəəssir edir ki, bu da mənim üçün ziyandır. …Yoruldum.” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 263; Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 135).

Ümumiyyətlə, “Xatirələr”də və “Məktublar”da  dərc olunan, eyni tarixdə (20 dekabr 1930) və eyni adamlara (ailə üzvlərinə) ünvanlanmış, xəstəliyin xarakteri haqda, məzmunca eyni, quruluşca fərqli və həm də “Artıq yoruldum, yaza bilmirəm” – kəlmələri ilə bitən  iki məktubun  yazılması  da  ağlabatan  görünmür.

“26.XII.1930. Kislovodsk. Midhət! Məni sanatoriyadan  buraxmırlar, yayda  gəlmək lazımdır. Yavaş-yavaş  yaxşılaşıram” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 263).

1930-cu ildə Kislovodskidən qayıdanda  müalicə  həkimi Mirzə Cəlilə  ağzı bağlı  bir  məktub  vermişdi ki, Bakıda onu müalicə edəcək həkimə çatdırsın. Səbr edə bilmədi. Kağızı açıb oxudu. “Xəstənin kitabı bağlanmışdır. O, iki aydan artıq yaşamaz”. Bu  Mirzə Cəlilə çox pis təsir etdi. O, ölümündən qorxurdu, məktubdan sonra bir il də yaşadı. Dekabrda mənə dedi: “Həkim səhv edibmiş, onun müəyyən etdiyi vaxtdan mən 10 ay artıq yaşamışam” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 136).

9 fevral 1931. “Bu günlər… Molla Nəsrəddin jurnalının 25 illiyi qeyd edilir, …jurnalda adbaad göstərilən qolçomaqlar Sovet ölkəsində … layiqincə cəzalanırlar. Sovet hakimiyyəti … zəhmətkeş xalqı təcavüzkarların zülmündən xilas etməyi bacardı. İndi mənə o qalır ki, bu günlərə qədər yaşadığıma görə hədsiz sevincimi  bildirəm” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 263-264).

23 mart 1931. “Həmidə!  …Ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib. Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 264).

Bakı, 15 may 1931, “Qələm yoldaşım Məmmədəli Sidqiyə! Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ay müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri – məsulluğunu öhdənə götürəsən”.

“Molla Nəsrəddin” məcmuəsi müdiri Cəlil Məmmədquluzadə (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 270).

13 avqust 1931, Şuşadan yazır: “Əziz oğlum Midhət!  “Mən bir az kökəlmişəm. Belə güman edirəm ki, naxoşluğumun nə ilə qurtaracağı barədə bir o qədər fikirləşmək lazım deyil. Özünə fikir ver, sağ və qıvraq ol və mənim barəmdə heç narahat olma. Özünü  soyuqdəymədən, yoluxmadan  gözlə, yemək-içməyinə fikir ver” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 266).

Ədibin külliyyatında dərc olunan məktublarda bundan sonra tarixlər yoxdur, olanlar isə qarmaqarışıqdır. Səhhəti haqda son məktublar tarixsizdir: “Həmidə! Dərmanı aldım. …Mənim halım pis deyil və elə güman eləyirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, səhmana düşdün, sən də buraya gəlib, bizimlə bir yerdə ola bilərsən. Bura təbiətin gözəl guşəsidir, suyu da İsa bulağının suyu kimidir. Tut boldur, bu mənə lap sərfəlidir. …Süleyman kişinin oğlu Əliş onun evində qoyub gəldiyim yodu və həmçinin özünün hazırladığı yodu (hər ikisi ağdır) mənə göndərməlidir. Yola düşəndə ürəyim üçün elə narahat idim ki, səninlə xudahafizləşməyi də yaddan çıxardım…” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 272;  Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 138).

“Mənim möhtərəm Kislovodsk tanışlarım Vladimir Pavloviç və Valentina Pavlovna Aqanyevlər!  Sizdən ayrılandan sonra mən yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicəyə gedib gəldim. …Bütün bu müddət ərzində mənim dərdi-sərim bu  idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqimi də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi ancaq Allaha bağlamışam. Çox yazmağa halım yoxdur. Odur ki, kağızımı qurtarmaq istəyirəm. Cəlil Məmmədquluzadə” (Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə, 6-cı cild, Bakı: Azərbaycan Dövlət  Nəşriyyatı, 1985, s. 269-270).

Mirzə Cəlilin həyatının son dəqiqələri  ancaq Həmidə xanımın xatirələrində əks olunmuşdur: – 1931-ci il dekabrın axır günləri  Mirzə Cəlil dərindən nəfəs alıb, Həmidəyə deyir:  “Mən  qəfildən  öləcəyəm,  heç  kəsi  narahat  etməyəcəyəm.   Mən

öləndə məbadə molla çağırasınız” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 142).

- 1.I.1932-ci il. “Yalvarışlarıma baxmayaraq, Mirzə Cəlil “işim var” – deyərək zorla küçəyə çıxdı. Bir azdan qayıtdı, bildirdi ki, Tarayevskinin mülkünün yanında, enişdə ayağı sürüşüb, arxası üstə yerə yıxılmışdır. Yoldan keçənlər kömək  edib, onu ayağa qaldırmışlar. O, çətinliklə də olsa, özünü evə salmışdır. Həmin gecə xeyli narahat yatdı, boğulmuş kimi çox ağır nəfəs alır, öskürür, əsəbiləşirdi, bütün gecəni  işığı söndürməmişdi” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 143).

- 3.I.1932. “Qənd almaq üçün kassadan pul götürməyə getdi. Qayıdanda dedi ki: “Bu gün bir neçə dəfn mərasiminə rast gəldim. Yaman çox adam ölür”. Gecə yenə təngnəfəs olur, yata bilmirdi. Səhər mənə dedi: “Sanki bir əl  boğazımdan tutub məni boğur, gecəni yata bilmirəm” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 143-144).

- 4.I.1932-ci ildə Mirzə Cəlil evdə çəkici təmir etdiyi vaxt Həmidəni çağırır. Həmidə görür ki, Mirzə Cəlilin sağ əlinin barmaqları titrəyir: “Barmaqlarını ovuşdurdum. 5 dəqiqədən sonra sol əli də titrəməyə başladı. Birdən rəngi dəyişdi, öz-özünə dedi: “Gözlərim qaralır”. Bir azdan sonra ürəyi bərk bulandı, sərfə qusdu. Özünə gələn kimi dedi: “Midhətə zəng edin, qoy tez gəlsin. Artıq həkim çağırmağa ehtiyac yoxdur” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 144). Mirzə Cəlil birdən-birə tamam zəiflədi. Tez yatağa uzadıb, ayaqlarına isti butulka, başına soyuq suda isladılmış dəsmalı qoyub, əllərini isti su ilə ovmağa başladıq. Təxminən 15 dəqiqə sonra Mirzə Cəlil soruşdu: “Midhət gəlib çıxmadı?”. Bu onun axırıncı sözü idi. Yenə ürəyi bulandı. Qəmər cəld kamfora iynəsi vurdu. O, çox ağır nəfəs alırdı. Midhət gələndə artıq atası onu tanımırdı. Onun simasından həyat əsəri çəkilmiş, gözlərinin işığı sönmüşdü, nəfəsi getdikcə ağırlaşırdı. Gələn həkim xəstənin vəziyyətini yoxlayıb, dedi: “Qan beyninə sızmışdır. O, şüurunu itirmişdir və artıq ümidsizdir” (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 145).

Mən Mirzə Cəlilin ölümünə inanmırdım. Sağ əlini aramsız ovur, üzünün və alnının tərini silirdim. Gündüz saat 3 idi, çox çətin nəfəs alırdı, sinəsi ağır-ağır qalxıb-enirdi. Həkim nəbzini  tutmuşdu. O, mənə dedi: “Xəstənin ürəyi sağlamdır, başqası olsaydı, çoxdan keçinmişdi”. Birdən Mirzə Cəlilin üzü ağappaq oldu, son dəfə nəfəs aldı və həmişəlik gözlərini yumdu. Bu 1932-ci ildə yanvarın 4-də gündüz saat 3-də baş vermişdi!!! (Məmmədquluzadə Həmidə xanım. Mirzə Cəlil haqqında xatirələrim.  Bakı: Gənclik, 1981, s. 145). Bu məlumat ədibin qızı Münəvvərin atası haqqında  xatirələrində də təkrarlanır (Məmmədquluzadə Münəvvər. O, mənə həm atalıq, həm də analıq elədi, s. 433).

Araşdırılan məktub və xatirə gündəliklərindən aydın olur ki, Cəlil Məmmədquluzadə hələ 35-40 yaşlarından əzələ-oynaq ağrılarından (Revmatizm – Yel xəstəliyi) əziyyət çəkmişdir. Bu isə yəqin ki, ürək qişalarının iltihabı – endokardit və miokardit nəticəsində ürək zəifliyinə səbəb olmuşdur. 1911-ci ildən baş ağrıları, qulaqlarda küy, ürəkdöyünmə, tez yorulma, yuxusuzluq və sairlə özünü göstərən hipertoniya xəstəliyi – qan təzyiqinin yüksəlməsi meydana çıxmışdır. Və nəhayət, gərgin fiziki əmək və psixi sarsıntılardan gərilmiş, üzülmüş, sklerozlaşmış (kirəcləşmiş) beyin damarlarının partlaması, baş beyinə qansızma və bundan doğan əlamətlər (parez – iflic, gözlərin qaralması, şüurun itməsi və s.) fonunda həyat  nişanələrinin “yanar şam” kimi əriməsinə səbəb olmuşdur. Burada təbabətin ən qədim və ağlabatan rəmzi sayılan “Yanar şamın” xatırlanması təsadüfi deyil. Çünki, Mirzə Cəlil bir ziyalı kimi bütün ömrünü, xalqının yolunda işıq saçaraq, tədricən şam kimi əriyə-əriyə başa vurmuşdur.

Gözlərini ilk dəfə Cəlil Məşədi Məmmədqulu oğlu kimi açdığı qaranlıq, “Allahü-Əkbər”-li dünyada, gərgin  mübarizə, sarsıntılar, acı göz yaşları, istehzalı təbəssüm, tikanlı gülüşlər, ürək narahatlığı, baş ağrıları ilə keçirdiyi qısa, lakin məhsuldar və ləyaqətli ömrünü Cəlil Məmmədquluzadə, Mirzə Cəlil, Molla Nəsrəddin, Dahi satirik, Böyük Ədib, Mübariz Demokrat yazıçı, Ədalət carçısı və bu kimi şərəfli adlarla, “Lailahə-İlləllah! – sədaları altında, “bütün ümidlərini ancaq Allaha bağlayaraq” başa çatdıran, əbədi rəhmətlik dünyasına qovuşan ədib, son nəfəsində də “gözlərim qaralır” – deyərək, doğulduğu qaranlıq dünyanın yenə də cəhalət pərdəsi arxasında olduğuna, mübarizənin hələ bitmədiyinə işarə etdi.