Misirə “Məhfuz pəncərəsi”ndən baxmaq – Cəlil Cavanşir

21 Baxış

4f0689c48a1f26b48ebfa887f1c47a24

Senet.az oxucularına “Ustad” jurnalının “Ustadı anaq” rubrikasından Cəlil Cavanşirin “Misirə “Məhfuz pəncərəsi”ndən baxmaq” yazısını təqdim edir.

Mədəniyyət qloballaşdıqca, dünyəviləşdikcə, saxta “-izm”lər maskalandıqca köhnə, təməli olan mədəniyyətləri əzib keçir, məhv edir. Qloballaşma nağıllarını insanların beyninə yeridənlər, əslində təməli, ənənəsi olan mədəniyyətləri məhv edib, yerində amorf bir mədəniyyət(əslində mədəniyyətsizlik) yaratmaq niyyətindədirlər. Dünya siyasət oyunlarının məngənəsində inləyir və mədəniyyətlər siyasətin qurbanına çevrilir.

Qədim tarixə malik mədəniyyətlər yeni yaranmış “mədəniyyət”in “ayaqları altında” qalır, məhv edilir. Hərdən düşünürəm ki,  III Dünya savaşı çoxdan başlayıb və bu savaş məhz mədəniyyət üzərindən aparılır. Nitsşe deyirdi: “Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq”.

Üstümüzə sel kimi gələn bu axının gətirdiyi yabançı mədəniyyətin zahiri o qədər cazibəli və gözoxşayandır ki, insan zehnini tez bir zamanda işğal edir. Bəs bu yabançı təsirlərdən necə xilas olmaq mümkündür? Şübhəsiz ki, qlobal proseslərin təsirindən kənarda qalmaq kiçik mədəniyyətlər üçün çox çətindir. Bunun konkret resepti və ya düsturu yoxdur. Amma əsas istəkdir. Birrəngli dünya sözsüz ki, maraqsız və cansıxıcı olacaq. Düşünürəm ki, qloballaşan dünyaya türk öz kimliyi, ingilis öz kimliyi, ərəb öz kimliyi ilə inteqrasiya edərsə çox fərqli və maraqlı mənzərə ortaya çıxacaq, dünyanın mədəni mizanı da pozulmayacaq.

Qədim və köklü mədəniyyətlər uydurulmuş, heç bir təməli olmayan “qlobal mədəniyyət” anlayışının içində əriməməlidir. Ötən yüzillikdə yaşananlar, baş verən mədəni proseslər göstərdi ki, müxtəlif mədəniyyətlər dünyanı daha xoşbəxt və hüzurlu etməyə qadirdir. Ədəbiyyat, musiqi, kino, memarlıq, rəssamlıq və təsviri incəsənət və s. sahələrdəki rəngarənglik, qədim mədəniyyətlərin müasir variasiyaları dünyanı daha rəngli, daha cazibədar və daha yaşanmalı bir məkana çevirir.

Dünyada qədim və köklü ənənələri olan mədəniyyətlər arasında öz fərqli ənənələri ilə seçilən mədəniyyətlərdən biri də ərəb mədəniyyətidir. Ərəblərin yayıldığı geniş coğrafiyada yaranmış mədəni sərvətlər, bu gün də dünyanı heyrətləndirməkdədir. Ərəb mədəniyyətini, xüsusilə Misir mədəniyyətini ərəb ədəbiyyatı olmadan, ərəb ədəbiyyatını da XX əsrin nəhəng yazıçısı, misirli Nəcib Məhfuz olmadan təsəvvür etmək qeyri-mümkündür.

Dünya ədəbiyyatının ciddi nümayəndələrindən biri hesab olunan Nobel mükafatçısı Nəcib Məhfuz ərəb dünyasının hadisələrlə zəngin dövründə yaşayıb və Misir, ümumilikdə ərəb ədəbiyyatının inkişafında əhəmiyyətli rol oynayıb. Ərəbdilli ədəbiyyatın Məhfuz qədər populyarlıq qazanan nümayəndələri azdır.

Nəcib Məhfuz 1911-ci il dekabrın 11-də Qahirənin əl-Abbasiyyə məhəlləsində doğulub.Mədrəsəni, ibtidai və orta məktəbi, nəhayət, indi Qahirə Universiteti kimi tanınan, o zaman Xediv I Fuad Universiteti adlanan ali məktəbin fəlsəfə fakültəsini uğurla bitirib, dövlət qulluğunda çalışmağa başlamışdır.

Bir müddət Vəqflər Nazirliyində çalışdıqdan sonra Məhfuzu 1939-cu ildə mədəniyyət nazirliyinə keçirirlər. O, Mədəniyyət Nazirliyində əvvəl kinoya senzura şöbəsinin müdiri, sonra isə kinoya dövlət dəstəyi fondunun müdiri kimi fəaliyyət göstərir. Onun nazirlikdə çalışdığı dövr Misir kinosunun inkişaf illəri sayılır.

Nəcib Məhfuzun məqalələri tələbəlik illərindən etibarən ölkənin ən nüfuzlu “əl-Əhram”, “əl-Hilal”,  “ər-Risalə” və s. qəzet və jurnallarında nəşr olunurdu.

Məhfuzun məhsuldarlıq baxımından ciddi şəkildə diqqət çəkən ədəbi yaradıcılığı, Misir və ümumilikdə ərəb ədəbiyyatının inkişafına böyük təkan hesab edilə bilər.

Yazıçı 34 roman, 350 hekayə, 15 ssenari, 5 pyes və yüzlərcə məqalə müəllifidir. Onun yaradıcılığı barəsində yüzlərcə məqalə və müxtəlif ölkələrdə onlarca ayrıca tədqiqat əsəri yazılmışdır. 1988-ci ildə ona ədəbiyyat sahəsində Nobel mükafatının verilməsi dünyada çox müsbət qarşılandı. Mükafat komitəsi öz qərarını qısaca belə əsaslandırmışdı: “…bəşəriyyətin ümumi dəyərinə çevrilmiş ərəb təhkiyə sənətini yaratmış, gah şəffaf realistik, gah mübhəm çoxmənalı işarələrlə dolu əsərlərinə görə”.

Nəcib Məhfuz Misirin və ərəb dünyasının ən nüfuzlu yazıçısıydı. Beş nəsil yazıçı onu özünün ustadı bilirdi. “AUC press” nəşriyyatı onunla müqavilə bağlayıb əsərlərini ingiliscəyə tərcümə etməyə başladıqdan sonra isə dünya yeni bir yazıçıyla tanış oldu. Az sonra Nəcib Məhfuz Nobel mükafatı aldı və əsərləri 40 dilə tərcümə olundu.

Mühafizəkarlar ona çıxarılan ölüm fətvalarından sonra Məhfuzu bıçaqlasalar da, o bu hücumdan sağ qurtulur. Amma ağır xəstəliyə tutulur və Qahirə xəstəxanasında 2006-cı il avqustun 30-da vəfat edir. Onu Qahirənin yeni rayonu olan Mədinət-un-Nasrın əl-Raşidan məscidində hərbi qarovulun yaylım atəşinin və Quran təlavətinin sədalarının müşayiəti ilə dəfn edirlər.

Məhfuzun populyar və sevilən romanlarından biri də, dilimizə tərcümə olunmuş orijinal adı “Hikayat Haratina” olan “Məhəlləmizin hekayətləri” romanıdır. Ötən əsrin 70-ci illlərində qələmə alınan bu roman Məhfuz yaradıcılığının yetkin dövrünə təsadüf edir. Hadisələr Misirin, ərəb cəmiyyətinin kiçik modeli sayıla biləcək Əl-Cəmaliyyə məhəlləsində baş verir. Əsər ayrı-ayrılıqda 78 hekayədən ibarətdir. Bəzi tədqiqatçılar 1975-ci ildə çap olunmuş “Məhəlləmizin hekayətləri” romanını qısa hekayələr kitabı hesab edir.

“Məhəlləmizin hekayətləri”ndə toplanan 78 hekayə ayrı-ayrı, müstəqil hekayələr olsa da, aralarında ciddi bağlantı, əlaqə var. Bu baxımdan “Məhəlləmizin hekayətlər”ni hekayələr silsiləsi də, roman da hesab etmək olar.  Hekayələrin hər biri “Mən” tərəfindən danışılır, bəzi hekayələrdə özündən əvvəlki hekayələrin qəhrəmanları xatırlanır, hekayələr arasında bağlantı qurulur.

Düşünürəm ki, üslub xüsusiyyətlərinə görə “Məhəlləmizin hekayətləri”ni roman hesab etmək daha doğru olar.

Romanda həm siyasi, həm də sevgi motivi daha ciddi şəkildə nəzərə çarpır. Siyasi motiv daha çox millətçilik üzərində qurulur və siyasi oyunlara, 1919-cu il çevrilişindən sonra Misirdə baş verənlərə işıq tutur.

Romanda dövrün adət-ənənəsi, siyasi proseslər, ənənələr, həmçinin romanda erkən evliliklər, qohum evlilikləri, ailə cəhaləti tənqid olunur.

Sevgi motivli hekayətlərdə ailənin və cəmiyyətin gənclərə basqısı, dini dünyagörüşün, cəhalətin ailə institutuna vurduğu ziyanlar göstərilir. Məhfuzun tənqidi üslubu bu məqamlarda daha qabarıq nəzərə çarpır.

Yazıçının digər hekayətlərində də fərqli motivlər var. Qanunları heçə sayan, qoçuluq, zorbalıq edən insanlar, onların taleyi yazıçının özünəməxsus tənqidinin hədəfidir.

Yoxsulluq motivi də yazıçını narahat edən məsələlərdən biridir və əsərdə bir neçə hekayətdə işlənilmiş, o dövrün ərəb cəmiyyətinin faciələri geniş işıqlandırılmışdır.

Digər önəmli bir motiv isə din motividir. Məhəllənin yaxınlığındakı təkiyyə və təkiyyənin sona qədər məchul qalan şeyxi, yazıçın məzhəbçiliyə olan münasibətini əks etdirir.

Hekayələrin hamısının qəhrəmanı “mən” – təhkiyəçidir. Nəql etmə texnikası olaraq dialoqlardan geniş istifadə edilib və bu əsərin oxunaqlı olmasına əsaslı təsir edir.

Bu romana görə Nəcib Məhfuzu uzun müddət narahat edirlər, hətta romanın çapına qadağa qoyulur, dindarlar haqqında ölüm hökmü çıxarır.

Romanın əsas qəhrəmanı böyüdükcə cəmiyyətin, ölkənin, insanların dəyişməsini hiss edir. Onun danışdığı hekayətlərin hər biri cəmiyyətin düşdüyü çıxılmaz vəziyyətin dərinliyini əks etdirir. Roman Məhfuzun simvollarla zəngin təhkiyəsi sayəsində Misirə və ərəb dünyasına işıq tutur.

“Məhəlləmizin hekayətləri” əsəri bizi köklü bir mədəniyyətin – ərəb mədəniyyətinin düşdüyü çıxılmaz vəziyyəti, onun qloballaşan dünya qarşısındakı acizliyini də əks etdirir. Çıxış yolunu isə, Məhfuzun bir-birindən maraqlı digər əsərlərində tapmaq mümkündür. Bu roman, Misirə, ərəb mədəniyyətinə Məhfuz pəncərəsindən baxmaq üçün çox əhəmiyyətli bir əsər hesab edilə bilər.

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10