Möcüzat – Əli Nəzmi

25 Baxış

20

Mən o vəqt kiçik idim. Bir gün şəhərdə səs düşdü ki, cəmaəti məscidə çağırırlar. Cümə günü idi. Çoçuğun yadından heç söz çıxmaz, bütün əhali məscidə tərəf hücuma başladı. Bən də getdim. Bir molla minbərə çıxıb cəmaətə elan etdi ki, əyühənnas! Sizə məlum olsun ki, Kərbəladə imam Hüseynə öz qoşunu ilə köməyə gəlmiş olan Çin padşahı Zəfər cin mərhum olmuşdur. Ona görə biz şiələr gərək o həzrətə həm əza saxlayaq, həmi də ona xeyrat və ehsan verək! Cəmaət bu sözləri eşidən kibi hay-hay ilə ağlaşmağa və ağlıyıb dolandan sonra hamı vədə verdi ki, axund nə buyursa əməl etməyə borcludurlar. Əvət, Zəfər çinin xeyratından qırx gün yedilər… demək Zəfər min iki yüz ildir ki, yaşayırmış, zəhi səadət.

***

Buradan bir haşiyə çıxaq, bu il neçə ildir ki, Kərbəlayə gedən yoxdur; başlar qarışmışdı, lakin bu il Azərbaycan şura qulluqçularının bərəkətindən Kərbəla səfəri bir çoxlarına qismət oldu (Allah cəmi arzusunda olanlara dübarə bən rusiyah ilə belə qismət eləsin). Nə isə sözüm burada deyil. Bu il Kərbəladən gələnlər, neçə ildir ki, həsrət qaldığımız möcüz xəbərlərini də bizlərə gətirdilər. Möcüzələrdən birisi budur ki, Kərbəladə bir alim müctəhid yatıb aləmi-röyada Dəccalı görübdür. Dəccal azarlı imiş… Dəccal müctəhidə deyibdir ki, Ay ağa! Vallah, bən də azarlamışam, qorxuram ölüm bəni tapa, müsəlmanların istədikləri gözlərində qala, həmi də eşşəyimin də palanı dağılıb, pulum yoxdur ki, təzə palan alım, laməhalə, sən Əli ibn Əbutalıbın xalis şiələrinə ki, Mehdi Sahibzamanı gözlüyürlər, xəbər ver mənim eşşəyimin palanına heç olmasa yamaq üçün 5-6 min dənə xalçadan, palasdan göndərsinlər ki, palanı yamıyıb bəlkə bir təhər xüruc edə biləm. (Səhih rəvayətə görə, Dəccalın eşşəyinin iki qulağının arası yeddi mildir; təxminən 29 verst). İndi fikir edin, bu boyda bir eşşəyin palanına neçə bin xalı lazımdır ki, yamaq qayırılsın, hə, Allah şəkkakə lənət eləsin, indi ağayi-müctəhid yüzünü dutub müsəlman qardaşlara deyir ki, ay müsəlmanlar, Dəccalın xatiri üçün yox, təkcə o məlunların üzünü yerə sürtmək üçün hansılar ki, deyirlər Mehdi çoxdan ömri-təbiisini keçirib və vəfat edib qurtarıb gedibdir – indi hər kəsdə nə qədər xalça-palas mümkünsə göndərsin. Kərbəlayə (haman müctəhid ağayə) ki, o da bir yol ilə yetirsin Dəccalə, o da eşşəyinin palanını yamasın, bəlkə dəccal xüruc eliyə ki, onun dalınca da Mehdi zühur edə.

Məsələ məlumdur, ağa müctəhid Dəccalı yuxuda görə bilər, lakin ona palasları bilməyinə mən şəkk eliyirəm! Hə… Zəfər cinin xeyratı yadıma düşür, sən xalça-palası göndər, daha nə işin var!

 ***

İkinci möcüzə də budur ki; Şişə şəhərindən Kərbəlayı Mustafa adlı bir kor kişi bu il Kərbəlayə gedib və orada ağayə dəxil düşüb möcüzə olub, Kərbəlayı Mustafanın gözləri açılıb anadan doğulma olubdur. Ona görə də qayıdıb Qarabağa gəlmiyibdir, Şişədə iki müsəlmanı bir yerdə görsən görərsən ki, elə möcüzə inanmıyanların atalarına lənət oxuyurlar, bu heç, oxusunlar, ama sonra məlum olubdur ki, xeyir! Kərbəlayı Mustafanın atı yolda gəbərib, qalıb piyadə, zəvvar da ki, ağzı evinə doğru düşdü atasını da tanımaz, Kərbəlayı Mustafanı qoyub çıxıb gəliblər, nəinki yazıq Kərbəlayının gözləri açılıb bəlkə dərdinin üstünə bir müsibət də artıbdır. O da Təbrizdə dilənçilik etmək. Bu da məlumdur ki, İranda müstəhəqqə ehsan edən olsa, daha bu qədər kor, şil, keçəl-küçəl zibil kibi Qafqaza tökülməz. Kərbəlayı Mustafanın əhvalatı bu günədir, nə ki, Kərbəladən tazə gəlib heç yalan danışmayan bəzi kərbəlayılar söylədiyi kibi. Allah oxuculara Kərbəla qismət eləsin.

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1923, N 17.