Modern şeirin etiraf edilməmiş ƏSİL nümayəndəsi

137 Baxış

nergizXANİMNərgiz Cabbarlı

Bu dünyada yaradıcı insana ən böyük ağrını – sağlığında da, sonra da –  etiraf edilməməsi, Layiq Olduğu Qədərində görünməməsi yaşada bilər.

Sağlığında – daxili gücün bu ağrını yenməsi, məğlub və görünməz etməsi mümkündür. Son ana qədər… Sonra isə… Sərhədd keçilər, amma yenə də bu hissin özünü duyurması,  xatırlatması müşkülə çevrilməz. Hətta İnsan (Şair!) bu dünyada olmadıqda belə… Sözümü qəribçiliyə salmayın. Çünki yeyilən Haqq hər zaman Özünü arar, aratdırar. Ta ki tapana qədər… Ta ki tapılana qədər…

Azərbaycan modern şeirinin ən qabaqcıl nümayəndələrindən biridir o. Amma nədənsə (çox güman ki, bu, bir qədər də özünün sakit,  təmkinli xarakterindən, “görünməz” personasından, başıaşağılığından, kirmişliyindən irəli gəlirdi), onun bu haqqı ya ümumiyyətlə etiraf edilmir, ya da ötəri yada salınır (içi mən qarışıq). Üstündən sükutla və ya yaradıcılığı ilə müqayisədə kiçikdən də kiçik görünən sözlərlə keçilir.  Halbuki Azərbaycan eksperimental şeirindən, modernist şeirindən (bəzən onu “avanqardçı” da adlandırırlar, amma avanqarda məxsus epatajçılıq, çılğınlıq onun yaradıcılığında da, ictimai-ədəbi fəaliyyətində də üzdə olmayıb) söz düşdükdə bir neçə şairlə yanşı (İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Çingiz Əlioğlu, Adil Mirseyid və s.) onun da adı ilk sırada qeyd edilməlidir. Çünki mətni bunu tələb edir. Çünki şeirləri, yaratdığı ifadələr, təsvirlər, obrazlar bunu istəyir. Amma məsələlərə onun öz təbirincə yanaşmalı olsaq,

Birrəng deyil dünya,

Birrəng deyil zaman,

Hər rəngi də yekrəng

Sanmayın, amandı, aman.

Yəni… Bu birrəng olmayan dünyanın rəngləri bəzən qarışa da bilir.

Modernizm, eksperimentallıq sərbəst şeirin sərhədləri daxilində baş verir adətən. Ənənəvi şeirin sərhədləri daxilində eksperiment anlayışını qəbul etsəm də, dünyaya modern yanaşmanın mövcud olduğunu qəbullana bilmirəm (mübahisəli məqam olduğunu anlayıram, amma!!!). Çünki ənənənin (ənənəvi şeirin) qırılmaz, dağılmaz, sındırılmaz qəlibləri, diktələri, tələbləri olduğu bir faktdır. Çünki Ənənə sınmaya davamlı, Modern dəyişməyə, dağıtmağa və öz Həqiqətlərini, Görüntülərini, Təsvirlərini, Duyğularını göstərməyə meyillidir…

Eyni şeyi şairin ruhu, təfəkkürü, dünyagörüşü, həyata və predmetə, mövcudluğa və problemə yanaşma tərzi haqqında da söyləmək olar. Modern şeir dünyaya modernist yanaşmanın, təbiətdən və milli olandan qopmanın, ənənədən “sıyrılmanın” ifadəçisi olub həmişə. “Şəhər şeiri” olub. Ənənəvi olana daxili Müxaliflik sərgiləyib. Ona qarşı çıxıb. Onu dağıdıb. Onu dəyişib. Dəyişərək Sözü, İfadəni, Təsviri, Təsəvvürü yeniləyib. Fərqli çalarlar verib, rəngi rəngə qataraq bəzən təbiətdə belə oxşarını tapmağa çətinlik çəkdiyimiz rənglər alıb.

Amma maraqlıdır: Ələkbər Salahzadə yeganə şairlərdəndir ki, onda modern ovqatla, modern ifadəetmə ilə milli ruh, milli düşüncə və ən əsası da Təbiət bir yerdə, bir çərçivədə bu qədər iç-içə keçə, qoyun-qoyuna yaşaya bilir. Özü də rənglər bir-birinə qarışmadan, dağılmadan, hər biri öz çalarını, öz xüsusiyyətini – çılğındırsa, çılğınlığını, təmkinlidirsə, təmkinini qoruyub saxlayaraq var olmağı bacarır. İfadə – yeni, Təsvir – fərqlidur. Amma məsələ ondadır ki, bu fərqin qoynunda,  Tam halda, dağılmamış halda Ənənəni qoruyan, onu Sevən bir Ruh görünür. Milli özünəməxsusluğu ilə… Yaşayır. Nəfəs alır.

Odlu bir qəzəblə parıldadı göy

Ögey bir ananın çöhrəsi kimi.

Hardansa yarıldı, guruldadı göy

Yetmiş min nənənin cəhrəsi kimi.

 

Gəldi gümüş telli, ipək bir yağış

Sanki səmalarda ip əyirdilər.

…Yağışa alqış!

Köynəksiz qalmış

Yamaclar yamyaşıl don geyibdilər.

Ələkbər Salahzadə gözəl təsvir ustasıdır. Gözəl və fərqli Obrazlar yaradıcısıdır. Ən kiçik, ən  önəmsiz görünən bir əşya, predmet belə onun şeirlərində canlana, var ola, Yaşaya və Ölə bilər. Ən əsası isə o predmetlər fərqli və maraqlı mənzərənin yaradılmasının vasitəçisinə, detalına, obrazına çevrilir. Məsələn, “Prometeyin əsgərləri” adlandırdığı kibrit çöpləri kimi…

…açıldı qapı

Keçdi Prometeyin gənc bir əsgəri –

Acı bir papiros açdı gözünü

Söndü

Prometeyin bir əsgəri də -

Bir ev isindi

Öldü Prometeyin bir əsgəri də -

Bir tonqal qan kimi fışqırdı çöldə!

“Əsgər söndü”, “əsgər keçdi”, “papiros gözünü açdı”, “tonqal qan kimi fışqırdı” – ənənəvi deyil bu ifadələr. Alışqan deyil təxəyyül bu gözlənilməzliyi bir andaca həzm etməyə. Amma bu fərqli yanaşma, bu fərqli ifadə etmə və təsvir yaratma özünü qəbul etdirir. Çünki məqsədə çatılır. Çünki reallığa çevrilə bilir təxəyyüldə. Çünki “sönmək” də, “keçmək” əsgərə “yaraşdırıla” bilir.

Sən mənə bir dəniz nəğməsi oxu,

Ləpə-ləpə pıçılda,

Dalğalar kimi oxu

Nəfəsindən əyir, səsindən toxu,

En,

Dön dənizə oxu,

Sahilində məntək sənsizə oxu

Uzaqdan-uzağa ləpələn, oxu

Səsinlə yanağıma səpələn, oxu,

Məlhəmdi ağrıya, mən bilən, oxu,

Sən mənə bir dəniz nəğməsi oxu,

En,

Dön dənizə, oxu

Sahilində məntək sənsizə oxu…

Onun şeirlərində çevrilmələr, ötürmələr, obrazdan-obraza, xüsusiyyətdən-xüsusiyyətə adlamalar maraqlıdır, fərqlidir, orijinaldır. Yuxarıdakı şeirdə “en, dənizə dön” deyə müraciət etdiyi Kəs hərdən hava kimi, hərdən su-damcı kimi görünür.  Hərdən də onun “nəfəsindən əyirib, səsindən toxuduğu” o nəğmənin gözəlliyinin necə bir ilahi gözəllik olduğunu düşünür, heyrətlənirsən… Amma bu təsvirlər nəğmənin gözəlliyi ilə bərabər “Sahildə məntək sənsiz” obrazının dolğunluğuna “işləyir”. Onu təmin edir. Ona üz tutdurur…

Onun şeirləri “qulaq” şeirləri deyil. Gözlər üçün yazılıb. Sözün bütün anlamında. Yəni məsələ təkcə mətnin hecanın şirin havasına, axınına bürünməməsində deyil. (Əlbəttə ki bu da var). Əsas məsələ bu şeirlərdə göz üçün, görmək üçün, məhz görə-görə duymaq, hiss etmək və yaşamaq üçün (qalan duyğu orqanlarına da ötürülmək üçün) yaradılmış mənzərələrin olmasıdır. Özü də bu mətnlərdə həddindən artıq özünəməxsus çalarlarla, kimsələrə bənzəmədən, kimsələrin deyə bilməyəcəyi rənglərlə təsvirolunmaya müraciət edilir. Amma o ifadələr ənənəvi təsvir və ifadəetməyə yad olsa da, gözlənilməz olsa da, çox böyük uğurla yaradılır.

Bir insan rişə-rişə

Bir insan əsəb-əsəb

Bir insan dalğa-dalğa

Axır çubuğa

Yaşamağa başlayır çubuq…

Bir insan ürəyindən

Bir insan əlindən boy atıb qalxır

Qol-budaqlı bir ağac

Budaqlardan bir orkestr sallanır

Titrəşir havada səs şaxələri

Elə bil tufana düşüb ağac…

Dəyir bir-birinə səs yarpaqları

Çırpılır bir-birinə səs qılıncları

Səsdən-səsə qonur qığılcımları

Çırpınır çubuq

Bir insan axıb çubuğa

Qalxır, qalxır qol-budaqlı

Bir ağac kimi

Qaldırır çiynində Çənlibeli

Qabardır keçmişdən bir savaşı

Oyadır tarixdən bir qüruru

Şimşək kimi sıyrılır çubuğundan

Koroğlunun qılıncı…

Səsin və sənətkarlığın yaratdığını söz canlandırır bu dəfə. Bu, Niyazi haqqında yazılmış şeirin bir parçadır. Amma hər misrası, hər sözü bir tərəfdən portreri, bir tərəfdən xarakteri, bir tərəfdən də mənzərəni canlandırır.

Bəzən onun şeirində olan bənzərsizlik o qədər güclüdür ki, təfəkkürü belə bir qədər zorlamalı, təxəyyülü belə bir qədər incitməli olursan. Amma bu zorlama, bu incitmə sonda elə bir gözəllik, elə bir qeyri-adiliklə qarşı-qarşıya qoyur ki səni, heyrətdən gözlərin böyüyür. “Belə bir rəng də var imiş,  belə bir bənzətmə də ola bilərmiş, insan belə də görə bilərmiş sən demə”, – deyirsən.

Mən baxıram dənizə

Dəniz balığa bənzər.(????!!!!!)

Günəşin baxışından

İşıldayır pulları

Küləyin gəzişindən

Xışıldayır pulları.

Kimdə var belə bir bənzətmə?! İlk baxışdan qulağa yad gələn, təxəyyülə yapışmaz görünən, amma gözlər önündə sərgiləndikcə doğmalaşmağı bacaran  təsvirlər deyilmi?

Ələkbər Salahzadə bütün yaradıcılığ boyu – istər çox aktiv olduğu, tez-tez məhz modern təsvirlərinə görə tənqid atəşinə tutulduğu 60-cı illərdə, istərsə də şair kimi susqunluqla qəbul edildiyi, amma haqqında çox da danışılmadığı 90-cı illərdə hər zaman öz üslubuna, öz dəst-xəttinə sadiq qalıb.  Onun şeirlərini oxuduqca bir təəssürat da böyüyür içimdə…

Bəzən bir insan ömrü, bir sənətkar taleyi, bir yaradıcı şəxsiyyəti tək bir sözə, bir Obraza sığışdırıla bilir (Səttarın bircə Əllərinin rəsmi yetər taleyini Oxumaq üçün. Halbuki o avtoportretdə gözləri də çox şey deyirdi… Amma əlləri qədər deyil…).  Bir söz, bir Obraz – və İnsanın bütün Varlığı ilə ürək tək döyünür o timsalda…. Eynilə bu şeirdə olduğu kimi. Səssizliyi ilə danışan, səssizliyə şahid olan, yoldaşlıq edən, amma eyni zamanda da çox şey bilən Səssiz “Əllər”…

Mənim əllərimin bir vaxtı vardı

Dəcəl, kür vaxtı vardı,

Quzulara ot versə də,

Bir nənəyə tut dərsə də,

Qarğalara daş atardı,

əqrəblərə toy tutardı….

Mənim əllərimin bir sirr vaxtı vardı

o çağlarda gizli-gizli

nə yazardı, nə pozardı –

hansı günsə gül açardı,

yerimə də dil açardı…

mənim əllərimin hürr vaxtı vardı

sağı daha bəxtiyardı

soluna da bəxti yardı…

mənim əllərimin hər vaxtı vardı

qatıb qabağına Zaman apardı…

Bir tərəfdən bir insan taleyinin müxtəlif məqamlarını, mərhələlərini təsvir edən şeir, eyni zamanda da, dəyişən, rəngdən-rəngə düşən insan xarakterinin çalarlarını açır. Cəmi bir neçə misrada çox mətləbləri vermək məhz budur! “Əllərin bir vaxtı” (danışıqda “mənim də bir vaxtlarım vardı” ifadəsi gəncliyin və çıılğınlığın göstəricisidir. O ifadə bu dəfə obraz olaraq Əllərə ötürülür) uşaqlıq, yeniyetməlik, “sirr vaxtı” – gənclik (sevgi yaşayan,  poetik qəhrəmanın yerinə “dil açan”,”gül açan” əllər) və hürr vaxtı – kamillik dövrünü göstərir.  Amma bütün bu zamanları da sonda onlardan daha güclü olan, onlara hakim kəsilən, onları öz içində əridən, yox edən Zaman öz qarşısına qatıb aparır. Həyatımız kimi…

Bir də… Ələkbər Salahzadənin gözəl, dəyərli şeirlərindən başqa, sadiq olduğu bir şey da var idi – İstedad və Söz… Onun “Ulduz”da işlədiyi zamanlarda da, “Qobustanda” işlədiyi zamanlarda da bu Gəzən Sükutun, bu Hərəkət Edən Səssizliyin altında o sədaqət hər zaman göründü… Və insanların gözündə özünə o dərəcədə yer etdi ki, bir zamanlar gənc şairlərə yazdığı misraları indi onun özünə ünvanlamadan dayana bilmirəm: “Niyə belə az yaşadı çiyninizdə ulduzlar?”

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10