“Molla Nəsrəddin” haqqında Parisdə danışıldı

12 Baxış

molla nəsrəddin molla nəsrəddin2AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Parisdə Ali Normal Məktəbdə (ENS- Ecole Normale Superieure) “Müstəmləkə dövründə Cənubi Qafqazda və Orta Asiyada müsəlman cəmiyyətində mədəniyyət transformasiyasının mərhələləri (XIX əsrin sonu və XX əsrin əvvəllərində)” və “Ənənə və müasirlik Azərbaycan satirik jurnalı “Molla Nəsrəddin”in karikaturalarında” mövzularında konfranslarda iştirak edib. Akademiyanın rəsmi saytında verilən məlumata görə, Fransa alim və tədqiqatçılarının iştirak etdikləri birinci konfransda Rusiya imperiyası dövründə Cənubi Qafqazda müsəlman icmasının mədəniyyət transformasiyasının mərhələləri barədə məlumat verilib.

Azərbaycanda ilk nömrəsi 100 il əvvəl çapdan çıxmış “Molla Nəsrəddin” satirik jurnalına həsr edilən ikinci konfransda Ş.Mustafayev bu nəşrin tarixi haqqında məlumat verib. Jurnalın müəllifinin XX əsr həyatının eybəcərliklərinə qarşı çevrilmiş amansız qəzəb və nifrətinin arxasında Vətənə və xalqa məhəbbətin dayandığı, onları dünyanın qabaqcılları sırasına çıxarmaq arzusunun əks olunduğu diqqətə çatdırılıb.

Bildirib ki, hələ 100 il bundan əvvəl jurnal qadınların müdafiəçisi kimi çıxış edərək, diqqəti qadın azadlığı və qızların təhsil almaları məsələlərinə yönəldirdi.

Ş.Mustafayevin yanvarın 22-də Ali Normal Məktəbdə “Mədəniyyətlərin transferi” mövzusunda keçiriləcək seminar çərçivəsində növbəti təqdimatı “Orta Asiya – mədəniyyətlərin qəlibi” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, ENS Fransanın ən nüfuzlu ali məktəbidir.