Molla Pənah Vaqiflə bağlı elmi sessiya

6 Baxış

97820_r0ckpu8ybu

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya gerçəkləşib. 

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin katibi, akademik Nərgiz Axundova, müvafiq elmi müəssisələrin direktorları, əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan akademik İsa Həbibbəyli bildirib ki, tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini deyən akademik vurğulayıb ki, bu, Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoyan qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Sonra Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr edilən “Həyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəm” adlı sənədli film nümayiş olunub.

Sessiyada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev “Molla Pənah Vaqif və Məhtumqulu” adlı məruzə ilə çıxış edib. Alim XVI əsrin əvvəllərindən xalq şeiri üslubunun, ona məxsus poetik formaların klassik poeziyada işlənməsindən,  hüdudlarının getdikcə genişlənməsi və klassik ədəbiyyatda mövqelərini gücləndirməsindən danışıb.

Professor Paşa Kərimov “Gerçəklik və gözəllik nəğməkarı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Molla Pənah Vaqifin obrazı Azərbaycan təsviri sənətində”, professor Camal Mustafayev “Molla Pənah Vaqif və Qarabağ xanlığının xarici siyasəti”  mövzulu məruzələrlə çıxış ediblər. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva da şairin həyat və yaradıcılığı barədə fikirlərini bölüşüb.

KÖŞƏ YAZARLARI
TOP 10