Moskva “böyük kənddir” deyənlərə…

127 Baxış

Prof.dr. Qənirə Pirquliyeva qenirexanim

 

Rusiyanın paytaxtı Moskva keçən yüzillikdə bəzən xalqlar arasında xüsusi məhəbbət və nəvazişlə “ böyük kənd” adlandırılırdı. O zamanlar mənasını tam olaraq anlamadan, mən də bu cür “leksik” səhvə yer vermişdim bəzi uyğun mövzularda cürbəcür insanlarla  danışanda.  Amma bu gün həqiqətən kobud səhv etdiyimi tam dərk etdim.

Yaşıllıqlar içərisində inşa edilən bu şəhər mənim sonuncu dəfə orada olduğum vaxtdan keçən 35 ildə ən azı 3 dəfə  böyüyərək  maraqlı bir şəhərə çevrilib. 1980-ci ildə mənim orada olduğum ilk ildə  şəhərdə cəmi bir dairəvi xətti  mövcud idisə,  bu gün üç dairəvi xətt var. Bu illər ərzində dairəvi  yolların nə dərəcədə vacib olduğunu dərk edən bir adam kimi deyə bilərəm ki, Moskva  yaşadığımız planetdə  dairələrin sayına görə yalnız Romadan azacıq geri qalır. Bu şəhər  tikiləndən,  yəni rus çarı İvan Qroznını vaxtından maraqlı dairələr şəklində tikilməyə başlayıb və bu gündə bu üslub davam etməkdədir.  Yaşayış massivləri, ticarət mərkəzləri ilə tikilən bu dairələri bir birindən elə həmin 3 dairəvi yollar ayırır,  yəni dairələr bir-birinin daxili  hissəsində deyildir. Bu dairəvi  yollar daha çox eninə tərəf genişləndiyi üçün  bizim dilimizdə deyildiyi kimi şəhərin” eni və uzunu” bilinmir. “Kənd” anlayışı Moskvanın ölçülərinə heç uyğun gəlmir. Təkcə  1980-ci ildə Olimpiadanın keçirildiyi  və uyğun olaraq hələ də “ Olimpiya kəndi” adlanan yerdən başqa, hər yer daha çox metropolislərə uyğundur. Bu iri şəhərdə hər yerdə insanın rahat yaşaması və çalışması üçün bütün şərait yaadılıb.

Diqqətimi çəkən digər bir məsələ şəhərin bütün mərkəzi və ikinci dərəcəli küçələri boyunca yerləşən yaşayış və iş yerlərinin birinci mərtbələrində əsasən bankların olması oldu.  Desəm ki, elə bir bina görmədim ki, aşağısında bank və ya filialı olamsın,  bəlkə də daha dəqiq olar. Yağışdan çıxmış göbələk kimi cürbəcür əcaib adlarla bu banklar fəaliyyət göstərir. Bəziləri  daha dəqiq yerləşdirilib. Belə ki, keçən əsrin birinci onilliyinə qədər Moskvanın tanınmış tacirlərinin mülklərini  ciddi nəzarətdə olan hasarlara alıb,  bankların baş ofisi və ya nümayəndəliyi yaradıblar. Bu qədər bankı olan şəhərin pula ehtiyacı olan vətəndaşı yəqin ki, olmaz. Əbəttə bu mənim subyektiv fikrimdir.

Küçələrinin eni binalarından ən azı 2-3 dəfə böyük olan Moskvada klassik tıxaclar olur. Amma maşınlararası məsafə ən azı 10 metr olanda adam özünü tıxacda hiss edib,  həycanlanmır.Bu da bir vacib üstünlükdür.

Bu şəhərdə Rusiya imperatorlarının adına vaxtilə salınan parklar, qoyulan heykəllər olduğu kimi qalır. Sanki  ortalama yarım min il tarixi olan bu dövlət hər gələnə göstərmək istəyir ki, bura güclü dövlətin  mərkəzidir, ehtiyatlı olun, ayaqlarınızı yerə basanda belə  bu kişilərin baxışlarını unutmayın. Nə Romanovları, nə  bolşevikləri, nə də yeni rusları unutmurlar. Sovetlərdə bəzi küçələrin adı dəyişsə də indi rus klassiklərinin əsərlərində oxuduğumuz adlara olduğu kimi rast gəlirik. Hərəsinin də öz əfsanələri, nagılları, elmi dildə desək etimoloji xüsusiyyətləri.

Mənim üçün ən maraqı fakt əhalinin tərkibi oldu.  Burada sanki slavyanlar kəskin şəkildə say hesabına görə azalıb, əvəzində altay-türk dil qrupuna aid olan cürbəcür xalqlar çoxalıb. “Yeraltı muzeylər” silsiləsinin  və tarixi hadisələrin Avropada ən gözəl nümunəsi  olan  Moskva metrosunun girişindən başlayaraq baxanda,  burada daha çox çinlilərin, qırğızların, özbəklərin, qazaxların, türkmənlərin, nisbətən az sayda qafqazlıların,  o cümlədən bizlərin olduğunu müşahidə etdim. Maraqlıdır məncə,  bu yalnız iqtisadiyyatda baş verən hadisələrə bağlı deyil. Bu barədə beynimdə apardığım analizlər və onun nəticələrim oxucum üçün o qədər də maraqlı olmaz deyibən,  ümumi qərarımla bölüşmək istərdim: bu geriyə , doğma torpaqlara qayıdışdır sanki. Bütün Rusiya tarixinə,  elə memarlıq abidələri ilə baxanda bu fikir təsdiqini tapır. “Şərq-türk-islam” müqəddəs üçlüyü  şəhərdə daim hiss olunur.Günün birində metronun eskalatorunda hərəkət edəndə (eskalatorların ölçüləri də o qədər böyükdür ki, sanki öz xoşunla,  öz ayağınla dərin quyuya düşürsən) əks istiqamətdə yuxarı çıxan insanların antropoloji quruluşuna fikir verib saymağa başladım.  Hər 3-4 nəfərdən çoxu  dediyim xalqların nümayəndələri idi.Yalnız biri yerli ruslara oxşayırdı Bilmədim qürurlanım,  yoxsa  adamın birindən buranın hara olduğunu soruşam. Hər halda  birinci hissim üstünlük təşkil etdi, yavaş-yavaş qımışa–qımışa yoluma davam etdim.

Bir köhnə tarixçi olaraq  əsas işlərimdən biri yenə də o qədər də ucuz olamayan muzeylərə getmək oldu. Adətdəndir deyə bilərəm. Ali məktəbdə təhsil aldığımız illərdə  müəllimlərimiz bizə öyrətdiyi ən gözəl vərdiş yeni yerlərdə əvvəl çörəyini dadmaq, sonra insanları ilə ünsiyyət qurmaq , sonda isə muzey və kitab mağazalarına daxil olmaq idi. Həmişə onlara rəhmət istəyirəm Allahdan. Nə yaxşı ki, bunu  təlqin edə biliblər bizim nəslə.

Belə ilk getdiyimiz muzey Moskva Hərbi palatası, yaxud Hərb muzeyi oldu. O muzey haqqında kifayət  qədər məlumatmız olsa belə,  gedib görmək ayrı bir həzz olur deyə yollandıq Moskvanın mərkəzi Qırmızı meydana, Kremlə, Aleksandr parkında yerləşən bilet kassasına. O qədər çox  tamaşaçı axını var idi ki, bura daxil olmaq gün ərzində yalnız 3 dəfə ayrı-ayrı saatlarda mümkün olurdu. Gözləyib,  biletimizi alıb Kremlin daxilində yerləşən muzeyə girmək üçün  polislərin ciddi yoxlamasından belə keçməli olduq. Nəhayət,  möhtəşəm bir binya daxil olduq. Buranın girişi dar koridolarla başlayır və hər iki tərəfdə satıcılar cürbəcür suvenirlər, əşyalar satırlar. Sözsüz ki, müəyyən tamaşaçı yığılandan sonra içəri keçmək mümkün olduğu üçün bu mağazalardan nə isə almalı olursan. Şəhərin mərkəzində yerləşən suvenir və antikvar dükanlarından fərqli  olaraq,  burada qiymətlər daha münasib olduğundan hər kəs nəsə alırdı. Muzey ikimərtəbəli bir binada yerləşir. Gözəl pilləkənləri, möhtəşəm tavanı və ümumiyyətlə,  maraqlı tikinti üslubu var. İkinci mərtəbədə silahlar nümayiş edilir. Əslində bura Rusiyanın müharibə etdiyi ölkələrdən yığıb gətirdiyi silah və digər əşyalarına baxmağa deyil, özümüzün tarixinə aid eksponatlara baxmaq üçün gəlmişdik. Sözsüz ki, bütün ekspozisiya maraqlı idi , amma “şimal qardaşlarımızın” bizim hansı əşyamızı burada nə adla göstəməyi daha da maraqlı idi. Bir çox eksponatlara baxdıdan sonra gəlib Rusiyanın öz yaranma tarixinə aid sərgi salonuna daxil olduq. Bura rus çarlarının silah və hərbi geyimlərinin nümayişi ilə başlayırdı. Burada 4-5 çarın bütün hərb geyim dəstləri var idi, hamısının da dəbilqəsinin yazıları ərəb əlifbasında Qurani-Kərimdən gözəl süs və kufi elementləri ilə yazılmış epiqrafik  kitabələr idi. Birinin hətta sinə yarağının üstündə,  bütövlükdə sağ və sol tərəfdə iri  çiçəkli kufi xətt elementinə bənzər 4 sətirlik yazılar açıq aydın nümayiş edilirdi. Burada müqəddəs kəlimə belə aydın oxunurdu. Amma ilkin baxışda şüşənin işərisində olan bu eksponatlarda çarların adını və ya bunları hazırlayan ustanın, yaxud kim tərəfindən kimə hədiyyə kimi hazırlanmaqları barədə ola biləcək məlumatı oxuya bilmədik. Yenə sual yordu məni. Az-çox bildiyim məlumatlara görə bu dövlətin xristianlığı qəbul etməsi 9 –cu əsrdə zorla baş tutmuşdu. İslam 7-ci əsdə yaranıb. İndiki Rusiya ərazində həmin yüzillikdə islam yayılmamışdır. Bəs niyə bu hökmdarlar başlarını Quran yazıları ilə bəzəyib döyüşə gedirdilər? Suallar həddən ziyadə idi həmin məqamda, amma vaxt o vaxt deyildi ki, aydınlaşdıram. Şübhələr içərisində – görəsən niyə bunlar şərq xalqlarına,   türk xalqlarına qarşı vuruşanda bu dəbilqələrdən , geyimlərdən geyiniblər? Bəlkə xristianlığa qədər islamı daha yaxşı bilirdilər? Yaxud,  bütün Rusiyada ən qədim vaxtlardan yaşayan türk xaqlarını işğal etdikcə onları daha çox öz tərəflərinə çəkmək üçün bu geyimləri  göstəriblər. Arxiv səndlərində də açıq aydın  Sibir, Ural haqqında yazanda “Asiya Rusiyası” terminindən dəfələrlə istifadə etdiklərini dəqiq oxumuşduq. XVI əsrə aid olan zalda yenə də səfəvi deyil,  İran silahları yazılıb. Bu qılıncların dəstəyində, bıcaqlarda eynilə ərəb əlifbası ilə yazılan sözlər və söz birləşmələri vardır. Belə bir fikir formalaşır ki, bu dövlət yarananda  əsasən şərq hərb mədəniyyətinə üstünlük veriblər. Baxmayaraq ki, muzeyin zallarında Avropanın digər dövlətlərinin hərbi geyimləri kifayət qədər nümayiş edilir. Nədənsə rus çarlarına aid olan zala daxil olanda  onlara aid heç nə yoxdur. Hər şey- yazılar, hazırlanma texnikası, hətta  döyüş geyimlərinin ölçüəri onları geyən insanların bizlərdən olduğuna dəlalət edir. Bu qədər oxşarlıq ola bilməz. Bu geyimlərin istifadəsi 17- ci əsrə qədər davam edir. Sonra artıq avropalaşma vardır. Bu yazılanlar yalnız döyüş geyimlərinə aid deyil, həm də onlar üçün hazırlanan hədiyyələrin bəzəklərində də görünür.

Nə isə,  Moskva belə bir yerdir. Səhər 8-dən gecəyə qədər havası ən azı 5 dəfə dəyişdiyi kimi, insanı çaş-baş qoyur – harada, hansı millətin içində olduğunu unudursan. Deyəsən sovetlərin beynəlmiləlçilik, daha dəqiq milləti çox qarışıq olan yalnız ölkə vətəndaşı statusu olan eksperiment burada alınıb. Hamısı rusiyalı, moskvalıdır. Amma kökünü soruşanda yaddan çıxaranlar daha çoxdur. Bu məsələlər bizlərə,  o gözəl və soyuq şimal şəhərinin qonaqlarına,  yad gözləri ilə bəlli olur.

Moskva artıq böyük kənd deyil. Mənim təxmini saydığım 30 -dan artıq xalqın və millətlərin məskunlaşdığı, cürbəcür dinlərə və dillərə ev sahibliyi edən maraqlı bir metropolisdir. Buranın qanunları nə qədər sərt osa da,  ən azından keçmiş sovetlərdən bura gələndə, keçmiş paytaxta gəldiyini hiss edirsən hələ ki. Demirəm həmin illərdə  olan hissləri yaşayırsan, amma böyük dövlətin böyük mərkəzini məmnuniyyətlə gəzib,   hələ dediyim 30-dan artıq xalqların mətbəxini dadmaq məsələsində mübahisəyə yer qalmır.

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10