Mother – “Oskar”ın qurbanı – Nizami Hüseynov

4 Baxış

1609986_1025930250782209_1637897801441260026_n

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad kino təhlil” rubrikasından Nizami Hüseynovun “Mother – “Oskar”ın qurbanı” yazısını təqdim edir.

Filmsevərlərin hər il maraqla gözlədiyi, ən prestijli film mükafatlandırma mərasimlərindən olan “Oskar film mükafatı ­– 2018” üçün namizədlərin siyahısı bu yaxınlarda açıqlandı. Ən yaxşı filmdən tutmuş ən yaxşı film musiqisinə qədər müxtəlif kateqoriyaları özündə birləşdirən “Oskar”da qaliblərin mart ayında məlum olacağına baxmayaraq, hər il olduğu kimi bu il də seçilən və seçilməyən filmlər geniş müzakirəyə və hətta çaşqınlığa səbəb ola bildi. Bu yazıda namizədlərdən yox, heç o siyahıya daxil edilməyən, ədalətsizlik qurbanı olduğuna inandığım başqa bir filmdən, mənə görə 2018-in ən yaxşı filmindən, Darren Aranovski imzalı “Ana” (“Mother”) filmindən danışacaq, həm filmi analiz edəcək, həm də bəzi izləyib anlamayanlar üçün qaranlıq qalan məqamları şərh etməyə çalışacağam.

“Başlanğıc” (“The Fountain”), “Arzulara ağı” (”Requiem for dreams”), “Nuh” (“Noah”), “Qara qu“ (“Black swan”) kimi filmlərin ssenaristi və rejissoru Darren Aronovski sadəcə pul qazanmaq üçün kino çəkməyən, özünü ifadə etmək üçün kino sənətindən istifadə edən rejissordur. Gördüyü işlər səmimi olduğu, daxildən gəldiyi üçündür ki, bizi də bu qədər təsiri altında saxlaya bilir. Mən son illər “Qara qu”, “Başlanğıc”, “Nuh” filmlərinin bizim ölkədə öz yaşıdlarım arasında yaratdığı səs-küyü də yaxşı xatırlayıram. Amma Aranovskinin əsas mövzu qaynağı dindir: din tarixi, dini motivli hekayələr, inanclar və ümumiyyətlə dini dünyagörüşü. Son filmi “Ana” da bu mövzudadır, yəni dinlər tarixindən qaynaqlanır.

- Sənə kifayət etmədiyim üçün üzülürəm.

- Sən günahkar deyilsən, mənim üçün həmişə hər şey natamamdır. Yoxsa mən yaratmazdım. İndi isə hər şeyə yenidən başlamalıyam.

“Ana” filminin sonundakı bu dialoq həm filmi, həm də bütün yaradılış çevrəsini ifadə edir. İnsana heç vaxt heç nə kifayət etməz – daim daha çox yaratmaq, daha çox sevmək, daha çox sevilmək istəyər… Ona görə də, əlindəkindən belə asanlıqla əl çəkər, hər şeyi sıfırdan başlayar.

Demək olar ki, filmi izləyən tamaşaçı iki qrupa ayrılır. Birinci qrup filmi şedevr, şah əsər adlandırsa da, ikinci qrup boşluq, boşa keçən vaxt, gərəksiz film kimi qiymətləndirir. Əgər sənətsevərsinizsə, ənənəvi filmlərdən sıxılmısınızsa və dərs kimi bir film izləmək istəyirsinizsə, bu filmə mütləq baxın. Bunu da xatırladaq ki, film üç tip tamaşaçını məmnun edə bilər. Əgər siz qorxu filmi istəyirsinizsə, bu hissi yaşaya biləcəksiniz. Gərilim tip film sevənlər və eləcə də, psixoloji dram tamaşaçıları üçün də film tam bir şedevrdir. Film haqqında tənqidçilərin şərhlərini oxuyarkən ikisi xüsusi olaraq diqqətimi çəkmişdi. Birincisi, film əgər sıxıcıdırsa, deməli yaxşıdır, ikincisi, “Ana” filmi kor gözə barmaq soxurmuş kimi bariz paralellərlə zəngindir. Baxmayaraq ki, izləyərkən bəzi hissələri və yaxud, ümumiyyətlə, bütün filmi anlamama ehtimalınız var. Xüsusən, islam ölkəsində, xristian dini kitablarından və xristian dini hekayələrindən o qədər də xəbəri olmayan izləyicilər üçün filmdəki aşkar paralelləri görmək çətin olacaq. Heç şübhəsiz ki, bu yazıda filmi bəyənməyən, anlamayan insanları savadsızlıqda və dar dünyagörüşündə günahkar bilməyəcəyik, çünki film müəyyən dini hekayələri bilmək, onları asanlıqla filmə uyğunlaşdırma bacarığı da tələb edir. Ancaq bir çox film tənqidçisinin fikrincə, bu kinonu başa düşmək üçün zəngin bədii təfəkkürə sahib olmaq lazım deyil, sadəcə olaraq filmi hiss edərək izləmək kifayətdir ki, həmin metaforları duya biləsən. Hiss edərək izləyəndə başa düşmək olur ki, film kainatın yaranması, inkişafı, xaos və məhvini göstərir. Film haqqında təhlilimizə keçmədən, filmi izləyib-izləməmək fikri arasında qalan insanlara jurnalın bu səhifələrini tez çevirib digər yazılara baxmağı, filmi izlədikdən sonra yenidən yazımızın davamını oxumağı tövsiyə edirik.

Keçək birbaşa filmdəki obrazlara.

Kim kimdir? Əvvəla, fikir verdinizsə, filmdə heç bir obrazın adı yoxdur. Sadəcə olaraq “o”, “ana”, “adam”, “qadın” kimi simvolik adlar var. Bu da rejissorun özünəməxsus gedişidir. Bütün film “İncil”də danışılan hekayələr əsasında çəkilib. Tanrının kainatı yaratması, Adəm və Həvva, cənnətdən qovulma, İsanın doğumu və bu günümüzdəki neft savaşları, hətta rejissor bir az da irəli gedərək gələcəyi və dünyanın məhvini göstərir. Bəs bu hekayədə aktyorlar nəyi ifadə edir? Bunu da izah edək:

ü Xavier Bardem: “O” – Tanrı (“İncil”dəki Tanrı…)

ü Cennifer Lourens: Təbiət Ana (Anima Mundi, dünyanın ruhu)

ü Ev: Dünya

ü Kristal: Sevgi (Qarşılıqsız, saf sevgi)

ü Ed Harris: Adəm

ü Miçelle Pfeiffer (Ed Harrisin həyat yoldaşı): Həvva

ü Həvva ilə Adəmin iki oğlu: Habil və Qabil

ü Uşaq: İsa

Film evə günəş doğması səhnəsilə başlayır, çünki əvvəlcə kainat yaradılıb. Bundan sonra “təbiət ana” – dünyanın ruhu oyanır. “Ev” və “ana”nın iki fərqli anlayışı simvolizə etməsi, amma bir-birilərinə bağlı olmaları çox gözəl detaldır. Filmdə tam olaraq Cennifer Lourensin oynadığı rol kimdir? Biz canlı dedikdə qolları, ayaqları, əti, sümüyü olan orqanlar sistemi düşünürük. Amma canlılıq anlayışı olduqca genişdir. Dünya da canlıdır və insanlar, ağaclar, torpaq və s. bu nəhəng orqanın bir hissəsidir. Anima mundi – təbiət ana isə bu dünyanın ruhudur, onun ağrılarını hiss edir. “Ana” və “ev” arasındakı bağlılıq da budur. Çünki biz dünyanı korladıqca anima mundi onu təmir etmək üçün nəsə edir, bu ya sel olur, ya zəlzələ, ya da başqa təbii hadisələr… Xavier Bardem Tanrıdır və Tanrı olaraq bir yazıçıdır.

TANRI YAZIÇIDIR və biz onun əsərlərindəki obrazlarıq.

“İncil”ə görə, bütün insanların taleyi Tanrının əlindədir, taleyimizi də o müəyyənləşdirir. Filmdə açıq şəkildə hiss olunur ki, rejissor Tanrı anlayışına və Tanrıya etiraz edir, çünki Tanrının əməlləri filmdə sorğuya çəkilir. Bir yazıçı kimi Tanrı yaratmaq əzabı yaşayır. Yarada bilmədikcə ağrısı çoxalır, narahat qalır və bir gün qurub düzəltdiyi kainata insanı daxil edir. İnsan – Adəm (Ed Harris) evə daxil olur. Ana Adəmə evdə siqaret çəkməyin qadağan olduğunu desə də, (bu, təbiətə insanın vurduğu zərərləri ifadə edir) Adəm onu dinləmir. Təbiət ana tamamilə yaratmaq, düzəltmək, gözəlləşdirmək duyğuları içində olduğundan Adəmin bu hərəkətləri ona axmaqlıq kimi görünür. Əgər adamın gəldiyi gecə nə baş verdiyini anlamamışıqsa, rejissor bunun üçün çox aydın ipucu yerləşdirir:

Gecə…. Ayaqyolunda ağrılar içində qalan Adəm… Onun başının üstündəki Tanrı…. və Adəmin qabırğasının üstü qan içində…

Səhər açılır, evə Həvva daxil olur. Bu da Həvvanın Adəmin qabırğa sümüyündən yaradılmasına işarədir. Adəm və Həvva yaradılıblar, müəyyən qadağalar içərisində yaşamalıdırlar. Evdə bu qonaqlar üçün hər cür sərait var və onlar burada özlərini qonaq kimi hiss etmirlər, ancaq bircə “O”nun iş otağındakı kristala toxunmaq olmaz. Alma – kristal Adəm və Həvva üçün qadağandır, hərçənd, Həvva dinc dayanmır, Tanrının iş otağına daxil olur. Həvva ilk cəhdində bacarmasa da, ikinci dəfə Adəmlə birlikdə qadağan olunmuşu götürür və yerə salıb qırırlar. Bu hadisədən sonra Tanrı çox hirslənir, cənnətin qapısını Adəm və Həvva üçün birdəfəlik bağlayır. Kristalın sınması qarşılıqsız sevginin bitməsi, yaxşı-pis anlayışlarının meydana gəlməsidir ki, həmin gecə Adəm və Həvva heç kimə fikir vermədən sevişirlər. Sanki elə “İncil”i oxuyuruq. Ertəsi gün evə dava-qırğınla Adəm və Həvvanın iki oğlu – Habil və Qabil gəlir. Qabil eyni “İncil”də olduğu kimi qısqanclıq səbəbilə Habili öldürür və sürgün olunur – yoxa çıxır. Bütün bu yaşananlar səbəbiylə Təbiət Ana əzab çəkir, çünki olan hər şey onun ruhunun bir parçasıdır, onun niyyəti böyümək və sistemli olmaqdır, amma Tanrının yaratdığı varlıqlar düzənə ziyandır, xaosa səbəb olur. Ki, onsuz da Tanrının məqsədi budur – xaosdan düzən yaratmaq.

“İncil”də olduğu kimi, filmdə də insanlar sürətlə çoxalır. Ev üçün zərərli insanlar sürətlə gəlir və bura doluşurlar. Yas gecəsində Təbiət Ana mətbəxdə su xəttinin olduğu hissəyə çox həssas davranır və ora heç kimin əl vurmasına, oturmasına icazə vermir. Amma evin “üzsüz” qonaqları bura da oturur və su sistemi deşilir, evi su basmağa başlayır. Bəs bu su basqını nəyə işarədir? Bəli, əlbəttə ki, Nuh tufanına. Bu tufandan sonra ana hər kəsi evdən qovur və həmin gecə həyat yenidən başlayır, “O” “Ana” nı oğlan uşağına hamilə qoyur. Bu hissə artıq xristianlığın ən məşhur hekayəsini ifadə edir. Məryəm əslində Təbiət Anadır. Tanrı Məryəmi dölləyərək İsa peyğəmbərin doğulmasını istəyir. Ana hamilə olduğu müddətdə Tanrıya ilham gəlir və o məşhur kitabını tamamlayır… “İncil”i… Kitab hər kəs tərəfindən çox bəyənilir. O qədər çox bəyənilir ki, artıq kitabdakı sözlər əhəmiyyətini itirir və oxucular müəllifi bütləşdirirlər. Oxucular öz heyranlıq və sevgilərini “O”na göstərməyə çalışırlar. Tanrı onun evinə dolan bu insanlara görə narahat deyil, əksinə xoşbəxtdir, çünki sevgi onun yaratmaq istəyini artırır. Amma insanlar sevgi adı altında da hər şeyi məhv edirlər, sevginin özünü də bütləşdirirlər. Adəmin almanı yeməsi də elə budur. Bu, bir uşağın tam sevgisini göstərmək istəyərkən əlində boğduğu cücəyə bənzəyir. Nəhayət, İsa doğulur, amma biz – insanlıq sevgi anlayışını o qədər pis qəbul etmişik ki, İsanı öldürürük. Bu da İsanın çarmıxa çəkilməsini ifadə edir. Tanrı İsanın öldürüləcəyini, həm də əzab içində öldürüləcəyini bilə-bilə onu insanların arasına buraxır.

Filmin sonunda hər şeydən yorulan Ana alt mərtəbədəki neftdən istifadə edərək bütün evi yandırır. Bu, nəyi ifadə edir bəs? Bəli, dünyanın neft savaşlarını. Dünyanı məhvə aparan əsas səbəb elə neftdir. Bu səhnə olduqca maraqlıdır, çünki neft də Təbiət Ananın bədəninin bir parçasıdır və öz bədəninin bir parçası ilə özünü məhv edir. Bu, həm də neftdən, benzindən istifadə edərək havanın çirklənməsi, istiliyin artması, buzlaqların əriməsi və beləcə, dünyanın məhvə doğru getməsini simvolizə edir.

Zənnimizcə, yekunda filmin ifadə etdiyi əsas fikir budur ki, biz məhv olacağıq, dünya özünü yenidən yaratma mərhələsinə keçəcək. Tanrı Təbiət Ananı yenidən yaradacaq və təbiət ana yenidən evi təmir edib düzəltməyə çalışacaq. Filmin sonunda ikinci dəfə yuxudan oyanan qadının Cennifer Lourens olmadığı da diqqətinizdən, yəqin ki, qaçmayıb. Dünya yenidən yaranacaq və insanlar yenidən, yenidən və yenidən evə zərər verəcək, belə də davam edəcək, ta ki, insanoğlu ağıllanıb dünyanı məhv etməyənə qədər. Bunu da xatırladaq ki, Ana filmdə tez-tez sarı rəngli tozu suya qataraq içir. Bu sarı toz sevgini ifadə edir. Hansı ki, həmin maddə Ananın ürəyinə yığılaraq növbəti kristalı formalaşdırır. Həmin tozu ana həm də divarı təmir edərkən istifadə edir, yəni, təbiətə də sevgisini qatır, onun acılarını hiss edə bilir.

Filmdə eyni zamanda yazıçılıq kimi digər yaradıcılıq sahələrilə məşğul olanlara da işarə olunur. Burada yaradıcıların getdikcə sevgi və heyranlıq içində kor olduqları, onun oxucularının nə etdiklərini və ya onun oxucularına nə etdiklərini görə bilmir. Sevgi sərxoşluğu ən çox da elə yazarın ilhamını kor edir. Filmdəki Ana yazıçının ilham qaynağıdır. Düşünün ki, gözəl bir mənzərə görmüsünüz və şəklini çəkib paylaşmısınız. İnsanlar həmin yeri o qədər çox bəyənirlər ki, sürətlə ora axışır, qısa müddət ərzində həmin mənzərəni zibilliyə çevirirlər. Dünya da belədir, insanlar getdikcə dünyanı zibilliyə çevirir.

Filmə bir də bu tərəfdən baxaq. Birini çox sevirik, amma o, sadəcə sizi yox, hər kəsi sevir. İlk baxışda sizə ayrı münasibət göstərdiyi kimi görünsə də, birinci yerdə deyilsiniz. Ümumiyyətlə, heç kim onun üçün birinci yerdə deyil. Eyni “O” kimi. Necə ki, o yazdığı kitabı belə ilk olaraq qadınına yox, nəşriyyata oxutdurur. Siz də bu vəziyyətdən məmnun deyilsiniz, çünki ən çox sizi sevməsini, birinci olmaq istəyirsiniz. Belə münasibətdə hər kəsə sevgi göstərən tərəf sadəcə sevgiylə yoğrulmuş, sevgi axtarışında biri olur. Özəl münasibət istəyən tərəf isə sədaqət və bağlılıq arzulayır. Qiyamət də buna görə olur. Fərdiləşmək, özəlləşməkmi, yoxsa kollektiv hərəkət etməkmi?

İn-yendə olduğu kimi, yaxşı və pis, qaranlıq və işıq yoxdur. Hər şey bir ikiliyin içindədir. Əsas olan, tarazlığı tuta bilməkdir. Həm fərd, həm də cəmiyyət ola bilmək. Amma ən vacibi sevgi ola bilməkdir. Filmdə “O” hər kəsə sevgi duyurdu, amma “Ana” yalnız bir kişini sevirdi. Həm tək-tək hər kəsi, həm özümüzü, həm də bütünü sevməyi bacardığımızda, deyəsən, həmin tarazlığı əldə edə biləcəyik.