“Mövcudluğun dözülməz yüngüllüyü”

4 Baxış

mocvud

İyunun 11-də YAY Qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgi açılacaq. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri nümayiş etdiriləcək.

Dubayda yerləşən Kuadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn özlərinin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim edəcəklər. Əsərlərin başlıca mövzusu – şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir.

Roberto Lopardo “Bakının xəritəsini çəkərək” (Mapping Baku) adlı əsərini məxsusi olaraq YAY Qalereyasında keçiriləcək sərgi üçün YARAT Müasir İncəsənət Məkanının sifarişi əsasında ərsəyə gətirib. Bu əsər rəssamın “Mappings” silsiləsində on üçüncü instalyasiyadır. “Mappings” silsiləsi elə bir foto performansıdır ki, onu yaradarkən rəssam 24 saat ərzində hər dəqiqəyə bir kadr çəkir. Həmin çəkilişin nəticəsi olan fotolar içəridən işıqlandırılan laytboks (işıq) qutusunun üzərinə çəkiliş ardıcıllığı ilə düzülürlər. Beləcə, 24 sıra fotoşəkil alınır (hər biri çəkilişin bir saatını əks etdirir), hər sırada isə 60 şəkil olur (hər biri çəkilişin bir dəqiqəsini əks etdirir). Çəkiliş zamanı rəssam əvvəlcədən müəyyən olunmuş istiqamətlə yox, tam əksinə, kortəbii hərəkət edərək kamerası ilə şəhərin mənzərəsini və müxtəlif obyektlərini təbii surətdə qarşısına çıxdıqca çəkir. Bu fotolar yan-yana düzülərək şəhərin vizual sehrini nümayiş etdirirlər – şəhərin rənglərini, naxışlarını, adətlərini, daxili əlaqələrini, enerjisini və s. Bakıdan öncə bu layihə İstanbul, Ciddə, Bəhreyn, Doha, Qüds və başqa şəhərlərdə həyata keçirilib.

Manal Əl-Doveyn ağ-qara fotoşəkillərdən ibarət silsilələr yaradaraq, özündən öncəki nəsillərin yaddaşını canlandırmağa çalışır. O, neft sənayesində çalışan ailədə boya-başa çatıb, şəxsən özü də əvvəlcə neft sahəsində işləyib, sonradan rəssam olub. Odur ki, “Səni unutsam da, unutma məni” fotosilsiləsində Əl-Doveyn öz atasının nəslinə məxsus xatirələri sənədləşdirib. Bu fotolar vasitəsilə o, Səudiyyə Ərəbistanın neftçilərində – həm kişi, həm də qadınlarında müşahidə etdiyi xatirələri, hərəkətləri, səciyyəvi əşyaları, onların söhbətlərini göstərərək, bir müəllif kimi öz dilindən söhbət də açıb tamaşaçıya hekayətlər söyləyir. Kamil Zəkəriyyə isə 1985-ci ildə Livanda tüğyan edən vətəndaş müharibəsi xaosundan necə baş götürüb getməsini özünün “Elə isə – rədd ol!” silsiləsində sənədləşdirib. Əl-Doveynin əsərlərində olduğu kimi, Zəkəriyyə də öz işlərində insanlarla, şəhərlərlə, ən müxtəlif eksteryer və interyerlərlə rastlaşdığını canlandırır. Məhəmməd Əhməd İbrahim isə heykəllər, bir də Turab seriyasından kollajları sərgiləyəcək. İbrahimin yaratdığı abstrakt görüntülər və formalar onun təbiətlə münasibətini əks etdirərək, sanki, tamaşaçıya üz tutaraq deyirlər: “İnsan təbiətin bir hissəsidir və bunu duyduğu zaman o, üstündəki qat bağlamış çöküntüləri lay-lay, parça-parça qoparıb tullamağa və sənət əsərləri yaratmağa başlayır”.

YAY Qalereyasında sərgi avqustun 31-dək davam edəcək.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10