Müəllif – Zaman içində gəzişmələr… – Hədiyyə Şəfaqət

7 Baxış

a1

***

Tanrının ən böyük Müəllif olduğu deyilir…

“Ən böyük” təyinini qoyuruq bir kənara, bəs müəllif olmaq nə deməkdir?..

“Yaratmaq” – sanki kiminsə əminliklə cavab verdiyini eşidirəm. Nəyi yaratmaq? Dünyada nə yoxdur və ya nə yaradılmayıb? Ki kimlərsə onu yaradaraq (yaratdığını düşünərək) müəllif adı almış olurlar?..

Bir yandan da dünyada ən acığım gələn əməl qaçılmaz olmadığı müddətcə kiməsə sual verməkdir…

Lakin, hər halda, kimin Müəllif adlanmasından asılı olmayaraq istənilən yaradıcılıq fərəh doğurur…

***

…Artıq bir yerə yaxınlaşırsan və birdən-birə deyil, halbahal artıq “həqiqət”lə “heçnəsizlik” arasında orta yerdə olduğunu anlayırsan. Boşluq, dərketmə və dərketməzliyin gah o, gah bu şəkildə bir-birinə qarışdığı an. Nəyin nə, kimin kim, kimin nə, nəyin kim olduğu məsələsi zəkanın açılan qatlarında əriyib itir. Sözlər əriyib itir, hadisələr, nizam, ehtiyac və gərəklilik əriyib itir. O andan boylanıb baxırsan bir anda yumulmuş gözlərlə içəri, qaranlığın aydınlaşması zülmət anlayışını yoxa çıxarıb, amma bu heç işıq da deyil. Bir anda nə sevincin, nə fərəhin, nə istəyin, nə ehtiyacın, nə zalımlığın, nə xeyirxahlığın…. heç nəyin, heç nəyin olduğu kimi olmadığını anlayırsan… “Olduğu” belə deyə bilməzsən, çünki yoxdur. “Çünki” belə deyə bilməzsən, səbəb yoxdur. “Səbəb” belə deyə bilməzsən, hadisə yoxdur, “hadisə” belə deyə bilməzsən, hərəkət yoxdur, “hərəkət” belə deyəmməzsən, heç nə əbədi axınını saxlamayıb… “Yox” kəlməsini necə dilə gətirəsən, “YOX”-luğu var edən “VAR” yoxdur…

Bütün bunları anlayırsan və bir də nəsə, məsələn, şeir yazırsan…

Dəlilikdir…

***

Amma mən həmişə, hər yerdə, hər bir yaşantıda, hər bir ağrıda… Burda dayanmalıyam, çünki sadaladıqlarım daha çox şəxsi yaşantılara işarə edir, mən isə hətta sakitcə axıb gedən suların aynasına hardasa bir uşağın düzəldib buraxdığı kağız qayıqda da hekayə axtarıram…

İnsanlar – onların əlləri…

Uşaqlar – çirkli ayaqqabıları…

Gənclər – təmiz baxışları…

Qocalar… – gözlərinin dərinliyindəki bilanıqlıq…

Yanımdan ötüb-keçən, ayağımı tapdayan, bir kafenin pəncərəsindən baxdığım küçəylə harasa gedən insanlar… Eşitdiklərim… Yuxularda əyan olanlar… Yuxarıdan göndərilənlər… hər şeydə bir hekayə…

“Hekayə var, adam yoxdur”…

Qəribə taledir, amma taledir – Müəllif taleyi…

***

Müəllif xatirələrini xatirə kimi, yaralarını yara kimi, zədələrini zədə kimi daşımır mətnlərinə. Müəllif içi-içində çeviricidir, hər şey onun qəlbində həll olub qarışır, həmin qarışıq bir baxımdan tərkibi ta həyatın başlanğıcında müəyyən edilmiş bir düşüncə məhsulundan ibarətdir, ondan nə törəyəcəyi isə müəllif xarakteri ilə bağlıdır.

Müəllif – ilk növbədə öz həyatını soyuqqanlılıqla müşahidə edir, ona qarışmağı, onu qorumağa cəhd etməyi, onu və ya ona müdaxilə edənləri qınamağı və ya onun üçün mübarizə aparmağı qeyri-peşəkarlıq hesab olunur.

Müəllif əsl mətnlərini özünün özü olmadığını anlayanda yazır, mətn münasibət, cavab, silah, sevgi izharı… heç nə deyil, əlahiddə məsələdir…

Bu çox sadə həqiqətdir – Yalnız Mətn Qalacaq… və Müəllif hər şeyi ancaq mətnə çevirir…

***

Mətn… amansızdır…

Baxırsan, bir adam özü bilmədən mətn olur, baxırsan mətn canına yeritmək istədiyin adamı tikan kimi canından çıxarıb atır. Mətnin nə sevgisinə, nə soyuqqanlılığına, nə də qəzəbinə qarşı çıxmaq mümkündür. Mətn, ondan məqsədli istifadə etmək istəyən müəllifi aparıb hər tikəsi bir kolda qalacaq dərədə qoyub gələr… Mətn, müəllifindən ayrılmazdır, azdırılmış müəllif heç zaman qayıdıb öz Mətnini tapmayacaq. Öz qaraçuxasından ayrılmış insan kimi ömrü ah-vayla keçəcək…

Mətnə etibar etmək lazımdır, o sehrli gələcək xəbərçisidir. Sözlər nişan verir, boyun əyməkdən başqa əlacın yoxdur. Ən müdrik müəllif, Mətnə boyun əyən müəllifdir. Həyatını dəyişdirməyə cəhd edə bilərsən, Mətnini isə əsla…

Mətn – bələdçidir…

Bəzən mətn etmək istədiyin adam ipə-sapa yatmaz, bəzən müəllif insanın karkasını götürüb onun üstündə Mətninin adamını yaradar…

Bəzən Mətn bir andaca qəbul etdiyi adamı bir andaca da itələyib qapısından çıxarar…

Mətn adamı öldürdüsə, müəllif onu dirildə bilməz.

Mətnin yaratdığı adamı isə heç o adamın özü də öldürə bilməz…

Müəllif bir baxımdan Tanrıdır, lakin o, həm də Tanrının qələmidir…

Mətn isə… çox güman onun adını Qismət qoymaq olar, yazılıb və pozulmayacaq..

Hə…

Müəllif əksər hallarda təkdir, çünki onun hekayəsi özündən daha qəddar, sərt… və qısqancdır..

***

Bəzən Müəllif əlini ÖZ ölümünə uzadır

Nə olur-olsun, qəlbimizin dərinliyində bir Həyat məmləkəti var və biz hamımız o məmləkətdə yaşayırıq…

Kimi arabir dönür o məmləkətə, kimi baş götürüb birdəfəlik gedir, amma kökünün orda olduğunu bilir. Kimi də həmişə o məmləkətdə yaşamaqda, sevməkdə, xoşbəxt və bədbəxt olmaqda, gülməkdə və ağlamaqda, qısacası, istənilən halda var olmaqdadır…

İntihar edən Müəllifin qəlbinin dərinliyindəki Həyat məmləkəti əvvəl işğal, sonra talan olunub, bütün ümidlərlə bağları qopub…

Hərçənd, bu onlara belə görünür…

Həyat məmləkəti ancaq insanın özünə məxsusdur, kimsə iznsiz ora nə əl uzada bilər, nə bir çöp götürə…

Müəllifə gələndə isə – məsələ daha mürəkkəb, bəlkə də dərkedilməz dərəcədə sadədir…

***

Əslində, müəllif əksər hallarda insanı deyil, hekayəsini itirdiyi üçün, bəlkə də həmin insan hekayəsinin kölgəsinə çevrildiyi üçün kədərlənir. Adam – qaranlıq olduğu halıyla haqdır, amma sən onu hekayədə yenidən, bəlkə də olmaq istəyib ola bilmədiyi halıyla yaradıb sevinmək istəyirsən…

Tanrılıq iddiası ancaq müəllifə məxsusdur…

Kölgəsiz mümkündürmü? Mümkün deyil. Hekayəyə mütləq nəsə və kimsə kölgə qismində daxil olur.

Lakin…

Bəzən kölgə olmasını istəmədiyimiz nəsnələri və kimsələri hekayəmizin qara tərəfindən xilas edib işıqlı göstərməyə çalışmağımızın cəzası mətnimizdən çıxıb üstümüzə hücum çəkir…

Hekayəmiz, istənilən halda sağ və bütövdür, yaralanan bizik…

***

Bəzən də belə olur – Müəllif “ölür”…

Bəlkə bu yerdə “öldü” demək yerinə düşmür, çox güman o, elə ölüydü, lakin sən onun həyatda görünmək istədiyi şəkildə qalma çabalamalarına qapılmısan, inanmısan…

Əzab, əziyyət, sarsıntı… bir mənada mətnin qidası, ideyası, lap elə katalizatoru ola bilər, ən bəxti gətirən halda isə – əlahəzrət Mətnin özünə çevrilə bilər…

Lakin söz yox, söhbət yuvarlandığın əzab-əziyyətin dərininə endikcə özəyə, vəhdətə, mənaya yaxınlaşmaqdan gedirsə… Sən yuvarlandıqca düşüncən daha gizli bilinməzliklər ətrafında sakitləşməyə və dolanmağa – Rəqsə başlayıbsa… Çaxıldığın hər daş, hər sınıq, hər yara, hər ağrı səni özünü axtarmağa bir az da yaxınlaşdırırsa…

Müəllif, istənilən quyunun dibindən mətnlə çıxır. Orda qalanlar belə müəllif sayıla bilərlər – təki sussunlar. Quyuda susmaq lazımdır. Məncə… Quyuda düşünmək, uzaqbaşı qeydlər götürmək tələb olunur…

Mətn – amansız şeydir, o, ən kiçik xəyanətdə öz müəllifini heç nəyə baxmayaraq məhv edir. Haqlıdır. Bu onun günahı deyil, sən özün-özünü sözdən-sözə, ifadədən-ifadəyə, təsvirdən-təsvirə və ən əsası, mətləbdən-mətləbə qoruyur, ya da məhvə sürükləyirsən…

İnsan, uşaq əlinə verilmiş plastilin hesabı özü-özünə bağışlanmış materialdır. Tanrıya daş atmağı yığışdırmaq lazımdır. O səni – xam materialını özünü verib gedib, buyur, nə istəyirsən yarat…

Bu, əsla fantaziya deyil…

Bu, tamamilə mümkündür…

Sən, öz-özlüyündə Yaradıcısan, nə yaradacaqsansa o olacaq və onun taleyini yaşayacaqsan…

…Bəzən də belə olur – Müəllif ölür. Ya da, sən birdəncə aldadıldığını və diriylə deyil, ölüylə tanış olduğunu anlayırsan. Onun əzab-əziyyət adıyla bizə qəbul etdirmək istədiyi adi məişət eybəcərliklərini mətnə çevrilmək cəhdi heç zaman bağışlanmayacaq…

***

Artıq tamamlanmış, artıq var olan hər şey yaradıcılığın bitdiyindən xəbər verir. Ona baxıb sevinmək, fərəhlənmək, fəxr etmək, şükran duymaq və müəllifə minnətdarlıq etmək olar.

Lakin mən özüm-özlüyümdə yaradıcıyamsa, özüm-özümü yaratmağı seçmişəmsə hazır olanla maraqlanmayacağam. Bu mənim taleyimdir, bu taleyi isə həyatımın qaydaları kimi qəbul etmişəm. Mənə “emalatxana” və hazır “material” təklif etmək axmaqlıqdır, özümə nə lazım olduğunu yaxşı bilir və onu həyatın ən gizli-aşkar, çətin döngə və hətta dalanlarından axtarıb tapıram. Görən kimi isə bilirəm – bəli, bu mənim Mətnimdir. Məni heç nəylə hədələmək olmaz, istənilən kədər və sevinc, ağrı və coşqu, sevgi… mətndir. Mən özüm-özlüyümdə emalatxanayam, həyatım bir emalatxanadır, ora daxil olan bircə yarpaq, bircə ot belə, boşuna bir küncdə atılıb qalmayacaq. Mən mükəmməl olanı aramıram, mənim “yaxşı materiala” ehtiyacım yoxdur. İnandığım həqiqət, bütün mövcudluğun eyni zərrəciklərdən və enerjidən yarandığını deyir. O məsələ yaradıcılıqda – yanaşmada və yaratmaqda olduğunu diktə edir.

***

Mən öz əsərlərimi yaratmaq istəyirəm. Həyatıma daxil etdiyim hər şey və hər kəs bir gün məni tərk edib gedəcək, bu baxımdan heç kimin və heç nəyin azadlığının qarşısını kəsmək istəmərəm, lakin əsas məsələ – mətn və mətndə qalmaq istəyənlər qalacaqlar…

Məsələnin məğzində özümü və ehtiyac duyduğum hər şeyi və hər kəsi qoruma instinktim mətnimi qoruma instinktimə çevrilib… məsələ bu qədər sadədir…

Həmçinin, məni qorumaq, mətnimi qorumaq deməkdir. Çünki əslində, mən deyil, mətn var və o, daha vacibdir…

Mən baxmağı, görməyi, hiss etməyi, dinləməyi və eşitməyi sevirəm. Günahlandırmaq duyğum çoxdan itib gedib, istənilən şeyə haqq qazandıra bilərəm. Geri çəkilməyi deyil, üstünə getməyi, qaçmağı deyil, geri itələnməyi tanımağı seçmişəm. Nə olur-olsun, insanların qəlbinin dərinliyindəki işığa inanıram..

Bu gün hər şeydən uzaqlaşıb dünyanın ən sakit və səssiz yerində gözlərimi yumub öz yoxluğumu və yazacaqlarımı düşünməkdəyəm…

Bəlkə də çoxdan ölmüşəm, sadəcə, mətnimi yazmaq üçün dayanmışam… belə qəbul edilə bilərsə…

Bilməzsə də… “Eybi yoxdur”…

***

Bəzən Müəllif kənarda baş alıb gedən, göydən yağış kimi tökülən, ayağa dolaşan sözlər bolluğunda boğulmağa və əzab çəkməyə başlayır…

Bir kəlmə artıq söz deyilməsinə, bir kəlmə artıq sözün işlənməsinə, eyni sözlərin, əhvalatların, fikirlərin təkrarlanmasına dözə bilmir. Tıncıxıram, çırpınır, heç özü də bir sözü ikinci dəfə demək istəmir…

Sözü toz kimi qaldırıb başımızdan aşağı necə gəldi ələyən adamlarla bir sözü ikinci dəfə deməyimizə səbəb olan adamların bir-birindən fərqi yoxdur, heç birinə dözmürük…

Bəzən müəllifin sözü, hara gəldi, necə gəldi, ora-bura soxuşduran, paylayan, səpələyən adamların əlindən alıb gizlətməyi gəlir, qoy axtara-axtara qalsınlar, tapmasınlar, yanıb-tökülsünlər…

***

Kitablar yandırıla, mətnlər silinə bilər… Günlərin bir günündə kağız və yaddaş içində qorunan hər şey yoxa çıxa bilər… Şeirimizi, hekayəmizi xatırlayan son insan ölüb gedər… Lap elə Dünyanın özü dağıldı bəlkə?.. Heç nə əbədi deyil… miş…

Müəllif həmişə sağdır, ürəyi döyünəndə də, döyünməyəndə də…

Onun barmaqları həmişə hansısa vaxtı gəlib çatmış kəlmənin üstündən vurmaq üçün hazır dayanıb: “Ol!”…

İndiliksə Müəllifi özünə və bütün özündən kənarda olanlara… susmaqda günahlandırmayın, Müəllifin gözləri həmişə açıqdır, hətta qapalıykən də…

***

…Dünyanın ən fırtınalı yeri müəllifin qəlbidir. Lakin Tanrı belə dincini almaq istəyəndə ancaq oraya üz tutur…

Deməli, o həmişə döyünəcək…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10