Müəllim olmaq…

131 Baxış

Huseyn Ordubadi90-ci illərin sonları idi…

Yeni riyaziyyat müəllimi təyin edilmişdi bizə. O gün bütün sinif bir az təlaşlı idi. Hətta deyərdim ki, bir azdan bir az da çox.  Niyə? Çünki bizə təyin olunan müəllim məktəbdə öz disiplini ilə yanaşı şagirdi öyrədə bilməsi və xüsusi tələbkarlığı ilə tanınan Səid müəllim idi. Yaşı təqribən 65 olardı tanış olduğumuz ildə. Qeyd edim ki, həmin dövrdə bizim məktəbin demək olar ki, əksər müəllimi yaşlı idi. Mən o dövr bunun bəlkə də hər məktəb üçün xarakterik olduğu qənaətindəyəm, çünki bir keçid dövrü var idi və gənc müəllimlərin yetişməsi müəyyən bir dövr almalıydı. ( İndi isə əksinə, gənc müəllimlər daha çoxdur, o illərdəki hüquqşunaslar kimi)

Səid müəllim sinifə daxil olduğunda  hamı bir nəfər kimi ayaqda idi (25 nəfər). Müəllim müəyyən bir müddət səssizcə ayaq üstə hər kəsi süzdü və salamdan öncə ilk sözü belə oldu “Sizdən adam olacaq! ” Ondan 3(üç) almaq üçün Həndəsə dərsində bütün lövhəni doldurmaq lazım idi, özü də isbatlı şəkildə. Maraqlı tərəfi o idi ki, digər müəllimlərdən 3(üç) alan şagirdin əhvalı pozulurdusa , Səid müəllimdən bu qiyməti alan sevincindən sinifə sığışmırdı.

Niyə bu xatirələrimi danışıram, çünki məni o ilk epizod uzun müddət düşündürüb. Müəllim hardan bilirdi və bunu ilk baxışda necə təyin edirdi? Bəlkə də bir mütəxəssisin buna cavabı fərqli yanaşma ilə olar, ancaq mənim bir cavabım var artıq – O, həqiqətən , sözün əsil mənasında Müəllim idi.

Bu gün cəmiyyətimizdə iki cür müəllim var – Biri mentalitetimizdən irəli gələn müəllim titulu (hörmət anlamında), bir digəri isə bildiyimiz peşə sahibi adını almış müəllim. Sonuncunun özü də mənim nəzərimdə ikiyə ayrılır: Diplomunda müəllim olaraq tanımlananlar, bir də istər məktəbdə, istər yaşadığı məhəllədə və ümumiyyətlə onu əhatə edən cəmiyyətdə müəllim olanlar, bunu bacaranlar.

“Diplomunda müəllim olaraq tanımlananlar” deyəndə kimsə başqa cür düşünməsin. Belə müəllimlərin əksəri son fürsət olaraq ixtisas seçimində kənarda qalmamaq xatirinə bu peşəni seçəndir, ya da universiteti qiymət xətrinə oxuyub bu peşəni sevməyəndir. Oxumamaqda şagirdi və bacarırsa valideyni günahkar biləndir.Öyrətmə üsullarını bilməyəndir. Sabahın tez açılmasını , dərsin tez başlamasını deyil, günün tez bitməsini və dolaysıyla işin tez bitməsini gözləyənlər,hətta dərs dediyi sinifdəki şagirdlərin adını və soyadını doğru dürüst bilməyənlərdir.

Bir də öz peşəsini sevənləri düşünün, ona uşaq nəvazişi göstərənləri….Peşəsinə şagirdinin timsalında qayğılı , fədakar yanaşan, şagirdinin uğuruna gözü yaşaran , zəngin çalınmasına heyifslənən, təbaşiri fikirli halda pencəyinə bulaşan.
Öyrətməyi müqəddəs bir borc bilənlər həqiqi müəllimdirlər. Bəlkə də çoxlarımız xüsusən ucqar kəndlərdə tam ali təhsili olmayan müəllimlər görmüşük. Onların ali təhsilsiz olmalarına baxmayaraq bir çox şagirdin həmin müəllimlərin dərslərini necə həvəslə öyrəndiklərini də görmüşük. Bax ele bunun səbəbi onların öyrətmə həvəsidir.
Bu gün müəllim olmaq çətindir deyirik.

Müəllim olmaq həmişə çətin olub.

Çətin olduğu üçün də şərəflidir.

Şərəfli olduğu üçün də ucadır.

Amma əlçatmaz deyil.

Əliniz çatsın müəllim!

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10