Müəllimim və dostum – Vilayət Quliyevin yazısı

15 Baxış

3a

Fevralın 11-də görkəmli ədəbiyyatşünas-alim, mətnşünas və ədəbiyyat tarixçisi, Azərbaycan MEA-nın müxbir üzvü Əziz Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.

Əziz müəllim haqqındakı bu qeydləri vaxtı ilə onun xanımı, sənətşünas-alim Əminə Eldarovanın çapa hazırladığı “Rekviyem” adlı məqalələr və xatirələr kitabı üçün yazmışdım.

Görkəmli alimin yubiley günlərində həmin yazını kiçik dəyişikliklərlə “525-ci qəzet”in oxucularına təqdim edirəm.

Tale elə gətirib ki, gənclik illərindən başlayaraq yaxından ünsiyyət bağladığım,  özümə dost saydığım və eyni münasibət gördüyüm insanların çoxu yaş etibarı ilə həmişə məndən böyüklər olublar.

Aralarında 30-35 yaş fərq olan adamların dostluğundan danışmaq mümkündürmü? Axı burada məsələ təkcə yaş müxtəlifliyində deyil. Yaş amilindən o qədər də əhəmiyyətsiz olmayan nəsil, mühit, düşüncə, dünyabaxışı müxtəlifliyindədir.

“Qocalıqla cavanlıq bir yerdə tutmaz qərar…” – Şekspirin məşhur sonetlərindən birində belə deyilir.

Amma qocalıqla cavanlığın uzlaşdığı, birincinin həyat təcrübəsi və müdrikliyi ilə ikincinin iddia və enerjisinin biri-birini tamamladığı, yaş çərçivəsi xaricində bərabərhüquqlu dostluq münasibətləri qurulduğu məqamlar da olur.

İndi mən də ən azı ahıllıq yaşına qədəm qoymuşam. Dostu sayılmağı özümə şərəf bildiyim şəxs isə həyatının sonuna qədər “qocalığı” yaxına buraxmamışdı. Əksinə, yaşla bağla hər hansı məsələ haqda söz düşəndə “Siz qocalar…” – deyə bizə – yaşca özündən xeyli cavan həmkarlarına sataşmaq fürsətini əldən vermirdi.

Dostluğumuz başlayanda o, zəngin həyat təcrübəsinə malik nüfuzlu və şəxsiyyətli bir ağsaqqal, mən isə hələ həyatın yetərincə bərkə-boşa salmadığı, dünyaya zarafat kimi baxan cavan bir oğlan idim.

Dostluğumuz başlayanda o, artıq elmdə öz sözünü demiş, sanballı tədqiqatları ilə şöhrət qazanmış məşhur alim, mən isə olsa-olsa bu çətin yolda özünü sınamaq fikrinə düşmüş həvəskar idim.

Dostluğumuz başlayanda o, həmin dövrdə ölkəmizin nüfuzlu elm ocaqlarından biri sayılan Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, mən isə vur-tut həmin İnstitutun kiçik elmi işçisi idim.

Həmin dövrdə (və elə indinin özündə də!) Azərbaycan cəmiyyəti üçün çox önəmli olan yaş, vəzifə, mövqe müxtəlifliklərinə, dəbdə olan ifadə ilə desəm, sosial fərqlərə baxmayaraq, səmimi dostluğumuz baş tutmuşdu.

Çünki haqqında danışdığım şəxs böyük ürək və böyük mədəniyyət sahibi, həqiqi alim və ziyalı Əziz Mirəhmədov idi.

Bir neçə ali məktəb bitirmək, yüzlərlə kitab oxumaq, mücərrəd mövzularla bağlı yerli-yataqlı mülahizə yürütmək hələ ziyalılıq deyildir. Ziyalılıq əqli, mənəvi və əxlaqi keyfiyyətlərin bir şəxsin timsalında təcəssümüdür. Ziyalılıq qeyri-adi bir istedaddır. Bəlkə də allah vergisidir.

Bu istedad Əziz müəllimdə vardı. Bu vergi ona verilmişdi.

Hərdən fikirləşirəm ki, Cəlil Məmmədquluzadə, Sabir, Hadi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi böyük şəxsiyyətlər haqqında araşdırmalar aparan, əsərlər yazan Əziz Mirəhmədov onların nurlu, işıqlı cəhətlərini təkcə elmi tədqiqatlarında əks etdirməmişdi, həm də müəyyən mənada öz düşüncə tərzinə və şəxsiyyətinə köçürməyə müvəffəq olmuşdu.

Əziz müəllim bir sıra parlaq adlarla təmsil olunan Azərbaycan ədəbi fikrinin və ədəbiyyatşünaslığının son mogikanlarından biri idi.

Hələ elmlər doktoru adı almadığı bir vaxtda onun sözü, fikri bu adın nominal daşıyıcısı olanların mövqeyindən daha sanballı səslənirdi. Hələ Elmlər Akademiyasının müxbir üzvü seçilmədiyi dövrlərdə yaxından tanıyanlar onun qiymətli elmi-tədqiqat əsərləri ilə çoxdan akademik adını qazandığını etiraf edirdilər. Və bunlar sadəcə gəlişi gözəl sözlər deyil, həqiqət idi…

Akademiyanın həqiqi üzvü seçilməməsi isə həyatında rast gəldiyi çoxsaylı haqsızlıqlardan, ədalətsizliklərdən biri idi.

Amma Əziz Mirəhmədov bu haqsızlıqlardan heç zaman faciə düzəltmirdi, ruhdan düşmürdü, ah-uf edərək özünün və başqalarının həyatını zəhərləmirdi.

O, bütün varlığı ilə ömrünün on illərini verdiyi və qəlbən sevdiyi işlə – elmi yaradıcılıqla məşğul olurdu. Kitablar yazırdı, redaktə edirdi, klassiklərin əsərlərini çapa hazırlayırdı, yeni elmi kadrlar yetişdirirdi. Əsas kredosu bu işləri vicdanla, yüksək professionallıq və vətəndaş məsuliyyəti ilə yerinə yetirmək idi.

Görülən işlərin müqabilində mütləq nə isə ummaq Əziz müəllimin əxlaqına, psixologiya və dünyagörüşünə yad idi. O, tam əsasla “mükafatını vicdanından alan” ziyalılar zümrəsinə aid edilə bilərdi.

“Sən öz yolunla get, qoy adamlar nə deyirlərsə, desinlər!” – İntibah dövrünün böyük şairi Dantenin bu adi, lakin adi olduğu qədər də müdrik həqiqəti bütün ömrü boyu öz yolu ilə gedən Əziz Mirəhmədovun da həyat devizi sayıla bilərdi.

Şəhərdəki mənzilində, Buzovnadakı bağ evində, ezamiyyətlərdə dəfələrlə birlikdə olmuşduq. Ailədə, dost və qohumlar içərisində, xeyir-şər məclislərində, keçmiş İttifaqın müxtəlif şəhərlərindən olan həmkarları və qələm yoldaşları arasında dönə-dönə görmüşdüm. Amma nədənsə, Əziz müəllimi həmişə daha çox Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun koridorlarında təsəvvürümə gətirirəm. O, yayda pencəyini, qışda isə paltosunu çiyninə salaraq bu koridorlardan aram addımlarla, ağayana bir yerişlə ötüb keçirdi. Bəzi adamların yanında ayaq saxlayıb söhbət edir, bəziləri ilə sadəcə salamlaşır, özünün dediyi kimi, bir para köhnə curları – ərkyana münasibət saxladığı dost-tanışları ilə şux zarafatlar edirdi. Həyatının üst-üstə yarım əsrini verdiyi, bir neçə il rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu onun ikinci evi idi.

Həmin “evdə” hansı vaxtı hansı vəzifədə çalışmasından asılı olmayaraq bu elm ocağının əməkdaşları arasında Əziz Mirəhmədovdan xeyirxahlıq görməyən, xoş söz və ağıllı məsləhət eşitməyən çox az adama rast gəlmək olardı.

Həyatda qazandığım bir çox uğurlar üçün borclu olduğum Elmlər Akademiyası və onun Ədəbiyyat İnstitutu ötən əsrin 70-80-ci illərində bəlkə də bütün Azərbaycanda azad düşüncənin, fikir və münasibətlərdəki sərbəstliyin, səmimiliyin, nəsillər arasındakı harmoniyanın, nəhayət, mənəvi azadlıq və demokratiyanın çox az təsadüf edilən mərkəzlərindən biri idi.

Belə bir mühitin yaradılmasında və onun elmi gəncliyə aşılanmasında Əziz Mirəhmədovun ayrıca xidmətləri vardı.

“Əqlin, hünərin, mərifətin varsa, buyur, gəl!” – Məhəmməd Hadinin Əziz müəllimin dilindən dönə-dönə eşitdiyim bu misraları həm də onun özünün elmin çətin yolunu seçənlərə tövsiyəsi və tələbi idi.

Bəlkə də həmin o illərdə Ədəbiyyat İnstitutunun divarları arasında Mirzə İbrahimovu və Məmməd Cəfər Cəfərovu, Əkbər Ağayevi və Kamran Məmmədovu, Məmmədhüseyn Təhmasibi və Arif Hacıyevi, Əziz Mirəhmədovu və Yaşar Qarayevi, Qasım Qasımzadəni və Dilarə Əliyevanı – indi heç biri həyatda olmayan bu nəcib, fədakar elm adamlarını hər gün gördüyümüzdən, davamlı ünsiyyət saxladığımızdan onlar gözümüzdə bir qədər adiləşmişdilər.

Gəncliyə xas aldadıcı bir maksimalizmlə hələ hər şeyin qabaqda olduğunu, əvvəlki nəsillərin təmsilçiləri ilə müqayisədə daha ciddi işlər görəcəyimizi, daha böyük uğurlara imza atacağımızı düşündüyümüzdən çevrəmizdəki bu insanların böyüklüyü, əhəmiyyəti, mədəniyyət və elm tariximiz üçün gərəkliliyi gözümüzə bəlkə də o qədər də aydın, açıq görünmürdü.

2001-ci ilin sentyabrında üç illik fasilədən sonra kədərli bir təsadüf – Yaşar Qarayevin ölümü münasibəti ilə ömrümün ən yaxşı illərini keçirdiyim Ədəbiyyat İnstitutuna yenidən yolum düşəndə adlarını çəkdiyim şəxsiyyətlərin yoxluğu ilə bu elm ocağının necə boşaldığının, solğun və mağmun göründüyünün fərqinə vardım.

Xatirimdədir ki, Əziz müəllim kifayət qədər sərt, ciddi və tələbkar olduğundan, o biri tərəfdən isə boş, predmetsiz söhbətləri sevmədiyindən cavan aspirantların, kiçik elmi işçilərin bəziləri onunla ünsiyyətə çox da can atmırdılar. Çünki belə ünsiyyətə hazır olmaq, Əziz müəllimin tələb və meyarlarına cavab vermək lazım idi. Əks halda o, qarşısındakı adama sadəcə marağını itirə bilərdi. Bu isə yaxşı heç nə vəd etmirdi.

Hələ onu demirəm ki, belə adamları başqa bir təhlükə – Əziz müəllimin kin-küdurətdən uzaq, xəfif və dostyanə ironiyasının, ünvana çatan sərrast atmacalarının hədəfinə çevrilmək qorxusu gözləyirdi.

Əziz Mirəhmədovun həmsöhbətinə, yaxud elmi mübahisələrdə opponentinə çevrilmək isə o qədər də asan deyildi. Onun maraq dairəsi yetərincə genişdi. Gözəl yaddaşı vardı. Çoxlu mütaliə edir, humanitar sahədəki yenilikləri (həm də söhbət təkcə Azərbaycan ədəbiyyatından getmirdi) diqqətlə izləyirdi. Rəhbərlik etdiyi şöbənin əməkdaşlarının da eyni üsul və ritmdə çalışmasına göz qoyurdu.

İnstitutumuzda uzun illər formalaşan, rəhbərliyin də məqbul saydığı ənənəyə görə böyük elmi işçilər, elmlər doktorlar və b. evdə, yaxud kitabxanada işləyib həftədə üç dəfə – yalnız tək günləri müxtəlif iclas və müzakirələrdə iştirak etməyə, ya da açıq desəm, elə-belə vaxt öldürməyə gəlirdilər. Amma Əziz Mirəhmədov həmin günlərdə də işdən ayrılmırdı. Onun pəncərəsi universitetə tərəf açılan otağında yazı masasının üstü həmişə müxtəlif kitablar, əlyazmaları, redaktə etdiyi, korrekturasını oxuduğu mətnlərlə dolu olurdu. İnstitut direktoru təyin edildikdən sonra da bu şakərini dəyişməmişdi. Elmi-təşkilati vəzifələri ilə bərabər yazı-pozu işlərin əvvəlki şövq və ardıcıllıqla davam etdirirdi. Əksər vaxtlar səhərlər sürücüsünün bir qucaq qovluqla iş otağına girdiyini görmək olurdu. Bu qovluqlar işdən evə, evdən işə “gəlib-gedirdilər”.

Ədəbiyyat və sənət adamları bir qayda olaraq əhlikef, laübalı, intizamsız insan kimi tanınırlar. Əziz müəllimdə isə hər şey sərt intizama və səliqə-sahmana tabe tutulmuşdu. Çox güman ki, nisbətən gənc yaşlarında müxtəlif vəzifələrdə çalışması, bir müddət Mərkəzi Komitə aparatında çalışması təbiətinin, iş üslubunun formalaşmasında az rol oynamamışdı. Amma bu ciddilik və intizam, tələbkarlıq və səliqə-sahman heç zaman pedantizm səviyyəsinə aparıb çıxarmırdı. Əksinə, Əziz müəllimin xoş niyyətli zarafatları, şuxluqları, özünəməxsus danışıq tərzi və incə yumoru istər  əməkdaşlara, istərsə də ədəbi dairələrdə hamıya yaxşı məlum idi. Təbii ki, İnstitut əməkdaşları bu yumora daha yaxşı bələd idilər və onun hədəfinə çevrilməməyə çalışırdılar.

Bir dəfə direktor Əziz Mirəhmədov hansısa məsələyə görə məni – kiçik elmi işçini xeyli axtarmış, tapa bilməmişdi. Yəqin ki, yerində başqası olsaydı, şöbə müdirini çağırıb əməkdaşın harada olduğunu soruşar, intizamı pozduğuna görə yerində tapılmayan adama töhmət elan edərdi. Əziz müəllim isə belə etməmişdi. Evimizə zəng vurmuş, kimliyini nişan verəndən sonra tam ciddiyyətlə demişdi:

- Zəhmət olmasa, Vilayət müəllimə çatdırın ki, qəbuluna düşmək istəyirəm. Bilirəm, başı çıx qarışıqdır. Mənim kimi xırda-mırda adamlarla görüşməyə vaxtı yoxdur. Amma deyin heç olmazsa, adımı qəbul siyahısına yazsın.

İnstitut direktorunun (həm də ağsaqqal bir adamın!) tam ciddiyyətlə dediyi bu sözlərin necə bir effekt yaratdığını təsəvvür etmək çətin deyil.

Ümumiyyətlə, “qəbula düşmək” söhbəti Əziz müəllimin çoxsaylı ənənəvi zarafatlarından biri idi. Bəzən bu zarafatı anlamayanlar onun xəfif ironiyasından bir balaca  qorxuya da düşürdülər.

Səhv etmirəmsə, fizioloq-akademik İ.Pavlov faktı alim üçün hava adlandırmışdı. Ədəbiyyat aləmində ilk addımlarını atmağa başladığı gündən ömrünün sonuna kimi Əziz Mirəhmədov həmişə bu “hava” ilə nəfəs almışdı. Onun hər biri Azərbaycan ədəbiyyatşünaslığı üçün açılmamış səhifə və yeni söz olan tədqiqatları bu “hava” üstündə köklənmişdi. Və öz yetirmələrinin, tələbələrinin də belə “hava” içərisində boy atmalarına, pərvəriş tapmalarına çalışırdı.

Ədəbiyyatşünas alimin havası – faktı qədim əlyazmaları və rəngi solmuş qəzetlər, arxiv materialları və nadir nəşrlər idi. Belə “hava” ilə nəfəs almaq asan deyildi. Gərək hər sözü krossvord açımı qədər mürəkkəb olan ərəb əlifbası ilə yazılmış mətnlərin üzərində gözlərinin nurunu itirəydin, gərək qədim dövrdən və klassik sənətkardan yazarkən sovet ideologiyasının gözəgörünməz sualtı qayalarından özünü qorumağı bacaraydın, gərək Moskvaya, Leninqrada, Qazana, Tiflisə, İrəvana – Azərbaycan mədəniyyəti və ədəbi-ictimai fikrinin tarixi ilə bağlı zəngin materialların saxlandığı bu şəhərlərin arxiv və kitabxanalarına gedəydin. Amma asan yol da vardı. Sənətdə Lenin prinsiplərindən, poeziyada, yaxud nəsrdə fəhlə-kəndli obrazının təcəssümündən, “canlı klassiklərin” həyat və yaradıcılığından, ədəbiyyatda xalqlar dostluğunun və sosialist beynəlmiləlçiliyinin tərənnümündən də yazmaq olardı. Həm asan, həm də sərfəli idi.

Canlı “klassik” özü haqqında yazılan əsərin arxasında dağ kimi dayanırdı. Onun biblioqrafiyasını araşdırmaq üçün də uzağa getmək, arxivlərin kəsif havasını və tozunu udmaq lazım deyildi.

Məhəmməd Hadinin isə o zaman heç məzarının yeri də bilinmirdi. Şeirləri pərakəndə halda Azərbaycan və Türkiyə mətbuatının səhifələrinə səpələnmişdi. Kitablarının hamısı ərəb əlifbası ilə çap olunmuşdu. Ərəb və fars tərkibləri ilə dolu dili çətin və mürəkkəb idi. Üstəlik də, əsas amalı millətlər içərisində öz millətinin imzasını görmək olan nakam şairi pantürkçülükdə günahlandırırdılar.

Söhbət bütün ölkənin xof və qorxu altında olduğu 1940-cı illərdən gedir.

Əziz müəllim o mürəkkəb dövrdə də çətini seçdi. Dəbdə olan mövzularda yazmaqdansa, Məhəmməd Hadinin tədqiqatçısı olmağı, onu yenidən doğma xalqına və mədəniyyətinə qaytarmağı daha üstün tutdu.

Amma Hadi haqda ilhamla, ürəklə qələmə aldığı namizədlik dissertasiyasının taleyi şairin nakam bəxti kimi kədərli olmuşdu. SSRİ Ali Attestasiya Komissiyası təbii ki, respublikadan gedən siqnallar əsasında Məhəmməd Hadini mürtəce görüşlərin daşıyıcısı saydığından müəllifə elmlər namizədi adı verilməmişdi. Lakin bu Əziz müəllimi tutduğu yoldan çəkindirmədi. Sonralar N.S.Xruşşovun “ilıq rejimi” şəraitində Hadinin ədəbi bəraət almasında və mədəniyyət tariximizdəki həqiqi yerinə qayıtmasında digər amillərlə bir sırada Əziz Mirəhmədovun elmi sözünün və  araşdırmalarının da rolu oldu.

Başqa təsadüflərdə də seçim qarşısında qalanda həmişə ən çətini seçirdi. Namuslu bir elm adamının beləcə çətinlik və məsuliyyətdən qorxmaması Azərbaycan ədəbi-ictimai fikrinin bir sıra diqqətəlayiq, lakin həmin dövrə qədər az tanınan və həqiqi qiymətini ala bilməyən nümayəndələrinin elmi fikrin diqqət mərkəzinə gətirilməsinə imkan vermişdi. Azərbaycan ədəbiyyatşünaslığında sonradan monoqrafik tədqiqatlara mövzu olan İsa Sultan Şahtaxtinski, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə kimi görkəmli şəxsiyyətlər haqqında ilk araşdırmalar Əziz müəllimin qələmindən çıxmışdır.

Həyatda olduğu kimi, elmdə də tapdanmış cığırlarla getmək, yolun asanını seçmək Əziz Mirəhmədovun təbiətinə yad idi.

Onu yaxından tanıyanlar yəqin ki, leksikonunda özünə yer tapan bəzi spesifik kəlamları da yaxşı xatırlayırlar. Çox işlətdiyi belə sözlərdən biri “vozdux” idi. “Vozdux” yuxarıda haqqında bəhs etdiyim “hava”nın rus dilinə tərcüməsi deyildi. Əksinə, onun tam tərsi idi.

Əgər Əziz müəllim deyirdisə “Filankəsin yazdığı vozduxdur” – deməli, söhbət faktdan, araşdırmadan, bir sözlə, tədqiqatçı zəhmətindən uzaq bir kitab, məqalə haqqında gedirdi. Məqamına görə tez-tez yarıciddi, yaxud yarızarafat şəkildə istifadə etdiyi başqa bir səciyyəvi söz isə “xaltura” idi. Ərki çatan həmkarlarının əksərən qəzet səhifələrində çap olunan və təbii ki, ədəbi həyatın cari məsələlərindən bəhs edən, xahiş-minnət nəticəsində, yaxud qonorar xatirinə yazılmış məqalələrini görəndə “Xalturanı oxudum” – deyirdi. Yəni əsasında axtarış, fakt, təhlil dayanmayan ədəbi tənqid, yaxud ədəbiyyatşünaslıq nümunəsi onun nəzərində “xaltura” idi. Bu məsələdə özünə də güzəştə getmir, bəzən şəraitin tələbi ilə meydana çıxan ayrı-ayrı yazılarına da eyni məzhəkəçi meyarla yanaşırdı.

Arxivlərə, ilkin mənbələrə maraq göstərməyim Əziz müəllimlə dostluq, əməkdaşlıq münasibətlərimin yaranmasında stimul olmuşdu. Aspirant və dissertantlarının çoxluğuna baxmayaraq, məni sanki özünə daha yaxın buraxdı. Çoxcildlik Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı bir sıra materialların redaktə və tərcüməsini mənə tapşırmışdı. Direktor olduğu vaxt hətta xüsusi etimad göstərib bir neçə dəfə İnstitutun işləri ilə bağlı müəyyən tapşırıqlarla Moskva və Leninqrada ezam etmişdi. Məsələn, Moskvada Nizami Gəncəvinin “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan 5 cildlik külliyatı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmişdim. Leninqrada isə İnstitutumuzun keçirdiyi Ümumiittifaq nizamişünaslıq konfransında bir sıra tanınmış şərqşünas-alimlərin iştirakını təmin etmək üçün göndərilmişdim.

1985-ci ildən doktorluq dissertasiyası üzərindəki mövzumla əlaqədar tez-tez arxiv və kitabxanalarda işləmək məqsədi ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə gedirdim. Hər belə səfərdən qabaq mütləq Əziz müəllimlə görüşürdüm, məsləhət alırdım. Bəzən hansısa məsələ ilə bağlı axtarışlarımdan danışanda “Filan fonda bax!”, “Filan opisi (arxiv sənədinin təsviri – V.Q.) gözdən keçirməyi unutma!” – deyirdi və əksər hallarda axtardığım qaynaqları isnad verdiyi yerdən tapırdım. Moskva, Leninqrad, Tbilisi, Qazan arxivlərində də ən çox “qarşılaşdığım” ilk həmvətənim və həmkarım Əziz Mirəhmədov olurdu. Arxivlərdə, fondlarda işləyənlər yaxşı bilirlər ki, burada saxlanan hər sənədə xüsusi formulyar əlavə edilir, sənədi alanlar mütləq bura imza atırlar. Hər dəfə sövq-təbii maraqla əvvəlki imzaları gözdən keçirirdim və Azərbaycanla bağlı materialların çoxunun yalnız Əziz Mirəhmədov tərəfindən tələb edildiyinin şahidi olurdum.

Məhz bu axtarışlar və yorulmaz zəhmət ona 3 cildlik “Azərbaycan kitabı” kimi bir nəşri ortaya qoymağa imkan yaratmışdı.

Həmin axtarışlar Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini”, “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Məhəmməd Hadi” kimi  fakt-sənəd baxımından zəngin kitablarının yaranmasına təkan vermişdi.

Bu axtarışlar alimin yüzlərlə məqaləsində, müəllif, naşir və redaktorlarından olduğu 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, 20 cildlik “Klassik Azərbaycan ədəbiyyatı kitabxanası”, “Molla Nəsrəddin” jurnalının 10 cildlik foto-faksimile nəşri kimi möhtəşəm filoloji tədqiqat və müntəxəbatlarda öz əksini tapmışdı.

Milli mətbuatımızın ilk nümunəsinin – “Əkinçi” qəzetinin həmkarı Turan Həsənzadə tərəfindən transliterasiya olunmuş tam mətni onun redaktorluğu altında geniş müqəddimə və şərhlərlə işıq üzü görmüşdü. Məhz bu kitab vasitəsi ilə özündə ciddi ictimai-siyasi mətləbləri ehtiva edən ilk qəzetimiz yenidən elmi dövriyyəyə qayıtmış, hamının yararlana və istinad edə biləcəyi mühüm elmi-ədəbi və ictimai-siyasi məxəzə çevrilmişdi.

Görülən işlərin heç də tam olmayan bu siyahısı Əziz Mirəhmədovun elmi irsinin zənginliyindən və əhəmiyyətindən xəbər verir. O, həyatının son günlərinə qədər yazı masasından ayrılmayan, hətta kiçik bir məqaləsinin də nəşrindən sevinc duyan həqiqi elm fədailərindən idi.

1991-ci ilin aprelində Əziz Mirəhmədovla birlikdə Krıma, türk dünyasının böyük fikir adamı İ.Qaspıralının 150 illiyi münasibəti ilə keçirilən Beynəlxalq simpoziuma getmişdik. Onun həmin səfərə necə ciddi hazırlaşdığı indi də gözlərim qarşısındadır. Həm də hazırlıq iki istiqamətdə aparılırdı. Əziz müəllim bir tərəfdən məruzəsinin mətni üzərində çox ciddi işləyir, o biri tərəfdən izə əməlli-başlı yol tədarükü görürdü. Simferopolda qaldığımız bir neçə gün müddətində həmin hazırlıq karımıza gəldi. Türk dünyasının tanınmış elm adamları bir neçə dəfə Əziz müəllimin səxavət və qonaqpərvərliklə açdığı süfrənin ətrafına toplaşdılar.

O, əsl məclis adamı idi. Belə işlərdə, özünün dediyi kimi, yədi-beyzası vardı. Şəhərdəki mənzilində və Buzovnadakı bağ evlərində olduğum vaxt əksər hallarda Əminə xanıma əziyyət verməyib süfrəni yüksək səliqə-sahmanla özü hazırlayırdı. Həm də bu işdən həqiqi zövq alırdı. Xeyrulla Məmmədov, Bəhlul Ağayev, İmamverdi Zəkiyev kimi biri-birindən fərqli ziyalıların, elm adamlarının iştirakı ilə keçirilən və sonu mütləq nərd dəsgahı ilə tamamlanan həmin görüşlərdə təkcə yeyib-içmir, həm də gözəl müsahib olan Əziz müəllimin biri-birindən maraqlı, yaddaqalan söhbətlərini dinləyirdik. Ara-sıra cavanlıq illərində o dövrün ədəbiyyat və sənət adamları ilə “Köhnə İnturist”də, “Staraya Yevropa”da qurduqları məclisləri xatırlayırdı. Və bu xatirələr həmişə işıqlı olurdu. Ümumiyyətlə, Əziz müəllimin təbiəti elə idi ki, o, daha çox yaxşı şeyləri, müsbət və işıqlı anları, xoş duyğuları yaddaşında yaşatmağa üstünlük verirdi.

Əziz müəllimi ailə mühitində, yaxınlarının əhatəsində müşahidə edərkən onun nə qədər həssas, qayğıkeş, diqqətcil, sadə və səmimi insan olduğunu görməmək mümkün deyildi. Qızından və nəvələrindən qürurla söz açırdı. Həyat yoldaşı, gözəl musiqişünas alim Əminə Eldarovanın yaradıcılıq işləri ilə daha yaxından məşğul olması üçün hər cür şərait yaradırdı. Onun təklifi ilə Əminə xanımın rus dilində qələmə aldığı “Azərbaycan aşıq musiqisi” kitabını tərcümə etmişdim. Həmin kitab EA-nın “Elm” nəşriyyatında çap olunmuşdu. Əziz müəllimlə dostluğum Bakının əsl-nəcabətli, aristokrat ailələrindən birinin qızı olan həqiqi Azərbaycan xanımı və ziyalısı Əminə Eldarovanı da daha yaxından tanımağa imkan yaratmışdı. Ömürlərinin əlli ildən çoxunu birlikdə keçirən bu nəcib insanlar biri-birlərinə çox yaraşırdılar və bir çox cəhətdən nümunə ola bilərdilər.

2002-ci il sentyabrın ilk günlərində az qala dünyanın qurtaracağında – Cənubi Afrika Respublikasının uzaq Yohannesburq şəhərində Əziz müəllimin vəfat xəbərini eşidəndə çox şeylə birlikdə, həm də taleyin və şəxsiyyətlərin yaratdığı bu ailə harmoniyasının pozulmasına, Əminə xanımın tənhalığına kədərləndim.

Elmlər Akademiyasının bir çox digər müəssisələri kimi, bizim Ədəbiyyat İnstitutu da ermənilərin Azərbaycana qarşı haqsız ərazi iddiaları ilə çıxış etdikləri 1988-ci ildən sonra sözün həqiqi mənasında qaynar qazana dönmüşdü. Əslində, bu proses bizdə daha əvvəl – qatı millətçi Balayanın bədnam “Ocaq” kitabı işıq üzü görəndən sonra başlanmışdı. Həmin kitabla əlaqədar keçirilən iclas zamanı ehtirasların necə qızışdığı, əslən şuşalı olan və Şuşa mühitinin yetirdiyi şəxsiyyətlər haqda yazan mərhum Kamran Məmmədovun necə od püskürdüyü, Əziz müəllimin 40 illik dostunu necə çətinliklə sakitləşdirdiyi indiki kimi gözlərim önündədir. Təbii ki, digərləri ilə müqayisədə daha emosional, çılğın olan ədəbiyyat adamları xalqımıza qarşı iftira və böhtanlara münasibətlərini də daha kəskin bildirirdilər.

Demək olar ki, əməkdaşlarımızın böyük əksəriyyəti mitinqlərin daimi iştirakçıları idilər. Məqalə yazanlar, radio və televiziyada çıxış edənlər, xalqı iradəli və qətiyyətli olmağa səsləyənlər az deyildi. İş o yerə çatmışdı ki, Azərbaycan KP MK-nın o zamankı birinci katibi Ə.Vəzirov çıxışlarının birində Ədəbiyyat İnstitutunu “millətçilik yuvası” adlandırmış və günlərin birində heç kimə xəbər vermədən “millətçiləri” öz gözü ilə görmək üçün səhər saat 9-da əshabələrindən və EA rəhbərliyindən xəbərsiz İnstituta gəlmişdi. Və az qala bütöv bir gününü burada keçirmişdi. Əslində, həmin dövrdə partiya rəhbərliyinin şübhəli münasibətinin özü müsbət fəaliyyətin göstəricisi sayıla bilərdi.

Bir sözlə, şərəfli günlər yaşayırdıq. İlk sınaq anına qədər hamı mübarizəsində dönməz, əzmkar və qətiyyətli görünürdü.

Sınaq anı 1990-cı ilin tariximizə “Qara yanvar” kimi daxil olmuş yanvar ayının 19-dan 20-nə keçən gecə gəldi. Sovet ordusunun törətdiyi vəhşilikdən hiddətlənən adamlar qəzəb və nifrətlərini müxtəlif yollarla bildirirdilər. Ən geniş yayılmış etiraz üsullarından biri də partiya biletlərinin yandırılması, yaxud geri qaytarılması idi. Çoxları bunu teatral şəkildə Azadlıq meydanında, kütlənin gözü qarşısında edirdi. Biz isə elm adamlarının, ziyalıların çalışdıqları bir müəssisənin əməkdaşları kimi etirazımızı şouya çevirməməyi, daha sivil yol tutmağı, iclas çağırıb hamılıqla partiya biletlərindən imtina etməyi və yerli partiya təşkilatının fəaliyyətinə son qoymağı qərara aldıq.

Yanvarın son günlərində bu münasibətlə partiya üzvləri bir yerə toplaşmışdı. Ancaq gözlədiyimizin əksinə toplantı İnstitut tarixinə sonuncu partiya iclası kimi daxil olmadı. Qəzetlərdə kəskin məqalə yazanların, radio və televiziyada alovlu çıxış edənlərin bəziləri nədənsə birdən-birə partiyada qalmağın və ona qarşı daxildən mübarizə aparmağın zəruriliyi barəsində danışmağa başladılar. Nə qədər ürək ağrıdan və acınacaqlı görünsə də, hətta 20 Yanvar faciəsindən sonra Ədəbiyyat İnstitutunda artıq mövcudluğunun son aylarını yaşamaqda olan Sov. İKP sıralarına yazılan bir-iki əqidəsiz tapıldı.

Həmin iclasda partiya stajı iştirakçıların əksəriyyətinin yaşından çox olan Əziz müəllim birinci söz aldı və bundan sonra da dinc adamlara amansızlıqla divan tutmaq əmri vermiş belə bir partiyanın sıralarında qalmağı öz şərəf və ləyaqətinə sığışdırmadığını dedi. Sonra isə partiya biletini sakitcə masanın üstünə qoydu. Çoxumuz eyni hərəkəti etdik.

Lakin az öncə qeyd etdiyim kimi, tam şəkildə iflasa uğramış qatil partiyadan əl çəkmək istəməyənlər də vardı. Onlardan adını çəkmək istəmədiyim biri mənəvi baxımdan Kommunist partiyasından çoxdan ayrıldığından, üzvlük biletinin adi kağız parçası olmasından, bu kağız parçasının mahiyyət etibarı heç nəyi dəyişmədiyindən, formalizmə qapılmamağın zəruriliyindən uzun-uzadı danışdı. Əziz müəllim iki dəfə ondan son qərarının nə olduğunu soruşdu. Yenə də oxşar pafoslu sözləri eşidəndə iclasın bütün kədərli ahənginə baxmayaraq, məşhur Məşədi İbadın eyni dərəcədə məşhur sözlərini misal gətirərək “Ay kişi, mən “Tarixi-Nadiri” yarısına qədər oxumuşam, ancaq yenə də sənin dediklərindən bir şey başa düşmədim. Bu bisavadlar haradan başa düşsünlər?” – deyə əməli ilə sözü uyuşmayan həmkarından əl çəkib qərarını verdiyi  iclasdan yarımçıq çıxıb getdi.

Səhv etmirəmsə, Əziz müəllim İnstitutdakı yaşlı nəslin nümayəndələri arasında partiya biletindən qətiyyətlə imtina edən və sona qədər sözünün üstündə duran yeganə adam idi.

Bəlkə də bu qətiyyətli addımı ilə bir zamanlar tələblərinə, prinsiplərinə uyğunlaşmaq məcburiyyəti qarşısında qalaraq həqiqətləri olduğu kimi deməsinə imkan verməyən diktator partiyadan gecikmiş intiqamını alırdı.

***

Təbii ki, Əziz müəllimin bu addımını onun ən böyük hünəri saymaq fikrindən uzağam. Ən böyük hünər 60 ilə yaxın müddət ərzində Azərbaycan elminə və ədəbiyyatına sonsuz sədaqətlə xidmət etmək idi.

O, sözü ilə işi bir olan insandı. Mənəviyyat adamı idi və qəti anlarda sözünü deməyi, mövqeyini nümayiş etdirməyi hər şeydən üstün tuturdu.

Əziz Mirəhmədov mənə ali məktəbdə dərs deməyib. Aspiranturada elmi rəhbərim olmayıb. Ancaq onu həmişə həyatda və elmdə müəllimim saymışam.

Müəllimim və ağsaqqal dostum…

Budapeşt, 4 fevral 2020-ci il