Müəllimin marketinq strategiyası – Qabil Aşirov

139 Baxış

 11103857_1564066113853196_1267906666_n - Vallah mən hələ də marketinqin necə bir şey olduğunu anlamadım?

- Marketinq aslında bir şirkətin en önəmli siyasətidir. Dövlətin gelirleri şirkətlərdən alınan vergilərdən ibarət olduğundan Marketinq nəinki şirkət için həm də dövlət için də önemli bir siyasettir….

- Ayə ay Hadı, qadan alım 3 saatı oturub danışırsan marketinq belə marketinq elə. Bir dəfəlik de görüm Marketinqi oxuyan adam nə iş görür. Məsələ görmüşük ki, müəllim dərs keçir, çoban qoyun otarır, kolxoz sədri kolxozu idarə edir və s. və ilaxır. Bə marketinq oxuyanlar nə ilə məşğul olur? – Marketinq qurtaranlar şirkətin satış stratejisini kurar və ….

- Yəni bazarda satıcı işliyər. –

Eh, anladığınız elə bura kadardı. Ona görə acından ölürsünüz. Ona görə iş, para tapa bilmirsiniz. Bundan dolayı dağıldı sizin dövlət. Çünki marketinq kura bilmədi. Çünki marketinq kura bilmədiniz. Rekabet apara bilmədi. Beş ildi dövlətiniz Sovyetlər Birliyi dağılıb amma siz hala də bazar ekonomisine geçə bilməmisiniz. Çünki rəqabəti anlamırsınız. Çünki kafalarınız sağlam rakabeti anlamır. Çünki tənbəlsiniz. Sonra da deyirsiniz iş yok, para yok. Bu dağ, bu düz hamısı paradı, işdi. Bütün bu kaynaklarla marketinqi bir araya getire bilmediyiniz için ac qalırsınız, para bula bilmisiniz. Yoksa iş her yerde. Gözlərinizi açın, etrafınıza bakın. Sovyetler sizi çox tənbəl öyrədib. Sizə rəqabətcil olmağı öyrətmək lazımdı…

İyirmi bir yaşında bir uşağın 3 saat ərzində belə tonda, yarı türk, yarı azərbaycanca danışması təbii ki, masa arxasında əyləşmiş, yaşı əllini haqlamış, qəpik quruşa kənd məktəbində müəllim işləyən, dolanışığını təmin etmək üçün torpaq əkib becərən, qaz-toyuq saxlayan, boş vaxtlarında ev təmiri, bənnalıq edən, hətta lazım olan fəhləlik edərək dolanan Qasım müəllimin və Hadının atası Rəcəb kişinin ciyərini dağlayırdı. Sovet Höküməti zamanı kənddə ən adlı-sanlı peşə idi müəllim. Elə buna görə də Qasım müəllim bu peşəni seçmişdi. Ancaq dövlət dağıldıqdan sonra müəllimlik adını artıq kəndlərdə söyüş kimi istifadə edirdilər. Lakin o, müəllimliyi bir sosyal öhdəlik kimi görürdü. Hadının Türkiyədə oxumasına da o, səbəb olmuşdu. Öz tələbəsi idi. Dörd il əvvəl deputat olan bir dostundan Hadıya təhsili üçün kömək etməsini xahiş etmişdi. Həmin deputatın köməyi ilə tələbəsi Türkiyədə təhsil almağa getmişdi. İndi isə Hadı öz müəllimini bəyənmir. Kənddə əvvəllər belə bir adət vardı ki, şəhərdə oxuyan tələbə kəndə gələndə kənd sakinləri onu evlərinə qonaq çağırardı. Ancaq Qasım müəllim qış smestrında kəndə gələn tələbəsini nə qədər qonaq çağırsa da tələbə müəllimin “ayağına getmədi”. Ən sonunda yenə Qasım müəllim onun yanına, başqa sözlə desək onun “ayağına” gəlməli oldu. Gəlməsinə gəldi də Hadının onunla belə danışması onu məyyus etdi. Sən kənd üçün, kəndin uşaqları üçün özünü, canını ortaya qoy və qarşılığı da bu olsun. Hadı kəndin ən savadlı, mərifətli və təvazökar şagirdi idi. Qasım müəllim onun yüksək vəzifələrə qalxacağına inanırdı. Bəlkə də, elə onun Türkiyədə təhsil almasına kömək edən dostu kimi o, da gələcəkdə deputat olacaqdı. Rayonlarını parlamentdə təmsil edəcək, rayondakı çatışmamazlıqları ictimailəşdirəcək, əyri-əskikləri düzəltdirəcək, iş yerləri açacaq, başda müəllimlər olmaqla güzaranı çətin olan insanların maaşlarının qaldırılması üçün parlamentdə bəlağətli nitqlə söyləyəcək, əlindən gələni edəcəkdi. Qasım müəllim nələri xəyal etmişdi, nələrlə qarşılaşdı. Sankı Qasım müəllimin o təvazökar tələbəsi gedib onun yerinə bir başqa adam gəlmişdi. Onun tələbəsi artıq onu yetişdirən müəllimini, müəllimlərini, içində böyüdüyü cəmiyyəti bəyənmirdi. Bir-iki kitab oxuyub gəlib öz müəlliminə ağıl öyrədirdi. Onu tənbəllikdə, zəiflikdə ittiham edirdi. Əlində sini içəri girən Səkinə xanım onların söhbətini pozdu. Onlara mürrəbə və çay gətirmişdi. Hadıdan başqa hər kəs söhbəti dəyişmək istəyirdi. Səkinənin söhbəti pozmasından istifadə edən Rəcəb kişi dərhal müdaxilə edərək mövzunu dəyişdi. Yarım saat havadan sudan danışdıqdan sonra Qasım müəllim evə getmək üçün ayağa qalxdı. Rəcəb dostu Qasım müəllimi darvazaya qədər müşayyət etdi. Darvazanın yanında Rəcəb kişi Qasım müəllimdən üzrxahlıq edərək onu yola saldı. *** Üç gün sonra iki kisə kartof, bir kisə soğan, səkkiz toyuq, on dənə də qaz götürərək Qasım müəllim gecə yarısı Bakı bazarlarına yola düşmüşdü. Səhərə yaxın Bakıya çatmış, mallarını satmaq üçün bazarda özünə yer etmişdi. Ancaq Qasım müəllim bugün çox dilxor idi. Üç gün əvvəlki söhbəti, tələbəsinin onunla danışıq tərzini, ona dediyi sözləri unuda bilmirdi. Səhər özünə söz vermişdi ki, bir də bu məsələni düşünməyəcək. Ancaq sanki Allah onu sınağa çəkirdi. Belə ki, günortaya qədər kartof-soğanını satıb qurtarmışdı. Toyuqlardan da ikisi qalmışdı. Ancaq di gəl gör ki, heç kim qazları almaq istəmirdi. Halbuki, Qasım müəllim əsas pulu qazdan götürəcəkdi. Yeni il qabağı satmaları üçün yayda arvadı Bəsti otuza yaxın qaz yetişdirmişdi. Bütün ili əziyyət çəkmişdilər, indi isə heç kim qazlara yaxın durmurdu. Buna səbəb isə Qasım müəllimin daxıl qonşusunun ovçu olması idi. Çoxlu qaz ovlamışdı. Hər kəs gəlib Qasım kişidən qazın qiymətini soruşurdu. Sonra biləndə ki, qonşuda ovlanmış vəhşi qazlar var, gedib oradan alırdılar. Baxmayaraq ki, vəhşi qazlar Qasım müəllimin qazlarından üç dəfə baha idi, lakin yenə də pendir çörək kimi satılırdı. Bir yekə qarın kişi isə Qasım müəllimi lap əsəbləşdirdi. Pulu verərək qazlardan birini satın aldı. Sonra ovlanmış vəhşi qaz olduğunu öyrənən kimi qazı geri qaytarmaq istədi. Qasım müəllim əvvəlcə razılaşmadı ancaq kişi əl çəkmədi. Təbiətcə sakit bir insan olan Qasım müəllim sonunda naəlac qalıb kişinin pulunu geri qaytardı. Pulu alan kimi yekə qarın kişi gedib qonşu daxıldan 2 vəhşi qaz aldı. Qasım müəllim daxıl qonşusunun bu qədər vəhşi qazı harada “ovladığını” çox yaxşı bilirdi. Əgər, sadəcə, bir adam bu qədər vəhşi qazı ovlasaydı onda bir-iki ilə Azərbaycanda vəhşi qaz qalmazdı. Ancaq nə olsun? Bu şəhərdəki hər kəs onun tələbəsi kimi qədirbilməz idi. Həqiqi əməyi qiymətləndirmirdilər. Bilə-bilə özlərini aldadırdılar. Təki qeyri adi bir şey etsinlər, təki qeyri adi danışsınlar, təki qeyri adi, bahalı bir şey satın alsınlar ki, qıraqdan baxanlar da onlara qibtə etsin, həsəd aparsın. Axşam üstü idi, qazları özü ilə geri evə aparmaq istəmirdi. Həmdə pula ehtiyacı var idi. Əlacsız qalıb axşam bazarı qazları yarı qiymətə satmalı oldu. Kefi lap pozulmuşdu. Bazardan çıxaraq raflardan birinə mindi və kəndlərinin yolunu tutdu. Kəndin girəcəyində rafdan düşdü və iti addımlarla evlərinə sarı getdi. Darvazadan içəri girər-girməz arvadını səslədi:

- Bəsti! Bəsti! Ay qız Bəsti! Hansı cəhənnəmdəsən? – Ərinin səsini eşidən Bəsti mətbəxdən çölə çıxaraq dedi: – Nədi a Qasım? Nə olub?

- Qazları hardadı?

- Hindəəə. Nə olub ki?

- Heç. Qasım müəllim tələsik evə girdi. Çox keçmədən əlində tüfəng çölə çıxaraq hinə sarı getdi. Hinin qapısını açıb, qazları nişan alaraq dörd dəfə atəş açdı. Sonra Bəstiyə sarı çönərək dedi:

- Azzzz Bəsdi. O, “ovladığım” qazları götür yol! Sabah bazara çıxaracam.

Həmin il Qasım müəllim üçün bir az ağır olmuşdu. Marketinq strategiyasını qışın ortasında qurmuşdu. Ancaq növbəti il Qasım müəllim üçün tam uğurlu oldu. Artıq Qasım müəllim nəyin ki, kəndin həmdə Rayonun ən varlı adamlarından idi. Daha özünə müəllim deyə xitab edilməsini istəmirdi. Hər kəs ona Qasım bəy deməli idi. Növbəti il Qasım bəy torpağı buraxdı, məktəbdən də çıxdı, daha fəhləlik də etmirdi. Hətta qapısında fəhlə işlədirdi. Çoxlu qaz yetişdirirdi. Qazlarının sayı yüz əlli- iki yüzü çatırdı. Hər axşam evə gəlib qazları “ovlayırdı”. Gecə arvadı qazları yolurdu. Səhər tezdən Qasım bəy xörək, duz, bir az çörək və birdə balaca çubuş arağı şüşəsi götürüb bazarın yolunu tutardı. Əslində içən deyildi. Şüşənin içərisinə ya qurbağa, ya soxulcan qoyub paltosunun döş cibinə, ürəyinin üstünə qoyardı. Saçma ilə öldürülmüş QAZLAR, ÇÖRƏK, DUZ, ÇUBUŞ ŞÜŞƏSİNDƏKİ SOXULCAN VƏ YA QURBAĞA onun marketinq strategiyasının ən önəmli hissəsini təşkil edirdi. Bazarda “ovlanmış qaz”ları daxılın üstünə qoyardı. Çörək və duzu da əl altında saxlayardı. Bugün də həmişəki kimi Qasım bəy səhər tezdən bazara gəlmişdi. İyirmi dənə qaz gətirmişdi. Günorta olmamış on yeddi dənəsini artıq satmışdı. Son üçünü də satıb kəndə qayıtmaq istəyirdi. Bir yaşlı qadın qazları görsədib soruşdu:

- Qazlar neçəyədir?

- Otuz “şirvan”.

- Niyə elə baha?

- Vəhşi qazdı. Bildiyiniz kimi bunlar mövsümlə olur. Qadın qaza baxdı. Nəsə inandırıcı gəlmədi.

- Axı çöl qazları belə yekə olmur?

- Nə danışırsınız xanım. Özüm ovlamışam. Buyurun baxın, bu da saçmanın yerləri. Qazı götürüb qadına sarı uzadaraq saçmanın yerlərini göstərdi. Qadın tərs-tərs qaza baxdı. Nəsə çöl qazına oxşamırdı. O zaman bu saçma izləri nə idi? Adam gedib evdə qazı güllə ilə vurub öldürməyib ki?”

- Vallah qardaş bağışlayın amma nəsə inandırıcı gəlmir. Mən özüm kənd qızıyam. Rəhmətlik atam da ovçu idi. Tez-tez ova çıxardı. Yəni həm ev, həm də vəhşi qazları çox görmüşəm amma bu vəhşi qaza oxşamır. Birinci strategiyası olan saçma izlərinin işə yaramadığını görən Qasım bəy, tez ikinci strategiyanı işə saldı. Cəld daxılın dalında saxladığı çörəyi götürüb bir tikə qırdı. Üzünü qadına tutaraq dedi:

- Xanım vallah bu qazları Kür qırağında özüm ovlamışam. Vəhşi qazdır. Əgər yalan danışıramsa, bax bu çörək, o göydəki Allah buradakı cana qənim olsun. Qasım bəy bu sözləri deyərkən əlindəki çörək qırıntısını ürəyinə üstünə, başqa sözlə desək, paltosunun döş cibindəki “çubuş” şüşəsinin üstünə qoymuşdu. Allahdan buradakı cana qənim kəsilməsini istərkən də əlini “çubuş” şüşəsinin üstünə qoymuşdu.

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10