“Müəllim”ləşməni “bəy”lərlə əvəz etmək gərəktir

273 Baxış

mezahim

Məzahim Mustafazadə

 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra (1920-ci il 28 aprel) bu ərazilərdə mövcud olan dövlətçilik ənənələri ilə birlikdə, xalqın mənəviyyatını və kültürəl ənənələrini bir-bir unutdurmaq yolunda böyük işlər aparılırdı. Bununla bağlı müxtəlif dekretlər imzalayır, xalqı özündən uzaqlaşdırmaq cəhdləri edilirdi. Belə bir addım üçün 12 may 1920-ci ildə “indiyədək mövcud olmuş bütün silki adlar : ağa, xan, bəy tipli adların ləğvini” nəzərdə tutan” dekret imzalandı. Və cəmiyyətdəki ağa, bəy, xan rütbələri ləğv edildi (Misal üçün: Əli bəy Əhmədbəyov, İsmayıl xan Şadlinski,Zülqədar ağa Məmmədzadə – yeni variantda Əli Əhmədov, İsmayıl Şadlıyev, Zülqədar Məmmədov formasına keçdi). Həmin gündən başlayaraq hamı sovet vətəndaşı-yoldaş oldu.

70 il sovet hakimiyyəti tərkibində qalmaqla bərabər yoldaş tendesiyasından yavaş-yavaş vəzifəli şəxslərə “müəllim” demək tendensiyası yarandı. Və bununla da bizim yaralı yerimiz yarandı. Adi “JEK” idarələrinin rəhbərləri belə müəllim olaraq çağırılmağa başlanıldı.

XX əsrin 60-70-ci illərindən başlayaraq Milli Azadlıq Hərəkatımızın lideri olan Əbülfəz Əliyevin – Elçibəyin başladığı o hərəkat təkcə topaqlarımızın istiqlalını yox, həmçinin dilimizin əsarətinə qarşı idi. O dövrlərdən başlayaraq “bəy” ifadəsi yenidən cəmiyyətdə hallanmağa başladı. Ilk dəfə olaraq unutdurulmuş və yaddaşlarda silinmiş bu kübar müraciət forması yenidən səslənməyə başladı.

Çağdaş müstəqilliyimizi bərpa edəndən sonra “bəy” müraciət forması özünün ən parlaq dövrünü yaşadı. Belə ki, İstiqlalımızın ilkin illərində sovetləşmədən maksimum imtina dövründə “yoldaş” müraciətindən “bəy, xanım” müraciətinə keçirilmə prosesi sürətləndi. Amma tədricən yenidən dövlətimiz gücləndikcə və yeni nəsil oliqarx nəsli formalaşdıqca yenidən cəmiyyətin bütün sahələrini “müəllimlər” təbəqəsi formalaşdı.

Bu kiçik tarixi analizin məqsədi ondan ibarətdir ki, müəllim bir peşə adıdır, müraciət forması yox. Dünyanın heç bir yerində müəyyən vəzifəli və ya sahibkar olan şəxslərə belə müraciət forması yoxdur. O yanlış ənənə bu günümüzün əsas problemi olmaqdadır. Qardaş yoldan keçən “müəlimdir”. Yoldan keçən və biraz əlində pul olan “müəllimdir”. Bu qədər “müəllimlərimiz” varsa bəs şagirdlər kimdir?!. Bu peşə ən çətin və ən ləyaqətli peşədir. Hər hansı imkan sahibinə bu şərəfli peşənin adı ilə adlandırmaq düzgün deyil. Əgər hər hansı bir şəxsi uca bir mövqey ilə adlandırmaq niyyəti varsa, ən gözəli bəydir. Bəy müraciət forması həm mədəni, kübar və yüksək səslənir.

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10